Bilik yarışları sayəsində
parlayan simalar
İstedadlı gənclərin
önə çıxmasında fənn olimpiadalarının
və bilik müsabiqələrinin xüsusi rolu var
Ölkədə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif fənn olimpiadaları, bilik yarışları mühüm rol oynayır. Təhsil Nazirliyi tərəfindən istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları istedad və qabiliyyətləri ilə xarici ölkələrdən olan həmyaşıdlarından geridə qalmayan gənclərimiz üçün bilik yarışları, olimpiadalar həm də bir növ həyat məktəbidir. Onların uğurlarının təməli məhz bu məktəbdə qoyulur.
Son illərdə müxtəlif bilik müsabiqələri və olimpiadalarda iştirak edən, müvafiq mükafatlar qazanan şagirdlərimizin sorağı dünyanın bir sıra nüfuzlu universitetlərindən gəlir. Onlardan biri də Hüseyn İsmayılovdur. H.İsmayılov 2005-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2011-2015-ci illərdə 9 nömrəli tam orta məktəbdə, 2015-2019-cu illərdə Texniki-Humanitar Liseydə, 2019-2022-ci illərdə akademik Zərifə Əliyeva adına liseydə alıb. 2021 və 2022-ci illərdə riyaziyyat üzrə Respublika fənn olimpiadalarında iştirak edib. 2021-ci ildə riyaziyyat üzrə gümüş medal qazanıb. Beynəlxalq olimpiadalar arasında isə Beynəlxalq Jautikov Olimpiadasının (IZHO 2022) iştirakçısı olub. Olimpiada qalibi kimi Hüseyn İsmayılov dünyanın ən yaxşı universitetlərindən olan Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutundan (KAIST) qəbul alıb. Hazırda adıçəkilən ali təhsil müəssisəsində Kompüter elmləri ixtisasında təhsil alır: "Mənim üçün beynəlxalq olimpiadalar zehni qabiliyyətimi beynəlxalq səviyyədə göstərmək üçün bir vasitədir. Təəssüf ki, onların bir çoxunda iştirak edə bilməsəm də, əvəzsiz təcrübə qazandım. Koreyada təhsil almaq imkanını orada oxuyan dostlarımın köməyi ilə öyrəndim. Çox şadam ki, belə bir fürsətim var, çünki gələcəkdə öz peşəmlə bağlı layiqli iş tapıb dövlətimə faydalı ola bilməyi arzulayıram. Uşaqlıqdan kompüter elmlərini, informatikanı öyrənmək arzusunda idim. Bu peşəyə marağım indiyə qədər azalmayıb və bu sahədə inkişaf etmək istəyirəm. Hər bir inkişaf etmiş ölkə informatikanın inkişafına böyük sərmayələr ayırır, o cümlədən, Azərbaycan. Həmçinin, ölkəmiz bu sahədə mütəxəssislər axtarır, ona görə də məqsədim bu sahədə mümkün qədər hərtərəfli inkişaf etməkdir".
O bildirib ki, uğurlarına görə əsasən, müəllimlərinə minnətdardır: "Çünki onların sayəsində indi əldə etdiyim hər şeyə nail ola bildim. Məncə, bilik müsabiqələri və olimpiadalara hazırlıq 6-7-ci siniflərdən başlanmalıdır, çünki o vaxta qədər şagirdlər hansı fənnə daha çox maraq göstərdiyini artıq başa düşməlidir. Şagirdlərə məsləhət görərdim ki, seçdikləri fənnə çox önəm versinlər və mümkün qədər özlərini, bilik səviyyələrini inkişaf etdirməyə çalışsınlar. Mənim hazırda ən böyük hədəfim KAIST-də yüksək səviyyəli bilik və təcrübələr qazanmaqdır. Gələcəkdə isə proqramçı olmağı və öz ixtisasım üzrə işləməyi, ən əsası, Azərbaycanın inkişafına ən yüksək töhfəmi verməyi planlaşdırıram".
Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi olan Kamran Mehdiyev də olimpiada qaliblərindəndir. O. 2004-cü il avqustun 29-da Bakı şəhərində anadan olub. VII sinfə qədər 145 və 238 nömrəli tam orta məktəblərdə, daha sonra isə Kimya-biologiya təmayüllü Respublika liseyində təhsil alıb və həmin liseyin məzunudur. 2021-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Bakı Ali Neft Məktəbinin Kompüter mühəndisliyi fakültəsinə daxil olub. Bu ali təhsil müəssisəsində bir il təhsil aldıqdan sonra Respublika fənn olimpiadasının qızıl medalçısı kimi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) təhsilini davam etdirmək hüququ qazanıb.
