Fənn olimpiadaları: şagirdlər üçün uğur körpüsü
Azərbaycanda bir
çox bilikli və istedadlı gəncin nailiyyətlər
silsiləsi fənn olimpiadalarından başlanıb
Ölkədə istedadlı uşaqların
aşkara çıxarılması,
onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif fənn olimpiadalarının,
bilik yarışlarının mühüm əhəmiyyəti var. Təhsil Nazirliyi tərəfindən
istedadı və
yaradıcı təfəkkürü
ilə fərqlənən
şagirdləri aşkar
etmək üçün
keçirilən fənn
olimpiadaları istedad və qabiliyyətləri ilə xarici ölkələrdən olan
həmyaşıdlarından geridə qalmayan gənclərimiz üçün
bilik yarışları,
olimpiadalar həm də bir növ həyat
məktəbidir. Onların uğurlarının
təməli məhz bu məktəbdə qoyulur.
Son illərdə Elm və Təhsil Nazirliyinin istedadlı şagirdlərin
üzə çıxarılması,
onların bilik və qabiliyyətlərinin
inkişaf etdirilməsi
istiqamətində həyata
keçirdiyi tədbirlər
nəticəsində məktəblilərimiz
respublika fənn olimpiadalarında, eləcə
də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak
edir və uğurları ilə ölkə təhsilinə
öz töhfələrini
verirlər. İndi onların sorağı
dünyanın müxtəlif
ölkələrindən gəlir.
Onlardan biri də olimpiada
qalibi, hazırda Koreyanın
Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (Korea Advanced Institute of Science and
Technology - KAİST) tələbəsi Elçin Musazadədir. O,
2005-ci il fevralın 14-də anadan olub. İbtidai təhsilə
254 nömrəli tam orta məktəbdə başlayıb. Daha sonra orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib. Bakıdakı 2 nömrəli
texniki humanitar liseyin məzunudur. Beynəlxalq və yerli olimpiadalardan
müxtəlif əyarlı
medallar və həvəsləndirici mükafatlar
qazanıb. Beynəlxalq
Riyaziyyat Olimpiadasından
1 bürünc, 2 həvəsləndirici,
Balkan Riyaziyyat Olimpiadasından
2 bürünc,
Yeniyetmələrin Balkan Olimpiadasından 1 gümüş,
1 bürünc medal qazanıb.
Beynəlxalq Lütfi Zadə
riyaziyyat və informatika olimpiadasında isə riyaziyyat fənni üzrə 1- ci yeri tutub
və qızıl medala layiq görülüb.
Elçin Musazadənin dediyinə
görə, olimpiadaların onun
həyatında çox
böyük rolu olub: "Riyaziyyatı uşaqlığımdan sevdiyimə görə mənim üçün olimpiadalara başlamaq və saatlarla riyaziyyat tapşırıqları
üzərində işləmək
daha çox zövq verirdi. Bilik müsabiqələrindən yaxşı
nəticələr əldə
etməyim həvəsimi
daha da artırırdı.
Üstəlik, olimpiadaların nəticələri
universitetlərə sənəd
göndərəndə qəbul
prosesini daha da asanlaşdırırdı.
Uğurlarıma görə
mənim həvəslə
çalışmağımda, çalışmayanda,
bəzən də pis nəticə əldə edəndə mənə təkan verən və dəstəkləyən anama
borcluyam. Mənə dərs keçən Cəfər Cəfərov,
Nazim Kazımov, İsmət Ağayev, Şəmsi Səfərov
və bir çox adlarını çəkmədiyim digər müəllimlərimin
də üzərimdə
çox böyük rolu olub. Məncə,
olimpiadaya başlamağın
yaşı yoxdur, olimpiada tarixində 13 yaşında dünya olimpiadasından qızıl
belə alan, eləcə də orta
təhsilinin sonuncu ilində olimpiadaya başlayıb yüksək nəticə
qazanan şagirdlər
var. Amma hazırda ölkəmizdə təşkil
olunan fənn müsabiqələri ilə
olimpiadaya ciddi şəkildə başlamaq
məncə, ən məqsədəuyğunudur, mənim
başladığım kimi".
