Zirvədə keçən 30 il
"525”-30
JURNALİSTİKAMIZIN
PEŞƏKARLIQ LABORATORİYASI
Bu gün
"Əkinçi"nin 525-ci toxumunun
cücərməsindən 30 il ötür. Qol-budaqlı
ağaca çevrilən doğma qəzetimiz bu 30 il ərzində öz kölgəsində
neçə-neçə istedadlı qələm
adamını barındırıb və bu ənənə
indi də davam etdirilir. Texnologiya əsrində,
zamanın amansız surəti ilə ayaqlaşmağa
çalışdığımız bir vaxtda, sosial şəbəkələrin
həyatımızın əsas hissəsinə çevrildiyi
bir dövrdə gündəlik qəzet nəşr etdirməyin
məziyyətlərindən kifayət qədər bəhs etmək
olar. Əgər bu gün də qəzetin
nəşrində əzm göstərən şəxslər
varsa, "525" özünün hələ neçə-neçə
yubileyinə şahidlik etməyə layiqdir.
Mətbuatımızın hazırkı vəziyyəti
barədə söhbət açanda həm qocaman jurnalistlər,
həm də son illərdə püxtələşən
media nümayəndələri tez-tez bədbin fikirlər səsləndirirlər. Bununla belə,
mətbuata maraq göstərənlərin sayı ilbəil
artır. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilikləri
auditoriyalarda müxtəlif səviyyədə inkişaf edir. Təkcə jurnalistika üzrə təhsil alanlar
deyil, digər sahələr üzrə biliklərə yiyələnən
tələbələr arasında da mətbuatda
çalışmaq istəyənlərin sayı kifayət qədərdir.
Təbii ki, hər bir fərdin gələcəyini
zamanın və daha dəqiq desək, həmin peşə
kriteriyalarının süzgəci müəyyənləşdirir.
Hər halda, praktika mühüm amildir. Jurnalistika sahəsində nəzəri biliklərin
praktikaya çevrilməsində yaranan gündən indiyə
qədər "525-ci qəzet"in rolu danılmazdır.
Əksər
iş mühitində prioritet peşəkar və təcrübəli
kadrların mövcudluğudur. Xüsusən, mətbuat
sahəsində universal və tam püxtələşmiş
şəxslərə üstünlük verilir. Bu, normaldır, heç bir baş redaktoru, təsisçini
buna görə qınamaq olmaz. Fəqət
dəyəri ayaqda saxlayan fədakarlıqdır. Bu baxımdan "525-ci qəzet"
jurnalistikamızın fədakar simasıdır. Arxivdəki
materialları vərəqləyəndə də, son illər
"525"də çalışanları nəzərdən
keçirəndə də məlum olur ki, son 30 ilin jurnalist
bazasının formalaşdırılmasında qəzetimizin
böyük zəhməti var. Nisbətən orta yaşlı
və daha gənc həmkarlarımızın çoxusu ilə
həmsöhbət olanda onların tərcümeyi-halında
"525"ə mütləq rast gəlinir. 30 yaşlı
seçkin mətbuat orqanımız keyfiyyətli iş ərsəyə
gətirməklə yanaşı, daim jurnalistikamızın gələcəyini
fikirləşərək öz sıralarına gəncləri
dəvət edib, müraciətlərinə həssaslıqla
yanaşıb, hansısa nüansda oxunma sayında, operativlikdə
büdrəməyi gözə alaraq həvəsi olan gənclərə
yaşıl işıq yandırmağa
çalışıb. Bu səbəbdən də,
"525"in müxbir heyəti daim yenilənir və yeni
imzalar parlayır. Zərdabi
babamızın da amalı gələcək nəslin
firavanlığı idi. "Əkinçi"nin yalnız layiqli övladları bu
missiyanı gerçəyə çevirməyi bacarırlar. "525-ci qəzet" məktəb yaratmağı,
ənənə formalaşdırmağı və davam etdirməyi
hədəfləmiş mətbuat orqanıdır.
