Qərbi Azərbaycan tarixçiliyinə
böyük töhfə
Böyük
ziyalımız və yorulmaz tədqiqatçı, məhsuldar
alim və qeyrətli vətəndaş olan AMEA-nın
müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat
elmləri doktoru, professor Misir Mərdanovun qələmindən
onlarla kitab və yüzlərlə elmi məqalə
çıxmışdır. Bunların arasında riyaziyyat
üzrə onlarla dərslik, dərs vəsaiti, elmi məqalə
ilə yanaşı, dördcildlik "Azərbaycan təhsil
tarixi", yeddicildlik "1920-ci ilədək ali məktəblərdə
oxumuş azərbaycanlılar", "Azərbaycan təhsili
Xalq Cümhuriyyəti illərində", "Azərbaycanın
təhsil nazirləri",
"Azərbaycan Respublikasının Dövlət Rəmzləri"
,"Heydər Əliyev və Bakı Dövlət
Universiteti", "Müəllimim Qoşqar Əhmədov",
"Zəfərə aparan yol", "Bakı Dövlət
Universiteti-100" və digər çox zəngin elmi mahiyyəti
və fərqli mövzuları, eyni zamanda böyük
ictimai-siyasi mahiyyəti olan fundamental kitablar mühüm yer
tutur.
Azərbaycan
təhsil tarixində mühüm yer tutan bu ktablar milli
maarifçilərə, ömrünü millətin təhsillənməsi
uğrunda şam kimi əridən dəyərli Azərbaycan ziyalılarına
ucaldılmış mənəvi bir abidədir. Azərbaycan təəhsilinin bütöv bir mərhələsi
onun adı, çoxşaxəli fəaliyyəti, təşəbbüskarlığı
və elmi fədakarlığı ilə bağlıdır.
Qədim dövrdən indiyə kimi Azərbaycan
təhsilinin inkişafındakı işıqlı cəhətləri
görmək, onu tarixilik və müasirlik prizmasından dəyərləndirmək,
ümumiləşdirmək və müasir təhsil
quruculuğu üçün əhəmiyyətini üzə
çıxarmaq Misir müəllimin yaradıcılıq
kredosunun əsasını təşkil edir.
Bu
yazıda biz çox hörmətli Misir müəllimin
bütün kitabları haqqında deyil, son günlərdə
işıq üzü görmüş "Qərbi Azərbaycan
həqiqətləri: Qaraqoyunlu dərəsinin Göyərçin
və Salahlı kəndləri" (Bakı: Təhsil, 2022,
526 s.) kitabından söhbət açmaq istəyirik. Misir müəlllim fundamental təhsil
araşdırmalarından sonra doğulub boya-başa
çatdığı doğma kəndi və kəndin yerləşdiyi
Qaraqoyunlu dərəsi haqda çox dərin məzmunlu, elmi və
tarixi bir kitab üzərində işini başa
çatdıraraq həmyerlilərinə və ictimaiyyətə
təqdim etmişdir. İtirilmiş Qərbi
Azərbaycandakı kəndlər, rayonlar, şəhərlər
haqqında son illərdə xeyli kitab
yazılmışdır. Misir müəllimin 10 ilə
yaxın üzərində işlədiyi bu elmi əsər
(bu kitabı başqa cür adlandırmaq doğru olmazdı)
indiyədək belə səpkidə yazılmış
bütün kitablardan həm əhatə dairəsinə, həm
müxtəlif elmi mənbələrdən (tarixi, coğrafi,
etimoloji, onomastik, kulturoloji, fəlsəfi, ensiklopedik və s.)
yüksək səviyyədə faydalandığına
görə, həm də oxunaqlı yazı üslubuna, şəkillərə,
xəritələrə, xatirələrə, sxemlərə
görə çox fərqlidir. Bu dəyərli
kitab 5 fəsildən, 62 paraqrafdan ibarətdir. Yalnız həcminə, nəcib tərtibatına, məzmununa,
aktuallığına, mahiyyətinə görə yox, həm
də bir çox digər xüsusiyyətlərinə görə
çox əhəmiyyətli olan bu kitabın bəzi xüsusi
məziyyətləri barədə ayrıca
danışmağa dəyər.