O bildirib ki, son vaxtlar Koreyaya gedən olimpiada ilə məşğul olmuş tələbələrin
sayı artan trenddədir. Onların arasında şəxsən
tanıdığım dostlarım
da var idi,
onların məsləhəti
və bu ali məktəbin dünya universitetlərinin
qlobal reytinqində yüksək yerdə olması, yaratdığı
yüksək tədris
şəraitinə görə
sənədlərimi bu
ali təhsil müəssisəsinə göndərdim.
Koreya hazırda
"Kompüter mühəndisliyi"
ixtisası üzrə dünyanın öndə gedən ölkələrindəndir və
özünəməxsus mədəniyyəti
məni burada oxumağa cəlb etdi: "KAİST-in
reytinqinin yuxarı
olmağının əsas
səbəblərindən biri
də keyfiyyətli elmi-tədqiqatlar aparmağa
və tədrisi təşkil etməyə
imkan verən laboratoriyalarıdır. Burada tədqiqat
sahələri çox
genişdir və nəticələri də
öz sözünü
deyir. Tədrisin
ilk ilində ali məktəbdə fundamental dərslər
kimi fizika, kimya və onların
laboratoriya tapşırıqları,
biologiya və riyaziyyat tədris olunur. Ekstremal hadisələr baş verməsə, gələcəyimizi
heç bir sahədə texnologiyalarsız düşünə
bilməyəcəyik. Ona görə
də hamı kompüter haqqında məlumat və biliklərə sahib olmalı
olacaq".
Elçin Musazadənin sözlərinə
görə, KAİST-də
əcnəbi tələbələrin
sayı kifayət qədər çoxdur və onlara qarşı münasibətdə
heç bir narahatçılıq hiss etmirlər:
"Koreyalı tələbələrin
ingilis dilində danışmağa çox
meyil etməməsi onlarla əlaqələri zəiflədir desəm, yanılmamış olaram.
Professorlarla əlaqədə isə təcrübəm olmadığı üçün
fikir bildirə bilmirəm, ancaq indiyə kimi heç bir problem görməmişəm".
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (KAIST) tələbəsi
olan Toğrul Abbasov isə 2005- ci il iyulun
6-da Sumqayıt şəhərində
anadan olub. VI sinfə
qədər 274 və
225 nömrəli məktəblərdə
oxuyub. Daha sonra təhsilini VII sinifdən
Fizika-riyaziyyat və informatika təmayüllü
Respublika liseyində davam etdirib. Həmin liseyin məzunudur. Olimpiada karyerası boyunca beynəlxalq olimpiadalardan 4 qızıl,
6 gümüş, 4 bürünc
olmaqla 14, respublika səviyyəli olimpiadalardan
isə 3 qızıl və 1 gümüş
medal qazanıb.
Toğrul Abbasovun olimpiada tarixçəsi uğurlarla
zəngindir. İstedadlı gənc iştirak etdiyi olimpiadalar və qazandığı müvəffəqiyyətlər
barədə danışarkən
deyib ki, respublika fənn olimpiadalarından
2019-cu ildə gümüş,
2020, 2021 və 2022-ci illərdə
qızıl medal qazanıb:
"2021 və 2022-ci illərdə "Birincilər
birincisi"
olmuşam. Beynəlxalq olimpiadalardan
ən prestijlisi sayılan İMO-dan (İnternational Mathematical Olympiad) gümüş və bürünc olmaqla 2 medal qazanmışam. Bundan
əlavə, Balkan Riyaziyyat
Olimpiadasından gümüş
və bürünc (BMO),
Yeniyetmələrin Balkan Riyaziyyat
Olimpiadasından qızıl
və gümüş
(JBMO), Qafqaz Riyaziyyat Olimpiadasından 2 qızıl,
daha bir neçə beynəlxalq olimpiadalardan medallar qazanmışam. İMO-dan qazandığım gümüş medalın
mənim üçün
dəyəri və önəmi çox böyükdür. Çünki bu gümüş medal ölkəmizə 11 ildən
sonra gətirilən
9-cu gümüş medaldır.