ANA
DİLİNƏ SEVGİ VƏ SƏDAQƏT
ÖRNƏYİ
Azərbaycan dilinin inkişafı,
qorunub-saxlanılması üçün böyük kütləyə
təqdim olunan yazılı və şifahi nəsnələrin
hər birinin əhəmiyyəti böyükdür. Adi reklamlardan
tutmuş küçələrdə divara
yapışdırılan elanlara qədər xalqın
gözü qarşısında olan yazı nümunələrinin
dilin formalaşmasında rolu var. Xüsusən, kütləvi
informasiya vasitələrinin dil məsələlərində
təsir dairəsi daha genişdir. Təəssüf
ki, bir çox hallarda dil normalarının, xüsusən,
yazılı mətbuatda orfoqrafik qanunauyğunluqların kobud
şəkildə pozulması hallarına tez-tez rast gəlirik.
Leksik və qrammatik normaların pozulması
halları da istisna deyil. Anında məlumat
əldəetmə imkanlarının geniş
yayıldığı bir zamanda redaktə və korrektə məsələlərinin
arxa plana keçdiyinin şahidi oluruq. Redaksiyaların
əksəriyyətində korrektorlar fəaliyyət göstərmir.
Bu isə, kobud dildə desək, tədricən
dili korlayır.
"525-ci
qəzet"in iş prinsipləri arasında cümlənin
müqəddəs olmağı məsələsi hələ
də akuallığını qoruyub saxlayır. Qəzetin hazırlanma prosesində korrektorların
yekun fikri, düzəlişləri mütləq nəzərə
alınır və korrektorun əlindən keçməyən
mətn qəti çapa getmir. Bunun
üçün onlara aylıq məvacib ayrılır. Bəzən bizə sərf etməyən, səs-küy
doğurmayan məsələlərdə maddi baxımdan qənaət
etməyə alışmışıq. Amma "525-ci qəzet"in
ştat cədvəlində, 30 ildir ki, korrektor vəzifəsinin
xüsusi yeri var. Bu ənənə ana dilinə sədaqətin
göstəricisi, milli mənəviyyata, ənənəyə,
dilə canıyananlıq əlamətidir.
Qeyd etdiyim kimi, gənc nəsil jurnalistlərin bir
çoxunun yazı prinsiplərini öyrənməsində
"525-ci qəzet"in zəhməti böyükdür. Bu isə ilkin
olaraq redaktə məsələlərindən başlayır.
Bu gün Azərbaycanda cümləni duyan, Azərbaycan
dilini dərindən bilən redaktorlar qəzetin fəaliyyətini
istiqamətləndirir. Əlbəttə, qəzetə
ünvanlanan, orada dərc olunan yazıların hər birinin
yüksək səviyyədə olması qeyri-real məsələdir,
"525-ci qəzet" bacardığı qədər
qapılarını qələm adamlarının üzünə
taybatay açıb və qəlb qırmaq "525" üçün
spesifik xüsusiyyət deyil. Bunu da unutmaq
olmaz ki, bir-bir hər kəsin əlindən qələm tutub
yazmağı öyrətmək mümkünsüzdür.
Amma potensiallı müəllifdən,
istedadlı imzadan qüsurlu yazının çapı
"525" məktəbi üçün ziddir və bunu
formalaşdıran, sözsüz ki, redaktor heyətidir.
Bu gün
"Əkinçi"nin 30 yaşlı
övladı həm də dilimizin keşikçilərindən
biridir. "525"in səhifələrində
daim bədii ədəbiyyat nümunələrinə rast gəlmək
mümkündür. Hələ XX əsrin
sonu, XXI əsrin əvvəllərində ədəbiyyat
nümunələrinin üzünə qapıların
bağlandığı vaxtlarda "525-ci qəzet" öz
səhifələrində şeir və hekayələrə,
bədii yazılara yer verib. Bu gün də
həmin ənənə davam edir.
JURNALİST
ƏXLAQININ QORUNMASI NAMİNƏ...
Bir
neçə ay qabaq son onilliyin sevilən şairlərindən
biri ilə həmsöhbət olanda ədəbiyyatımızın
adına ləkə gətirən naqisliklərdən
bəhs etdik və belə simaların olduğunu təəssüflə
vurğuladıq. Həmin şairin bu cümlələri hələ
də qulağımda cingildəyir: "Tənqid yalnız mətn
üzərində olmalıdır. Şəxsiyyəti
təhqir etmək vicdansızlıqdır. Mən heç vaxt yazıda heç kimin ailəsi,
şəxsiyyəti, hansısa sağlamlıq qüsuru barədə
nalayiq fikir qələmə almaram. Çünki
mən "525-ci qəzet"in məktəbindən
keçmişəm".
