Qələmsiz yazılanlar

 

status-esselər

 

Mən özüm xoş sözün-tərifin ən yaxşısını deyənəm, ürəyimdən gələn səmimi sözləri çatdırmağı qızırqalanmıram. Ünvanıma dəyərli insanlardan istedadlı, səmimi tərifləri də çox eşitmişəm.

Amma dünəndən bəri oxuyub bitirə, çatdırıb cavablandıra bilmədiyim leysan kimi yağan təbriklərinizdən, xoş sözlərinizdən çox duyğulandım. Hər birinizə sonsuz minnətdaram. Heç bilmirəm bu qədər sevgini haçan və necə qazanmışam.

Var olun!

lll

Əsəbləri cilovlamağın yolları çoxdur. Sizdə heç biri yoxdursa, özünüzdən gileylənin.

lll

Təkəbbür yox, lovğalıq yox! Komandası bu boyda qələbə qazanıb, bu qədər insana sevinc yaşadıb, yenə də təvazökarcasına səhvlərdən danışır, rəqibi tərifləyir.

Ləyaqət nümunəsidir Qurban Qurbanov.

"...Bakıdakı matçda bu gün etdiyimiz səhvləri etməməyə çalışacağıq. "Olimpiakos"un futbolçuları çox bacarıqlıdır, səhvlərdən maksimum istifadə edə bilərlər".

lll

Bu gün Beynəlxalq Kitab Sərgi-Yarmarkasında maraqlı sürprizlərdən biri də Əlövsət Ağalarovun İlbər Ortaylını Kəlbəcər istisuyuna qonaq etməsi oldu.

lll

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin iclasında Anar müəllim sədrliyə namizəd olacağını açıqlayıb, Çingiz müəllim də, digər katiblər də onu dəstəkləyiblər. Əminəm ki, qurultay nümayəndələri də onun namizədliyini dəstəkləyəcəklər. Azərbaycanın ictimai fikrinin formalaşmasında Anar müəllimin xidmətləri misilsizdir, xalqımızın böyük ziyalılarından, yazıçılarından biridir. Onun Yazıçılar Birliyinin qorunub saxlanmasında böyük rolu var. Arzu edirik ki, onunla daha çox bir yerdə fəaliyyət göstərək. Anar müəllimdən öyrənməli çox şey var. Onunla bir yerdə işlədiyim üçün özümü xoşbəxt hesab edirəm.

lll

Ağdamda gözüyumulu hər yeri tapa bilərəm, amma gözüaçıq mümkün deyil.

Bunu işğaldan azad olunandan sonra Ağdama ilk dəfə gedəndə demişdim. Amma indi, ikinci dəfə gedəndə əzbər bildiyim, səkisinin, asfaltının hər çökəyinə, hər döngəsinə, tininə bələd olduğum küçələrdən əsər-əlamət qalmadığını görəndə düşündüm ki, heç gözüyumulu da tapa bilmərəm.

Küçələr büzüşüb kol basmış cığıra dönüb, dəmir boruları çıxarmaqdan ötrü səkiləri qazıq-qazıq edib yarğana çeviriblər. Uşaqlığımız keçən dördmərtəbənin yerində ancaq daş qırıntıları qalıb.

Vaxtilə Köhnə hamam məhləsi deyilən, Əli İbrahimov küçəsi adlanan, indi kol-kos içində itib-batan çöllükdən fəhmlə tapdığımız cığırla yaşadığımız döngəyə burularkən birdən hiss etdim ki, dünyada cəngəl basmış küçəylə gedib öz evini tapa bilməmək qorxusu da varmış. Bir nişanəsi qalırmı görəsən?

Evimizi qalın divarlarının qalıqlarından tanıdım. Köhnə, pas tutmuş əşyalar xatirələri canlandırdı.

Dostum Vaqifgilin evi isə əksər evlər kimi yerlə birdir. Nə divarı, nə başqa nişanəsi var. Vaqif evlərini kafel qırıntılarından tanıdı...

Sarsıntı içində, düşmənə lənət oxuya-oxuya dolaşdıq doğma şəhərimizin uçuqlarını. Oxuduğumuz məşhur Ağdam şəhər 1 nömrəli orta məktəbin uçuqları arasında gəzib dolaşdıq, keçmişi, uşaqlığımızı, sinif yoldaşlarımızı, müəllimlərimizi yada saldıq, gələcək Ağdamı xəyal etdik.

"Dünyanın ən varlı şəhəri!"

"Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim!"

"Ruhlar şəhəri".

lll

Yaxşılıq etməkdən zövq almaq hər insanın xislətində olmur.

lll

Unuda bilməyin xoşbəxtliyi...

lll

Kimin dəyirmanına su tökdüyünün fərqində olmamaq...

lll

Noyabrın 17-də "525-ci qəzet"in 30 yaşı tamam olur. Bu ərəfədə qəzetin 6000-ci sayı işıq üzü gördü.

