Zəfərimizin qəhrəmanı
15 noyabr Vətən
müharibəsi şəhidi Samir Hüseynovun doğum günüdür
Vətənini, doğma yurdunu ilahi məhəbbətlə sevirdi. Odur ki, Azərbaycanın müqəddəs parçası olan Qarabağın düşmən tapdağına düşməsinə dözə bilmirdi. Ən böyük arzusu əsarətdə olan Vətən torpaqlarını azad görmək idi. Ana torpağının şərəfini uca tutan Samir Əlizadə oğlu Hüseynov 26 yaşında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmaqla öz istəyinə qovuşdu
Lerik rayonunun Vov kəndində yurd salan Hüseynovların el-oba arasında böyük hörmət var. Əzəldən bu ocağının od götürüb, qeyrət içiləsi ərənləri olub. 1994-cü il 15 noyabrda dünyaya gəlmiş Samir Hüseynov da ailə ənənəsinə sadiq böyüyüb boy atır. Haqqa tapınmaq, halallıq, qurub-yaratmaq eşqi getdiyi yolda onu izləyir. 2013-cü ildə Milli Ordu sıralarına yola düşəndə artıq o, haqq-ədalət tərəfdarı kimi, gördüyü nəcib işlər hesabına el-oba arasında nüfuz qazanmışdı. Yaşına uyuşmayan kamilliyi, bütövlüyü, yurd məhəbbəti Vətənə ləyaqətli xidmətdə də özünü göstərir. Samir Vətən torpaqlarının işğaldan azad edilməsini ən müqəddəs vəzifə sayır...
Bütün həyatı Vətən sevgisinə köklənən, arzu-istəyi millətinin gələcəyini çıraqban görmək olan Samir xidmətdən sonra bir müddət halal zəhmətdən yapışır. Amma yağı düşmənin xəyanətkarlığı, təcavüzkar mövqeyi, Qarabağda baş verən qanlı hadisələr həmişə onu ciddi düşündürür, narahat edir. Könüllü hərbi xidmətə gedir. Vətən müharibəsində xüsusi təyinatlı kəşfiyyatçısı kimi döyüş meydanına atılır. Samir döyüşdən-döyüşə atıldıqca sanki ona yeni bir güc, yeni bir qüvvə verilir. Odun-alovun içinə düşmənə meydan oxuyanda yalnız Vətən torpaqlarının azadlığını düşünür. Zəngilanda, Füzulidə, Qubadlıda, Xocavənddə, Cəbrayılda, Şuşada ağır müharibə meydanında intiqam hissi ilə vuruşur, düşmənə layiq olduğu cəzasını verir. Şanlı zəfərimizə 13-14 saat qalmış şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm Samirə əbədi həyat qazandırır. Azərbaycan var olduqca, Samir kimi igid Vətən övladlarının adı ləyaqət, sədaqət, etibar rəmzi olaraq el-obaya başıucalıq gətirəcək.
Samir Hüseynov ölümündən sonra "Vətən uğrunda", Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olmasına görə medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!..
Zəfər
ORUCOĞLU
525-ci qəzet.- 2022.- 15 noyabr.- S.16.