Rəfiq Zəkanın türküləri
Keçən əsrin 70-ci, xüsusilə 80-ci illərində
Azərbaycan ictimai fikrində meydana çıxan
türkçülük ideyaları ən ardıcıl, ən
miqyaslı və poetexnoloji axtarışlar baxımından ən
məhsuldar təzahürünü Rəfiq Zəkanın
poeziyasında tapır. Əlbəttə, Azərbaycanda
türkçülüyün XX əsrin əvvəllərindən
gələn çox zəngin bir tarixi olmuşdu. Və
Rəfiq Zəka, ümumən, 70-ci, 80-ci illərin
ziyalıları bu tarixin "keşməkeşlər"inə
bələd idilər. 30-cu illərdə
"pantürkist" ittihamı ilə həbs olunmuş,
sürgün edilmiş, güllələnmiş ədəbi
nəslin varisləri hələ də "türk"
sözünü dilə gətirməkdən çəkinirdilər.
Rəfiq Zəkanın türkçülüyü, ilk
növbədə, böyük bir cəsarət nümunəsi
idi. Və o, bu cəsarəti ilə öz ətrafını
inandırmağa çalışırdı ki, Azərbaycan
milli-ictimai şüurunda yeni bir dönəm
başlamışdır. Odur ki, yazırdı:
Neçə
şeirimdə görüb türk sözünü,
Vay dədə, vay deyə yumdun gözünü.
Yerə
soxdun öz əlinlə özünü,
Öz-özündən
niyə ürkürsən sən,
Türk sözündən niyə ürkürsən sən?!
70-ci illərin
sonu, 80-ci illərin əvvəllərində Rəfiq Zəka
öz şair-mütəfəkkir məramını artıq
heç bir şübhə yeri qoymadan belə müəyyənləşdirmişdu:
Arkadaş,
dinlə könül sözlərimi,
Qopsa tufan, qapamam gözlərimi.
Görürəm
gün kimi gündüzlərimi,
Mən nə
xülya, nə masal şairiyəm!
Taleyi
qurcalanan bir ulusun,
Qoruna qor
calanan bir ulusun,
İkiyə
parçalanan bir ulusun
Birliyə
bağlı vüsal şairiyəm!
Sanma bir zəlzələdən
ürkəm mən,
Qranitdən mətinəm, bərkəm mən.
Adı
dillərdə gəzən Türkəm mən,
Ulu yurdun
ulusal şairiyəm!
"Türk" sözü Rəfiq Zəkanın poetik
təsəvvüründə (və təfəkküründə)
bütöv bir xalqı (ulusu), ölkəni, dili simvolizə
edən milli-mədəni dəyərdir. Və təəssüf ki,
düşmənlərimiz bunu yaxşı bildiyi halda, bəzən
özümüz bilmirik:
Düşmənlərimiz
bizlərə türk söyləmiş ancaq,
Türkəm
deməyən yurddaşımız düşmənimizdir!
Düşməz
yerə türkün göyə yüksəltdiyi sancaq,
Türkün
göyə yüksəltdiyi sancaq şanımızdır!
Türk təfəkkürünün
mifoloji köklərinə varıb onun ən qədim (və
populyar) obrazını yada salmaqda da məqsəd
türklük məfkurəsinin tarixi mənbələrinin zənginliyini
göstərməkdir:
Tanrı
türkü qorusun, nurunu salsın yurda,
Bir də
gördüm ki, səsim çatdı haman
bozqurda.
Bir də
gördüm ki, o qurd dalğa kimi saxlandı,
Bir də gördüm ki, oğuzlar kimi
qurşaqlandı.
...Nerədənsə
ucalan türkü dedi haydı mənə,
O igid qurd
necə munis, necə doğmaydı mənə.
"Mən
cocuqkən düşünüb türklüyümü dərk
etdim, Ruhumu, varlığımı, mənliyimi Türk
etdim" deyən şair böyük bir qürurla bəyan
edir ki, türklük eşqi ona dədə-babadan, nəsil-nəcabətdən
gəlir:
Qartallar
ucalan yerdə tülkü yox,
Sazımda,
sözümdə yasaq türkü yox,
Könlümdə,
gözümdə qorxu-ürkü yox,
Çünki
ulu babam Vandandır mənim!
Olmaz yalan
tarix, nəs il şöhrətim,
Ulu Oğuzxandır nəsil şöhrətim.
