Sənət taxtında əbədi qalasan, Kraliça!
Təkrarsız Əzizə
Mustafazadənin əsrarəngiz konsertindən qeydlər
30
oktyabr. Qafqazda ən böyük mərkəz olan Bakı Konqres Mərkəzi "Cazın
şahzadəsi"nin
görüşünə hazırdır.
"Söz vaxtına
və məqamına çəkər", - deyiblər.
Caz payızla az qala sinonimdir. Bu həzin
payız axşamı
Mərkəzin 3500 tamaşaçı
tutan əsas zalında bir dənə də olsun boş yer yox idi.
Tam anşlaq! Konsertə gələnlər
xarici görünüş,
tərz, davranış
baxımından sanki bir-birlərinə bənzəyirlər.
Mədəni cameə orta
yaş və daha yaşlı insanları əhatə edirdi. Gənc nəsil gözə
dəymirdi. Zalda əlil
arabaları da görünürdü. Bu qədər adamın toplaşdığı məkanda
"küy" bir tərəfə qalsın,
cınqır da çıxmırdı.
İşıqlar söndü. Konsert başladı. Şəhrizadə (Əzizəyə verilən titullardan biri) royal arxasına keçdi. Mən meloman deyiləm.
Adam var, daim
qulaqlıqladır, yolu
keçəndə də,
əqli işlə məşğul olanda da musiqi onu
müşayiət edir.
Məndə "ikisi birində"
alınmır. Nə fikrimi
toplaya bilirəm, nə eşitdiyimdən həzz alıram. Musiqiyə təmkinlə yanaşanlardanam.
Janrından asılı olmayaraq
gözəl musiqini
"tuturam", dəyərləndirirəm,
zövq alıram.
Deyim ki, təkrar-təkrar dinləyirəm, yox, elə deyil. Dadında buraxıram. Amma iyul ayında sözügedən konsertin
ilk anonsu gedəndə
özüm üçün
müəyyənləşdirdim: - Mütləq orda olmalıyam, canlı izləməliyəm.
Əzizə Mustafazadə istedadı, sənəti, şəxsiyyəti
ilə məni cəlb edən barmaq sayı sənətkarlardandır. Vaqif Mustafazadənin
İçərişəhərdəki ev-muzeyini ziyarət edəndən sonra Onlar haqqında yazmışam da. "Mənzildən asta səslə saundtrek kimi çaldırılan musiqi
keçmişdən eşidilən
səsləri batıra
bilmir. Vaqifin
"Sevil"in qızları
ilə məşqi ümumi mətbəxin qab-qacaq səsinə, körpə Əzizənin
ağlamağına qarışır.
Kommunal mənzilin kiçik mətbəxindəki iri abajur da Mustafazadələrdən
qalmadır. Və bu
abajurun işığına
toplaşmış kiçik
evin geniş ürəkli sahibini, onunla bir evin
içini bölüşənləri,
qonaqlarını xəyalında
canlandırmaq, görmək,
rəsmən rəsmini
çəkmək - artıq
hər ziyarətçinin
şəxsi fantaziyasının
işidir". Ə.Mustafazadənin
genlə gələn istedadı, atasının
şöhrətini üstələyən
adı birmənalı
şəkildə dünyada
öz təsdiqini çoxdan tapıb: "Əzizə dahidir. Onun musiqisində xalqının
mədəniyyəti eşidilir.
Azərbaycan eşidilir". Uzun illər xaricdə yaşayan Əzizə xanım həmişə Azərbaycan
haqqında incə, kövrək hisslərlə
danışır, müsahibələrində
"Azərbaycan mənim
ana Vətənimdir, muğam, sevgi ölkəsidir", - deyir. Böyük anlamda burada təəccüblü, qeyri-adi
bir şey olmasa da, atasından
estafet kimi təhvil aldığı
dəfnə çələngini
inamla irəli aparan Əzizənin qərib qəlbində daşıdığı Vətən
məhəbbəti şəxsən
məndə ən xoş hisslər oyadır.
Dünya şöhrətli ulduz konsertini "Bismillahir-rəhmanir-rəhim"lə
açdı. Heyrətli alqışlar... Mən də çaşdım.
Axı həmyerlimizi "bu tərəfdən" tanımırdım.
Müddəti yaxınlaşdıqca sosial mediada konsertin anonsu tez-tez təkrarlanırdı.
"Möhtəşəm olacaq", "Səbirsizliklə
gözləyirik" kimi
mesajlarla yanaşı,
arada "Azərbaycandan
küsüb gedib",
"Xristianlığı qəbul
edib", "Boynunda xaç gəzdirir" kimi içimizdən qurd yeyən şərhlərə də
rast gəlinirdi. Hansı dini qəbul etmək hər kəsin şəxsi işidir. O qədər
dünyanın tanıyıb
fəxr etdiyi məşhur tanıyırıq
ki, İslamı qəbul edib. Bununla fəxr edirik, qürur duyuruq. Qəhrəmanımızın xaç gəzdirməyinə
gəlincə, unutmayaq
ki, Əzizənin bir tərəfi xristiandır. Anasını
danmayacaq ki! İrad tuturdular ki, "əziz bakılılarım"
deyir. Axı Bakıya gəlir... Metroda da hər
gün eşidirik:
"Əziz bakılılar
və şəhərimizin
qonaqları..." Əzizə Mustafazadənin
konserti bütün tərəddüd və şübhələri, nigarançılıqları
darmadağın etdi.
- Konserti rus dilində
aparacağam. Amma çalıb-oxumağım
azərbaycanca olacaq.
