Zəngəzur dəhlizi: Atatürkün
gerçəkləşən arzusu...
Türkiyəli
jurnalist Sərxan Aksuyek: "Böyük
Mustafa Kamal paşanın 100 il əvvəlki arzusuna Azərbaycan prezidenti cənab
İlham Əliyev yeni status verdi"
Müasir texnologiyaların sürətli inkişafı
böyük dünyanı o qədər kiçiltdi ki, indi
çox-çox uzaqlarda məskunlaşan həmkarına,
dostuna əlin bir göz qırpımındaca yetir. Az qala
2500 km uzaqlarda, Türkiyənin ilahi gözəlliklərin baş-başa
verdiyi Egey bölgəsinin incisi İzmirdə yaşayan
köhnə dostum Sərxan Aksuyeklə hal-əhval tutmaq da
çətin olmadı.
Sərxan Aksuyek Türkiyənin yaxşı
tanıdığı jurnalistlərdəndir. Uzun illərdir
ki, iqtisadi mövzuda təqdim etdiyi yazı və
araşdırmaları ilə mətbuatın gündəmindədir.
2009-2016-cı illərdə Azərbaycanın xaricdəki ən
böyük sərmayəsi olan Petkim Petrokimya Holding A.Ş.-də
Korporativ Kommunikasiyalar meneceri vəzifəsində
çalışıb, şirkətin "Petkim Yaşam"
jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.
Dəfələrlə ölkəmizdə olub və
Azərbaycan-Türkiyə əlaqələri haqqında
çoxsaylı yazıların müəllifidir.
"Cümhuriyyət" qəzetində
çoxsaylı məqalələri dərc edilən yazar digər
məşhur mətbu orqanlarda da iqtisadi statuslu yazıları
ilə diqqət mərkəzində olub. Beynəlxalq və
yerli statuslu jurnalistika müsabiqələrində 20-dən
çox mükafat qazanıb. İzmirdə
fəaliyyət göstərən "Strateji Kommunikasiya Məsləhətçiliyi"
qurumunun yaradıcısı və rəhbəridir. Həm
də bölgənin məşhur nəşrlərindən
olan "Ege Teleqraf" qəzetində "Real
İqtisadiyyat" adı ilə köşə yazarı kimi
yazmağa davam edir.
Sərxan
Aksuyek Azərbaycanda baş verən son hadisələri də
diqqətlə izlədiyini, böyük qələbəyə
ürəkdən sevindiyini bildirir:
- Azərbaycan
xalqının tarixi qələb
əsi,
uzun illərdən bəri gözlədiyi arzusuna
çatması elə böyük hadisədir ki, onun tarixi əhəmiyyəti
uzun illər araşdırılacaq. "Can Azərbaycan"
bütün Türkiyə üçün əziz və
doğmadır. Onu da çox aydın
görürük ki, ətrafımızda önəmli hadisələr
baş verir. Bunlar gələcəyimizlə
sıx bağlı olduğu kimi, həm də birmənalı
olaraq "Bir millət, iki dövlət" olduğumuz
qardaş Azərbaycanla bağlıdır.
- Bəlkə
bir az ətraflı danışaq..
- Azərbaycanın
bugünkü uğurlarını 2020-ci ilin noyabrında
qazanılan Qarabağ qələbəsindən kənarda nəzərdən
keçirmək mümkün deyil. Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən
44 günlük müharibədən - Azərbaycan Ordusunun 30
illik işğala son qoyduğu bu ədalətli müharibədən
sonra Türkiyə ilə Azərbaycanın bağlı
qalmış sərhədi və buradan keçən yol
gündəmə gəldi. Türkiyə
üçün, eləcə də hər birimiz
üçün Naxşıvan-Zəngəzur dəhlizi ilə
bütövləşən bu yol Türkiyə iqtisadiyyatı
və Orta Asiya ilə logistik əlaqəmizin daha qısa və
azxərcli olmasına imkan verən həyati bir məsələdir.
Müharibədən dərhal sonra dünyaya
ünvanlanan bəyanatın bizim üçün ən
mühüm bir bəndi də "Zəngəzur dəhlizi"
adlı azad tranzit zonası oldu. Bu qısa yol vaxtilə
Azərbaycan torpaqları olan indiki Ermənistanın ərazisindən
keçir. Türkiyənin sərhəd
qonşusu Naxçıvanla Azərbaycanı birləşdirəcək
bu dəhliz həm də Türkiyəni Qafqaz və
Türküstan ilə birləşdirəcək qan damarı
olacaq.
- Amma təəssüf
ki, bədnam qonşularımızın revanşist
addımları bu ideyanı ləngidir.
