İşığa doğru!..
Xəbər
verildiyi kimi, rejissor Vaqif Mustafayevin öz ssenarisi əsasında
çəkdiyi "Həyat, deyəsən, gözəldir"
filmi Türkiyənin Bursa şəhərində keçirilən
II "Qorqud Ata" türk dünyası beynəlxalq
kinofestivalında böyük uğur qazanaraq "Ən
yaxşı rejissor işi" mükafatına layiq
görülmüşdür. Lakin film hələ böyük
ekrana çıxmamış sosial şəbəkələrdə
onun barəsində müzakirələrə start verilmiş,
maraqlı mülahizələrlə yanaşı, ətraflı təhlilə,
inandırıcı arqumentlərə əsaslanmayan, hökm
xarakterli tezislər üzərində qurulmuş fikirlər də
səsləndirilməyə başlamışdır.
Aşağıdakı qeydlər də filmə özəl
bir rakursdan baxışdır.
lll
V.Mustafayev öz kino fəlsəfəsi olan istedadlı
kinorejissorlardandır və buna görə də onun çəkdiyi
hər yeni film ölkəmizin mədəni həyatında
müxtəlif diskussiyalara rəvac verən hadisəyə
çevrilir.
Xoşbəxtlikdən rejissorun öz ssenarisi əsasında
çəkdiyi "Həyat, deyəsən, gözəldir"
adlı yeni filmə ilk tamaşa edənlərdən biri də
mən oldum və buna görə bəxtimə minnətdaram. Çünki
mən son dərəcə vacib mövzuda ustalıqla çəkilmiş
nəfis bir film seyr etdim.
Mən
filmin dəyərini 3 baxış bucağından şərh
etməyə çalışacam:
1.
İdeoloji rakurs:
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 44 günlük
Vətən müharibəsinin nəticələri və Azərbaycan
- Ermənistan münasibətlərinin perspektivləri barədə
danışanda dəfələrlə vurğulayıb ki, Ermənistanda
milli ideologiyanı, ictimai rəyi formalaşdıran siyasi rəhbərlik
Azərbaycan xalqına, onun milli, dini, mədəni sərvətlərinə
qarşı apardığı qeyri-konstruktiv təbliğatdan
əl çəkməsə, bu dövləti və xalqı
daha böyük sarsıntılar gözləyir.
Erməni xalqının ruhuna yeridilən türklərə
nifrət idelogiyası və bunun maniya səviyyəsinə
qaldırılması təbii ki, təkcə bu ölkə
üçün yox, bütövlükdə bəşəriyyət
üçün böyük təhlükə mənbəyidir. Odur ki, bu təhlükəyə
və ondan irəli gələn bütün təhdidlərə
qarşı hər vasitə ilə mübarizə
aparılmalıdır.
Düşünürəm
ki, "Həyat, deyəsən, gözəldir" filmi bu
istiqamətdə atılan çox uğurlu bir addım, istər
məzmun, istərsə də forma planında mükəmməl
təsir bağışlayan filmdir. Bu film Vətən
müharibəsində qalib gəlmiş müzəffər və
müdrik
xalqımızın erməni xalqına, eləcə
də bütün insanlığa ünvanladığı
vacib bir mesaj - qonşularımıza onları mənəvi əsarətdə
saxlayan xəstəlikdən qurtuluş yolunu göstərən
işıqlı yoldur.
Yalnız
nifrət üstündə köklənmiş, yalnız
qonşu xalqların ləyaqətinə, milli hisslərinə
təcavüz ideyalarından güc alan
ruhu heç vəchlə sağlam ruh adlandırmaq olmaz. Belə bir ruhun toplumu hansı fəlakətlərə
düçar etdiyini göstərmək, nicat yolunu axtarmaq, təbii
ki, bəşəri və humanist bir missiyadır.