6000 böyük rəqəmdir. Tarixdir, zəhmətdir, əzmdir, şövqdür, enerjidir. Bu 6000 sayın işıq üzü görməsində əməyi olan hər kəsə təşəkkürümü bildirir, 525sevərlərin hamısını təbrik edirəm.

lllSosial şəbəkələrdə insanları təhqir edənlərə, buna rəvac verib şərait yaradanlara qarşı barışmaz olmalı, sərt münasibət göstərməliyik. Belə şəxslər ictimai məkanda olduqlarını dərk etməli, sərt qınağa tuş gələcəklərini anlamalıdırlar.

Təhqir və böhtanı heç bir söz, ifadə azadlığıyla pərdələmək olmaz.

Texnoloji yeniliklər xalqımızın min ildən bəri formalaşmış ədəb-ərkan qaydalarına, böyüyə-kiçiyə hörmət ənənəsinə zərbə vurmamalıdır. Bu keyfiyyətlərin üstündən xətt çəkənlər hüquqi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər.

İctimai məkanda özünü idarə etməyi bacarmamaq tərbiyə qüsurudur. Bunu belələrinə tez-tez xatırlatmaq lazımdır. Abrınıza qısılmayın və qınamaqdan çəkinməyin.

lll

Yazıçılar Birliyinin qurultayında bəzi "jurnalistlərin" hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var.

Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu "jurnalistlər"in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.

Bəzi özünü media adlandıran, "gözəgörünməz" sayt idarəçilərinin "sensasiya" yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu.

Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.

"Babam mənə kor deyib, gəlib gedəni vur deyib" əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və "Media haqqında" qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram.

lll

Jurnalistlər həmişə xalqın savadlı, mədəni, ziyalı təbəqəsi sayılıblar. Bu keyfiyyətlərin daşıyıcısı olan həmkarlarımız bu gün də var. Onlar təvazökardırlar, abırlıdırlar, kənardan mətbuatımızın bugünkü mənzərəsinə baxıb köks ötürürlər.

Jurnalist adı nəyə görə bu qədər nüfuzdan düşdü? Niyə cəmiyyət onlara əcaib və qorxulu məxluqlar kimi baxır, hətta bəzən kinayə və ironiya ilə yanaşırlar?

Bunun bir səbəbi özünü jurnalist adlandıranların bir-birinə tükənməz kin-küdurət bəsləməsi, bir-birini aşağılaması, gözdən salmasıdırsa, bir səbəbi də sosial şəbəkələrin yaratdığı asudəlikdə yerindən duranın jurnalist adına iddia etməsidir. İndi hamı yazır, çəkir, danışır və ictimaiyyət də bu "hamını" jurnalist simasında görür. Bu sektorda güclü özünütənzimləmə, sərt ictimai qınaq olmasa, fəsadları getdikcə dərinləşəcək.

Jurnalist və yazar adına iddia edənlərin ömründə bir kitab oxumamasından, tariximizə və mədəniyyətimizə nabələdliyindən çox danışırıq, deyirik, qınayırıq, yoruluruq.

Bəzən də özünü intellektual və ziyalı hesab edən neçə ilin jurnalistindən elə söz eşidirik ki, heyrətə gəlirik. Deməli, oxumayan, məlumatsız olan təkcə "iddialı" gənclər deyil, belələri yaşlılar arasında da var.

Neçə ilin jurnalisti verilişində Xalq şairi Ramiz Rövşənə atmaca atır, sonra deyir ki, son 30 ildə Anar nə yazıb ki? Halbuki bir az maraqlansa, görərdi ki, o, ömrünün 30 ilini dingiş şou proqramlara sərf edəndə Anar sakitcə öz yaradıcılığıyla məşğul olub, xalqımız, cəmiyyətimiz üçün bir çox vacib, sanballı və dəyərli əsərlər yaradıb. Anar bu 30 ildə 1000 səhifəlik "Yaşamaq haqqı" traktatını yazıb. "Yaşamaq haqqı" hər bir azərbaycanlının oxuması vacib, keçmişimizə güzgü tutan, gələcəyimizin yol xəritəsi olan Kitabdır. Anarın Heydər Əliyev mükafatına layiq görülmüş "LİK Azerbaydjana" üçcildliyindən, mədəni irsimizin bütün qatlarına işıq tutan "Söz dünyası" beşcildliyindən, eləcə də çoxlu sayda ədəbi-bədii əsərlərindən xəbərsiz olub pafos üfürmək ziyalıya, intellektuala, peşəkara yaraşmayan, naqis hərəkətdir.

