İstedadın şirinliyi və acılığı  

 

REJİSSOR BƏHRAM OSMANOVUN 60 YAŞINA 60 CÜMLƏLİK GECİKMİŞ TƏBRİK

 

Əməkdar incəsənət xadimi Bəhram Məcid oğlu Osmanovun 60 yaşı bu il oktyabr ayının 1-də tamam olub. Olub Respublika Mədəniyyət Nazirliyi sanki "xəbər tutmadı" ki, Azərbaycanda bu adda, bu soyadda istedadlı, peşəkar, kifayət qədər təcrübəli çağdaş düşünməyi bacaran teatr rejissoru var... Eləcə onun müxtəlif illərdə çalışdığı teatrlar da nədənsə "unutqanlıq" göstərdilər. Sənətkarlara belə laqeyd münasibət günü-gündən artdıqca həmin səhnə xadimləri (həmçinin, incəsənətin digər layiqli təmsilçiləri) fikirləşəcəklər ki, "sanki belə bir nazırlik yoxdur". Görünür, belə fikirləşməkdə (təəssüf doğursa da) haqlı olacaqlar.

Əziz oxucum!

Bu, giley-güzar deyil.

 Sadəcə incəsənət xadimləri ilə mədəniyyətə cavabdeh məmurlar arasında yarananan əlaqə çatlarının böyüməsindən rahatsızlıq doğuran ağrılardır. Teatrların öz yetirmələrinə göstərdikləri diqqətsizlik qayğısızlıqdır. Nazirliyin bütün işçiləri bilməsələr , heç olmasa teatrla bağlı məmurlar bilməliydilər ki, Bəhram Osmanov ölkəmizin barmaqla sayılan səriştəli, aydın düşüncəli, yüksək zövqlü rejissorlarından biridir. Müdriklik çağına qədəm basan sənət adamına belə laqeyd münasibət ürək ağrıdır... Axı istedadlı rejissor hər il yetişmir. Diplomu olan rejissorun özünün qadir olduğu istedadı parlaqlıqla nümayiş etdirməsi üçün illər lazım gəlir. On dörd-on beş yaşlarından məktəbli kimi Gəncə teatrının səhnəsində aktyorluq edən Bəhram Osmanov 1985-ci ildən Milli Dram Teatrının Kiçik səhnəsində hazırladığı "Şüşə heyvanxana" (Tennessi Uilyams) diplom tamaşası ilə fasiləsiz olaraq rejissorluqla məşğuldur. Yalnız "məşğul" deyil, peşəkar yaradıcı kimi formalaşıb, miili rejissura tariximizdə öz üslub cığırını, sənət prinsipini tapıb formalaşdırıb. Gəncədə GTT- baş rejissor kimi çalışıb. Bir neçə tamaşası xarici ölkələrin müxtəlif festivallarında, müxtəlif sənət bayramlarında uğur qazanıb.

Fikirlərimin dürüstlüyü üçün bilməyənlərin nəzərinə bəzi faktları çatdırmaq istəyirəm. Əvvəlcədən onu deyim ki, Bəhram Osmanovun uğursuz tamaşası olmayıb. Ancaq hadisəyə çevrilən səhnə quruluşları ilə müqayisədə bir qədər kölgədə qalan işlərini görmüşük. Hətta onlar da, mübahisəli olsalar belə, peşəkar düşüncənin nümunəsi kimi dəyərlidir. Mən nəinki Azərbaycanda, eləcə dünyada (bildiyim qədər) elə bir şöhrətli, hətta görkəmli rejissor (məsələn, Konstantin Stanislavski, Yuri Lyubimov, Valentin Pluçek, Boris Zaxava, Vsevolod Meyerxold, Yevgeni Vaxtanqov, Andrey Qonçarov, Piter Bruk, Yeji Qrotevski, Georgi Tovstonoqov, Robert Strua, Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov b.) tanımıram ki, onun bütün tamaşaları sənət incisi kimi hadisəyə çevrilsin.

İncəsənət İnstitutunda təhsil aldığı illərdə həmin ali məktəbin Tədris teatrında Aleksey Arbuzovun "Köhnə dəbli komediya", Qriqori Qorinin "Herostratı unudun", Fridrix Şillerin "Qaçaqlar", Konstantin Simonovun "Dördüncülər", Cəfər Cabbarlının "Aydın", Aleksandr Gelmanın "Skamya", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərinə verdiyi quruluşlar peşəkar sənət nümunələri kimi dəyərləndirilib.

