Antik dünyanın parlaq şəxsiyyətləri
(Əvvəli
ötən şənbə saylarımızda)
Kamill üçüncü dəfə diktator seçildi. O, müttəfiq şəhərə gələndə, sakinlər şəhəri düşmənə təhvil vermişdilər. O, şəhərə hücum edib, onu götürdü. Buna görə də Kamillə mükafat kimi triumf verdilər. Onun başlıca düşməni və paxılı vaxtilə ilk olaraq qallı Kapitolidən atan Mark Manli idi. O istəyirdi ki, öz həmvətənləri arasında birinci olsun. Lakin şöhrətdə Kamilli ötüb keçə bilmirdi. Ona görə də tiraniyaya sahib olmaq üçün adi, sadə vasitəni tapdı, çalışdı ki, xalqı öz tərəfinə çəksin. Xüsusən də kiməsə borcu olanların bir neçəsini o, məhkəmədə kreditorlardan müdafiə etmişdi, başqalarını zor tətbiq etməkdə aciz edib, onların üzərində qanunun icrasına mane olmuşdu. Beləliklə, tezliklə onun ətrafında böyük kütlə toplandı. Onun pərəstişkarı olan kasıblar həyasızcasına vətəndaşların yaxşılarını qorxudur, Forumda qayda pozğunluqları yaradırdılar. Diktator seçilmiş Kvint Kapitoliyalı Manlini dustaqxanaya salmağı əmr etdi. Bu vaxt xalq matəm paltarı geyindi, senat üsyandan qorxub, Manlini buraxmağı əmr etdi. Azadlığa çıxandan sonra o, nəinki yaxşı tərəfə dəyişilmədi, həm də xalqı dilə tutmaqda, vətəndaşlardan bir hissəsini başqalarına qarşı silahlandırmaqda davam etdi. Kamilli yenidən hərbi tribun seçdilər. Manli məhkəməyə verildi, lakin məhkəmə iclası başlananda Forumdan Manlinin qallarla ilk gecə döyüşündə olduğu Kapitolidəki yer görünürdü. Bu səhnə tamaşaçılarda ona yazıq gəlmə təlqin edirdi. Müttəhimin özü isə göz yaşları ilə öz igidliklərini yada salırdı. Hakimlər nə etmək lazım olduğunu bilmirdilər və bir neçə dəfə hökm çıxarılmasını təxirə saldılar. Onlar ona bəraət vermək istəmirdilər, çünki şübhəsiz olaraq təqsirkar idi, lakin ona qanunu da tətbiq edə bilmirdilər, çünki müttəhimin igidlik göstərdiyi yer hamının gözü qabağında idi. Kamill buna diqqət yetirib, məhkəmə iclasının yerini şəhər sərhədindən kənara çıxardı. Oradan Kapitoli görünmürdü. Burada ittihamçı öz sübutlarını irəli sürə bilərdi. Müttəhimin köhnə igidlikləri artıq hakimlərə mane olmurdu, ona görə də onlar diqqəti Manlinin həmin cinayətlərinə verirdi. O, təqsirkar elan edildi, Kapitoliyə aparılmalı, orada qayadan atılmalı idi.
Eyni yer onun ən böyük xoşbəxtliyinin və ən dəhşətli bədbəxtliyinin şahidi oldu. Romalılar onun evini uçurdular, Yunona məbədini yenidən tikdilər və qərara aldılar ki, gələcəkdə heç bir patritsi qalada yaşamaq hüququna malik olmasın.