Kitabın
əsas keyfiyyətlərindən biri budur ki, on ilə
yaxın müddətdə ərsəyə gəlsə də,
elə bil ki, bir gündə, birnəfəsə
yazılıb, kitabın əvvəlindən axırına
kimi ümumi ruh, vahid süjet xətti, həmahəng abu-hava,
şirin və axıcı bir dil vardır.
Kitabın
məhz bu il çap edilməsi də onun
məziyyətlərindən hesab edilməlidir. Əgər,
çox demirəm, üç il bundan əvvəl
meydana çıxsaydı, bəlkə də bugünkü
kimi dəyəri olmazdı. Etiraf etmək
lazımdır ki, Qarabağ probleminin həll olunmadığı
zamanda Qərbi Azərbaycan nisgili bu qədər aktual hiss
olunmurdu.
Digər
tərəfdən, bəzi düşmənlərdən, yaxud
ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirərək
cürbəcür "respublikalar" yaratmaq iddiasıyla
"düşmən dəyirmanına su tökənlərdən",
mənasız qara-qışqırıq salıb təxribat xarakterli
çağırışlar edənlərdən fərqli
olaraq bu kitab Qərbi Azərbaycanın qədim türk
torpaqları olduğunu ciddi elmi arqumentlərlə əsaslandırır
və məsələyə beynəlxalq hüquq normaları
çərçivəsində baxış sərgiləyir.
Kitabın yazılma səbəbləri barədə
yazarkən Misir müəllim maraqlı məqamlara toxunur. Bu müdrik, necə deyərlər,
dünyanın hər üzünü görmüş,
böyük səlahiyyətlərə malik olduğu illərdə
də səmimiyyətini və nəcibliyini qoruyub
saxlamış gözəl insan burada da səmimiyyəti ilə
oxucunu valeh edir:
"Yazılan kitabların bizdən sonra gələn nəsillərə
ən böyük mirasımız olduğunu nəzərə
alaraq qələmə aldığım "Qərbi Azərbaycan
həqiqətləri: Qaraqoyunlu dərəsinin Göyərçin
və Salah kəndləri"
kitabının zaman sərhədlərini aşaraq gələcəkdə
daha böyük əhəmiyyətə malik olacağına
şübhə etmirəm".
Bu kitab
konkret olaraq müasir Azərbaycanın
hüquqi sərhədlərindən kənarda qalan Qaraqoyunlu dərəsinin
Göyərçin və Salahlı kəndlərinin əhalisinə
ünvanlansa da, bu, bir tarixdir, sonrakı fundamental tədqiqatlar
üçün dəyərli maddi, mənəvi və
etnoqrafik mənbədir, saxta tarix "düzəldən"
erməni alimlərinə tutarlı cavabdır.
Kitabın
xüsusi cəhətlərindən biri burada 20 tayfanın,
600-dən çox ailənin mənşəyi, şəcərəsi,
keçmişi və bu günü haqda çox dəqiqliklə
məlumatların verilməsidir ki, bu da Qərbi Azərbaycanda
tarixən məskunlaşmış dədə-babalarımızın
soy-kökü, onların miqrasiyaları, deportasiyaları, adət-ənənələri
və digər hadisələr haqda dəqiq məlumat əldə
etməyimizə etibarlı mənbə rolunu oynaya bilər.
Kitabda ermənilərin
zaman-zaman xalqımızın başına
açdığı oyunlar, qurduqları məkrli planlar, hiyləgərliklər
və riyakarlıqlar, bu xisləti doğuran amillər,
onların başçıları haqda maraqlı faktlar, etdikləri
tarixi xəyanətlər və digər bu tipli məsələlər
də xronoloji ardıcıllıqla və sənədlərə
istinad edilərək təqdim edilir ki, bu cəhət də
kitabın dəyərini xeyli artırır.
