Sadiq İsabəyli: "Müqəddəs
dəyərlər fars şiəçiliyində sui-istifadə
amilinə çevrilib"
"Güney Azərbaycan
türklərinin əsas istəyi milli dövlətçiliyin
qurulmasıdır"
Savalan
Araşdırmalar Mərkəzinin rəhbəri, Güney Azərbaycan
Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin
üzvü Sadiq İsabəyli İranda cərəyan edən
hadisələr, eyni zamanda, Tehran rejiminin ölkəmizə
qarşı son addımları ilə bağlı
"525"ə müsahibə verib.
- Sadiq bəy, İran zaman-zaman Azərbaycana
sözdə dost, qardaş deyib, amma arxada əleyhimizə
iş aparıb. Son günlər isə
İranın Azərbaycana qarşı siyasəti
açıq müstəviyə keçib. Molla rejimi sərhəddə hərbi təlim
keçirir, Qafanda konsulluq açır, təhdid dolu bəyanatlar
verir. Ermənistanın isə Təbrizdə
konsulluq açmağı sizcə Tehran rejimini qorxudan, təşvişə
salan nədir?
- İran
adlanan ölkə sözdə Azərbaycan dövlətinə
dost, qardaş deyib, son 30 ildə hər zaman bu ifadələrdən
istifadə edərək ölkəmiz əleyhinə, dövlətçiliyimizə
qarşı təxribatla məşğul olub. Son
günlər biz bir daha buna şahid olduq. İllərdir
ki, Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri
olaraq bunu vurğulayırdıq, qəzetlərə müsahibələrimizdə,
yazdığımız məqalələrdə bu barədə
danışırdıq. İran adlanan ölkənin
xarici siyasətində Azərbaycan dövlətinə,
dövlətçiliyinə ikiüzlü yanaşma var. Bir tərəfdən
dost, qardaş, Azərbaycanla məzhəbdaşıq deyir, digər
tərəfdən biz görürdük ki, Ermənistanla
bütün əlaqələrini, bütün siyasi, iqtisadi əməkdaşlığı
elə bir şəkildə qurublar. Sanki vahid bir
siyasi coğrafiyada mövcuddurlar. İran
adlanan ölkədə yaşayan bir ovuc - 30-35 min erməni
üçün Tehran rejimi hər bir şəraiti
yaradıb, onlara bütün haqları verib. Məktəb, mədəniyyət mərkəzi,
idman kompleksləri, kitabxanalar, öz dillərində mətbuat,
jurnal dərc etmək hüququ verib. Dərsliklərin
dərci üçün büdcədən maliyyə
ayrılır. Ermənilər hətta
öz məhəllələrini özləri idarə edirlər.
Kilsələri ticarətlə, bizneslə məşğuldur,
orada holdinqlər qururlar. Kilsədə qiymətli
kağızlar satırlar. Molla rejimi ermənilər
üçün elə şərait yaradıb ki,
bütün biznes, ticarət imkanlarından faydalanırlar.
Ermənistan adlanan dövlətin dövlətimizə
qarşı təxribat həyata keçirməsi
üçün nələr etməyib və bu gün də
həmin əməlləri davam etdirir.
44 günlük
müharibədən sonra Azərbaycan Prezidenti əməkdaşlıqdan,
dostluqdan danışdı, dedi ki, biz həm siyasi, həm
iqtisadi əməkdaşlığımızı zirvələrə
qaldıra bilərik. Azərbaycan lideri
"3+3" əməkdaşlıq formatı təşəbbüsünü
ortaya qoydu. Ermənistana 5 bəndlik sülh təklifi verdi və bildirdi ki, regiondakı proseslərə,
iqtisadi layihələrə qoşula bilər. Amma
gördünüz ki, İran adlanan ölkə bəyan etdi
ki, o əməkdaşlığa gedən yol mənim
"qırmızı xəttimdir". Yəni
Zəngəzur dəhlizi nəzərdə tutulurdu. Ardınca Tehran rejimi Qafanda konsulluq açdı.