Kamilli altıncı dəfə hərbi tribun seçdilər, lakin o, bu vəzifədən imtina etdi, çünki qocalmışdı və bundan əlavə, qorxurdu ki, şöhrətin və igidliklərin zirvəsində olanda allahlar tərəfindən paxıllığın və qisasın qurban olsun. Əsas məsələ isə onun səhhətinin pis olması idi, həmin günlərdə o, xəstə yatırdı. Lakin xalq onun vəzifədən imtinasını qəbul etməyib, qışqırırdı ki, ona lazım deyildir ki, o, at belində, ya da piyada vuruşsun, xalq istəyir ki, təkcə o, məsləhətlərini və göstərişlərini versin. Onu qoşun üzərində rəisliyi bir xidmət kimi qəbul etməyə məcbur etdilər, istədilər ki, yalnız o, qoşunu düşmənin üstünə aparsın. Çünki düşmən güclü ordu ilə romalıların müttəfiqlərinin torpaqlarını viran qoymuşdu. Kamill qoşunu ilə düşmənin yaxınlığında düşərgə qurdu, döyüşü yalnız sağalandan sonra aparmaq istədi. Lakin onun şöhrətpərəst silahdaşı özünü təhlükəyə atıb, bu hissi prefektlərə və senturionlara da təlqin edirdi. Kamill də qorxurdu ki, onu gənclərə fərqlənmələrində mane olmaqda ittiham edərlər. Ona görə də öz iradəsinin əleyhinə döyüşə başlamağa şans verdi. Onun rəis sirdaşı döyüşü başlamağa tələsdi və onu uduzdu. Qaçan romalıların görünüşünə baxan Kamill özünü saxlaya bilməyib, yataqdan qalxdı və öz mühafizəçiləri ilə düşərgənin qapısına tərəf getdi. O, qaçanları onları təqib edənlərə qarşı döndərdi və əsgərlərdən çoxu sərkərdədən geri qalmaq istəmirdi. Beləliklə, həmin gün o, təqib olunmanı dayandıra bildi.
Sonrakı günü Kamill qoşunu çıxarıb, döyüşə başladı və düşməni darmadağın etdi, onun düşərgəsinə girib, düşmənin bir hissəsini orada məhv etdi. Bu vaxt digər bir şəhərin etrusklar tərəfindən götürüldüyünü, bütün sakinlərin öldürüldüyünü eşidib, öz çoxsaylı ağır piyadasını Romaya göndərib, özü isə ən igid əsgərləri ilə işğalçı etrusklara hücum etdi və onları məğlub etdi.
O, Romaya varlı qənimətlə qayıtdı və sübut etdi ki, qoca sərkərdə hamıdan ağıllı imiş. Yeni bir döyüşdə o, öz silahdaşına imkan yaratdı ki, üzərindəki biabırçılıq ləkəsinin silib təmizləyə bilsin.
Qallar yenə də Romaya yaxınlaşmışdılar. Onlar Romanı götürəndən 13 il sonra yenidən döyüş getdi. Bu, romalılarda qallara qarşı dərin nifrət oyatdı, çünki onlardan qorxurdular. Qorxu o qədər böyük idi ki, hətta kahinlərin də onlara qarşı hərbi xildmətdə olmalarını lazım bildilər.
Kamill axırıncı qələbəsini çaldı. Ona indi də vətəndaş igidliyini göstərmək qalırdı, xalq tələb edirdi ki, konsullardan biri plebey olsun. Senat buna razılıq vermədi və ümid edirdi ki, Kamill aristokratiyanı müdafiə edəcəkdir. Bir dəfə xalq tribunlarının göndərdiyi qulluqçu Forumda onunla nəzakətsiz davrananda, Kamilli əhatə edənlər onu tribunadan itələdilər. Xalq isə onu aşağı sürüməyi qışqırırdı. Kamill öz rütbəsindən imtina etdi və Senata yollandı. O, Senatın konsullar barədə qərarına tərəfdar olduğunu bildirdi. Xalq senatla barışdı və Kamilli alqışlamaqla evinə qədər ötürdü.
Kamill konsulların seçilməsinə sədrlik
etdi. Bir
patrisi və bir plebey konsul seçildilər. Bu, Kamillin son ili
idi. Taun Kamillə də aman vermədi və o
öldü. O, uzun və mənalı ömür
yaşamışdı. Romalılar onun
ölümünə matəm saxladılar. Bu qəmli
hadisə b.e.ə. 365-ci ildə baş verdi.
Kamill uzun və şərəfli ömür
yaşamışdı. Həyatdan gedəndə
onun 88 yaşı var idi.
Roma sərkərdəsi Mark Furi Kamill b.e.ə. 396-cı
ildə etrusk şəhəri Veyini darmadağın
etmişdi. Brennin başçılığı altında olan
qall qoşunu Roma qoşunlarını məğlub etdi. Qallar yeddi ay ərzində Romanı işğal
altında saxladı. Onlar
istehkamlanmış Kapitoli istisna olmaqla mühafizə olunmayan
Romanı təkcə tutmadılar, həm də qarət etdilər.