İşıqlı yolu göstərmək isə - zərərçəkəni
bu vəziyyətə salan qüvvələrin maskasını
yırtmaqdan, xalqın düşdüyü bu kütləvi
psixoz mərəzinin məsuliyyətini daşıyanların
iç üzünü açmaqdan başlayır. "Həyat, deyəsən, gözəldir" filmi
məhz bu məqsədlə, özü də Azərbaycan
dövlətçiliyi, milli-siyasi yanaşma mövqeyindən
çəkilmiş filmdir. Filmin bütün fakturası
- istər vizual sırası - döyüş səhnələri,
ölüm epizodları, daşnak ideologiyasının
qurbanına çevrilmiş insanların düşdükləri
absurd vəziyyətlər, istərsə də dialoqlar,
replikalar - sağlam düşüncəli insanların
"xain", "satqın" adlandırılması, əksinə, anormal düşüncə tərzinin
qəhrəmanlıq, vətənpərvərlik kimi təqdim
olunması, nifrətə, xəyanətə haqq
qazandırılması müəllifin uydurması deyil, real
faktlara, sənədlərə əsaslanan həqiqətlərdir
və bu anormal düşüncə modelinə görə
yalnız və yalnız Ermənistan rəhbərliyi, erməni
xalqını bu fəlakətə sürükləyən
separatçılar, ideoloqlar məsuliyyət
daşıyırlar.
2. Poetik
rakurs:
V.Mustafayev yenə də mövzunu absurda gətirərək
gülüş sənətinin rəngarəng spektrləri
müstəvisində həll edir, müxtəlif simvolik
obraz-işarələrlə maraqlı və informasiya ilə
zəngin tekst qurur. Film 44 günlük müharibəsi vaxtı erməni səngərlərindən
birində baş verən epizodun təsviri ilə
başlayır: Azərbaycan Ordusunun atdığı mərmilərin
səsi aləmi başına götürüb, səngərdə
addımlayan erməni zabiti hər atışdan sonra
böyür-başından səngərə düşən
meyitləri saya-saya irəliləyir. Səngərin bir
küncündə büzüşüb oturmuş əsgərlərdən
biri soruşur: "Nəyi sayırsan, komandir?" Komandir
cavab verir: "Azərbaycanlıların atdıqları mərmiləri
və ölən əsgərlərimizi". Əsgər
deyir: "Axı, deyəsən, onlar bütün erməni əsgərlərini
sayıb ikiyə vurublar, ona görə də bizim
axırımız çatıb, onların mərmiləri isə
qurtarmır".
Elə bu
səhnə, burada səslənən replikalar filmin hansı
estetik platformada çəkilməsi barədə aydın təsəvvür
yaradır - bu, V. Mustafayevin poetikası, onun rejissor fəlsəfəsi,
onun üslubu, dilidir və filmin bütün fakturası - personajların
jestlərindən, mimikasından tutmuş ən kiçik
replikalara qədər hər şey bu təfəkkür
süzgəcindən keçərək absurd komediyanı
formalaşdırır.
Rejissor bu
səhnədən filmin əvvəlində səngərdə
gördüyümüz 2 əsgərin - 2 qardaşın
orduya yollanmaq ərəfəsində anaları ilə harayasa
getdikləri səhnəyə retrospektiv keçid edir və mən
deyərdim ki, onun bədii-estetik məramı, filmin ideya-məzmunu
məhz bundan sonrakı kadrlarda əyaniləşir. Personajlar zahirən qədim bir binaya girib
tavanından qadın çəkmələri
asılmış otağa daxil olurlar. Sonrakı kadrlarda
görürük ki, rejissor bu evi ermənilərin "ruh
evi", personajların ziyarət etdikləri Sumbat
Sumbatyanı isə "ruh atası" kimi
obrazlaşdırır və bu binada baş verənlər də
həmin ruhun vizual ifadəsi kimi işarəyə
çevrilir. Divardan asılmış şəkillər, mifik
xalq qəhrəmanlarının heykəlləri
öz-özlüyündə hələ ki, heç nə
demir. Onlar personajlarla dialoqa girən andan şifrələr
açılır. Bu dialoqlar isə
sarkazm, ironiya, qrotekst, qara yumor, absurd situasiyalar üzərində
qurulub. Məsələn, kim şəkillərə
baxır, yaxud heykəllərə əl vurursa, ilk və son
sözləri bu olur: "Dərdin mənə gəlsin"...
