XUDAFƏRİN KÖRPÜSÜ

 

 

Nə yaşın bəllidir, nə də memarın,

Eradan əvvələ aid edən var,

Şəddadilərdən qalmasan deyən ...

Gerçək bu ki, İpək yolu yadigarısan.

Üzərindən keçib dolandılar cahanı,

Birləşdirdin o taylı-bu taylı Azərbaycanı.

Zaman-zaman dağıdıldın, sındırıldın,

Bir-bir yoxa çıxdı tağların,

Kəsildi bu taylı Azərbaycanla bağların.

"Arazı ayırdılar,

Qan ilə doyurdular,

Mən səndən ayrılmazdım,

Zülm ilə ayırdılar".

Bu ağı-bayatı boyuna biçilib.

Üzərindən gah şimala, gah cənuba keçilib,

Ayrılıq körpüsü olaraq dözüb dayanmısan,

Bizimtək həsrət oduna yanmısan...

Belə gəlmiş, belə getməz,

Şahidi olduğun möhtəşəm zəfər,

Yeni zəfərlərin müjdəçisidir,

Bu, yeni reallığın səsidir.

Bitəcək bu həsrət,

Qucaqlaşıb birləşəcək bu millət.

Xudafərin, yenə dostluq, qardaşlıq körpüsü olacaqsan,

Yenə dünya ilə qucaqlaşacaqsan!

 

ŞƏHRİYARI XATIRLARKƏN

 

İztirab şırımları cərgələnmiş üzündə,

Ayrılığın həsrəti kölgələnmiş gözündə.

Alnının qırışları Bakı-Təbriz yolları,

Heydərbaba ağrısı fəryad edir sözündə.

 

 

Arzun içində qaldı, gələmmədin gec oldu,

Döngələrdən, dönümdən keçəmmədin özün .

"Ya azad ol, ya tamam yan" hökmünü vermisən,

Bizimtək parçalanan yoxdur bu yer üzündə.

 

 

Zamanın gedişatı yaman dəyişib, Ustad,

Birləşməkdir qərarı Bakının, Təbrizin .

Arzular çin olacaq, bu, hökmüdür zamanın,

Ellər bayram edəcək yenə Cıdır düzündə.

 

 

O tay, bu tay həsrəti bitməlidir, bitəcək,

Şeirlər səslənəcək Şəhriyarın səsində:

"Heydərbaba, mərd oğullar doğginən,

Namərdlərin burunların ovginən..."

 

 

 

ULU TƏBRİZ

 

Qalx ayağa, ulu Təbriz,

Zəncirləri qırıb ataq.

Qoy birləşsin ellərimiz,

Vüsal arzusuna çataq.

Vaxt yetişib, zaman çatıb,

Rejimin günəşi batıb,

Əsarət zəncirin atıb,

Təbrizi Bakıya qataq.

 

Gəl, qardaşım, ver əlini,

Kəsək zalımın dilini,

Güney-quzey həsrətini,

Birdəfəlik silib ataq.

 

 

GÜNƏŞİN SƏBRİ

 

 

Günəş qara buludlardan,

Yenə niqab saldı üzünə...

Dünyadakı rəzalətlər, fəlakətlər,

Məkrli xəbis niyyətlər,

Bitib tükənməyən ədavətlər,

Görünməsin deyə gözünə...

Yanaqlarının bəzən pörtməsi ,

Üzünü qara buludların örtməsi ,

Dağların arxasına çəkilməsi ,

Sinəsindən qopan ahların

İldırım olub yerə tökülməsi ,

Yerdə gördüklərinin iztirabından doğur.

O həyat mənbəyi təmkinini pozmur,

Hələ ki, səbrini boğur.

Ancaq hər səbrin bir həddi var,

Səbri tükənsə bəllidir olar...

Yer kürəsi qır qazanına dönər,

Həyat əbədilik sönər...

Ey İran, ey evi viran,

Məkrli niyyətlərin,

İnsan əxlaqına,

İslam dəyərlərinə xəyanətlərin

Bitib tükənmir.

Unutma, Azərbaycan Odlar diyarıdır,

O da günəş xislətlidir, səbrlidir,

Ancaq ildırım kimi çaxmağı da,

Yandırıb-yaxmağı da var.

Ona xəyanət edib, yenə də haqqı dansan,

Bil ki, yanıb kül olarsan!

 

Allahşükür QURBANOV

 

525-ci qəzet.- 2022.- 12 noyabr.- S.15.