Yenə də dayanmadı. İran
parlamentinin erməni deputatı Ara Şahverdiyan dedi ki,
İranın yol və tikinti üzrə şirkətləri
artıq Qafana getməli və orda yollar çəkilməlidir
və s. Bu da bir məsələyə işarə edir.
İran adlanan ölkədə böyük tikinti və
yolsalma şirkətləri bu ölkənin əsas hərbi
qüvvəsini təşkil edən "Sipah Pasdaran"a və
İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi
olan, yarı hökumət təşkilatı "Xatəm əl-Ənbiya"
İnşaat Bazasına bağlıdır. Bu
şirkətlərin Qafana getməsi o deməkdir ki, orda
topoqrafik xəritələr çıxaracaq, bütün
bölgə xəritəyə alınacaq və bu, hərbi xəritəyə
çevriləcək. Orda nə işlər
görülə bilər, coğrafi mühit necədir və
digər məqamlardan söhbət gedir. Burada
hərbi əməliyyatlarda, təxribatlarda, fəaliyyətlərdə
o ərazidən necə istifadə olunması məsələsi
ortaya çıxa bilər. Ona görə
də bu, İran adlanan ölkədə Qafanda sadəcə
bir konsulluq açıldı məsələsi deyil. Bunun davamı gəlir və o davamı gətirən
İran birbaşa təxribata yönəlik fəaliyyətlə
Azərbaycan dövlətinə qarşı təxribatla məşğul
olmaq istəyir. Biz görürük ki, Ermənistan
müharibədə məğlub olsa da, düşmənçilik,
təxribat fəaliyyətlərindən əl çəkmir
və bu fəaliyyətlərinə İranı da yaxından
cəlb edib. Üçtərəfli
Soçi görüşündən dərhal sonra baş
nazir Nikol Paşinyan qaça-qaça İrana getdi.
Prezident Rəisi ilə görüşdə dedi ki, Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşması ilə
bağlı gedən məsələlərlə bağlı
İran da məlumatı olmalıdır. Yəni
artıq İran bu işin bir ayağı olub. Təbii ki, Tehran rejimi istəmir ki, Azərbaycan bir dövlət
olaraq güclənsin. Amma bir məsələ
var, Azərbaycan 44 günlük müharibədən sonra bu
bölgənin geosiyasi inkişafı, geosiyasi formatının
yenidən ortaya qoyulması məsələsində söz
sahibi olan, öz siyasi, hərbi, iqtisadi gücünü ortaya
qoyan bir dövlətdir. Təbii ki,
İran adlanan ölkənin aparıcı qüvvələri
"Sipah Pasdaran", dini rəhbərliyi bu prosesin
qarşısında dayanmağa çalışırlar.
Azərbaycana xəbərdarlıq edirlər ki,
artıq burda dayanmalısan, ondan artığını istəyə
bilməzsən. Amma yanılırlar.
Azərbaycan onların sözü ilə öz
addımlarını, siyasətini müəyyən etmir.
- Qeyd edildiyi kimi, özünü islam dövləti adlandıran İran Ermənistanla
dostluq edir, bu ölkənin illərdir məscidlərimizi, dini
abidələrimizi dağıtmasına göz yumur. Sizcə,
İslam dinini öz mənfur əməlləri üçün
istifadə edən, şiəliyi deyil, Xomeynini təbliğ edən
və bundan şiə məzbəhinə məxsus
insanların yaşadıqları ölkələrdə təsir
gücünü artırmaq üçün yararlanan
İranın İslam Respublikası adına
haqqı çatır?