Ulular
bilir ki, əsil şöhrətim
Şərəfdəndir
mənim, şandandır mənim!
Özgürlük
özlədim mən ömrüm boyu,
Aradım havanı, torpağı, suyu.
Köküm
Türk köküdür, soyum Xan soyu,
Adım Rəfiq
Zəka Xəndandır mənim!
Əlbəttə, nəsli-kökü, soyu ilə fəxr
etmək hər bir insanın mənəvi-ruhi haqqıdır,
ancaq şeirin məziyyəti yalnız bunda deyil. Şair zaman-zaman siyasi
münasibətlərlə
sıxışdırılmış, beynəlxalq miqyasda
söz demək imkanından məhrum edilmiş, hətta
"erməni tülküləri"nin
belə əlində aciz qalmağa məhkum olunmuş ictimai
duyğularını, hissiyyatlarını hayqırır... Hələ
çox gənc yaşlarında yazdığı bir şeirdə
atası - böyük Azərbaycan ziyalısı Cəfər
Xəndan haqqında demişdi:
Türklüyü
səslərdi könül türküsü,
Türklüyü qandandı Cəfər Xəndanın.
...Türk
oğlu türk idi, bütün varlığı
Dindən, imandandı Cəfər Xəndanın.
...Mənliyi,
ilhamı, ürəyi, canı
Azərbaycandandı Cəfər Xəndanın.
Rəfiq
Zəkanın türkçülüyü,
görünür, dövrün mövcud şərtlərinin
nəticəsidir ki, daha çox Türkiyəyə münasibətində
meydana çıxır... Bir sıra digər türk
xalqlarına şeirlər həsr etməklə yanaşı,
şair Türk dünyasının ümumi taleyindən,
ideallarından da bəhs eləmişdir:
Ucal, ey
mavi Xəzər,
Suların
maviləşən türkiyə bənzər!
Sən
ucaldıqca ucalmaqda bizim türklər də,
Mat
qalıbdır bu dərin hikmətə müdriklər də!
Ucal, ey
Türk dənizi, sirli dəniz!
Türklüyün
aynası bildik səni biz!
Bununla belə,
Türkiyə Rəfiq Zəka üçün
türklüyün (və türkçülüyün!) elə
bir zəngin ilham qaynağıdır ki, şair onu
yaradıcılıq tərcümeyi-halının əsas mənbələrindən
biri kimi qəbul edir:
Mən
deyirdim ki, mənim gözlədiyim gün gələcək,
Bir sabah türkülərim Türkiyədən
yüksələcək.
Mən
bilirdim ki, igid türklərin alqışlarını
Eşidincə yapalaqlar həsədindən öləcək.
Can
atırdım o canım Türkiyəyə candan mən,
Nə bilirdim ki, mənim qədrimi türklər biləcək?!
Şeir ritorik sualla bitir. Və belə bir həqiqəti bir
daha inamla (və şairin özü demiş, inancla!) təsdiqləyir
ki, türklərin təbii bölünməsi, müxtəlif
xalqlara ayrılması parçalanma, yadlaşma, etnik-mədəni
yaddaşın itirilməsi deyil; gendən, qandan gələn
elə əbədi dəyər-impulslar var ki, onlar
bölünməzdir, onların hökmü bütün
"türk irqi"nə yayılır.
Hər nə qədər dərin siyasi, mədəni, mənəvi
diferensiasiya prosesi keçirsələr də, türk
xalqları həmişə elə ortaq dəyərlər
yaratmışlar ki, mahiyyət etibarilə bu xalqların hər
birinə mənsubdur. Belə dəyərlər içərisində dahi
Atatürkün şəxsiyyəti, mübarizələri və
inqilabları yalnız XX əsrin deyil, bütövlükdə
yeni türk tarixinin ən möhtəşəm hadisələrindəndir:
Yoxdur mənə
səndən uca, səndən böyük insan,
Rəhmət sənə, rəhmət, Ata,
insanlığa şansan.
Xatırladaq ki, bu beytlə başlanan qəzəli şair
sovet ideologiyasının "Leninin ətəyindən hələ
bərk yapışdığı" illərdə
demişdi.