Kitab
maraqlı edən cəhətlərdən biri də toy, nişan, elçilik, Novruz bayramı kimi
spesifik xüsusiyyətləri, regional xarakteri olan milli adət-ənənələrimizi,
ölkəmizin unudulmaqda olan qərb mətbəxini təfsilatı
ilə oxuculara çatdırması ilə
bağlıdır. Müəllif səmimiyyətlə qeyd edir
ki, "o dövrlərin sonuncu canlı şahidlərindən
biri olaraq" bu milli-mənəvi dəyərləri gənclərə
və bütün xalqımıza çatdırmağı,
bununla, ermənilər tərəfindən daim cəhd göstərilən
nəsillər arasında olan bağların kəsilməsinin,
estafetin qırdırılmasının
qarşısını almağı özünə vətəndaşlıq
borcu hesab edir.
Kitabı dəyərli edən səbəblərdən
biri də son yüzillikdə milli məfkurəmizin çox
surətli inkişafını təsdiq etməsi ilə
bağlıdır. Acı olsa da, bir həqiqətdir ki, uzun əsrlər boyu böyük
mədəniyyət nümunələri, incəsənət
şedevləri, ədəbi abidələr yaradan
babalarımız etdiklərini tarixin yaddaşına
yazmağa, bir növ tənbəllik
etmişdir. Bizim xalqımız tarixi yaşayıb, yaradıb,
ancaq qələmə
almayıb, ermənilər isə bizim etdiklərimizi öz
adlarına yazaraq bir müddət sonra istinad etmək
üçün özlərinə saxta "yazılı mənbələr"
düzəldiblər. Bu kitab tarix yazan, tarix yaradan
xalqımızın artıq həm də, necə deyərlər,
"qəflət yuxusundan ayılaraq" tarixi qələmə
aldığının, gerçəklikləri
yaddaşlara köçürdüyünün daha bir təsdiqidir.
Bu kitab həm də ona görə dəyərlidir ki,
arxiv materialları, etibarlı mənbələr, təkzibedilməz
faktlar və digər məlumatlar əsasında tarixi həqiqətləri,
real hadisələri, gerçək yaşantıları əks
etdirir. Kitabın uzun illər ərzində yazılıb
başa çatmasının əsas səbəblərindən
biri də əldə edilən məlumatların müəllif
tərəfindən dəfələrlə və müxtəlif
mənbələrə istinad etməklə müqayisə edilməsi,
yoxlanılması, yalnız tam həqiqət məlum olduqdan
sonra kitaba əlavə etməsi olmuşdur.
Çünki Misir müəllim yaxşı bilir ki, bu
kitabı yalnız dostlarımız, yaxud dünyanın 10-dək
ölkəsində, Azərbaycanın 20-dən artıq
bölgəsində yaşamağa məhkum edilmiş Qaraqoyunlular
oxumayacaq, düşmənlərimiz də onu nöqtəsinə,
vergülünədək tərcümə edib, necə deyərlər,
"mikroskop altında" təhlil edəcəklər. Bir həqiqət
də vardır ki, yüz illər ötəndən sonra saxta
"tarixçələr" yazıb bizim Qafqazdakı
tariximizə kölgə salmaq istəyən düşmənlərimiz
dəqiq və zəngin mənbə olan belə kitabların təqdim
etdiyi həqiqətlərin önündə susmağa məcbur
olacaqlar.
Kitabın
əsas üstünlüklərindən biri də budur ki,
burada XV əsrdən bəri qələmə alınan Qaraqoyunlu dərəsinin tarixinin son 200 illik dönəmi
qarış-qarış araşdırılmış,
bütün təfsilatı, kameral həqiqətləri, tarixi
faktları, acı reallıqları, real gerçəklikləri
ilə birlikdə bütün təfərrüatı qələmə
alınmışdır. Bu kitabda Qaraqoyunlu dərəsinin
və kəndlərin bütün əsas cəhətləri
öz əksini tapmışdır: coğrafiyası və
tarixi, faunası və florası, məktəbləri və
alimləri, adət-ənənələri və mətbəxi,
yaylaq qaydaları və əkinçilik mədəniyyəti,
idarəçilik və insanlıq xüsusiyyətləri,
toponomlər, hidronimlər, oykonimlər və s.
