Böyük Zəfərin ikinci ili

 

Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq

 

8 noyabr 2020-ci il - Azərbaycanın şanlı tarixinə Zəfər Günü kimi yazıldı. Müzəffər Ordumuzun 44 günlük qəhrəmanlıq səlnaməsinin kuliminasiyası 8 noyabr - Şuşanın işğaldan azad edildiyi gün oldu.

Məhz həmin gün alınmaz qala olan qədim və tarixi şəhərimizə, hər bir azərbaycanlı üçün misilsiz mənəvi dəyərə malik olan Şuşaya qovuşduq. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı  sərəncama əsasən 8 noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi torpaqlarımızın otuz ilə yaxın işğalına son qoydu.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də, Vətən müharibəsinin birinci günündə xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

44 gün davam edən müharibə ərzində Azərbaycan xalqının öz dövləti, ordusu ətrafında bir yumruq kimi birləşməsi, həmrəylik göstərməsi, insanlarımızın yaşından asılı olmayaraq könüllü döyüşə yollanmaq istəyi, mübarizə əzmi qələbəmizi daha da yaxınlaşdırırdı. Müharibənin ilk günlərindən Ordumuzun üstünlüyü ələ alması nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənin illərlə qurduğu və keçilməz deyilən istehkamlarını yara bildi. Hər bir kənd, şəhər, yaşayış məntəqəsi uğrunda gedən döyüş ayrıca qəhrəmanlıq nümunəsinə çevrildi.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

Azərbaycan liderinin hələ döyüş əməliyyatlarının gedişində "Şuşaya bir nəfəs qədər yaxınıq" söyləməsi xalqımızın Şuşa həsrətinə son qoyulacağından xəbər verirdi.

Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. Sitat: "Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa şəhərinin azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanıdır. Alınmaz qala məhz hərbçilərimizin misilsiz fədakarlığı ilə azad edildi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər hərb tarixində ən mükəmməl taktiki döyüş adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişdilər. Vaxtilə Qarabağın, o cümlədən Şuşanın işğalında iştirak etmiş erməni canilər şəhərin topsuz-tüfəngsiz azad edilməsindən heyrətlərini gizlədə bilməyiblər.

Şuşanın işğaldan azad edilməsi müjdəsini Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti zamanı verdi.

"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox", - Ali Baş Komanda müraciətində deyib.

Dövlət başçısı Şuşanın Azərbaycan tarixində xüsusi yeri olduğunu söyləyib: "Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir".

Prezident həm də ata vəsiyyətini yerinə yetirdiyini söylədi: "Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

 

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

 

İki gün sonra isə müharibə başa çatdı, düşmənin təslim olmaqdan başqa yolu qalmamışdı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziriRusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda, həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulyasiyaya məcbur etdi. Bu il avqustun 26-da isə ermənilər Laçın şəhərini, ZabuxSus kəndlərini tərk etdilər.

Vətən müharibəsindən ötən iki ildə Azərbaycan azad edilmiş ərazilərdə ermənilərin 30 ilə yaxın törətdikləri barbarlıqları, dağıntıları aradan qaldırmaq üçün geniş həcmli işlərə başlayıb. İşğal müddətində ərazilərimizi viran edən ermənilər daşı daş üstündə qoymayıblar, təbiətə qarşı soyqırım törədib, çaylarımızı qurudub, meşələrimizi məhv ediblər, yeraltı-yerüstü sərvətlərimizi talayıblar, maddi-mədəni abidələrimizi dağıdıblar. Əraziləri kütləvi şəkildə minalayıblar. Azərbaycan isə qəbilə təfəkkürü ilə yaşayan Ermənistandan fərqli olaraq azad olunmuş ərazilərdə yeni həyat qurur, tikir, bərpa edir, regionda sülhün bərqərar olması üçün çalışır. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə infrastruktur işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir.

Ermənistan isə müharibədən sonra da pozuculuq əməllərini davam etdirir, üzərinə düşən öhdəliklərini yerinə yetirməkdən imtina edir. İrəvanın həm sərhəddə, həm masada təxribatlarına rəğmən Azərbaycan öz qətiyyətli, eyni zamanda ədalətli və haqlı mövqeyini bütün dünyaya qəbul etdirməkdədir. Artıq heç bir sənəddə Qarabağ adı vurğulanmır və dünya birliyi qalan məsələlərin Azərbaycanın daxili işi olduğunu qəbul edir. Azərbaycan qalib dövlətdir, Zəfər çalan tərəfdir, məğlub tərəfə sülh əlini uzatmaqla isə sülhpərvər olduğunu nümayiş etdirir.

 

 

Pərvanə

525-ci qəzet.- 2022.- 6 noyabr.- S.6.