- Təəssüflə
deyirik ki, ləngidir, üstəlik,
insanlar ölür, yeni müharibə itkiləri ilə
üzləşdirir. Amma bu böyük məramın
qarşısını almaq mümkün olmayacaq. Onu da deyim ki, bu məsələ indi bütün
dünyanın diqqətindədir. Türkiyə
KİV-ində davamlı müzakirə mövzusudur. Azərbaycana
qarşı ünvanlanmış sərt bəyanatları
eşitsək belə, nə Amerika, nə Fransa, eləcə də
Ermənistanı bəyanatları ilə dəstəkləyən
xaric Bakıya qarşı hər hansı əməli
addım atmaq fikirində deyil. Sadəcə fəallığımızı
artırmalı, hədəflərlə bağlı ictimaiyyətin
düzgün məlumatlandırılması və media tərəfindən
hərtərəfli dəstəklənməsi lazımdır.
Bu, Türkiyə və Azərbaycanın dövlət
orqanlarının və siyasətçilərin mövqeyinin gücləndirilməsidir.
- Sizcə,
nə etmək lazımdır?
- Əslində, qüdrətli Azərbaycan dövləti
nə lazımdırsa edir və Türkiyə bütün
müstəvilərdə açıq bir şəkildə bəyan
edir ki, hər zaman qardaş Azərbaycanın
yanındadır. Sadəcə Ermənistan
anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsinin
bağlanması üçün substantiv
danışıqlara başlamaq lazımdır. Azərbaycan
Prezidentinin qürurla dediyi kimi, Qarabağ Azərbaycandır!
BMT, Avropa İttifaqı, ABŞ, Rusiya və hətta
Ermənistanın havadarları belə beynəlxalq
nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın
bir hissəsi olduğu barədə bəyanatlar veriblər. Haqq işinə güvənən Azərbaycan
Qarabağda misli olmayan quruculuq işləri həyata
keçirir. Bu işlərin miqyası o qədər
böyükdür ki, bunları dünya görür, amma
xarabazara çevirən Ermənistanın görməməsi
təkcə təəccüb yaratmır, görünür,
44 günlük müharibədən dərs çıxarmayan
Ermənistan daxili auditoriyanı sakitləşdirə bilmir. Onsuz da ölkədə vəziyyət yaxşı
deyil. Son sərhəd döyüşlərindən
sonra da mətbuatdan aldığımız xəbərlərə
görə, xalqın etirazları artır. Güman edirəm ki, narazı vətəndaşları
sakitləşdirmək üçün yeni müharibə
söhbətini ortaya atırlar. Amma fəlakətli
cəhddir. Azərbaycan dövləti
sülh müqaviləsini gözləyir. Müharibə
bir dövlət kimi Ermənistanın sonu deməkdir.
- Sərxan
bəy, bu dediklərinizi tək bir jurnalistin yox, həm də
Türkiyə mətbuatının mövqeyi kimi dəyərləndirmək
olarmı?
-
Türkiyə demokratik dəyərlərlə önəm verən
və hörmətlə yanaşan ölkədir. Bu dəyərlər də təbii ki, onun dövlətçilik
tarixindən qaynaqlanır. Ən müxtəlif
məsələlərdə çeşidli mövqeləri
görməkdəyik, ölkə mətbuatı da bu ənənələrin
davamlı daşıyıcısıdır. Deyim ki, təkcə iqtisadi və sosial məsələlərə
yanaşmada yox, eləcə də dövlətin xarici siyasətinə
münasibətdə ciddi və böyük polemikalar gündəmi
zəbt edir. Amma Azərbaycan - can Azərbaycan məsələsində
həm dövlətin, həm xalqın mövqeyi yüzə-yüz
üst-üstə düşür. 44 günlük müharibə
dövründə Türkiyənin hər bir yanında Azərbaycan
bayraqlarının küçələrdən, eyvanlardan
düşdüyünü bir an belə
görmədik. Adamlar Qarabağa vuruşmağa getmək istəyirdi,
Allah rəhmət etsin Nuru paşaya, 100 il
öncə olanları Türkiyə yenidən yaşadı.
- Yüz il öncədən söhbət
düşdüsə, müsahibələrinizin birində
vurğuladığınız bir fikri xatırladım: Zəngəzur
dəhlizi ilə Azərbaycan Türkiyə ilə birləşir,
Atatürkün 100 illik arzusu gerçək olur...
- Bəli,
belə bir söhbət olub və bu gün də
aktuallığını saxlayır. Zəngəzur dəhlizinin
böyük siyasi dəyəri təkcə Azərbaycanın
Naxçıvanla birləşməsi deyil, əslində,
bunun özünün də çox böyük dəyəri
var. Zəngəzur dəhlizi əslində Türkiyənin,
bir az da qlobal baxanda Şərqin və Qərbin strateji və
iqtisadi maraqları üçün həyati əhəmiyyət
kəsb edən layihədir. Böyük
Atatürk bu məsələyə münasibətində də
böyük uzaqgörənliyi ilə yenidən yad edilir.