Rəfiq Zəkanın poeziyasında İstanbulun
obrazı o baxımdan müstəsnadır ki, bu şəhərlə
hər görüşündə şair türklüyün
tarixi gücünü, qüdrətini, ehtişamını
daha təfərrüatı ilə dərk edir. Və İstanbulun
(türklüyün ən ali təzahürünün!)
doğmalığından ləzzət alır:
Baxdım
adımız bir, soyumuz bir, dilimiz bir,
Gördüm odumuz bir, suyumuz bir, elimiz bir.
İstanbulun
övladları yurddaşlarımızdır,
Bir türkü deyən sevgili
türkdaşlarımızdır.
Var ol
dedim İstanbula həsrət canımızdan,
Candan ona
bağlı can Azərbaycanımızdan.
Bu
misraların qələmə alındığı 80-ci illərin
ortalarında Azərbaycanda İstanbul həsrətinin
bu cür emosional ifadəsi, əlbəttə, hər
şairin işi deyildi...
Rəfiq
Zəka türklüyü tərənnüm edən şeirlərinin
çoxunu Türkiyədə qələmə alsa da,
Türkiyədə (İstanbulda, Ankarada, İzmirdə...)
gördükləri türkçülük hisslərini
coşdursa da, artıq qeyd etdiyimiz kimi, onun şəxsiyyətinin
də, məsləkinin də,
yaradıcılığının da vətəni məhz Azərbaycandır.
Mənim
şeirlərimdən qopan mənim səsimdir,
Nə söylərəmsə, candan yüksələn həvəsimdir.
Ulus ən
ulu sevgim, yurd ən müqəddəsimdir,
Azərbaycan odumdur, suyumdur, nəfəsimdir.
Və
tamamilə təbiidir ki, şair Azərbaycan deyəndə
onun Şimalı ilə Cənubunu bir-birindən
ayırmır:
Böyük
bir ulusun böyük yurdudur
Qüzeyli-güneyli
Azərbaycanım!
Rəfiq Zəka neçə onillərdən sonra öz
vətənini - Azərbaycanı Türk Dünyası
kontekstində (və Türk Dünyasının ruhən
ayrılmaz tərkib hissəsi kimi!) tərənnüm edən
ilk şairdir.
Və yeri gəlmişkən, burada həm Rəfiq Zəkanın,
həm də ümumən müasir poeziyamızın
yaradıcılıq tərcümeyi-halı ilə
bağlı bir məsələyə aydınlıq gətirmək
istəyirik: böyük filosof-tənqidçi Asif Əfəndiyev
bir vaxtlar Rəfiq Zəkanı təqlidçilikdə
qınamış, ancaq nəzərə almamışdı
ki, bu, hansı yaradıcılıq ideallarının "təqlid"idir...
Əslində, Rəfiq Zəka da haqlı idi, Asif Əfəndiyev
də - sadəcə,
baxışlar müxtəlif idi: Asif Əfəndiyev şairi
özünəməxsus müasirliyə çəkirdi,
şair isə müasirliyi öz sələflərindən
başlayırdı. Həyat birinci yox, məhz
ikinci təmayülün haqlı olduğunu göstərdi.
Məsələn,
zahirən belə düşünmək olar ki, şairin
"Ana yurdum, aman oy!.." şeiri Almaz
İldırımın təqlididir. Əslində isə, bu,
yeni tarixi şəraitdə - rus - sovet ordusunun 1990-cı ildə
Azərbaycana təcavüzü günlərində Almas İldırım üslubunun
ehyasıdır ki, şairdən yalnız istedad yox, həm də
milli tarixi yaddaş tələb edir:
...Qurşunlanır
könüllərdə ümidlər,
Susdurulur
qurd ürəkli igidlər,
Şəhidlərin
üzərindən şəhidlər,
Alçaqlara
yabançıdır iman, oy!
Bolşeviklər
daşnaklara qatıldı,
Bazar oldu,
satılanlar satıldı,
Ərdəmlilər
zindanlara atıldı,
Bulunmadı
dərdimizə dərman, oy!
Divan oldu,
dağıdıldı ordumuz,
Tülkülərlə çevrələndi qurdumuz.
Qara geydi,
qarbaxtlı yurdumuz,
Aman yoxdur
bugün bizə, aman oy!..
Elə həmin
günlərdə Rəfiq Zəka milli tarixi
yaddaşımızın başqa bir şeirini yazmış,
bununla da başqa bir dövranın gəldiyi barədə xəbərdarlıq
etməkdən çəkinməmişdi:
Çürük
bir imperatorluq çökürkən,
Zarıldar baş kəsirkən, qan tökürkən.
