Fırçaları "Molla
Nəsrəddin"cə danışan əcnəbi rəssamlar
Azərbaycan
milli karikatura sənətindən soraq verən "Molla Nəsrəddin"
jurnalı, əksər yaradıcılıq istiqamətləri
ilə birgə, rəssamlıq sənətini də
özündə təcəssüm etdirib. Hətta özündən əvvəl
və sonra yaranmış heç bir ədəbi məktəb "Molla Nəsrəddin" ədəbi
məktəbi kimi istedadlı əcnəbi rəssamları öz ətrafında birləşdirə
bilməyib. "Molla Nəsrəddin"in
qurucusu olan böyük ədib Cəlil Məmmədquluzadə
jurnalda canla-başla çalışacaq tərəqqipərvər,
inqilabçı rəssamlar
üçün axtarışlar
aparırdı. Çox keçmədi
ki, ədibin bu arzusu həyata
keçdi və məcmuə O.Şmerlinq,
İ.Rotter kimi milliyyətindən asılı
olmayaraq jurnalın qayəsinə uyğun rəssamları özünə
cəlb etməyi bacardı. Bu istedadlı rəssamlar
"Molla Nəsrəddin"
ədəbi məktəbinin
əsas prinsiplərini
özündə cəmləşdirən
sənət örnəkləri
ortaya çıxarmaq
üçün həvəslə
çalışırdılar. Rəssamlar jurnalın ədəbi mətnlərinə çəkdikləri
şəkillər-karikatura, şarj və digər alleqoriyalar ilə mövzunu əyaniləşdirməyə çalışır, beləliklə,
dövrün aktual problemlərinə fəal
şəkildə müdaxilə
edirdilər.
Jurnalın tənqid və təbliğ etdiyi bütün məsələlər
rəssamların daima
diqqət mərkəzində
olmuşdu. Onlar xalqın maarif
və mədəniyyətə
qovuşmasına, tərəqqisinə,
irəliyə doğru
inkişafına maneə
olan hər şeyi - mövhumat və cəhaləti, xalqın məişətində
olan eybəcərlikləri,
əyriliyi ifşa edirdilər. Mirzə Cəlil
demişkən, nökərlər
jurnal səhifələri
ilə samovarı alışdırarkən bu
şəkilləri görür,
qəh-qəh çəkib
gülür, sonra isə mətləbi başa düşərək
susur və dərin fikrə dalırdılar. "Molla Nəsrəddin"in
də məqsədi elə bu idi,
xalqı düşündürmək,
qəflət yuxusundan
oyatmaq. Məhz bunun nəticəsi
idi ki, C.Məmmədquluzadə
jurnalın uğurunun
yarısını rəssamların
uğuru hesab edirdi. Ədib özü bu barədə yazır:
"Molla Nəsrəddin"
tək bir nəfər müəllifin
əsəri deyil. "Molla Nəsrəddin"
bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin
əsərinin məcmuəsidir
ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam".
Məcmuənin adını eşidən kimi üz qabığındakı
Molla Nəsrəddin obrazı gözümüzün
qabağında canlanır. Jurnalın məşhurlaşmasında
müstəsna rol oynayan və yalnız Azərbaycanda deyil, bütün Şərqdə məşhur
olan bu karikatura
"Molla Nəsrəddin"
jurnalının əsas
rəssamı olan
Oskar Şmerlinqin fırçasının
məhsulu idi. Müdrik və uzaqgörən Molla Nəsrəddin obrazı jurnaldakı müxtəlif süjetlərdə
bəzən eyni, bəzən isə müxtəlif vəziyyətlərdə
təsvir olunmuşdu.
