"Ölülər"in yeni qiyafədə
dirilməsi
Ötən yazılarımın birində Mirzə Cəlilin
"Ölülər" pyesinin absurd dram janrının tələblərinə
tam cavab verməsi ilə bağlı fikir söyləmiş və
bu barədə ayrıca yazı yazacağıma söz
vermişdim. Düşünürəm ki, verdiyim sözə əməl
etmək məqamı yetişib. Amma mən
söhbətə birbaşa "Ölülər"in
özündən yox, qaravəllilərimizin birində rast gəldiyim
absurd bir deyimlə başlamaq istəyirəm.
"Tiyəsi olmayan baçağımla dovşanı
doğradım və dibi olmayan qazanda xörək
bişirdim".
Aydın
məsələdir ki, bu cümlədə ifadə olunan
mühakimə, fikir yalan, üstəlik, absuddur, yəni
reallıqdan uzaq, normal məntiqə ziddir və
aydındır ki, bu fikri gündəliyə gətirən
şəxsin ağıl durumu barədə
ayrı-ayrılıqda 2 fikir yürütmək olar: o, ya
sağlam təfəkkürə malik deyil, əqli cəhətdən
problemli adamdır, ya da bu absurd fikri gündəmə gətirməklə
onun cəfəngliyi, gülüş doğurması fonunda həmin
fikrin əksi olan həqiqəti sübut etmək istəyir.
Deyilənlərdən belə çıxır ki, absurd
özü cəfəngiyyat olsa da, yaradıcı şəxs
tərəfindən ona müracət olunması, yaradılan əsərin
axitektonikasının absurd üzərində qurulması
hansısa ciddi bir niyyətdən, müəllifin
müdrikliyindən soraq verir. Düşünürəm
ki, özünü Molla Nəsrəddinin varisi hesab edən (və
doğrudan da bu mərtəbəyə yüksələn) Mirzə
Cəlilin müdrik şəxsiyyət olması heç kimdə
şübhə doğurmur. Amma
oxucuları "Ölülər"in absurd dram olmasına
inandırmaq, məncə, o qədər də asan olmayacaq.
Amma mən verdiyim sözə əməl etməyə
çalışacam və üstəlik
çalışacağam ki, bu cəhd uğurlu olsun.
SÜJETİN
ABSURDLUĞU...
Hər hansı situasiyanın absurd olduğunu şərtləndirən
xüsusiyyətlərdən ən mühümü həmin
situasiyanın düzgün təfəkkürün
qanunları, sağlam düşüncə alqoritmi ilə izah
oluna bilməməsidir. Bu mənada "Ölülər" pyesinin ilk səhnəsində
Hacı Həsən ağanın evində baş verən
hadisələrdə, eşidilən dialoqlarda, replikalarda
absurd, ötəri, təsadüfi, epizodik hal kimi yox,
bütövlükdə düşüncə modelinin,
dünyagörüşün atributu kimi təzahür edir.
Gəlin baxaq.
Əsər Hacı Həsənin kişik oğlu Cəlalın
dərs oxuduğu epizodla başlayır və Cəlalın Sədi
Şirazinin "Gülüstan" poemasından oxuduğu mətn
belə bir məzmun sərgiləyir ki, ölüm haqdır,
qaçılmaz və dönməz prosesdir. Bu məqamı yadda saxlayaq
və hadisələrin davamını izləyək...
Az sonra
Cəlalın atası Hacı Həsən daxil olur və...
Yox, əyanilik
və dəqiqlik üçün həmin səhnəni gəlin
Mirzə Cəlilin öz təsvirində seyr edək:
(Hacı
Həsən çox havalı və ləhləyə-ləhləyə
girir içəri)
İskəndər:
Ata, nə xəbər?
Hacı Həsən
(bir az fikir eləyəndən sonra
başımı qalxızıb): Deyirlər Kərbəlayı
Fətullah dirilib.
İskəndər
(təəccüblə başını atasına tərəf
əyib): Necə?
Hacı Həsən:
Deyirlər Kərbəlayı Fətullah dirilib.
İskəndər:
Necə Kərbəlayi Fətullah?
