Xan Çinarın Bəy oğlu - Ağdamda təbiət möcüzəsi

 

..."İmarət"in girişində boyu hardasa 10 metrə çatan bir çinar ağacı diqqətimi çəkir.

Sonra günahkarcasına düşünürəm ki, qəribədir, niyə Ağdama hər gəldiyimdə elə uşaqlıqdakı kimi gəzdiyim bu yarımcan tarixi ziyarətgahda həmin ağac rastıma çıxmayıb, yaxud çıxıbsa da (mütləq ki çıxıb), niyə diqqət eləməmişəm. Bəlkə , Ceyhunun - mənim uşaqlıq dostumun beynimə güllə kimi girən günlərdir yadından  çıxmayan sözləri olmasaydı, o məsum, amma vüqarlı ağacın yanından yenə səssizcə, etinasızca, heç olmayıbmış kimi ötüb gedəcəkdim.

 

Məsum ağac...

Amma vüqarlı ağac...

 

Ceyhun 1993-cü ildə Ağdamı tərk edəndə 17 yaşlı yeniyetmə olub. Buna baxmayaraq, yaddaşı o qədər itidir ki... heyrət etməyə bilmirsən. Ağdamla, ağdamlılarla bağlı zəngin, hətta deyərdim, ensiklopedik məlumatı var. Ona həmişə Ağdam Adam deyirəm. Özündə doğma yurduna aid o qədər keyfiyyətləri birləşdirir ki: dəyənəti var, mərdliyi var, təəssübkeşliyi, dostcanlığı, dəliqanlılığı var, ağdamlılara xas zəhmətkeşliyi işgüzarlığı da öz yerində.

"Görürsən, o Çinarı?.." - əli ilə həmin məsum, amma vüqarlı ağacı nişan verir. Sonra yanındakı kötüyü göstərir. O kötüyün üzərindəki nəhəng çinar işğal dövrünə qədər xan qaməti ilə yerində qalıb. Rəvayatə görə, Qarabağ xanı İbrahimxəlil xan dəfn olunanda (1806-cı il) onun xatirəsinə ehtiram olaraq İmarətdə 20-dək çinar ağacı əkilib (Qarabağ xanlarının onların ailə üzvlərinin məzarı buradadır). həmin çinarlar əkiləndən ta işğal dövrünədək kökü, gövdəsi, budaqları ilə nəhəng bir ağaca çevrilib. Heç kimin heç nəyin yıxa bilmədiyi qocaman bir ağaca.

Amma işğal dövründə nankor namərd qonşumuz ermənilər alçaqcasına təbiətin bu möcüzələrinə qıyıblar: iki əsr yaşı olan o çinarların hər birini mişarla kəsərək yer üzündən silməyə çalışıblar.

Fəqət tam müyəssər ola da bilməyiblər.

Bu ağlagəlməz qəddarlığın qarşısında İlahi Təbiət öz qüdrəti ilə heyrətimiz bir möcüzəyə səbəbkar olub. Kəsilmiş həmin ağacın barmaq ucu boyda tumurcuğundan bu dəfə başqa bir Çinar yaranıb. indi yaşı bəlkə , 30-a çatan bu ağac 28 illik işğal dövründə İmarətdə kimsəsiz körpələr kimi tək-tənha böyüyüb.

Əzilmədən. Yıxılmadan. Sınmadan.

Sanki İmarətə, orada uyuyan Qarabağ xanlarının bəylərinin, Xan qızı Natəvanın ruhuna həyan olan Çinar.

Qəddi-qamətli, şux duruşlu Çinar.

Xan Çinarın Bəy oğlu Çinar!..

 

Aydın Bağırov

 

525-ci qəzet.- 2022.- 16 noyabr.- S.8.