Əsl artist üçün səhnə həmişə həyəcandır, sınaqdır. Dəfəsindən asılı olmayaraq. Tamaşaçılar arasında da ayrı-seçkilik salınmamalıdır, istər Mədəniyyət evi olsun, ya "Böyük teatr"ın səhnəsi, ya da... metro stansiyası. Belə bir sosial eksperiment aparılıb. Dünyanın ən məşhur musiqiçilərindən biri 45 dəqiqə ərzində Vaşinqton metrosunda skripkada çalıb. 100 dollara bilet alıb gələn tamaşaçının qarşısında çıxış edən kimi. Eyni entuziazmla. Həmçinin, konsertin müvəffəqiyyəti də tamaşaçının kalitesindən asılıdır. "Bizim tamaşaçı unikaldır", - deyir Əzizə. Öz sənəti, musiqisi ilə böyük səhnələri fəth edən Ə.Mustafazadə konsertqabağı gecəni yatmadığını, çox həyəcan keçirdiyini dilə gətirdi. Klavişlər hərəkətə gəldi, zalı caz-muğam qarışıq ecazkar musiqi bürüdü. "Caz azadlıq hayqırtısı, qəlbin azadlıq səsidir", - deyən bəstəkar-pianoçu "Bakı gecələri", "Azadlıq", "Atəşgah"dan sonra çox, ən çox sevdiyi "Laçın"ı təqdim etdi. 150 yaşı olan bu xalq mahnımız hər aranjemanda gözəldir. Əzizə birinci bəndi ağlaya-ağlaya, ikincini şux, oynaq oxudu. Həm işğalını ifa etdi, həm qovuşduğu azadlığını. O, hamı üçün oxumurdu. O, hər kəs üçün ayrı-ayrılıqda oxuyurdu. Pauzalarda məhrəm intonasiya ilə "Sizinlə necə də yaxşıdır...", "Yaşamağa dəyər", "Allaha qurban olum", "Allaha şükür", "Bu gün bayramdı", "Biri varmış - biri yoxmuş" kimi replikalarla pərəstişkarlarını həm təəccübləndirir, həm də çox məmnun edirdi. Səhnədən zala güclü enerji, işıq, xeyirxahlıq süzülürdü. Səhnənin döşəməsində qalaqlanmış iri gül dəstələrinə baxıb, "heyif, güllər yerdə olmamalıdır, suya qoyulmalıdır" - təəssüfünü bildirməyi də unutmadı. Bu böyük şəhərlərin prestijli salonlarında keçirilən qastrol konserti deyildi, istiqanlı mühitdə özününkülərlə söhbətləşdiyi, dərdləşdiyi, yeni albomu ilə tanış etdiyi bir təqdimat idi. Elə müğənnilər var ki, yalnız səsdən ibarətdilər, eşitmək kifayət edir, görməsən də olar. Əzizəni isə dinləmək qədər görmək də eyni dərəcədə xoş idi. Onun fotosunu çəkən İldırım İncəaləmdaroğlu "bunca illər yüzlərlə ulduzun fotolarını çəkdim və kameranı beləcə heyran edən ikinci bir ulduza rastlamadım", - demişdi. "Kraliça" həm də Mustafazadələrin davamçısı olacağına heç bir şübhə doğurmayan 9 yaşlı oğlu Ramizxanı Azərbaycan tamaşaçısına təqdim etdi. Saçları belinə çatan şlyapalı bu cavan oğlan anasının yanında oturub öz bəstələrini ifa etdi. İmici istedadı ilə birləşib maraqlı səhnə obrazı yaratmışdı. Ramizxan bir əsərini 3 yaşında yazıb. "Caziza" da səhnəyə ilk dəfə 3 yaşında çıxmışdı. Deyəsən, bu nəsildə təbiət övladlarda nəinki "dincəlmir", əksinə, daha da səxavətli olur. Əzizə müsahibələrində oğlunun Bakını dəlicəsinə sevdiyini , "Mən Bakıda doğulmuşam", - deyə öyündüyünü söyləyir. "Başa salıram ki, qurban olum, Bakıda mən doğulmuşam, sənin atan dünyaya gəlib. Sən isə Mayntsda anadan olmusan". Amma yenə də təkidlə deyir: "Yox, mən hər halda Bakıda doğulmuşam". Necə ki, Əzizə İçərişəhər olmadan heç nəyi təsəvvür edə bilmir. "Bütün yollar İçərişəhərə aparır" - kimi... "Mənim ürəyim və qəlbim həmişəlik İçərişəhərdədir". Elə şeylər var ki, onlar övlada yalnız ana tərəfindən ötürülür. Avropalı ilə ailə qurub Avropada yaşayan qohum qızımızın 5 yaşlı oğlu meyxana deyən kimi...
Səhnəyə kövrək addımlarla bir nəfər də qalxdı. Əzizə onu mehribanlıqla qarşıladı, atasının abidəsini hazırlayan 94 yaşlı heykəltaraş Ömər Eldarovu ehtiramla tamaşaçılarına bir daha tanıtdırdı.
Saksafon
"ağlayıb", saksofonist nəfəsini
dərəndə Əzizə kübarcasına
yorulub-yorulmadığımızla da
maraqlandı. Nə yorulmaq? Nə
darıxmaq? 2 saat bir göz qırpımında keçdi.
"Niyə belə tez?" deyə etiraz etmək istəyəndə konsertin solo olduğunu xatırladım... Hər şeyin gözəlliyi də onun
qədərindədir. Vidalaşmaq isə
həmişə kədərlidir. Ancaq bu vida o
vidadan deyil, yenidən
görüşmək üçündür.
Bu unudulmaz axşam üçün
isə, çox sağ
ol, Əzizə xanım! Həmişə
taxt-tacda, Kraliça!
Dilarə
ADİLGİL
525-ci qəzet.- 2022.- 12 noyabr.- S.11.