"525"in
iş mühitində olduğumdan şairin səsləndirdiyi
fikirlərin vacibliyini və dəqiqliyini nöqtə-vergülünə
qədər dərk edə bilirəm. Gənclər
emosionaldır, çılğındır, üsyankardır
və əslində, bu, normal haldır. Sadəcə,
düzgün istiqamətləndirməyi bacaran insanların sayəsinə
hansısa dəyərlər hələ də yaşayır.
Şəxsiyyəti
aşağılamağın yolverilməzliyi "525"in
birinci və ən əsas prinsipidir.
Jurnalistin peşəkarlığı həm də onun
hadisəyə, xəbərə necə yanaşmasından
asılıdır. Dövrümüz "küyəgedənlər"
dövrüdür. Soyuqqanlılıq, bitərəflilik,
dəqiqlik sadəcə şablonlaşmış söz
yığınına çevrilir. Əldə
balta tutaraq yıxılan ağacı oduncaqlara çevirib oda
atmaq üçün startda gözləyənlərin
sayı-hesabı yoxdur. "525-ci qəzet"də
və onun saytında təhrif olunmuş, qeyri-dəqiq, tələskən
ərsəyə gəlmiş, qərəzli xəbərə,
başlığa, mövzuya rast gəlinmir. Bu, qəzetin əməkdaşlarının əvvəlcə
peşələrinə, sonra isə öz şəxsiyyətlərinə
hörmətindən qaynaqlanır.
"525-ci qəzet" həm də öz sahəsinin
qocamanlarına hörmət etməyi bacarır. Qəzetimiz Azərbaycan
ziyalısı ilə vətəndaşı arasında
körpülər quraraq xalqa xidmət edir. Qocaman akademiklərimizin, alimlərimizin,
yazıçılarımızın müxtəlif mövzulu
yazıları daim yayımlanır və şəxslərinə
böyük ehtimalla yanaşılır.
QALİB
XALQIN QƏZETİ
İkinci
Qarabağ savaşı başlayan ilk gündən etibarən
"525-ci qəzet"in səhifələrindən
gedişatı izləmək, baş verən proseslər barədə
hərtərəfli şərhlərlə tanış
olmaq, hadisələrin real simasını görmək
mümkün idi. Müharibənin həm daxildə,
həm də xaricdə doğurduğu təsirlər, müxtəlif
dövlət və qeyri-hökumət orqanlarının
müharibənin gedişatındakı fəaliyyəti,
qarşıda dayanan və həyata keçirilməsi zəruri
olan məsələlər barədə müxtəlif
köşələrə, müsahibələrə, demək
olar ki, qəzetin hər sayında rast gəlmək
mümkün idi.
Müdafiə Nazirliyinin yaydığı dəqiq məlumatlar
əsasında hazırlanan materiallar, Azərbaycan Silahlı
Qüvvələrinin göstərdiyi şücaət, əks-həmlə
hücumlarının analizi, atılan strateji addımların əhəmiyyəti
barədə məqalələr oxuculara təqdim olunurdu. 30 il işğal müddətində
və müharibə dövründə erməni terror birləşmələrinin
xalqımıza qarşı törətdiyi cinayətlərin
araşdırılması, dəlillərin toplanması,
bütün bunların beynəlxalq arenada
işıqlandırılması, lazımi şəxslərin
məhkəməyə cəlb olunmasının təmin edilməsi
barədə Baş prokurorluğun atdığı
addımlar barədə geniş təhlillər
aparılırdı və yazı materialları ərsəyə
gəlirdi. Xarici İşlər Nazirliyinin rəsmi bəyanatları
izlənilir, xarici ölkələrin müharibəyə
yanaşması, haqlı və haqsız məqamlar barədə,
üzdə dost, arxada düşmən olanların əsl
siması haqqında geniş yazılar "525-ci qəzet"in
səhifələrində öz əksini tapırdı.