Professor Misir Mərdanovun qələmə aldığı
bu çox dəyərli kitabın əsas üstünlüklərindən
biri də budur ki, o, oxucunu Qaraqoyunlu dərəsinə, bir
növ qiyabi ekskursiyaya aparır. Bundan ötrü sanki oxucunun əlindən
tutaraq kəndlərin içi və arası, meşələr
və dağ yolları ilə haradan sağa, haradan sola
dönmək lazım gəldiyini, harada körpüdən
keçib yolu düz
davam etdirmək lazım gəldiyini böyük
sevgi ilə yazır. Daha aydın olsun deyə kəndlərin,
yaylaqların kosmosdan görünüşü, fiziki və
inzibati xəritəsi, müxtəlif şəkillər, cədvəllər,
siyahılar əlavə edilmişdir. İnanmaq istəyirəm
ki, bu kitabın vasitəsilə valideynləri, özləri
oralarda dünyaya gələnlərlə yanaşı,
xalqımızın digər nümayəndələri də
Cantəpə yaylağı, Salah və Göyərçin kəndləri,
Murğuz dağı, Tərs çay, Göyçə
gölü kimi qədim türk obalarına səyahət edərək vətəni
daha dərindən sevəcəklər.
"Qərbi
Azərbaycan həqiqətləri: Qaraqoyunlu dərəsinin
Göyərçin və Salahlı kəndləri"
adlı maraqlı, oxunaqlı, dəyərli kitab haqqında böyük məmnuniyyətlə,
sevgi və rəğbətlə yazdığımız məqaləni
hörmətli professor Misir Mərdanovun ön sözdə
yazdığı çox cəlbedici və təsirli sözlərlə
yekunlaşdırmaq istərdik: "Müzəffər Ali
Baş Komandanın rəhbərliyi altında igid
oğullarımız Qarabağı düşmən
tapdağından azad etdikdən sonra gördüyümüz
kimi, ermənilər bir daşı da daş üstə
qoymayıblar. Ancaq dağıdıblar, viran
qoyublar. Müdriklər deyiblər ki, bir
torpağı Vətənə çevirmək
üçün onun uğrunda ölməyi bacarmalısan, onu
əkib-becərməlisən, orda qurub-yaratmalısan. Bu torpaq erməninin vətəni deyildi ki, oranı
tikə, qura, əkə, becərə. Qərbi
Azərbaycanda da əlləri gəlmir abadlıq etməyə,
onlara yad olan torpaqlarda, yad evlərdə yaşayıb onu qurub
yarada bilmirlər, heç təmir də etmirlər. Mən
2000-ci ildə gözlərimlə görmüşəm,
üstündən 12 il vaxt
keçmişdi, evimiz, kəndimiz necə vardısa, elə də
dururdu. Heç bir dəyişiklik etməmişdilər,
edə bilməmişdilər, əlləri gəlməmişdi
kirayənişin kimi yaşadıqları başqasının
evini abadlaşdırmağa. Onlar özlərini
müvəqqəti sakin hesab edirlər, təhtəlşüur
ilə gec-tez sahiblərin qayıdacağını hiss edirlər.
Biz də hər zaman, hər gün, hər saat ora
qayıdacağımızı düşünməliyik, o
gözəl məkanları, babalarımızın ruhunun
uyuduğu, yüz illərlə yaşadığımız
doğma torpaqları düşmənə
bağışlamaqla barışmamalıyıq".
Fikrət
ƏLİYEV, Akademik
Fərrux
RÜSTƏMOV,
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2022.- 17 noyabr.- S.15.