Tehran rejiminin nankorluğu

 

AZƏRBAYCANIN İRANA QARŞI SANKSİYALARA QOŞULMAMASI NƏ TEZ UNUDULDU?

İran adlanan ölkə Azərbaycanın güclənməsinə, bölgədə söz sahibi olmasına hər zaman qısqanclıqla yanaşıb və dövlətimizə qarşı müxtəlif mənfur əməllərə, təxribatlara əl atıb. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməyən Tehran rejimi dövlətimizin zəiflədilməsi üçün əlindən gələni edib. Hətta öz çirkin niyyətinə çatmaq üçün torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan, dini abidələrimizi, müqəddəs məkanlarımızı dağıdan, təhqir edən Ermənistanla sıx birliyində olub, İrəvana hərbi, iqtisadi, siyasi yardımlar göstərib. Bu siyasət hazırda da davam edir.

Tehran rejimi İranda 40 milyona yaxın soydaşımızın hüquqlarını hər zaman pozub, onların öz dilindən, mədəniyyətdən uzaq düşməsi üçün bütün addımları atıb, 35 min erməni üçün isə hər bir imkanı yaradıb.

Molla rejiminin ölkəmizə qarşı daha bir təxribatı isə "fars şiəçiliyini" təbliğ etməklə insanların beyinlərini yumaq, onları öz təsirlərinə salaraq, terror əməllərinə təşviq etmək, Azərbaycanda casus şəbəkəsi yaratmaq olub. İran uzun illərdir ki, Azərbaycanda casus şəbəkəsi yaradılması istiqamətində işlər aparıb. Öz əhalisini ac-yalavac saxlayan İran qeyd edilən istiqamətdə külli miqdarda vəsait xərcləyib.

Bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən açıqlanan məlumat bunun daha bir sübutu oldu. Belə ki, İranın xüsusi xidmət orqanının nəzarəti altında Azərbaycan vətəndaşlarından ibarət yaradılmış qanunsuz silahlı birləşmənin ifşası, hərbi təlimlərə cəlb edilmiş şəxslərdən birinin İran səfirliyinin avtomaşını ilə Azərbaycana çatdırılması, regionlarımızda aksiyaların təşkilinin planlaşdırılması Tehran rejiminin ölkəmizə qarşı hansı təhlükəli ssenarilərə əl atdığını göstərir.

"Azərbaycan 16 il əvvəl İranı böyük fəlakətdən hifz etdi"

Milli Məclisin deputatı Elman Nəsirov İranın Azərbaycana yönəlik son addımları ilə bağlı "525"ə bildirib ki, erməni faşizmi üzərində tarixi zəfərimizin ikinci ildönümünü qeyd etməyə hazırlaşırıq. Bu tarixi zəfərin mühüm nəticələrindən biri bu oldu ki, bir çox maskalar yırtıldı: "Bizə dost olan ölkələr bilindi, bizə dost olmayan ölkələrin əsl simasını gördük.  Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycana dost olmayan ölkələr arasında İran ön sıralarda yer almış oldu. Əslində heç kimə sirr deyil ki, İranda Xomeynizm ideologiyası mövcuddur bu ideologiyanın iki mühüm istiqaməti var. Onlardan birincisi İran İslam İnqilabının ixracı ilə bağlı məsələlərdir. İkincisi isə ondan ibarətdir ki, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Fikir verirsiniz ki, müsəlman ölkəsi olan Azərbaycana münasibətdə İran özünün Xomeynizm istiqamətindən imtina edir. Ancaq birincisindən - İran İslam İnqilabının ixracından yox. Bu gün İran dövləti onun ali, hərbi siyasi rəhbərliyi heç bir halda həzm edə bilmir ki, Azərbaycan dövləti öz torpaqları üzərində suveren hüquqlarını bərpa edib, Qarabağın bərpası yenidənqurulması işini surətlə həyata keçirir. Bunu görən İran Ermənistanı özünün qırmızı xətti elan edir. Bizim üçün bu məsələlər əslində ilk baxışdan gözlənilməz olur. Ona görə gözlənilməz olur ki, İran siyasi hərbi rəhbərliyi doğurdanmı unudur ki, düz 16 il əvvəl - 2006-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ-a ilk rəsmi səfəri zamanı Evdə keçirdiyi görüşlərdə ABŞ lideri Azərbaycana təklif etmişdi ki, ərazinizdən istifadə etməklə İrana zərbə endirilsin. Azərbaycan lideri İlham Əliyev birmənalı şəkildə həm Evdə, həm Evin qarşısında keçirilən brifinqdə bəyan etdi ki, heç bir halda bu mümkün deyil. Azərbaycan ərazisindən üçüncü dövlətə -  İrana qarşı istifadə edə bilməz. Buna biz imkan verə bilmərik".