Onun sözlərinə görə, orta məktəbdə dərslər kimya və biologiya yönümlü kurikulum üzrə keçirilsə də, o, fizika, riyaziyyat və informatika fənlərinə böyük maraq göstərib: "Lakin texniki fənlər üçün daha məqsədəuyğun görünən təmayül liseylərinə keçməmişəm. Olimpiada uğurlarıma gəldikdə isə, 2021-ci ildə riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarında qazandığım qızıl medalı, eləcə də yerli və beynəlxalq olimpiadalar üçün seçilən təklif etdiyim bəzi sualları nümunə göstərə bilərəm. Belə uğurların sayının yetərincə çox olmamasını olimpiadalarla olduqca gec, təxminən 9-cu sinfin sonundan məşğul olmağa başlamağımla əlaqələndirərdim. Bu sahədə ciddi nailiyyətlər qazanmaq istəyənlərə daha aşağı siniflərdən olimpiadalara hazırlaşmağı və öz üzərlərində həvəslə işləməyi məsləhət görərdim".
Kamran Mehdiyev bildirib ki, ali təhsilə ölkədə başlasa da, bir il sonra nəzərdə tutduğu ixtisas üçün xaricə üz tutub: "Bu bir il ərzində isə lazımi biliklərə yiyələnmək və bəzi vacib sertifikatlar almaqla bərabər, proqramlaşdırma üzrə müxtəlif hakatonlarda iştirak edib bir sıra uğurlar qazandım. Düşünürəm ki, bu, mənim daha hərtərəfli yetişməyimə təkan verən faktorlardan biri idi, çünki olimpiadalar çox ciddi hazırlıq tələb edir, deyərdim ki, illərlə böyük həcmdə bir fənn üzrə fokuslanmağa məcbur olursan.
Koreyada kompüter elmləri sahəsinin güclü inkişaf etdiyi heç kimə sirr deyil. Xüsusilə KAIST Universitetinin bu sahədə özünü inkişaf etdirmək istəyənlər üçün çox yaxşı imkanlar təklif etdiyini düşünürdüm və bu səbəblə də seçimim bu universitet oldu. KAIST texniki və təbiət elmlərinə əsaslanan ixtisaslar üzrə təhsil proqramları təklif edir. Hazırda məhz bu fənlər üzrə ən əsas biliklərə yiyələnirəm. Təhsil mühitinə gəlincə isə, mühazirələr, praktik dərslər, əlavə nəzəri dərslərlə yanaşı, öz üzərimizdə işləmək üçün yaradılan fürsətləri qeyd etmək istərdim, çünki burada istənilən sahədə rəqabət çox güclüdür və verilən resurslardan maksimum faydalanmaq lazım gəlir. Kompüter elmləri, kompüter mühəndisliyi və oxşar ixtisaslara olan maraq dünyanın hər yerində artır. Avtomatlaşdırılmaya uduzmamaq üçün onun bir parçası olmaq lazımdır. Ortalama həyat səviyyəsinin yüksəldiyi, insanların hər imkanda işlərini daha sürətli və əziyyətsiz yolla həll etməyə çalışdığı bir dövrdə qeyd olunan sahələrə olan tələbat və beləliklə, bu sahələrdə olan rəqabətlilik də artır. İnanıram ki, kompüter elmləri kimi sonsuz sayda tətbiq imkanları olan ixtisaslar, bu sahənin ən yaxşılarından olmaq istəyənlər üçün çox yaxşı karyera imkanları vəd edir".
Onun dediyinə görə, universitetdə bir neçə dərs istisna olmaqla, bütün dərslər əyani şəkildə keçirilir. Resurslar professorlardan asılı olaraq dəyişsə də, əsasən keçilən fənn üzrə tanınmış kitablardan vəsait və ya əlavə material kimi istifadə olunur: "KAIST-də dünyanın bir çox ölkələrindən olan tələbələr rahatlıqda bir yerdə təhsil alır. Tələbələrə münasibət gəldiyi ölkədən asılı olmayaraq müsbətdir. Professorlarımız isə mövzuları tam izah etməkdən savayı, tələbələri sual verməyə vadar edərək dərsi mümkün qədər tam mənimsəmələrinə kömək olurlar".