1906-cı ildə jurnala
imzasını atan O.Şmerlinq kəskin karikaturalar ilə çıxış edərək
jurnalın daha oxunaqlı olması işində öz köməyini əsirgəməmişdi. Rəssamın "Molla Nəsrəddin" məcmuəsini bəzəyən
məşhur karikaturaları
jurnalın xəttini,
məqsədini, məramını
gözəl ifadə edirdi. "Molla
Nəsrəddin" jurnalının
aparıcı ideyalarını
öz karikaturalarında
qüsursuz şəkildə
əks etdirdiyindən
onun rəsm əsərləri əksər
hallarda jurnalın birinci səhifəsində,
yəni üz qabığında özünə
layiqli yer tapırdı. O, sənətkar
fırçasından çıxan
şəkillər ilə
avamların özlərini
güldürürdü. Rəssamın
yaradıcılığını yüksək qiymətləndirən
Mirzə Cəlil yazır: "Keçən
günləri yadıma
salıb məcmuənin
yolunda mərhəmət
göstərənləri bir
daha yada saldıqda onların içində ən dəyərli köməkçimiz
Oskar İvanoviç Şmerlinqə
qəlbimin incə bir guşəsindən intəhasız salamlar göndərirəm".
Məcmuənin nəşr olunduğu
ilk vaxtlardan başlayaraq
Oskar Şmerlinqlə çiyin-çiyinə
çalışan rəssam
İosif Rotterin həyat və yaradıcılığı ən
az O.Şmerlinq
qədər Azərbaycan
xalqı, onun mədəniyyəti, ədəbi-bədii
mühiti ilə bağlı olub. İlk "Molla Nəsrəddin"çi
rəssamlardan biri olan mahir karikatura
ustasının öz
mövqeyi və hadisələrə fərqli
yanaşma tərzi ilə jurnalın populyarlaşmasında mühüm
xidmətləri olmuşdu.
C.Məmmədquluzadənin təklifini təmənnasız
surətdə qəbul
edən rəssam
1906-1914-cü illərdə "Molla Nəsrəddin" jurnalının rəssamlıq
işlərini bacarıqla
yerinə yetirmişdi.
Etiraf etməliyik ki, jurnalın bütün saylarındakı karikatura
və illüstrasiyaları
nəzərdən keçirdikdə
aydın olur ki, rəssamların bir çoxu orijinal üslub axtarışlarına lazımi
əhəmiyyət verməmiş,
bəzən adi təqlidçiliyə qapılmışlar.
Bunun nəticəsidir ki, təhlil olunan karikaturaların bir çoxu bənzərdir, bəzən onların müəlliflərini belə
bir-birindən ayırmaq
çətin olur.
Bu səbəbdən biz İ.Rotterin fərdi üslub məsələsi
üzərində bir
qədər ətraflı
dayanmağı vacib hesab edirik.
İ.Rotterin karikaturaları karandaş,
kömür və sulu boyalarla
işlənən hər
hansısa tematik bir lövhə deyil. Onun rəsmləri mövzu
və süjet baxımından müstəqil,
surətləri məzhəkə
dili ilə sancan satirik yazılar qədər qüvvətli təsir bağışlayır. Rəssam o dərəcədə
güclü təxəyyülə
malik idi ki, kəskin kontur və plastikanı eyni zamanda, işlədə bilirdi. Tipik obrazlar və
süjetlər seçərək,
onları düzgün
və ifadəli təsvir etməklə ədəbi mətnləri
əyaniləşdirmək İ.Rotterin təkrarı
olmayan bacarığı
idi. Dövrün mühüm hadisələrinə
istinad edən rəssam qrotesk üsuluna müraciət edərək, baş verənləri mühitlə,
şəraitlə əlaqələndirir,
təsvir etdiyi surətləri sanki öz dili ilə
danışdırırdı. İ.Rotter bu və ya
digər dini mövzulu tənqidi karikaturalarında axirət
nemətlərindən feyziyab
olmaq arzusu ilə yaşayan mollaları məsxərəyə
qoyub gülürdü.
Həmin
karikaturaların süjet
xəttində və kompozisiyasında özünü
göstərən canlılıq
cizgilərin ahənginin
köməyi ilə daha da güclənir
və bu rəsmlər İ.Rotterin
"satirik rəsm dili" haqqında insanda çox aydın təsəvvür
oyadır. Rəssamın digər mövzulu işlərinə də nəzər saldıqda, onun jurnalın üslubunu nə qədər yaxşı mənimsədiyi qabarıq
şəkildə özünü
göstərir. Rəssam mövzunu
oxuculara asanlıqla çatdırmaq üçün
münasib süjet yaradır, bəzən karikaturanın məzmununu
iki hissənin əlaqəsilə açırdı.