Qınadığımız mütaliəsiz cavanlara belə "nümunə" göstərməklə onlar, əslində, cəmiyyəti qaranlığa və xaosa sürükləyirlər. Unudurlar ki, dürüst yol axına qoşulub bulanıq sulara qarışmaq yox, tərsinə, mənbəyə üzüb duruluğa çıxmağa çalışmaqdır.

lll

İnsanlar ağlaya-ağlaya, imdad diləyərək Mətbuat Şurasına gəlirlər. Şikayətləri əsasən, yutub kanallarından, sosial media səhifələrindəndir. Sadə, adi insanlar şantaj və böhtana məruz qalır, təhqir olunur, hədələnir.

Mətbuat Şurası neyləməlidir?

Şikayət ünvanlarının bir çoxu kriminal keçmişə malik, islah olunması mümkünsüz şəxslərdir. Belələri, açıq görünür ki, şər-böhtan, şantajla yoğrulan xislətlərini dəyişəsi deyirlər.

Heç bir ictimai qınaq, etik davranış tələbləri belələrinə təsir etmək gücündə deyil. Onların hərəkətləri, dedikləri, danışdıqları birbaşa hüquqi məsuliyyət yaradır. Belə vəziyyətdə isə hüquq-mühafizə orqanlarının müdaxiləsi, qanunların sərt üzüylə qərarlar verməsi vacibdir.

lll

Öz sirli xarizmaları, əzmkar fəaliyyətləri ilə mətbuatımızın nüfuzunu və saflığını qoruyub saxlayan iki peşəkar xanım jurnalistə - Bakıda İlhamiyyə Rzaya, Qubada Aytəkin Alxaslıya mükafatlar təqdim etmək xoş bir rahatlıq yaratdı.

Hər iki xanımı bir daha təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.

lll

Söz azadlığı içinin kin-küdurətini yaymaq üçün səbəb ola bilməz.

lll

Hər neqativ hadisəni çəkib paylaşmaq etik deyil.

lll

"...Təbriz insanı düşündürür - mövcud ab-havası ilə. Elə bil, ciyərlərində bir qapanma yaranıb, rahat nəfəs ala bilmir. Bağırıb "mən də varam" demək istəyir, səsi eşidilmir..."

Əziz dostumuz və həmkarımız Bahəddin Həzinin "Ölümcül həqiqətlər" kitabının imza günündə "Qanun"un nəşr etdiyi daha iki kitabın reklamını gördüm, hər ikisini də aldım: köhnə dostumuz, gözəl şair- tərcüməçi Mahir N.Qarayevin "Sonuncu korifey" romanını və tanımadığım xanım müəllifin - İradə Qədirovanın "Əfşan: İran boyunca uzanan tək səyahətim" kitabını.

Bahəddinin imza günü qələbəlik idi. Səs-küyə baxmayaraq qısa çıxış etdim, xoş sözlər dedim, təbriklərimi çatdırdım. Publisist kimi peşəkarlığına bələd olduğumuz Bahəddinin bu kitabı həm də onun yazıçılığının sanballı sübutu, pasportudur.

Mahirin, səhv etmirəmsə, ilk nəsr əsəri olan bu romanının 30 səhifəsini oxudum; peşəkarlıq göz önündədir, keçmişə, geridə qalan illərə, gəncliyə xəfif xiffətlə - nostaljiylə dolu bu əsəri sonacan da maraqla oxuyacağıma əminəm.

Bəs bu üçüncü müəllif kimdir?

Ad, imza heç nə demir. Amma kitab maraq doğurur, özünə çəkir. Arabir incə redaktəyə ehtiyac duyulsa da, təhkiyəsi axıcıdır, rahat oxunur. Mövzu isə bu günlərdə lap aktualdır. Oxuduqca iki dəfə olduğum Təbrizin ab-havası məni bürüyür, tanış məkanlar yaddaşımda oyanır. Xanım müəllifin yanaşması, münasibəti isə təzə və xoş duyğular yaradır.

Araşdırıram. İradə Qədirova sosial mediada məşhurdur - ixtisasca tarixçi-etnoqrafdır, fotoqraf-səyyahdır.

Həm də yaxşı yazıçı, vətənpərvər xanımdır. Ölkəmizi qarış-qarış gəzib kameraya köçürən, çəkdiyi fotolarla məşhurluq və rəğbət qazanan xanım. Feysbukda tapdım, özünə də yazdım, xoş sözlər dedim, təbriklərimi çatdırdım.

Kitabını isə az qala yarılamışam.

Sizə də tövsiyə edirəm.

Yuxarıdakı cümlələr də bu kitabdandır.

Yeni istedadları tanımaq, kəşf etmək isə həmişəki kimi sevinc və ümiddir.

Uğurlar arzulayıram.

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2022.- 12 noyabr.- S.9.