"525-ci qəzet"in son onilliyində dəyərli zəhməti
olan Şahanə Müşfiqin şəhidlərlə
bağlı hazırladığı materiallar mütəmadi
yayımlanırdı və bu ənənə uzun müddət
davam etdi. "525" əlindən gələn qədər
yaralara məlhəm olmağa çalışdı.
"525"in əməkdaşları işğaldan
azad edilmiş ərazilərə təşkil olunmuş
mediaturlarda iştirak etdilər və geniş reportajlar
hazırladılar. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin
Şuşa səfərindən geniş təəssüratı,
Laçına və Ağdama səfəri ilə
bağlı verdiyi geniş müsahibəsi, Afaq Rzanın
Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfərindən
qələm aldığı reportajı xüsusi maraqla
qarşılandı. Xoşbəxtəm ki,
"525"in əməkdaşı kimi Ağdama,
Şuşaya, Xocavəndə təşkil olunmuş
mediaturlarda mən də iştirak etmişəm və təəssüratlarımı
yazıya köçürmüşəm.
Zəfər "525-ci qəzet"in manşetlərini
daha da nikbinləşdirdi və qürurlandırdı.
ZAMANLA
AYAQLAŞMAQ
Aydın məsələdir ki, qəzet alanların
sayı ötən əsrlə müqayisədə qat-qat
azdır. Çap mediası texnologiyanın kölgəsində
daldalanır. Amma qəzetimiz elektron
versiyasının sayəsində geniş oxucu kütləsinin
nəzərinə çatdırılır. Qəzetdə yayımlanan köşələr,
esselər, məqalələr qısa müddət sonra sayta
yüklənir. Saytda müxtəlif
kateqoriyalar üzrə xəbərlər yayımlanır.
Xüsusən, xarici media yaxından izlənilir
və maraq cəlb edən materiallar əməkdaşlar tərəfindən
tərcümə olunur.
Sosial şəbəkədə yayımlanan maraqlı
fikirlərə xüsusi önəm verilir. "525-ci qəzet"in
"Sosial şəbəkədə yazılanlar" adlı
rubrikası var. Həftə ərzində yayımlanan lakonik və
maraqlı statuslar həmin rubrikada öz əksini tapır.
Bundan əlavə, geniş və əhəmiyyətli
statuslar müəllif yazıları kimi dərc olunur və mənbə
mütləq sonda qeyd edilir.
Qəzetin feysbuk, instaqram səhifələri fəaliyyət
göstərir. Yutubda "525-ci kanal"da
hazırlanmış videoreportajlar yayımlanır. Bütün sadaladıqlarım məhdud imkanlar, məhdud
maddiyyat sayəsində ərsəyə gəlir. Bəlkə də, izləmə sayı heç də
on minləri, yüz minləri aşmır. Amma nəyəsə səy göstərilir və
ortada böyük peşə sevgisi var.
BEŞ
ÜSTÜNƏ NEÇƏ-NEÇƏ BEŞ GƏLSİN...
"525-ci qəzet" 25-in üstünə bir 5 də əlavə elədi. Qəzet indiyəcən tutduğu dəst-xəttə, onun peşəkar kollektivi bu vaxta qədər göstərdiyi peşəkarlıq və fədakarlığa sadiq qaldıqca hələ neçə parlaq 5-lər üst-üstə gələcək.
Rəşad Məcid bir sevgi şeirində xoşbəxtliyi təcəssüm etmək üçün belə bir misra işlədir: "Biri beş eylər..." Digər bir şeirində də Şuşanı tərənnüm edəndə yazır: "Biri beş edəndir, güc artırandır..." "525"in yaşının üstünə bir 5-də gəlməsi bizi xoşbəxt edir. "525"in yaxın 2 ili - çalışdığım müddət ömrümdə iz buraxdı. Görün, bu 30 ildə neçə-neçə insanın doğma ocağı olub bu qəzet... Neçə-neçə ailənin qazanı "525"dən gələn halal maaşla qaynayıb. Neçə-neçə insan ilk sevgisini, son sevgisini burda tapıb, arzular arzulara qoşulub, illər illəri yola salıb. "525"i yaşadan o sevinclər, o təlatümlər, o ürək çırpıntılarıdır.
Yeni yubileyin - 30 yaşın mübarək, əziz
"525"!
Nadir Rzalı
525-ci qəzet.- 2022.- 16 noyabr.- S.9.