Və JBMO- dan 6 il sonra
ölkəmizə 2-ci qızıl
medalı qazandırmışam.
Olimpiadalar, ilk növbədə, şagirdlərin
dünyagörüşünü artırır. Beynəlxalq olimpiadalarda iştirak etdikdə müxtəlif ölkələrin
mədəniyyətləri ilə tanış oluruq. Başqa ölkələrdən olan iştirakçılarla
müxtəlif mövzularda
fikir mübadiləsi aparırıq. Bundan əlavə,
riyaziyyat sahəsi üzrə dünya səviyyəsində tanınmış
riyaziyyatçılarla görüşmək
şansımız olur.
Mənim
üçün olimpiadaların
həyatımda oynadığı
ən böyük rol universitetə qəbul almağımdır.
Çünki olimpiadalar dünya
səviyyəsində tanınır
və universitetlər
olimpiada nəticəsi
olan şagirdlərə
daha çox üstünlük verir.
Öz təcrübəmdən deyə
bilərəm ki, olimpiadalarda uğur qazanmaq üçün,
ilk növbədə, davamlı
çalışmaq lazımdır.
Çünki olimpiadalara hazırlıq
prosesi uzundur. Bundan əlavə, nəticələrə
görə ruhdan düşməmək əsasdır.
Olimpiadalarda uğurlarımda müəllimlərin rolu danılmazdır. Məsələn, müəllimlərimdən
Şəmsi Səfərov,
Cəfər Cəfərov,
İsmət Ağayev,
Nazim Kazımov, İlham Hüseynov bizə bu yolda böyük
dəstək olublar. Müəllimlərdən əlavə,
bizdən yaşca böyük
olan olimpiadaçı
şagirdlərin də
köməyi böyük
olub. Azərbaycanda olimpiadalara, əsasən
7-ci sinifdən başlanılır.
Bu, xarici ölkələrə
nisbətən daha gecdir. Mənim fikrimcə, olimpiadalara
hazırlığa daha
tez başlanılsa, nəticələr daha da yaxşı olar".
Toğrul Abbasov qeyd edib ki, bir neçə xarici universitetə sənəd göndərib. Qəbul aldıqları arasından KAİST-i seçib: "Koreyanın ən nüfuzlu ali məktəblərindən olan KAİST kompüter elmləri sahəsi üzrə ən yaxşı sıralardadır. Buna görə də ali təhsilimi bu ali təhsil müəssisəsində davam etdirməyə qərar verdim. Bundan əlavə, burada oxuyan, həmçinin, məzun olmuş gənclərin KAİST haqqında məsləhətləri də Koreyaya gəlməyimdə əsas səbəb oldu. Hazırda KAİST-n "Kompüter və riyaziyyat" ixtisasında təhsil alıram. Qeyd edim ki, kompüter elmləri sahəsində ixtisaslaşmış insanlara tələbat günü-gündən artır. Bu da kompüter elmləri sahəsini gələcəyin ən vacib sahələrindən biri edir. Kompüter elmlərinə olan marağım məncə, riyaziyyata olan marağıma görədir. Çünki bu sahədə də riyaziyyatın böyük rolu var. Məsələn, proqramlaşdırma dillərində olan alqoritmik suallar, əsasən, riyazi yollarla həll olur. Bu cür riyazi yanaşmalar nəticəsində kompüter elmlərinə olan marağım daha da artdı. KAİST-də dərslər, əsasən, oflayn şəkildə keçirilir. Amma bu, əsasən professorlardan asılıdır. Bəziləri onlayn dərslərə üstünlük verir. Burada, əsasən, dərsdənkənar hazırlaşmaq üçün müəyyən kitablara diqqət ayrılır. Amma professorların öyrətmə tərzi dərsə daha çox təsir edir. Koreyada ingilis dilini çox az insan bilir. Buna görə də ölkədə xarici tələbələrin ünsiyyətdə problemləri yaranır. Amma bu, kampusun içində tamam fərqlidir. Burada çox insan ingiliscə danışır və xarici tələbələrə münasibət də yaxşıdır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 12 noyabr.- S.12.