Qurtuluş savaşı zamanı Türkiyə şərq sərhədlərinin
təhlükəsizliyini təmin etmək və məhdud
silahlı qüvvələrini Qərbi Anadoluya cəmləşdirmək
üçün 1921-ci il martın 16-da
Sovet Rusiyası ilə Moskva müqaviləsi imzaladı. Müqavilənin çox mühüm bir maddəsi
Naxçıvanın statusu ilə bağlı oldu. Türkiyə Cümhuriyyəti o vaxtdan
Naxçıvanın mövcudluğuna zamin durdu. Naxçıvan ya Rusiyanın tərkibində
qalmalı, ya da Azərbaycana verilməli idi. Atatürk, şübhəsiz ki,
Naxçıvanın üçüncü dövlətə
verilməsinin əleyhinə idi və üçüncü
dövlət olaraq Ermənistan nəzərdə tutulurdu.
Əgər Naxçıvan Ermənistana verilsəydi,
Türkiyə ilə Azərbaycan, eləcə də
Türküstan ilə əlaqə tamamilə kəsiləcək
və heç vaxt bərpa olunmayacaqdı.
O dövrdə müstəqillik uğrunda ağır mübarizə aparan Ankara rəhbərliyi bu mühüm amili nəzərdən qaçırmadı. Atatürkün "Türk qapısı", Şərq Cəbhəsi Komandanı Kazım Qarabəkir Paşanın "Şərq qapısı" kimi təqdim etdiyi Naxçıvan strateji durumuna görə xüsusi əhəmiyyət daşıyırdı və Türkiyə ilə quru yolu əlaqəsinin olmasının xüsusi əhəmiyyəti vardı. Sovet tərəfi ilə danışıqlar qrupunun rəhbəri olan Yusuf Kamal (Tengirşenk) Atatürk təlimindən qaynaqlanan səyləri ilə müqavilə nəticəsində Naxçıvan Azərbaycanın tərkibinə verildi, Türkiyə və Sovet Rusiyası isə "Qarant ölkə" statusu aldı. 1921-ci il oktyabrın 13-də bağlanan Qars müqaviləsi ilə zaminin hüquqları təsdiq edildi.
- Belə çıxır ki, ilk dəfə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gündəmə gətirdiyi, mediada və rəsmi sənədlərə də "Zəngəzur dəhlizi" adlandırılan layihə həm də böyük Atatürkün 100 il öncəki siyasətinin bir hissəsi olub...
- Ruhu şad olsun, böyük Mustafa Kamal Paşanın 100 il əvvəlki arzusuna cənab İlham Əliyev yeni status verdi, həqiqətə çevirdi. İnşallah bu reallığın açılışı Türk dünyası üçün yeni töhfə olacaq və Azərbaycanın son 200 illik tarixinə möhtəşəm səhifələr yazan Ali Baş Komandan bunu da edəcək. Diplomatik səylərlə baş tutmasını arzu edərdim, amma əminəm ki, bu olmasa, Azərbaycan Ordusu xilaskarlıq missiyası ilə bunu edəcək. Tarixə diqqət edəndə görürük ki, Naxçıvanın statusu o dövrdə Mustafa Kamalın çox mühüm siyasi qələbələrindən idi. Azərbaycan Respublikasının rəhbəri Nəriman Nərimanovla çox yaxın münasibətdə olan Mustafa Kamalın digər mühüm siyasi addımı Naxçıvanın Türkiyə ilə sərhədinin olması oldu. Vaxtı ilə arada İrana məxsus torpaq sahəsi olub ki, bu da Türkiyə-Naxçıvan arasında sərhəd qapısının açılmasına imkan verməyib. Deyilənə görə, Atatürk bu torpağı qonşu dövlətdən qızıl pul ilə alıb, Türkiyə ilə Naxçıvanın quru yol ilə birləşməsini təmin edib. İndi Naxçıvanla Türkiyə arasında 11 kilometrlik qısa sərhəddə yerləşən Dilucu sərhəd qapısı Türkiyəni Azərbaycanla birləşdirib. Türk dünyasının birliyi haqqında Mustafa Kamalın böyük istək və arzuları, hətta tövsiyələri də olub. Görünür, bu tarixi missiyanın həyata vəsiqə almasında Azərbaycan xalqının xüsusi rolu olacaq və tarixi qələbə bunun təminatçısıdır.
Namiq ƏHMƏDOV
Əməkdar jurnalist
525-ci qəzet.- 2022.- 6 noyabr.- S.8.