Deputat deyib ki, ötən 16 il ərzində Azərbaycan Prezidentinin bu mövqeyi dəyişməyib: "Hesab edirəm ki, bugünki İranın 16 il öncə çox böyük bir fəlakətdən hifz olunmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri oldu. Bu gün həmin siyasətə sadiqdir. Biz İrana qarşı heç bir sanksiyaya qoşulmuruq. Buna görə bir çox hallarda qərbdən təzyiqlər alırıq. Təəssüf hissi ilə qeyd edirəm ki, görünür, İranın siyasi-hərbi rəhbərliyi bunu unudub.  Bu unudulmaz bir hadisədir. Unudulmaz hadisədir ki, İranın başına gələcək fəlakətlərdən hifz olunmasında dediyim kimi, Azərbaycan Prezidentinin tarixi xidməti olub. Bu gün İran İslam İnqilabını Azərbaycana ixrac etmək istəyir. Azərbaycanda özü üçün "5-ci kolon" yaradır. Azərbaycanda din pərdəsi altında iğtişaş yaratmağa sabitliyi pozmağa çalışır. Bu baxımdan Ermənistanı özünün qırmızı xətti elan edir. Kimlərisə pulla ələ almaq istəyir. Azərbaycan dövlətinə, dövlətçiliyinə, konstitusion quruluşuna qarşı insanlar hazırlayır. Onları maliyyələşdirir. Dövlət Təhlükəsizlik xidməti bu yaxınlarda belə bir şəbəkəni ifşa etdi. Məlum oldu ki, öz içimizdə İran belə pozuculuq işləri ilə məşğuldur. Bu casus şəbəkəsinə qoşduğu insanların qarşısında hədəflər müəyyən edir onlara bildirir ki, hələ bir müddət sakit qalın, ortada görünməyin, prosesləri kənardan izləyin əmr gözləyin. Tehrandan bu əmr gələn kimi Azərbaycanda ayağa qalxın bu konstusion quruluşu devirin. İran "İslam inqilabını Azərbaycana gətirməliyik" şüarı ilə yaşayır. Azərbaycanın daxili işlərinə qarışır. Ölkəmizə qarşı çox məkrli oyunlar həyata keçirir. Bunu xalqımız görür təəssüf hissi ilə qeyd edir ki, İrana belə böyük yaxşılığımız, onu böyük bir fəlakətdən qorumağımız, hifz etməyimiz qarşılığında İranın bizə etdiklərinə bax. Doğrudan da bütün bu hadisələrin təhlili analizi onu göstərir ki, İran uzun bir dövr ərzində Azərbaycana münasibətdə maskalı gəzib, indi isə maskası birdəfəlik yırtıldı".

"Sözdə islam dövləti olan İran ermənilərin yanında olduğunu nümayiş etdirir"

Deputat Azər Badamov isə hesab edir ki, İranın ermənilərin yanında olması Azərbaycana qarşı düşmən münasibəti son zamanlar daha aydın şəkildə görünür: "Azərbaycanda təmin olunmuş siyasi sabitliyi pozmaq üçün xüsusi xidmət orqanıların hazırladığı agentura şəbəkəsinin ifşası, bu şəbəkənin ayrı-ayrı üzvlərinin müdafiəsinə qalxması, sərhədlərimizdə geniş hərbi təlimlərin keçirməsi, rəsmilərin Ermənistana səfərlərin intensivləşməsi parlamentin rəhbərinin nəzərdə tutulan səfərini təxirə salınması İranın əsl simasını açıb göstərdi.

A.Badamov əlavə edib ki, İran sözdə islam dövləti olmasına baxmayaraq, müsəlman Azərbaycandan uzaq durur xristian ermənilərin yanında olduğunu nümayiş etdirir: "İran rəsmilərin belə addımları ancaq özünün ziyanınadır. Çünki bu gün İran Qərbin sanksiyaları altındadır. Sanksiyalar altında olan İran Azərbaycanla əməkdaşlıq etməklə daha çox məsələlərə nail ola bilər. Amma Ermənistanın İrana verə biləcəyi heç bir şey yoxdur".

Deputatın sözlərinə görə, Ermənistan bu gün İranla dostluq və əməkdaşlıq etməkdən danışsa da, sabah özü üçün lazım olanda İranı da satacaq: "Ermənilər üçün müqəddəslik və dostluqa sadiqlik anlayışı yoxdur. Tarixən də ermənilər özlərini satqın və etibarsız olduqlarını sübut ediblər. Həm də İran əhalisinin 40 faizdən çoxu azərbaycanlılardır. İran ordusunda xidmət edənlərin çoxu da azərbaycanlılardır. İranın Ermənistana yaxınlaşaraq Azərbaycana düşmən münasibəti sərgiləməyə davam etdirməklə öz ölkə daxilindəki vəziyyəti daha da gərginləşdirəcək. Bu gün İranın Azərbaycanda sabitliyi pozmağına cəhdlər etməsinə baxmayaraq Azərbaycan qonşuluq münasibətlərinə hörmətlə yanaşır və bu ölkəyə qarşı heç bir hərəkət etmir. Azərbaycan qonşu ölkələrin daxili işlərinə qarışmır. Amma İran tərəfindən ölkəmizə təhdidlər davamlı müşahidə olunarsa, təbii ki, Azərbaycan da müxtəlf üsullara əl ata bilər. Ona görə də İran rəsmiləri Azərbaycanın onlara bəslədiyi səmimi münasibəti dəyərləndirməli və hörmətlə yanaşmalıdır".

 

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

 

 

525-ci qəzet.- 2022.- 6 noyabr.- S.5.