Dədə Süleymandan
qalan dünya
Böyük xanəndə
Süleyman Abdullayev zəngin və əbədi bir sənət
irsi qoyub getdi
Bu boz payızın
nisgilli bağrından
bir tel də
qırıldı. Səs müqəddəsliyinin sehrindən
bir əfsun da əskildi... Elə bil Seyid təzədən
öldü, Xan yenidən bu əbədi dünyaya gözlərini yumdu.
Seyran Səxavətin Süleyman Abdullayevə həsr etdiyi romanın ilk cümləsi,
təəssüf ki, olduğu kimi yadımda deyil, amma təqribən, belə idi: "Nə Seyidin, nə də Xanın xəbəri var idi ki,
Cümşüd kişinin
arvadı doğub..."
Yaddaşımın bədii gücünü
itirdiyi bu cümlə ilin bu səbəbsiz kədərləndiyimiz vədəsində
tərsinə çevrilib
səs yaddaşımızın
üzünə tərs
şillə kimi vuruldu. Cümşüd
kişinin oğlu Dədə Süleymanın
vəfatı Seyidə
də əyan oldu, Xana da...
Dövrünün sevilən sənətkarı,
dəyərli xanəndəmiz,
Əməkdar artist Süleyman
Abdullayevin ölüm
xəbərini eşidəndə
onun ifasında məşhurlaşan və
sevilən "Səni
qəmli görəndə"
mahnısı xatirimdən
qulağıma pıçıldandı.
Mahnıda belə bir cümlə var: "O günəş
üzü hərdən
bürüməsin duman-çən..."
Muğam
sənətimizin öz
duzlu-məzəli söhbətləri,
mülayim, mehriban xasiyyəti ilə ürəklərdə taxt
quran gülən üzünü duman-çən
bürüdü, neçə-neçə
xatirə Dədə Süleymanla birlikdə əbədiyyətə qovuşdu.
Süleyman Abdullayev müəllimlər
müəllimi Seyid Şuşinskinin sonuncu tələbələrindən olub. Necə deyərlər,
o, ustadın sonbeşiklərindən
idi və sonbeşiklik onun xasiyyətinə də, meydangirliyinə də təsir eləmişdi.
Sonbeşikliyə xas ərköyünlüyü
var idi Dədə
Süleymanın. Onun söhbətləri
ütülü, rəsmi,
çərçivəli deyildi,
necə var idisə, elə davranırdı. Yeri gələndə,
zarafatlaşır, yeri
gələndə ən
kövrək adama çevrilirdi. Dədə
Süleyman bütünlüklə
səmimilik mücəssiməsi
idi... Təkcə davranışları ilə deyil, ifaları ilə də çərçivəsizliyini
sübut edirdi. Muğam və təsniflərin ifası zamanı etdiyi yerində improvizələr onun ifasına daha da şirinlik qatırdı. Dədə Süleymanın
səsinin rəngindəki
çalarları heç
bir səsdə tapmaq olmaz. İpək kimi səs təşbehi
onun səsi üçün biçilmişdi.
Səsinin səliqəsi, avazının
həzinliyi Dədə
Süleymanın ifasını
şirinləşdirmişdi və bu şirinlik
qəmli melodiyadan belə həzz almağa imkan verirdi.
Unudulmaz sənətkarımız Bəhram
Nəsibovla dostluğu
Dədə Süleymanın
xanəndə kimi uğurlu taleyində böyük rol oynayıb. Onun mahnı-təsnif repertuarının 70 faizini
Bəhram Nəsibovun bəstələri təşkil
edib. Bu iki
sənətkarın bir-birinin
sənətinə olan
məhəbbəti dillər
əzbərinə çevrilən
nəğmələrin ürəklərə
yol tapmasına səbəb olub. Bəhram Nəsibovun mahnılarının
ab-havası eynilə Dədə Süleymanın
səsinin rənginə
uyğun olub. Həmin səs yazılarını
dinləsək, görərik
ki, sözlə melodiyanın vəhdətindən
əlavə, səsin
tembri ilə mahnının vəhdəti
necə möhtəşəmlik
yaradıb. Hər iki
sənətkar Füzulidən
idi, eyni torpaqdan çörək yemişdilər və bu işbirliyinin ülvi səbəbləri
həm də o torpaqlardan boy vermişdi.