Sonra biz
daşnak partiyasının iclasının keçirildiyi
növbəti otağa daxil oluruq və daşnak liderlərinin
içinə yığılmış "dərdin"
göz yaşına çevrilib fontan vurmasına -
"kütləvi ağlaşma" ritualına şahidlik
edirik...
Lakin "ruh evinin" ən gülməli qəhrəmanı
ermənilərə milli ruh aşılayan Sumbatyandır. Qadının
oğlanlarına xeyir-dua verməsini səbirsizliklə
gözlədiyi bu "nəhəng" sən demə, əslində,
"karlik" imiş. Nə olsun ki?!
Əsas odur ki, X.Kolumb Amerikanı kəşf edəndə
onun yanındakı köməkçisi Sumbatyanın ulu
babası Martiros olub, hətta yerli aborogenlərin xahişi ilə
onlara erməni dilindən dərs də deyib. (?)
Paralel montaj üsulu ilə qurulmuş təhkiyə bizi
yenidən səngərə gətirir. Sumbatyanın
xeyir-dua verdiyi qardaşların yanında bomba partlayandan sonra
onlar huşlarını itirirlər. Ayılanda isə
qardaşlardan birinin psixikası, düşüncələri,
hətta üz cizgiləri dəyişir - onun dodaqlarında həqiqəti
görməyin, ona qovuşmağın sevincindən doğan qəribə
bir təbəssüm peyda olur (yenə də Vaqifsayağı
orijinal metafora!) və o, bu təbəssümlə
qardaşına deyir ki, biz nahaq vuruşuruq, ümumiyyətlə,
boş bir şeyə görə qan tökməyə dəyməz,
çünki Qarabağ Azərbaycan torpağıdır!
Mən nə üçün filmin məhz bu
epizodları barədə belə ətraflı
danışıram?
İlk növbədə ona görə ki, bundan sonra
baş verənlərin absurd mahiyyətini məhz bu epizodlar
kontekstində açmaq olar. Çünki Vaqif digər
filmlərində olduğu kimi, bu filmdə də ötürmək
istədiyi bədii informasiyanı qara yumor, ciddi məsxərə
estetikası ilə cilalayır, öz bədii məntiqini
zahirən normal məntiqlə izah oluna bilməyən məntiqsiz
- absurd situasiyaların fonunda qurur.
Azərbaycan
bombasının partlayışı (yəni Azərbaycanın
gücü) müalicə edib ağıllandırandan sonra
süjetə "ağıllı - dəli", "vətənpərvər
- satqın", "normal - xəstə" kimi səciyyələndirilə
bilən yeni motivlər əlavə olunur, bu
anlayışların real, həqiqi məzmunu anormal
düşüncənin məhsulu olan illüziyalarla
qarşı-qarşıya qoyulur. Alınan nəticələr
isə heç də ürəkaçan deyil - həqiqəti
deməyi xəyanət, insanları sülhə səsləməyi
- satqınlıq hesab edən toplumun sayıqlamaları təkcə
həmin toplum üçün yox, bütün bəşəriyyət
üçün təhlükə mənbəyi deyilmi?
Sənət hazır stereotipləri sevmir. Lakin bütün filmlərində
bu prinsipə riayət edən rejissor bu dəfə bilərəkdən
"qaydanı pozur", süjetə daxil etdiyi Sayat Nova
obrazını Vaçikə köməyə göndərir
ki, erməni toplumunun xəstə
ruhunu sağlam düşüncə mövqeyindən təftiş
etsin.
V.Mustafayevin bir sənətkar kimi kəşf etdiyi
gülüş absurd situasiyalardan doğan
gülüşdür, yəni gülüşü müəllifin
istəyi yox, vəziyyətlərin özü şərtləndirir
- personajlar Sabirin qəhrəmanları kimi özləri
danışır, özləri özlərini faş edirlər. Və nəhayət, bu
gülüş demokratik gülüşdür - müəllif
qarşı tərəfi ifşa etmək üçün
gülüşü yalnız birtərəfli şəkildə
ona doğru yönəltmir, hətta yeri gələndə azərbaycanlı
personajları da gülüş "şüası" ilə
yoxlayır, arabir onları sancmaqdan da çəkinmir.