 

Bəhram Osmanov ayrı-ayrı dövlət teatrlarında onlarla müxtəlif mövzulu drama, tragediyaya, komediyaya bənzərsiz quruluşlar verib. Onların arasında Milli Dram Teatrında hazırladığı "Ulduz, yaxud Ədirnə fəthi" (Cəfər Cabbarlının "Trablis müharibəsi" "Ədirnə fəthi" pyesləri əsasında), "Qızıl teşt" (Seyran Səxavət), "Ağqoyunlular Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın" (Əli Əmirli), "Hələ "sevirəm" deməmişdilər..." (Ramiz Novruz), "Xəcalət" (Hüseynbala Mirələmov), "Şah Edip" ("Şah Edip, yaxud alın yazısı", Sofokl), "Kral Lir" (Vilyam Şekspir), "Kəllə" (Nazim Hikmət), "Kaş araba aşmayaydı!.." (Otia İoseliani), Gənc Tamaşaçılar Teatrında "Hacı Qara" (Mirzə Fətəli Axundzadə), "Yaddaş ağrısı" (Hüseynbala Mirələmov), "Hasarın o üzü" (Əli Əmirli), "Viktoriya" (Knut Hamsun), "Mən gəldim, qızlar" ("Müharibə", Lars Nuren), İrəvan Dövlət Azərbaycan Dram Teatrında "Yalan" (Sabit Rəhman), "Qum üstündə ev" (Rüstəm İbrahimbəyov), Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (Vasili Şukşin), "Qapıların o üzündə qalan dünya" (Seyran Səxavət), Gəncə Dövlət Dram Teatrında "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (Anton Tammssare), "Günahsız müqəssirlər" (Aleksandr Ostrovski), Kalmıkyanın Elista şəhərində "Sevən qadın" (Əli Əmirli) tamaşalarının hər biri ayrı-ayrılıqda tərifə layiqdir. Həmin tamaşalar rejissor işi, aktyor ifaları, ansambl bütövlüyü fəlsəfi-psixoloji dərinliyi, çağdaş səhnə təfsiri baxımından sənət ocaqlarının yaradıcılığında uğurlu hadisə kimi tarixiləşib. Eləcə Azərbaycan Dövlət Televiziyasında "Altı nömrəli palata" (Anton Çexov), "Bəyaz gecələr" (Fyodor Dostoyevski), "Qu quşunun məhəbbəti" (Şahin Səfərov) pyeslərinə verdiyi səhnə quruluşları.

Bəhram Osmanovu çağdaş rejissorlarımızdan fərqləndirən yaradıcılıq özəllikləri mənim fikrimcə, aşağıdakılardır.

Çox gənc yaşlarından populyarlıq qazanmış Bəhram Osmanovun rejissurası səhnə düşüncə tərzinin çoxqatlı, aydın ifadəli olması, fəlsəfi dərinliyi ilə seçilir.

Rejissor kimi Bəhramın yaradıcılığının əsas estetik səciyyəsini orijinal təkrarsız, cazibəli çağdaş ruhlu, heyranlıq doğuran janr axtarışları təşkil edir.

Monumental, ancaq realist zəminli, psixoloji çalarlı, bədii-estetik baxımdan orijinal formalar tapmaqda səriştəlidir.

Müxtəlif yaradıcılıq üslublu dramaturqların əsərlərində müasirlik ideyaları axtaranda romantizmə psixoloji fəlsəfi teatr estetik prinsipləri ilə yanaşa bilir.

Səhnə quruluşlarında obrazlı ifadə vasitələrinə üstünlük verir. Bunu paralel, kəsişən, genişmiqyaslı, sərt şəkildə çarpazlaşan səhnə mizanlarında xüsusi məharətlə təcəssüm etdirir.

Epik teatr elementləri quruluş verdiyi klassik tərcümə əsərlərində (məsələn, Sofoklun "Şah Edip" faciəsi) psixoloji teatrın lirik emosional fikir yozumu, fəlsəfi teatrın idraki qənaətləri, bəşəri duyğuların məfkurəvi aydınlığı ilə harmoniya, musiqili ahəngdarlıq kəsb edir.