Bu gün
türk ellərində dan sökürkən
Umulmaz bir ümid parlar fəzadan.
Şair
öz sufi-panteist sələflərindən gələn bir
mütəfəkkir təmkini ilə bütün türk
xalqlarına müraciətən demişdi:
Qardaşlarım,
irqdaşlarım,
Soydaşlarım,
türkdaşlarım!
Sizlərsiniz
ərkdaşlarım,
Türk Türkə ögey olmasın.
Və ərkyana
əlavə eləmişdi:
Gülüstanımız
soldu, ah,
Çalağanlarla
doldu, ah!..
Bizlərə
olan oldu, ah,
Sizlərə
bir şey olmasın!
Rəfiq
Zəkanın şeirlərində son dərəcə səmimi
bir ölkə - xalq - dil birliyi var ki, onun vətənpərvərlik
(və türkçülük) düşüncələrinin
əsasında dayanır:
Bir həyat
var, bir ölüm var,
Ölümdən betər, zülüm var.
Ulus
adlı bir gülüm var,
Gülümə bir şey olmasın.
Yer
üzündə dürlü dillər,
Dilsiz ötərmi könüllər?!
Dilim
qurusun, ay ellər,
Dilimə bir şey olmasın.
Nədir
bu ürəyimdəki,
Umulmaz diləyimdəki?
Hər
şeyə razıyam, təki
Elimə bir şey olmasın!
Ana dili həssaslığı şairin yaradıcılığında o dərəcədə strateji məsələdir ki, bu barədə bir neçə kəlmə ilə kifayətlənmək mümkün deyil. Və sözügedən mövzunun müfəssəl araşdırılmasına ehtiyac var... Rəfiq Zəka, birincisi ana dilini bilməyənləri adamlıqdan kənar hesab edir; ikincisi onu (ana dilini) ərəb və fars "boyunduruğ"undan xilas eləməyə çalışır; üçüncüsü (və başlıcası) isə bu cür sözləri işlətməməyə, onları türk mənşəli qarşılıqları ilə əvəz etməyə çalışır:
Gələcək gün, görəcəklər ki, sənin şeirində
Fars, ərəb sözləri yoxdur, üç adından savayı.
Üç ad deyəndə şair Rəfiq, Zəka
və Xəndanı nəzərdə tuturdu. Və təəssüflə etiraf
edirdi ki:
Ərəb
yabançı mənə, fars
yabançıdır, ancaq
Dolub yabançı, yasaq çırpılarla doğma
ocaq.
Rəfiq Zəka söz yaradıcılığında yeni bir türkçü təmayülün əsaslarını qoymuşdu ki, bu, ilk növbədə, -daş şəkilçisinin işləkliyinin artırılması ilə bağlı idi: könüldaş, oddaş, ocaqdaş, ulusdaş, qandaş, qurddaş, türkdaş, gələcəkdaş və s. Əlbəttə, həmin neologizmlər bir dil həssaslığı ilə yanaşı, millilik, vətənpərvərlik (türklük!) maraqlarından irəli gəlir, şair təfəkkürünün məhsulu olub məlum ideya-estetik məsləkə xidmət edirdi.
Bir sıra şeirlərində Rəfiq Zəkanın Türkiyə türkcəsinə geniş meydan verməsinə gəldikdə isə, biz bunu ana dilindən - Azərbaycan türkcəsindən imtina yox, Türkiyəyə - Türk dünyasının önündə gedən qardaş (qandaş!) xalqa, onun nüfuzuna ehtiram əlaməti (yəni özünəməxsus bir Metafora!) kimi anlayırıq. Və burada türk xalqlarını mənəvi-ruhi birliyə səsləmək meyli bütün aydınlığı ilə görünür.
Rəfiq Zəka, heç şübhəsiz, bizim Azərbaycan poeziyasının XX əsrin sonlarında yetirdiyi ən böyük türkçüdür. Və aşağıdakı misralar da göstərir ki, o, qələmi əlinə hansı missiya ilə almış, "millət" deyəndə nəyi nəzərdə tutmuşdu:
Mavi şimşək kimi zülmətdə azaydın ki, Zəka,
Dar günümdə o mənim zillətimin şeiri ola.
Öylə bir şeir bu dünyada yazaydın ki, Zəka,
O mənim
yox, o mənim millətimin şeiri ola!
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2022.- 16 noyabr.- S.10;16.