Süleyman Abdullayev sabit, bir yerdə dayanan sənətkarlardan deyildi. O səbəbdən, ifaları müxtəlif ansambllarla səs yaddaşımıza köçürülüb. Lakin Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı ilə lentə aldırdığı ifalar barədə xüsusi danışmaq zəruridir. Əhsən Dadaşovun ansamblında püxtələşən, parlayan ifaçıların 95 faizi illər sonra xalq tərəfindən sənətkar adlandırılıb. Həmin siyahıda Dədə Süleymanın da adı var.
Əhsən Dadaşovun ansamblı çox "Çahargah" rəngləri, dəramədləri ifa edib, əksəriyyətini də dinləmişəm. Amma Dədə Süleymanın ifa etdiyi "Çahargah" dəsgahının başlanğıcında ifa etdiyi rəng kimi melodiya eşitməmişəm. Ümumiyyətlə, məncə, Əhsən Dadaşov ən yaxşı "Çahargah"ını Dədə Süleyman üçün ifa edib. Azərbaycanda çox yaxşı "Çahargah" ifa edənlər olub. Seyid Şuşinskidən tutmuş üzü Sabir Mirzəyevə qədər seçmə "Çahargah"lar tarixdə qalıb. Dədə Süleymanın ifa etdiyi "Çahargah" da həmin yaxşı "Çahargah"lar sırasındadır. "Çahargah" dəstgahından başqa bir sıra mahnı və təsnifləri də Dədə Süleyman üçün məhz Əhsən Dadaşov və onun ansamblı ifa edib.
Toy meydanının böyük sınaq, məktəb olduğu dövrlərdə Dədə Süleyman məclislərin bəzəyinə çevrilib. Bu amil, xalqın ona olan tələbatı bir daha sübut edirdi ki, Azərbaycan Dədə Süleymanı özünün gözəl sənətkarı kimi qəbul edir və sevir. Onun bu yolda zəhmətləri də az olmayıb. Sovet dövrü sənətkarın üzərinə çox böyük yük qoymuşdu. Bu yükün altından qalxmağa əzm gərək idi. Dədə Süleyman həmin əzm sahibi xanəndələrdən olub. Silsilə qastrol səfərlərinin, müxtəlif konsertlərin fasiləsiz təşkil olunduğu dövrlərdə Dədə Süleyman sinəsini kənara çəkməyib və bütün çətinliklərə sinə gərib.
Dədə Süleymanın ifa etdiyi "Dəşti"ni indi öz ruhuna laylay əvəzi dinləmək çox ağırdır. Əlibaba Məmmədovun bəstələdiyi "Dəşti" təsnifləri və Süleyman Rüstəmin qəzəli üstə oxuduğu "Dəşti" muğamı Dədə Süleyman sənətkarlığının zirvəsidir. Qəzəlin ilk beyti bu misra ilə başlayır: "Aşiq olanın bağrı dönür qanə deyirlər..." Dədə Süleyman sənətinin aşiqi idi və "Dəşti"ni, sanki, bağrı qan ola-ola ifa edib. Cismani olaraq bizdən ayrılan sənətkar o "Dəşti"ni ürəklərə dəfn edərək dünyadan köçdü.
Dədə Süleymanın ölüm xəbərini eşidəndə,
"Səni qəmli görəndə" mahnısı
qulağımda cingildəyəndə ürəyimdən bu sözlər keçdi
və həmin sözlərin ağrısı fani
dünyanın etibarsız üzü ilə
bir daha hər birimizi tanış edir:
"Əlvida, Dədə!
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 12 noyabr.- S.16.