Hacı Həsən:
Hacı Rüstəm əminin oğlu Kərbəlayi Fətullah.
İskəndər:
O ki Xorasanda ölmüşdü.
Hacı Həsən:
Hə, hə. Həmin Kərbəlayi Fətullah.
İskəndər:
Yəni lap durub qəbirdən çıxıb eşiyə?
Hacı Həsən
(hövsələsiz): Hə, hə, durub.
(İskəndər dikəlib üzünü
çöndərir kənara. İstəyir gülməyini
saxlasın, amma tab gətirə bilməyib qah-qah çəkib
gülür və qaçır eşiyə).
Hacı Həsən
(təəccüblə onun dalınca baxa-baxa): Allah sənə
lənət eləsin! Budu, bu da bizim
oxumuşlarımız. Yəqin ki, yenə
keflidir. Yəni heç kefli də olmasa,
elə şeylərə inanmaz. Heç bir şeyə
inanan deyil: nə Allah tanıyır, nə də peyğəmbər
tanıyır..."
Mən bu səhnənin təsvirində dəqiqliyin
vacibliyini təsadüfən vurğulamadım - bu kiçik
dialoq, səslənən replikalar və remarkadakı cümlələr
pyesin süjetinin konstruksiyası, dramatik konfliktin mərkəzində
dayanan intriqanın səciyyəsi barədə tam dolğun təsəvvür
yaradır. Bu səhnə, bu dialoqlar pyesin bütün
fakturasının absurd özül üzərində
qurulmasına təkzibedilməz sübutdur. İş
ondadır ki, neçə il əvvəl vəfat
edib dəfn olunmuş şəxsin dirilib qəbirdən
çıxması (hadisələrin davamında
gördüyümüz kimi üstəlik, məktub da
yazması) faktı barədə məntiq qanunları müstəvisində
2 hökm verilə bilər: 1. Bu fakt düzgün təfəkkürün
məhsulu, normal məntiqə tabe olan fikrə əsaslanır;
2. Bu faktın özülündə dayanan fikir məntiqə
ziddir, sağlam düşüncədən xaricdədir, yəni
yalandır. Hacı Həsənin təəccübü,
eşitdiyi xəbərin təsirindən keçirdiyi
sarsıntı, İskəndərin isə
gülüşü, qəhqəhəsi Kərbəlayı Fətullahın
dirilməsi faktına məhz bu iki fərqli baxışı
sərgiləyir - Hacı Həsən yalanı (absurdu) həqiqət
kimi dərk edir, İskəndər isə onu gülüşlə
qarşılayıb təkzib edir. Mirzə Cəlil absurd
situasiyaya münasibətdə qarşı-qarşıya gələn
bu 2 düşüncə tərzini əsərin necə deyərlər,
episentrinə keçirmək fürsətinə göz yummur,
bundan sonra gələn hadisələrin hamısı məhz
bu intriqanın orbitində cərəyan edir və nəticədə
ədib təkcə Hacı Həsənin evi, ailəsi yox,
daha geniş miqyasda normaya çevrilmiş yaşam tərzinin,
əxlaqın, dünyagörüşün, bütövlükdə
cəmiyyətin mənəvi-psixoloji durumunun alt
qatlarını bədii təfəkkürün,
necə deyərlər, rentgen şüaları ilə göstərmək,
xəstə ruhların bədii təsvirini yaratmaq
baxımından yaxşı şans qazanır.
ÖLÜLÜYÜN
SEMANTİKASI...
