Ədəbiyyatda Əli
İldırımoğlu fenomeni
Bu gəlimli-gedimli dünyada zaman-zaman ömürlər
daşınır, elə hey, həyat dolub-boşalır. Mini gedir, min
biri gəlir. Dünyasını dəyişən
hər insan özüylə birlikdə zamanın da bir
parçasını aparır. Zamanda,
sanki, bir boşluq yaranır. Zaman donur, zaman zamansızlaşır...
Düzdür, ölüm də bir növ həyatın
davamıdır. Hər gediş,
ömrü sona yetmiş hər bir insanın yoxluğu həyatın
gərdişini pozmur. Həyat öz ritmində
davam edir. Gecəylə gündüz ahəngdar şəkildə
bir-birini əvəz edir, Günəş yenə Şərqdən
çıxır, insan münasibətlərinin ali dəyərləri dəyişmir. Amma... Elə ömürlər də var ki, yeri dolmur,
unudulmayan insanların yeri əbədi görünür.
Böyük söz ustadı, ədəbiyyat nəhəngi
Əli İldırımoğlu ömrü də belələrindəndir.
Əli müəllimi bizdən iki illik zaman məsafəsi ayırır. Yaşasaydı, bu gün 95 illiyini qeyd edəcəkdik. Amma gəlin görək, bu iki ildə o, sevdiklərinin, sevimlilərinin, etibarlı insanların, sadiq oxucularının qəlbindən bir an belə çıxıbmı, onların yaddaşından bir an belə silinibmi? Xeyr! Əsla! Əli İldırımoğlu məhəbbəti onu sevən minlərlə insanın ürəyində zaman ölçülərinə qalib gəlmiş, vaxtın ucalığına yüksəlmişdir. O, istedadlı yazıçı, işıqlı söz adamı, kamil nasir, əzəmətli şəxsiyyət kimi minlərlə insanın qəlbində əbədiyyətə qovuşub. O, İldırım kişi, Nazim İlham, Əmrah Yüzbaşı, Mürşid kişi, Qənirə, Bəsirə, Höcət Cahangir kimi ölməz, cahanşümul qəhrəmanları ilə bu gün də hər birimizlə çiyin-çiyinədir, göz-gözədir, kürək-kürəyədir. Hər gələn səhərlər bizim üçün Əli İldırımoğlu ilə yenidən açılır, hər düşən axşamlar onun canlı, ölməz siluetilə süslənir. O, hər bir məclisdə, hər yığıncaqda, hər yerdə bizimlədir. Öz əzəmətli şəxsiyyəti, öz müdrik zəkası, simvola çevrilmiş, hər birimizin həyat bələdçisinə çevrilmiş hikmətli sözləri ilə həyatımızdadır. Sən, unudulmazsan, Əli müəllim! Könülləri fəth etmiş, qəlblərdə daim, əbədi yuva qurmuş insan unudularmı?..
Yaradıcı güc bütün zamanlarda hər cür şərhə, hər cür müzakirəyə yer qoymadan bütün sxolostik statiskanı vurub dağıdır, ehkamları alt-üst edir, həyatın gözəgörünməz tempindən qaynar bir impuls qazanaraq, hətta başqalarının nəzərində solub getmiş həyat hadisələrinə, insanlara, yaşanılmış və yaşanılacaq nəsnələrə yeni nəfəs, yeni can verir. İnsan həyatının bütün lövhələri, hətta zamanın fırtınalarına duruş gətirməyib itib-batmış səhnələri də yeni sonluq kəsb edir, yazıçı qələmindən yeni nəfəs alaraq həyatın bir parçasına çevrilir. Buna yazıçının gözəgörünməz gücü, ilahi mahiyyəti rəvac verir.
İlahi yazıçı ilhamı yoxdan var
edir, həyatı gözəgörünməz bir qüvvətlə
təravətləndirir, insan yaşamına yeni şövq və
nəfəs bəxş edir. Bu, ilahi gücə bərabər
bir şövqdür, ehtiras və yaradıcı qüvvədir.
Platon
deyirdi ki, insanda həm insani, həm də ilahi
başlanğıclar var, o, transendent bir varlıqdır. Allahda
özünə bənzərlik tapmaq insana məxsus bir qabiliyyətdir.
İnsanın mahiyyətində ilahi və
fövqəltəbii dünyanı dərk etmək imkanı
var. Belə fövqəltəbii qüvvəyə daha
çox yaradıcı insanlar haqq edir. Onlardan
biri də unudulmaz söz ustadı Əli
İldırımoğludur. Böyük ədib
yaradıcılığı boyunca öz əsərlərində
insan həyatı və yaşamının sirlərini
çözələmiş, insanı ali
mərtəbəyə qaldırmış, ədəbiyyatda
realizmin sərhədlərini genişləndirərək həyat
həqiqətilə bədii həqiqətin sintezindən yeni
düşüncə orbiti yaratmışdır. Onun realist qəhrəmanları həm də ilahi
qüdrətlə süslənmiş, özünəməxsus
keyfiyyətlərlə dünyanın yeni düzənində
layiqli yer tapmışdır. Onlar nə
fanatik inqilabçılardır, nə də üsyankar
çılğınlardır. Bu insanlar mübarizdir,
döyüşkəndir, həyatın ritminə hər an təsir göstərə biləcək
güc sahibləridir.