Öz tamaşalarında əvvəlcə əsərin kompozisiya obrazını konfliktin, hadisələrin ritm ahəngini, tərtibat musiqidə fəlsəfi mahiyyətini tapır. Qənaətlərini dəqiqləşdirir yalnız bundan sonra səhnədə rejissor eksperimentlərinə başlayır. Belə eksperimentlərdə cəsarətlidir inadkarlıqla istəyini, tamaşa üçün müəyyənləşdirdiyi ali məqsədi sübut edə bilir. Onun "eksperiment" cəhdlərinə güclü müasirlik ruhu hakimdir.

İntim mənəvi-əxlaqi mövzuların, lirik-psixoloji üslubun estetik prinsipləri əsasında parlaq tamaşalar yaradıb. Həmin janrlardakı tamaşalarında zərif romantizm elementləri güclüdür.

Tamaşalarında rejissor axtarışları ilə diqqəti cəlb edir. Amma di gəl ki, aktyor oyununu önə çəkir. Buna görə hazırladığı tamaşalar ilk növbədə "aktyor tamaşaları" kimi diqqəti cəlb edir.

Bəhram Osmanovun tamaşalarında aktyor ansamblının bütövlüyü heyranlıq doğurur. Rejissurası dərin psixologizmi, cazibəli kompozisiya qurumu ilə daha çox yadda qalır.

Yadda qalır!!!

Bəs işləmək enerjisi, yaradıcılıq təxəyyülünün qanadlılığı, çevik tərzdə kompozisiya qurmaq bacarığı, cəmiyyət üçün aktual səslənən ideya axtarışları olan Bəhram Osmanovun bu günmövcudluğu niyə yadımıza düşmür? Elə buradaca başqa bir ürəkgöynədən məsələ barədə fikrimi söyləməyə ehtiyac duyuram. Zəngin yaradıcılıqları olan Xalq artistləri Rafiq Əzimovun, Hacı İsmayılovun, Səidə Quliyevanın, Şükufə Yusupovanın, Ramiz Məlikin, Ramiz Novruzovun, Nurəddin Mehdixanlının, Əli Nurun, Firəngiz Mütəllimovanın, Bəsti Cəfərovanın, Zemfira Nərimanovanın (AMDT), Tariyel Qasımovun, Lətifə Əliyevanın, Yasin Qarayevin (GTT), Valeh Kərimovun, Məzahir Süleymanzadənin (Sumqayıt teatrı).., rejissor Mərahim Fərzəlibəyovun təqaüd yaşı çatdığına gorə ştatdan çıxarılıb müəyyən müddətli müqavilə, tamaşa hesabı (oynadığı rolun sayına görə) və ya yarımştat "işləmələri" hansı məntiqə sığır? Axı incəsənətdə əsas meyar yaş yox, istedad olmalıdır və Azərbaycanın əksər teatrlarında kifayət qədər istedadsız gənclər var. Nazirliyin bu münasibətindən belə qənaət hasil olur ki, 5 ildən sonra Bəhram Osmanov da hansısa teatrda tutduğu quruluşçu rejissor ştatından çıxarılacaq?..

Əzizim Bəhram! Özün müsahibələrində dəfələrlə demisən ki, istedadın, şöhrətin şirinliyiolur, acılığı da. Nə edək ki, sənin də sənətinə "kimlərinsə" münasibətdə taleyinə acılıq bir az çox düşüb.

Neynəməli?.. Əvəzində qismətindəki şirinliyin dadı-tamı bir özgə aləmdir. Əsas odur ki, qəlbinin coşqun yaradıcılıq eşqinə, çılğın şövqünə, sənət ehtirasının oduna, alovuna, təxəyyülünün qaynarlığına böyük inam bəsləyirəm.bu inamla sənə yeni-yeni sənət uğurları arzulayıram.

O ki qaldı "60 cümlə" ifadəmə, yazım qəzet üçün olduğuna görə həmin rəqəm rəmzi məna daşıyır. Sənin yaradıcılığını dəyərincə təhlil etmək üçün 6000 cümlə də azdır.

Sənə hörmətlə, yaradıcılıq peşəkarlığına inamla

 

İlham RƏHİMLİ

 

525-ci qəzet.- 2022.- 15 noyabr.- S.13.