"Azərbaycan xalçası - ilmələrin rəqsi"  

 

VƏ YA KEÇMİŞİN İŞIĞINDA GƏLƏCƏYƏ ADDIMLAMAQ

 

 

Xalça bizim üçün elə bir anlayışdır ki, adı çəkiləndə böyükdən-kiçiyə hər bir azərbaycanlının ağlında müəyyən fikir, əsaslı təəssürat formalaşır. Ona görə bu sahədə hətta mütəxəssis olmayan biri Azərbaycan xalçaları barədə yenilik gördükdə buna reaksiya vermədən ötə bilməz. Bizim mədəni irsimizin tərkib hissəsi olduğu üçün verəcəyimiz reaksiya müəyyən mənada instinktiv xarakter daşıyır. Buradan yola çıxaraq "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı kolleksiyanı da məhz təəssürat üzərindən dəyərləndirməyin mənim üçün uyğun olacağını düşünürəm.

Layihənin əsas memarlarından biri olan Xalq rəssamı Eldar Mikayılzadənin xalçaçı rəssam kimi Azərbaycanın dəyərli şəxsiyyətlərindən biri olması, əlbəttə, hər kəsə məlumdur. Onun keçdiyi uzun yaradıcılıq yolu dərin köklərə sahibdir. Bu gün ərsəyə gətirilən əsərlərin dünya şöhrətli rəssam Səttar Bəhlulzadədən, Azərbaycan xalçalarını dünyada tanıdan görkəmli sənətkar Lətif Kərimovdan izlər daşıması bunu sübut edir. Ancaq daim dəyişən, dinamik olan müasir dövrün nümayəndəsi kimi mənim ən çox diqqətimi çəkən E.Mikayılzadənin bu qədər dərin tarixə keçmişə sahib Azərbaycan xalçaçılıq məktəbinə yenilikçi yanaşmasıdır. Biz bu yenilikləri "Azərbaycan xalçası - ilmələrin rəqsi" kolleksiyasında görürüksə , digər tərəfdən, ümumilikdə sözügedən kolleksiyanın xalqımızın mədəni mirasının davamı mənasında necə böyük əhəmiyyətə sahib olduğunu Heydər Əliyev Fondunun göstərdiyi yüksək diqqətdən anlaya bilərik. "Azərbaycan xalçası - ilmələrin rəqsi" ötürücü mahiyyətə sahibdir. Keçmişdə qalmış dəyərli xəzinələrə yeni bir yol açaraq onları gələcək nəsillərə ötürür. Məhz bu yeni yol Eldar Mikayılzadənin yenilikçi yanaşmasının əyani sübutudur.

Kolleksiya ictimaiyyətə Heydər Əliyev Mərkəzində sərgi vasitəsilə nümayiş olunur. Sərgi sözünü vurğulayıram, çünki kolleksiyanı təəssürat üzərindən dəyərləndirmə istəyim həm sərginin təşkil olunduğu məkandan gəlir. Belə ki, sərgiyə ilk addımımı atdığım andan etibarən real dünya ilə əlaqənin kəsildiyi hissinə qapıldım. Mühit, mistik, bilinməzlərlə dolu yeni bir aləmə düşmüş kimi hiss etdirir izləyicini birbaşa xalçalarla üz-üzə qoyur. Bizə bu bilinməzlərlə dolu aləmdəki xəzinələri, yenilikləri görüb bilmək qalır.

Ümumən sərgini gəzdikdə hər addımda Şəkidən ilham alındığı həqiqətən aydın sezilir. Şəki Xan Sarayının divar rəsmlərindən şəbəkələrə, zərgərlik məlumatlarından Şəkixanovların evinə qədər Şəkini xatırladan hər bir tarixi əhəmiyyətə sahib əsərin izlərinə rast gəlmək mümkündür. Şəkinin mədəni yaradıcılığı onun təbiətinin bir növ bəhrəsi olduğu üçün onları ayrılıqda düşünmək çətindir. Elə "Azərbaycan xalçası - ilmələrin rəqsi" kolleksiyasında da zəngin flora faunaya geniş yer verilib.