Mən yuxarıda söylədiyim fikirlərimi əsaslandırmaq,
məqsədimi reallaşdırmaq üçün orta məktəb
müəllimləri kimi pyesin məzmununu söyləmək,
müəllifin bu əsərdə fanatizmi, xurafatı tənqid
etdiyini vurğulamaq niyyətində deyiləm. Vurğulamaq istədiyim məqam
pyesin mətninin sonrakı hissələri (baş verən
sonrakı olaylar) kontekstində əsərin sərlövhəsinə
çıxarılmış "ölülər"
sözünün daha geniş müstəvidə mənalanıb
ölülərin "dirilməsi" - "dirilərin"
ölümü diskursuna transformasiyasıdır. Bir mühitdə ki ölünün dirilməsi
normal hal kimi qəbul olunur, deməli, orada absurd
düşüncə sağlam və hakim düşüncə
mövqeyindədir. Belə bir mühitdə sağlam
düşüncə sahibi olanlar isə təbii ki,
ölümə məhkumdurlar - əgər neçə il əvvəl ölmüş şəxsin
xortlayıb qəbirdən çıxmasına inanmamaq
Allahı, peyğəmbəri tanımamağa bərabər
tutulursa, başqa nə fikirləşəsən?
İskəndər
canlı meyitlər səltənətində yeganə diri adam
olduğuna, qəlibə sığmadığına görə toplumdan kənarlaşdırılmış,
küncə sıxışdırılmış,
çıxdaş edilmiş, adam yerinə qoyulmayan
"ölüdür". Təsadüfi deyil ki, şəhvət
düşkünü fırıldaqçı Şeyx Nəsrullah
ölü diriltmək missiyası ilə "diri"
ölülər mühitinə təşrif buyuranda dərhal
İskəndərin diriliyindən səksənib
narahatlığını Şeyx Əhmədə bildirir və
şagirdi onu belə sakitləşdirir: "Şeyxamə,
heç narahat olma. Onu burda heç adam yerinə
qoyan yoxdur. Sən damağını pozma, öz
işində ol".
Adam yerinə
qoyulmamaq mömin, mötəbər Hacı Həsənin
liderlik etdiyi ölü "dirilər" mühitində
İskəndər kimi dirilərə yer olmaması, yəni
dolayısı ilə onların ölümü deməkdir
(Yeri gəlmişkən, deyim ki, absurd düşüncənin
bu "qələbəsi", "triumfu"
qarşısında İskəndərin şəraba
qurşanmasını ədəbiyyat dərsliklərində,
müxtəlif mənbələrdə, adətən, onun zəifliyi
kimi qələmə verən müəlliflər nədənsə
unudurlar ki, İskəndərin bu seçimi zəiflik yox, onun
bir növ özünü qaragüruhun hücumlarından
sığortalamaq üsulu, ürəyindəkiləri,
düşündüklərini sərbəst söyləmək
üçün ona imkan yaradan tapdığı yeganə
şans idi...).
Mirzə
Cəlilin qurduğu kolliziya çevrəsində "ölülər - dirilər"
qarşıdurması bəzən "dəli -
ağıllı" semantikasına transfer olunur. Bu isə absurda daha yaxın məqamdır.
Çünki absurd situasiyanın
iştirakçılarının hamısı - onun
qurbanları da, onu təkzib edənlər də, adətən, axmaq, sarsaq qiyafəsində
zühur edirlər. Lakin bu dəliliyin,
axmaqlığın semantikasında ciddi fərqlər var.
Absurdu həqiqət kimi qəbul edənlərin dəliliyini,
düşdükləri vəziyyətlərə onlar kimi
adekvat reaksiya verməyənlərin "dəliliyindən"
fərqləndirmək lazımdır. Bacısı
Nazlını hicabsız gəzməyə aparmaq istəyən,
ətrafındakı ən mötəbər şəxsləri
- Şeyx Nəsrullahı lotu, atası Hacı Həsəni dəli,
Heydər ağanı uzunqulaq adlandıran İskəndərin
bütün hərəkətləri, replikaları hamı tərəfindən
qəbul edilmiş düşüncə və davranış
stereotipləri ilə ziddiyyətdədir. Buna görə də
hamı tərəfindən həm də ağıldan kəm,
dəli adlandırılması ona kəsilən 2-ci ölüm hökmü təsiri
bağışlayır və beləliklə, absurd öz
apoğeyinə çatır - əsl dəlilərin,
ölü "dirilərin" sağlam ağlın təcəssümü
olan birisini dəli, ölü ittihamı ilə meydandan kənarlaşdırması
məgər absurd deyilmi?