-Hamı düşünür ki, bu İslam Respublikasıdır. Amma belə deyil. İran adlanan ölkədə həm Pəhləvi dövründə, həm indiki dövrdə "fars şiəçiliyi" hegemonluq edib. Bu, fars şiəliyi fars tarixinə, farsçılığa dayalı bir şiəçilikdir. Yəni gerçək mahiyyətdə olan məzhəb deyil. Azərbaycan türklərinin şiəliyi, şiə təfəkkürü, zülmə qarşı düşüncəsi ilə yola çıxaraq imam Hüseynə, Həzrət Əlinin davamçılarına hörmətlə yanaşması və onu bir məzhəb kimi qəbul etmələri tamamilə fərqlidir. İran adlanan ölkədə fars şiəçiliyinin məfkurəsi, düşüncəsi və apardığı fəaliyyətlərə baxın. Siz görürsünüz ki, fars şiəçiliyi əsasında terror qruplaşması yaradıblar. Fars şiəçiliyi əsasında Qüds qoşunları deyilən inqilab keşikçilərinin xaricdə fəaliyyət göstərən terror şəbəkəsi formalaşıb və onlar başqa terror qruplarını da yanlarına alaraq o şəbəkəni genişləndirməyə çalışırlar. Yəni Qarabağda məscid dağıdıldı, məscidlərdə donuz saxlanıldı və s. onlar üçün maraqlı deyil. Hər hansı bir dini məsələ onların işinə yarayırsa, onda molla rejimi həmin məsələ ilə bağlı açıqlama verir. Qarabağda işğal zamanı məscidlərin dağıdılmasını, donuz saxlanmasını gündəmə gətirmək, ona qarşı hər hansı fitvanın verilməsi, Ermənistana xəbərdarlıq edilməsi onlara sərf etmir. Məsələn, Xamneyi çıxa və bir fitva verə, tələb, istək irəli sürə bilərdi. Niyə bir dəfə də olsun Ermənistandan işğal etdiyi əraziləri geri qaytarmasını, məscidləri dağıtmağı dayandırmasını, orda donuz, mal-qara saxlamamasını tələb etmədi. Demədi ki, bu bizim inancımıza ziddir, bunu etsən, səninlə bağlı iqtisadi-siyasi fəaliyyətləri məhdudlaşdıracağıq. Niyə demədi bunu? Çünki bu heç onu maraqlandırmır. Məscid, imam, peyğəmbər, Quran bunlar hamısı müqəddəs dəyərlər olmasına baxmayaraq, fars şiəçiliyində sui-istifadə amilinə çevrilib. Yəni özlərinə lazım olanda bundan siyasi-iqtisadi ideoloji baxışdan istifadə edirlər. Görürsünüz ki, Azərbaycan dövlətinə qarşı terror qrupları yaradır. Onlara müxtəlif təlimlər keçirlər. Konkret hərbi təlimlər keçir və bu təlimlər sırf terror işləri ilə əlaqədardır. Üzərində 313 rəqəmi olan köynəklər İran adlanan ölkənin səfirinin maşını ilə Azərbaycana göndərilib, bu, nə deməkdir? Belə bir söhbət var ki, İmam Zaman gələcək və onun ən yaxın insanları 313 nəfərdir. Bu bir ideoloji yanaşmadır. Amma gerçəklikdə o tarixə gedəndə belə bir hadisənin nə zaman, necə baş verməsi məsələsində özləri belə mübahisə edirlər, özləri deyirlər ki, İmam Zaman məsələsi hələ sübuta yetirilməyib. Baxmayaraq ki, onu təbliğ edirlər. Yəni rejim istəyir ki, Azərbaycanda təsir gücünü artırmaq üçün məzhəb amilindən, şiəçilikdən sui-istifadə etsin. Şükürlər olsun ki, onun artıq gerçək mahiyyəti ortaya çıxıb. Onların ifadə etdikləri ideoloji siyasət, ideoloji yanaşmanın mahiyyətində din yoxdur. Orda irqçilik var, fars irqçiliyi var, farsçılıq əsasında din, məzhəb pərdəsi adı altında bir siyasətin aparılması var. Bu siyasət hər zaman ikiüzlü, hər zaman xain bir siyasət olub və biz buna 30 il Azərbaycan dövlətinə qarşı olan münasibətdə gördük.