Kamran Mehdiyev qeyd edib ki, əldə etdiyi uğurlarında müəllimlərin rolu danılmazdır: "Liseydə təhsil aldığı müddətdə Arif Qəhrəmanov, Kamran Rəhimov, olimpiadalara hazırlıq dövründə isə Cəfər Cəfərov, Nazim Kazımov kimi müəllimlərdən dərs almışam və onlar sayəsində riyaziyyata, eləcə də onun tətbiq sahələrinə olan marağım artıb".
Ölkədə keçirilən fənn olimpiadalarından yüksək mükafatlar qazanan Fərid Rəhimli də Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) təhsil alır. O, 9 fevral 2005-ci ildə Sumqayıt şəhərində anadan olub. IV sinfə qədər 1 və 18, V sinifdən isə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyada təhsil alıb və həmin məktəbdən məzun olub. Olimpiada həyatı boyunca ölkə səviyyəli müxtəlif yarışlarda riyaziyyat və fizika fənləri üzrə 2 qızıl, 2 gümüş, 3 bürünc, Respublika fənn olimpiadalarından isə riyaziyyat fənni üzrə 2 bürünc medal qazanıb (2019 və 2021-ci illərdə). Tam orta təhsilini qızıl nişanla və xüsusi nümunəli attestatla bitirib.
Onun sözlərinə əsasən, olimpiada hazırlığına 7-ci sinifdə başlayıb, 8-ci sinifdən Təhsil İnstitutunun təşkil etdiyi beynəlxalq olimpiadalara hazırlıq qruplarına qatılıb: "Bu qruplar mənim həyatımda böyük dəyişikliklərə səbəb oldu. Belə ki, xaricdə təhsil planım bu qruplarda dərslərə qoşulduğum müddətdə yarandı. Əlavə olaraq bu qruplarda ölkədə və dünyada tanınmış müəllimlərdən dərs alıb riyaziyyat fənni üzrə biliklərimi yüksək səviyyədə inkişaf etdirdim. Burada əldə etdiyim təcrübə və biliklər müxtəlif yarışlarda və olimpiadalarda, həmçinin, xarici universitetlərə qəbul ala bilməyimdə həlledici rol oynadı.
Koreyada təhsil almaq fikri məndə uşaq yaşlarından var idi. KAIST dünya reytinqində top 50-liyə daxildir və kompüter elmləri sahəsi üzrə yüksək təhsil verən ali təhsil müəssisəsidir. Buna görə də KAIST-da təhsil almaq fikri məni hamişə özünə cəlb edib. Həmçinin, Koreyanın texnoloji cəhətdən çox inkişaf etmiş bir dövlət olması da qərarıma böyük təsir elədi. Məncə, Koreya kompüter elmləri üzrə təhsil almaq üçün ən ideal ölkələrdən biridir".
Fərid Rəhimli vurğulayıb ki, riyaziyyat fənni ilə yaxından məşğul olmağa başladıqdan sonra onda kompüter sahəsinə böyük maraq yaranıb: "Bu sahəni dərindən öyrənmək və mütəxəssisi olmaq qərarına gəldim. Hamımıza məlum olduğu kimi, kompüterler və yüksək texnoloji cihazlar getdikcə həyatımızda daha böyük yer tutur. Və mən də bu yeniliklərlə ayaqlaşmaq, bu sahəni ölkəmizdə inkişaf etdirmək məqsədilə təhsilimi bu istiqamətdə davam etdirməyi seçdim.
Bütün digər ölkələr kimi, Azərbaycanda da başda xidmət sahələri olmaq üzrə bir çox sahədə kompüter sistemlərinin rolu artır. Ölkəmiz də bu sahədəki trendlərlə ayaqlaşır və innovativ addımlar atmağa çalışır. Son dövrdə bu sahəyə ayrılan diqqət də artıb və gələcəkdə də önəmli sahələrdən biri olacağı şübhəsizdir. Süni intellekt və ağıllı sistemlər hazırda ölkəmizdə ən populyar istiqamətlərdir".
Fərid Rəhimlinin söylədiyinə görə, olimpiada qalibi olmaq və dünya üzrə yüksək reytinqli universitetlərə qəbul olmanın sirri çox və davamlı çalışmaqdır. Xüsusilə riyaziyyat fənni üzrə olimpiadalarda nailiyyət əldə etmək üçün hədəfli, istəkli və yorulmadan çalışmaq lazımdır, çünki bu fənn xüsusən də öz çətinliyi ilə seçilir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 11 noyabr.- S.12.