Məsələn, "Cəmadat" xalçasında ümumilikdə, heyvanlar aləmi təsvir edilərkən "Şikargah"da insanların bu aləmdə ova çıxması nümayiş etdirilir. "Bəndi-rumi" isə Şəki Xan Sarayındakı bütün real heyvan rəsmləri ilə yanaşı, fantastik canlıları da nəzərlərimiz önünə sərir. Diqqət etsək, görərik ki, istər heyvanlar aləmi olsun, istər insanlar, istər insanın yaratdığı əvəzsiz saray kimi tarixi abidə, heç biri ayrılıqda yox, əksinə, bir-biri ilə əlaqəli tam vəhdət içərisində təsvir olunub. Bu vəhdət digər xalçalarda da davam edir.

"Göllü"də təbiətlə insan, "Tağlı"da saray quşlar, eləcə bu silsilədən olan "Cənnət quşları", "Cənnət bağı", "Narlı" xalçalarında mükəmməl harmoniyanın şahidi oluruq.

Eldar Mikayılzadə kompozisiyalarında fəlsəfi insanların inancı ilə bağlı mövzulara da simvolik mənada toxunub. Məsələn, "Dörd fəsil"də dualizm, kişi qadın üzərindən başlanğıc fikri izləyicini bu barədə düşünməyə sövq edir. "Ağaclı" xalçasında isə həm Şəki xanlığının simvolu olan qızıl gül təsvir olunub, həm doğruluğun imanın rəmzi olan sərv ağacları "inanc" anlayışına işarə edir.

Bundan başqa, "Yaranış", "Xan ovu", "Cəng barış", "Şəbəkəli", "Adəm Həvva", "Ləçək-turunc" kimi xalçalar unikallıqları ilə seçilir. Ümumilikdə "Azərbaycan xalçası - ilmələrin rəqsi"ndə heyvanlar aləmi, insan, memarlıq abidələri, fəlsəfə, inanc, tarix, təbiət kimi bir çox mövzu kolleksiyadakı hər bir xalçaya şamil edilərək tərkib hissəsi kimi əsas mövzuda bütövlük yaradılıb. Biz xalçalarda sadəcə mövzu baxımından yox, eyni zamanda istər həndəsi, istər nəbati istərsə süjetli olması cəhətdən ornament naxışların ayrılmasını, birləşməsini, ən nəhayətində vəhdədini görürük.

Əvvəldə qeyd etdiyim kimi, "Azərbaycan xalçası - ilmələrin rəqsi" kolleksiyası təməlində daşıyıcı missiyaya sahibdir. Bu səbəbdən hər bir xalçanın öz hekayəsi var. Sərgini gəzərkən məndə, keçmişdən bu günə, bizə çatdırılan bu hekayələrdən əsasən süjet vasitəsilə bəhs edildiyi təəssüratı yarandı. Eyni zamanda süjet xətti ənənəvi ornament naxışlarla dəstəklənir. Subyektiv fikrimə əsasən deyə bilərəm ki, bu, izləyicidən adaptasiya tələb edir. Nəticə etibari ilə xalça ilə üz-üzə dayanarkən keçmişimizə aid ən qədim hekayələrin bizə yeni bir dillə danışıldığını anlayırıq. Hər bir yenilik isə ilk növbədə onunla rastlaşanlardan barəsində düşünmə, uyğunlaşma tələb edir.

Heç şübhəsiz, Eldar Mikayılzadə "Azərbaycan xalçası - ilmələrin rəqsi" kolleksiyası ilə Azərbaycan xalçaçılıq sənətində Şəkinin mədəni tarixində yeni səhifə açdı. Köklərimizlə əlaqələrimiz daha da gücləndirildi, mədəni-tarixi yaddaşımız təzələndi. Nəhayət əminliklə deyə bilərik ki, keçmişə işıq tutaraq gələcəyə doğru böyük bir addım atıldı.

İzləyici olaraq, bilinməzliyi və sehirli aləmi xatırladan sərgi salonundan çıxarkən artıq bir çox şeyi bilib, agah olmaq "Azərbaycan xalçası - ilmələrin rəqsi"nin mənə bəxş etdiyi ən gözəl təəssüratdır.

 

Cavid HƏSƏNLİ

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı

 

525-ci qəzet.- 2022.- 16 noyabr.- S.11.