Brenn şəhəri tərk etmək
üçün böyük miqdarda qızıl istədi.
Roma hərbi diktatoru Mark Furi Kamillin qoşununun
işə qarışması, bu cəhdin baş tutmasına
imkan vermədi və sonrakı döyüşdə qallar məğlub
oldular.
Demosfen
Qədim Yunan dövlət xadimi və natiqi Demosfenin nitq
mədəniyyətinə həvəsi Kallistrata qulaq
asdıqdan sonra baş vermişdi. Kütlənin onun
çıxışını alqışlamasını
görüb, ona həsəd aparmışdı. Natiqi dinləyənlər ucadan onu tərifləməklə,
evinə yola saldılar. Demosfen başa
düşdü ki, yalnız yaxşı natiq
başqalarını öz sözünün qüvvəsi ilə
əsir edə bilər. Sözün
qüdrətli təsirə malik olması isə bir sıra
amillərdən asılıdır. Ona
görə də bu sirləri öyrənmək, nitq mədəniyyətinə
hərtərəfli sahib olmaq üçün bəlağətli
çıxış etmək məşqlərinə
başladı ki, nə vaxtsa o da mahir natiq olsun.
Onun ilk müəllimi İsey idi, başqa bir müəllimin
yanında isə o, gələcək natiq kimi nitqində
mövcud olan qüsurlarını ləğv etməyə
çalışdı. Natiqlik şöhrətinə yiyələnməyi
arzu edəndə o, Periklin nümunəsindən istifadə etməyə
girişdi, bu məqsədlə Fukididi əsaslı qaydada
öyrənməyə başladı, onun səkkiz cildlik
kitabını öz əli ilə köçürdü.
O vaxtlar afinalılar adətən natiqlərə
sınayıcı gözlə baxırdılar, ona görə
də çıxış sahibindən təkcə daxili məzmun
deyil, həm də müəyyən mimika, əllərin
müxtəlif qaydada işlədilməsi,
çıxış vaxtı bədənin vəziyyəti,
fiziologiyanın oyunu tələb olunurdu. Bəla
burasında idi ki, Demosfen natiqliyə xələl gətirən
bir sıra qüsurlara malik idi. Hər şeydən əvvəl
o, pəltək idi, zəif səsə malik idi, nəfəs alan vaxt çiyinlərini gözə
çarpan qaydada çəkirdi. İnadkarlığı
və tükənməz enerjisi hesabına o, bu
nöqsanlarına qalib gələ bildi. Bu
məqsədlə cürbəcür məşqlər edir,
özünə izafi əziyyətlər verirdi. Dənizin dalğalarının gur səsi altında
fasilə vermədən çıxış edir,
ağzına daş qoyub, şairlərin yazdığı
şeirləri uca səslə söyləyirdi. Tavandan qılınc asmışdı ki, onun
altında çıxış edərkən adəti üzrə
çiynini qaldıranda, qılıncın tiyəsinin ucu
çiynini deşməklə onu bu qüsurundan azad etsin.
İlk dövrlərdə çox şeyə nail olmasa da, məşqlərini
kəsmirdi, əksinə, daha intensiv edirdi.
Onun ilk təcrübəsi, sifariş əsasında məhkəmə
çıxışlarını yazmaqdan başladı. Bu, onun gələcək
natiqliyi üçün bünövrə rolunu oynadı.
B.e.ə. 350-ci illərin axırında o, məşvərətçi
xarakterli çıxışları ilə siyasi fəaliyyətə
başladı. Digər sahələrdə də
özünü sınadı, əvvəlcə tamaşa
fonduna, sonra isə hərbi fonda
başçılıq etdi.
