Tanınmış şair
Ramiz Məmmədzadə vəfat edib
Tanınmış şair-publisist, filologiya elmləri doktoru Ramiz Məmmədzadə
85 yaşında vəfat
edib.
525.az xəbər verir ki, Ramiz
Yaqub oğlu Məmmədzadə 1937-ci il
yanvarın 1-də Ağdam
rayonunda anadan olmuşdu. 1955-58-ci illərdə Ağdam şəhər 1 saylı
orta məktəbi, daha sonra isə
Bakı dəmiryol məktəbini bitirmişdi.
1962-63-cü illərdə Azərbaycan Pedaqoji İnstitunun pedaqoji fakültəsində təhsilini
davam etdirmiş, sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim
işləmişdi. O, 1963-67-ci illərdə Abşeron
rayon komsomol komitəsində
şöbə müdiri,
katib, 1967-68-ci illərdə
Azərbaycan KP Abşeron
Rayon Komitəsində təbliğat
və təşviqat şöbəsinin müdiri,
1970-1992-ci illərdə Azərbaycan
KP MK Siyasi maarif evində məsləhətçi,
1993-2000-ci illərdə Azərbaycan
Respublikası Nazirlər
Kabinetində böyük
referent vəzifələrində çalışmışdı. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində
təhsil alan
R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdi.
Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı"
adlı ilk şeiri ilə başlayan R.Məmmədzadə "Həmişə
sən gələsən"
(1978), "Vaxtında açsaydı
qönçələr" (1964), "Xatirə bulağı"
(1978), "Mühüm partiya
işi" (1974), "Qeyrət
günü" (1991), "O gecə (20 yanvar)"
(1990), "Canpolad əfsanəsi"
(1994), "İşıq günü"
(2007), "Zirvə" (2009) kimi kitabların müəllifi idi.
Son illər Ramiz Məmmədzadə öz
silsilə şeirləri
ilə “525-ci qəzet”də
də müntəzəm
şəkildə çap olunurdu. Qarabağ, Ağdam sevdalısı olan Ramiz Məmmədzadənin
şeirlərinin əsas
motivlərini də məhz Vətən, doğma yurd sevgisi təşkil ediridi.
Allah rəhmət eləsin.
525-ci qəzet.- 2022.- 11 noyabr.- S.16.