Rəssam pərdəni qaldıraraq
təsvir etdiyi hər səhnənin dramatizmini, obrazların ifadəli həllini və emosionallığını
böyük ustalıqla
tamaşaçıya çatdırmağa
nail olurdu. İ.Rotter təsvir
etdiyi hər süjetdə donuq ifadəli obrazlar yaratmaqdan qaçınıb,
əksinə, olduqca dinamik obrazlar yaradıb. Rəssamın tipajlarının heç biri siluet xarakteri daşımır, forma natamam
həll edilməyib, şərtiliyə rast gəlinmir. Əda ilə küçədə
yeriyən xanımlar,
dönük başlar,
at üzərində pristav,
boylanan kimsələr...
Rotterin bir çox karikaturalarında
onlarla obraz yer alır. Surətlərin müxtəlif və təkrarlanmayan üz ifadələri, hər birini danışdıran xarakterik detallar göstərir ki, obraz sayının çox olması rəssamın işini heç də çətinləşdirməmiş, hətta rəssam bu işin öhdəsindən
böyük ustalıqla
gəlib. İ.Rotter fərdi
üslubuna və təsvir dilinə görə digər rəssamlardan seçilmiş,
özünəməxsus, tapdanmamış
bir yolla getməyə çalışmışdı.
Onun karikaturalarında işıqla
kölgənin mərhələli
təzadı, surətlərin
daima hərəkətdə
və canlı təsviri, bir sözlə, akademik üslubun bütün göstəriciləri başdan
ayağa izlənilir.
Rəssam bədii formanı və obrazların təsir qüvvəsini gücləndirmək
məqsədi ilə jurnal üçün yeni ifadə vasitəsi olan ştrix üslubundan istifadə edirdi və bu üslubda
işlənən karikaturalar
ən az
satirik yazılar qədər qüvvətli
təsir bağışlayır.
Biz onun gah
kəskin satira, gah incə məzhəkə,
öldürücü mübaliğə,
alçaldıcı eyham
ifadə edən rəsmlərinə tamaşa
edərkən qrafik sənətin qüdrətini
tam anlamı ilə duymuş oluruq. Onun qrafik dəsti-xətti aydın olmaqla yanaşı, eyni zamanda, təsvirlərinin həcm və ölçüləri də
real idi. Bir sözlə,
rəssamın karikaturalarında
qrafik rəssamlıq üçün tələb
olunan bütün şərtlər öz təzahürünü tapır.
Nəzərimizdən yayınmır ki, jurnalın sonrakı nömrələrində
dərc olunan karikaturaların bir çoxu "Rotter üslubu"nu xatırladır. Buradan
belə bir nəticəyə gəlinir kiə,
jurnalda sonrakı illərdə fəaliyyət
göstərən rəssamlar İ.Rotter
dəsti-xəttindən ilhamlanmışlar. Sözügedən
rəssamların "Molla Nəsrəddin"
jurnalı ilə bağlı olan
yaradıcılıqları, Azərbaycan karikatura
sənətinin ayrılmaz hissəsi hesab olunur. Ona görə ki, həmin rəssamların
jurnalın məramına uyğun çəkdikləri
karikaturaları Azərbaycan xalqının həyat və məişəti,
istək və arzuları, adət və ənənələri,
folkloru, nəhayət onun
ruhu, psixologiyası, düşüncə
tərzi ilə yaxından bağlı idi.
Həmin əsərlərdə sadə təsvir vasitələri,
obrazlar aləmi, ictimai-siyasi
əhəmiyyətli hadisələr geniş
xalq kütləsi üçün
doğma və anlaşıqlı idi.
Şəmsiyyə
ZALOVA
AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun əməkdaşı
525-ci qəzet.- 2022.- 15 noyabr.- S.15.