- İranı artıq neçə aydır bürüyən etiraz aksiyaları nə ilə nəticələnə bilər? Bu ölkədəki proseslər Güney Azərbaycan üçün nə vəd edir? Molla rejimindən qurtulmaq mümkün olacaq?
-İranda etirazlar 50 gündən çoxdur ki, davam edir. Bu prosesə,
etirazlara böyük ehtiyac var. Güney Azərbaycanda, Bəlucistanda,
Əl-Əhvazda, bir sıra digər bölgələr var ki,
orda qeyri-fars millətləri də yaşayır. Onların torpaqlarında bu cərəyan edir. İran adlanan ölkənin gerçəkliyi budur
ki, ora çoxmillətli, çoxdilli, çoxmədəniyyətli
bir ölkədir. Amma təəssüf ki,
1926-cı ildən Rza xandan bəri Pəhləvi rejiminin
qurduğu siyasət belə olub ki, bir ölkə, bir dil, bir
bayraq. Bu da o anlama gəlir ki, burada fars
və farsçılıq, farsın tarixi, farsın mədəniyyəti,
dili, bir sözlə, hər şeyi hakim olmalıdır. Digər millətlər, dillər mədəniyyətlər
məhv olmalı, onların milli kimliyi inkar edilməlidir.
Onların başında gedən ən dərin
tarixə malik millət də Azərbaycan türkləridir.
Dövlətçilik tarixi olan Azərbaycan
türkləri. Vətən və millət
anlayışını Azərbaycan və azərbaycançılıqda
görən və onun içində o dili, mədəniyyəti
dəyərləndirən Azərbaycan türkləridir.
Ona görə də bu son 100 ildə ən
çox assimilyasiya, məcburi mühacirətlərə,
torpaqlarının müxtəlif inzibati bölgü adı
altında parçalanmasına Azərbaycan Güney Azərbaycanda
məruz qalıb. Bu gün hələ də
çalışırlar ki, bizim Cənubi Azərbaycan
bölgəsində demoqrafiq sistemi dəyişdirsinlər,
orda iqtisadi problemlər yaratsınlar və insanlarımız
mühacirət etməyə məcbur olsunlar. Bu kimi fəaliyyətlərlə istəmirlər o
gerçəklik üzə çıxsın. Bu gerçəkliklər üzə
çıxdıqca etirazların mahiyyəti dəyişəcək.
Və bu mahiyyəti dəyişəcək
gücə malik Güney Azərbaycanda Azərbaycan türkləridir.
lll
Bizim tariximiz və keçmişimiz buna imkan verir. Bu dəyişimdə
Güney Azərbaycan aparıcı rol aldıqca, o rolu daha
yüksək səviyyədə təmsil etdikcə, digər
qeyri-fars millətləri də onun arxasınca gedəcəklər.
Azərbaycanın şüarlarının mahiyyətinə
baxıb onlar da öz şüarlarını ortaya qoyacaqlar.
Güney Azərbaycanda azadlıq, ədalət,
milli hökumət, "Millətlərə istiqlal,
qadınlara azadlıq" şüarları yavaş-yavaş
Bəlucistanda da bəlucların istəyi əsasında
formalaşıb gündəmə gələcək. Yəni o şüarı özlərinə məxsus
səsləndirəcəklər. Əl-Əhvaz
ərəbləri, digər etnik qruplar da həmçinin.
Bu səbəb olacaq ki, İran adlanan ölkənin
gerçək mahiyyəti, yəni çoxmədəniyyətli,
çoxdilli, çoxmillətli bir ölkə olması məsələsi
ortaya çıxsın. Təbii ki, bu məsələ
ortaya çıxandan sonra orda müxtəlif cümhuriyyətlərin
yaranması özünü göstərək. Güney Azərbaycanda da Azərbaycan türklərinin
əsas istəyi, tələbi və apardığı milli
siyasi mübarizə milli dövlətçiliyin
qurulmasıdır və biz bu yöndə
çalışırıq.
Pərvanə
SULTANOVA
pervane525@mail.ru
525-ci qəzet.- 2022.- 11 noyabr.- S.4.