Demosfenin siyasi fəaliyyəti Makedoniya çarı olan
II Filippin qüdrətinin böyüməsi ilə eyni vaxtda
başlandı. Filipp b.e.ə. 359-cu ildə regentlikdən Makedoniya
taxt-tacına sahib olmağa keçdi, bir il
sonra isə təcavüzkar müharibələrə
başladı. O, diplomatik ustalığa da malik idi, öz məqsədinə
çatmaq üçün həlli çətin, bəlkə
də, mümkün olmayan vədlər də verir, adamları
aldatmaqdan istifadə etməyi də qəbahət
saymırdı. O, söz verdi ki,
Afinanın müttəfiqi olan Pidianın əvəzinə afinalılara
tutduğu başqa bir şəhəri verəcəkdir. Lakin o, afinalıları aldadıb, onlara heç nə
vermədi, üstəlik, Pidianı da tutdu. Afina Filippə
cavab verəcəyini elan etsə də,
gücsüzlüyündən heç nəyə nail ola bilmədi.
Afinanın azadlığının məhvini qabaqcadan görən
Demosfen Filippə ünvanlanmış "filippikalar" kimi
məşhur olan acı çıxışlar etməyə
başladı.
B.e.ə. 351-ci ildə afinalıların diqqətini
o, Filippin gizli planlarına yönəltdi və həmvətənlərini
həvəsləndirdi ki, güclü donanma və qoşun
yaratmaq üçün hər şeyi qurban verməyə
hazır olsunlar. Özünün birinci
"filippika"sında o, öz nikbin mövqeyini ifadə
edir, həm də afinalıları ruhdan düşməməyə
çağırırdı. O, adamları
inandırırdı ki, Filippin düşmənlərinə
kömək göstərməklə yanaşı, onun
özünün güclənməsinə də imkan verilməsin.
Filipp isə heç nəyə məhəl
qoymadan işğal siyasətini davam etdirirdi.
Filipp Peloponnesə də girmək istədi, elçiləri
isə onun sülhsevərliyinə afinalıları
inandırırdı, həm də Demosfenin bütün
Yunanıstanı ona qarşı qaldırması cəhdinə
görə şikayətlənirdilər. Demosfen isə
özünün ikinci filippikasında onu yenidən ifşa
etmişdi.
Filipp Demosfenin cəhdlərinə baxmayaraq, Afinada
adamları pulla ələ almaqla, həmçinin, digər
vasitələrlə özünə güclü dostlar
qazanmışdı. Onların başında Esxin dururdu, o,
mahir natiq olmaqla yanaşı, Demosfenin də təhlükəli
düşməni idi.
Demosfenin enerjisi, nəcibliyi və istedadı bu vaxt qalib gəldi. O, bütün Yunanıstanı Filippə qarşı qaldırdı. Evbeyadan onun adamları qovuldu və Filipp başqa bir şəhərin mühasirəsinin də götürməli oldu. Demosfenə Dionisi bayramında qızıl əklil mükafatı verildi. Lakin Üçüncü Müqəddəs müharibə Filippə imkan verdi ki, Yunanıstanın lap ürəyinə soxula bilsin. Bu, afinalıları ümidsizliyə qərq etdi, təkcə Demosfen ruhdan düşməmişdi. Onun təşəbbüsü ilə Fiva ilə bağlanan müqavilə hesabına iki qələbə qazanıldı. Afinalılar buna sevinsə də, bu sevinc qısa müddət çəkdi.
B.e.ə. 338-ci ildə Xeroneya yanındakı döyüş Yunanıstanın azadlığına və müstəqilliyinə son qoydu. Demosfen həmin döyüşdə sıravi hoplit kimi iştirak etmiş və Plutarxın yazdığına görə, döyüş meydanından qaçmışdı. Filipp qələbədən sonra afinalılardan girov pulu almadan hərbi əsirləri buraxdı. Demosfen isə afinalılara xəbərdarlıq etməsini dayandırmırdı, bu isə ona çoxlu düşmənlər qazandırdı. Axı Filipp onun həmyerlilərini satın alırdı, Esxin də Demosfeni xalqın gözündən salmağa çalışsa da, bunu bacarmadı. Demosfenin "Əklil haqqında" çıxışı onu daha da məşhurlaşdırdı. Yunanıstanın minlərlə dinləyicisini bu çıxış özünə cəlb etmişdi, rəqibi Esxin də nitqin mükəmməlliyini etiraf etmişdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 12 noyabr.- S.14.