3. Təbliğati
dəyər rakursu:
Filmdə
erməni xalqının ünvanına n
ə
bir təhqiredici ifadə işlədilir, nə də
onların məişətinin təsvirində boyalar təhrif
olunur, tündləşdirilir, sadəcə olaraq onlara öz
aldanışları üzündən təbii halından
çıxıb eybəcərləşmiş simaları
göstərilir ki, düşdükləri bu vəziyyətdən
dəhşətə gəlsinlər.
Film bütün insanları sülhə, barışığa, bir-birinə qarşılıqlı hörmətə səsləyən və humanist ideallar mövqeyindən çəkilmiş işıqlı bir sənət əsəridir. Bütün süjet boyu diqqət mərkəzində olan "xain -vətənpərvər" tandemi, əsir düşmüş erməni əsgərinin düşüncələri, Sayat Novanın bədii obrazı və filmin final səhnəsi isə müəllifin çox qiymətli bədii tapıntılarıdır. Sayat Novanın erməni personajların yuxusuna təşrif buyuran obrazı, onun dedikləri erməni fəlakətlərini məhz sağlam erməni düşüncəsi prizmasından açan rentgen şüası kimi çox mətləblərə işıq salır və filmin final səhnəsi də erməni toplumunu sağlam düşüncəni görməyə və onun ardınca işığa doğru getməyə səsləyir. Bu mənada "Filmin son kadrları müəllifin uğurlu tapıntısıdır" desəm, yanılmaram. Baxın, müharibə bitib, əsirlər dəyişdirilir. Qardaşlardan biri - millətçi erməni əsgəri qaçaraq anasının qoltuğuna sığınır. Həqiqəti dediyinə görə vətənində xain elan olunan kiçik qardaş isə yarı yolda dayanır, onu çox güman ki, ölüm gözləyən vətəninə yox, qəfildən doğub ətrafı nura qərq edən Günəşə tərəf addımlayır!
Bəli, yalnız işığa, əbədi işıq mənbəyi olan Günəşə doğru!
Bir mühüm məqama da toxunmaq istəyirəm.
Məlumdur ki, xaricdəki erməni lobbisinin
maliyyə dəstəyi ilə fəaliyyət göstərən
erməni təbliğat maşını bütün dünyaya
erməniləri əzabkeş və sülhsevər xalq kimi təqdim
edərək guya Azərbaycanda yaşayan ermənilərin mənəvi
və fiziki genosidə məruz qalmaları barədə
təbliğat aparır, bununla da xalqımız haqqında
iftira və böhtanlar üzərində qurulmuş "vəhşi
xalq" obrazı yaratmağa çalışırlar.
"Adımı sənə qoyum, səni yana-yana qoyum"
prinsipinə əsaslanan bu hiylə beynəlxalq aləmdə təhrif
olunmuş ictimai rəyin formalaşmasına müəyyən
mənada şans yaradır. Bu mənada filmin
ideoloji mübarizə, təbliğat müstəvisində
balansı xeyrinizə dəyişmək yönündəki əhəmiyyəti
və rolu müstəsnadır. Əvvəla ona görə
ki, bu filmi sıradan bir rejissor yox, bir çox beynəlxalq
mükafatların sahibi, Avropa Kino Akademiyasının
üzvü, "dünya kinosunda 35 ən yaxşı
filmdən birinin müəllifi" (B.Bertolluçi) olan V.Mustafayev
çəkib. Digər tərəfdən, film
müasir dünya kinosunun estetik tələblərinə cavab
verən, irqindən, dilindən və dinindən asılı
olmayaraq bütün insanların başa düşəcəyi
və qəbul edəcəyi üslubda və dildə çəkilib,
böyük təsir gücünə malikdir. Filmə
tamaşa edən hər kəsin nəhayət kimin kim
olduğunu dərk edəcəyi şübhə doğurmur.
Deməli, bu sənət əsərindən hələ də
davam edən ideoloji, informasiya müharibəsində təsirli
vasitə kimi istifadə etmək lazımdır və ediləcək
də!
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2022.- 16 noyabr.- S.12;13.