...VƏ FİNAL
Pyesdə Şeyx Nəsrullahın qurduğu absurd oyunun nə ilə nəticələndiyi hamıya məlumdur və mən təfərrüatlara varmaq istəmirəm. Ölüləri diriltmək qabiliyyəti barədə uydurulmuş miflə hamını kütləvi psixoz vəziyyətinə salan bu şəhvət düşkünü, manyak hər gecə 12-13 yaşında bir qız uşağını korlayıb qaçandan sonra əsərin final səhnəsi və İskəndərin monoloqu ilə Mirzə Cəlil məntiqsiz, sağlam düşüncəyə zidd "ölülərin dirilməsi" diskursunun çevrəsində toplumun həyat və düşüncə tərzini İskəndərin dili ilə ifşa edir. Bu mənada İskəndərin Şeyx Nəsrullahın hərəmxanasını gizlədən pərdəni çəkib ölüləri fakt qarşısında qoyması eyni zamanda, müəllifin absurdu sağlam düşüncədən ayıran səddi dağıdaraq toplumu ölü vəziyyətinə salan paradoksu həll etməsi ilə üst-üstə düşür və "Olülər"i Qərbdə yaranan absurd dramdan fərqləndirən əsas cəhət də elə budur. Başqa sözlə, pyes Qərb dramaturqlarının əsərlərində olduğu kimi, absurdun həyat və düşüncə tərzi, insanın əbədi qisməti kimi təntənəsi ilə yox, onun ifşası ilə bitir. Mirzə Cəlil tiyəsiz bıçaqla dovşanı doğrayan nağılçının məntiqi ilə absurd üstündə qurduğu oyunu antiabsurd ladında yekunlaşdırır - niqablar yırtılır, pərdələr götürülür, mötəbər, mömin "dirilər" və "ağıllılar"ın ölü və dəli qismində ifşasına İskəndərin "tfu sizin üzünüzə" replikası (və jesti) ilə nida işarəsi qoyulur...
SÖZARDI
Nəzəri ədəbiyyatda adətən, absurd dünyanın, insan həyatımın mənasızlığını, boşluğunu göstərmək, insanın absurd bir dünyada sadəcə vaxt keçirdiyini, özü- özünə təskinlik verə-verə baş girlədiyini, vurğulamaq üçün istifadə olunan bədii üsul kimi səciyyələndirilir. Mənasız dialoqlar, bir-biri ilə səbəb-nəticə bağlılığında olmayan hadisələr, arxasında heç bir ciddi mətləb dayanmayan replikalar, hadisələrin məntiqə əsaslanmayan xaotik inkişafı, insanların motivsiz arzuları, xəyalları - bütün bunlar absurd dram janrında yazılmış pyeslərdə yaşadığımız dünyanın dəyişməz atributları kimi təqdim olunur. Fikrimcə, bu, düzgün yanaşma deyil. Kantın dediyi kimi, sirrini bizə sonadək açmayan dünyaya da, insan həyatına da rəng qatan amil bizim bu dünyanı necə görməyimiz, onun barədə necə fikirləşməyimizdir. Əgər dünya və insan həyatı elə yaranışdan absurd və mənasızdırsa, onda belə çıxır ki, Tanrı onları belə yaradıb. Bu fikri isə əsla yaxına buraxmaq olmaz. Dünya da, insan da Tanrının yaratdığı ən mükəmməl varlıqlardır. Absurd isə dünyanın dərkində yol verilən düşüncə sapmalarımın, insanın öz səhvlərinin əsirinə çevrilməsi ucbatından meydana gələn ziddiyyətlərdir. Usta sənətkar bu ziddiyyətləri, sağlam düşüncədən kənarda qalan paradoksları dünyanı ifşa etmək, onun mənasızlığını göstərmək üçün yox, dünya haqqında bizim səhv fikirlərimizi, hərəkətlərimizi faş və təkzib etmək üçün istifadə edirlər. Və belə də olmalıdır. Çünki sənətin, ədəbiyyatın missiyası insana onun mənasız varlıq olduğunu aşılamaq yox, dünyanı, həyatı ona sevdirməkdir.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2022.- 11 noyabr.- S.13.