İnsanın mənəvi cəhətdən
formalaşması və yüksəlişində ilahi
başlanğıcla bərabər, sosial mühitdə
aldığı tərbiyə, yüksək zəka, fövqəlbəşəri
duyğular, mükəmməl özünütərbiyə
böyük rol oynayır. Buraya öz
xalqının zəngin dəyərlərini dərindən əxz
etmək keyfiyyətlərini də əlavə etsək, bu
mükəmməllik kifayət qədər tamamlanmış
olar. Cəmiyyətin inkişaf göstəricilərindən
olan milli mənəviyyat isə öz mahiyyətinə görə
xalqa, milli topluma daha doğma olur, onun ovqatını
yaşadır. İctimai rəyin
gücü ilə qorunan bu fenomenal sosial normalar insanın
daxili dünyasını əks etdirən mənəvi aləmlə
qırılmaz tellərlə bağlı olur. Əli İldırımoğlunun qələmilə
süslənmiş qəhrəmanlar, millətin seçkin
övladları bu sağlam əxlaqi-sosial cəhətlərlə
zəngindir. Hər biri əzəmətli
taleyə malik bu qəhrəmanlar unudulmaz simaları, öz
inanclarına vurğunluqları, coşğun,
şövqlü fəaliyyətləri ilə oxucu
yaddaşını zəbt edir, Azərbaycan ədəbiyyatında
yeni nəfəsə, Əli İldırımoğlu nəfəsinə
rəvac verir.
Bu bəşəri missiyanı yerinə yetirən
Əli İldırımoğlu ənənəvi ədəbi
yaradıcılıq normalarına nə qədər sadiq qalsa
da belə, son anda yenə öz dünyasında, mizan-tərəzisində,
ahəng və ritmində yaşamaqda davam etmiş,
özünəməxsus orijinal ədəbiyyatını
yaratmaqla məşğul olmuşdur. Bu ədəbiyyat hadisələrə
yanaşması ilə yenidir, xalq içindən
çıxmış, xalqın problemləri ilə
yaşayan, onun dərd-sərinə aşina olan, onun daxili tələbatları
ilə nəfəs alan qəhrəmanları
ilə orijinaldır. Leksik-linqvistik imkanları, xalq deyimlərinə
ədəbi norma təbiəti bəxş
edən dili ilə bənzərsizdir. Saf
üslubu, səlis ifadə gözəlliyi,
görüntülü, tutumlu, obrazlı təfəkkür tərzi
ilə yenidir. Əli
İldırımoğlu əlinə qələm
aldığı gündən bu orijinal üslubuna sadiq qalaraq
Azərbaycan həqiqətlərini böyük şövq və
coşqu ilə bəyan etmiş, canlı həyat lövhələri,
ədəbi obrazlar qalereyası ilə xalqımızın
yaxın-uzaq keçmişi barədə, qəhrəmanlıq
tarixi haqqında canlı salnamələr
yaratmışdır.
Əli İldırımoğlu
yaradıcılığına insanın mənəvi zənginləşməsi
kontekstində yanaşdıqda onun əxlaqi-mənəvi
keyfiyyətlər baxımından azərbaycanlı insan tipini
bəşəri ideyalarla zənginləşdirməsi üzə
çıxır. Yazıçının mövcud cəmiyyət
ilə onun gələcək perspektivləri arasında əlaqələri
əks etdirən nəsr əsərləri sistemli şəkildə
bu ideyanı irəli sürür. O, gerçək və
real həyat hadisələrini, obyektiv gerçəklikləri
ədəbi düşüncəyə çevirir, həyatın
qaynar və mübarizələrlə dolu təbiətini bədii
predmetin əlahiddə ovqatına ustalıqla kökləyə
bilirdi. Bunun əsasında isə bütün
ziddiyyətli və kommunikativ təbiətilə dünyaya
meydan oxuyan insan dururdu. Onun tanıdığı, bələd
olduğu, fəaliyyət və mübarizəsilə
baş-başa dayandığı insan... O, insan həyatını
bütün incəliklərinə qədər çözələyə
bilir, onun ilahi və sosial təbiətini geniş, zəngin həyat
təcrübəsi işığında əks etdirməyi
yaxşı bacarırdı. O, obraz və qəhrəmanlarını
keçmişdən alırdısa, onların mənəviyyat
və zəkasını gələcəyə yönəldirdi.
Beləliklə, əsərlərilə həyatın
dinamizminə və dialektik inkişafına yeni töhfələr
verirdi. Bu, ədəbiyyatda Əli
İldırımoğlu idealı idi.
Xalq
şairi Ramiz Rövşən Əli
İldırımoğlunun məhz, bu dünyəvi dəyərlər
üzərində qurulmuş yaradıcılığına
işarə vuraraq yazır: "90-cı illərin əvvəllərində
Əli müəllim sözün həm hərfi, həm də
məcazi mənasında müxbirlikdən, qəzetçilikdən
tədaüdə çıxdı. Və o vaxtdan bir yorulmaz,
peşəkar yazıçı kimi fəaliyyətə
başladı... Və bu əsərlərdə ("Mənim
rəncbər atam", "Qarlı gecələr" və
s.) o, öz yaddaşının, təxəyyülünün
gücünə zaman etibarilə də daha uzaq məsafələrə,
50-ci, 40-cı, 30-cu illərin kəndinə səyahət edir,
çoxdan unudulmuş, yoxluğa qovuşmuş insanları, hadisələri
bədii sözün köməyilə diriltməyə,
yaşatmağa can atır, o illərin təkcə bədii
deyil, həm də mənəvi-əxlaqi mənzərəsini
göstərməyə çalışır. Və onun əsərlərinin,
məhz, həmin 50-ci, 40-cı, 30-cu illərdə
"isti-isti" yazılmış, orta məktəb dərsliklərinə
salınmış məhşur kənd romanlarından əsas
fərqi də, təsvir olunan hadisələrin və
insanların o dövrün sovet ideologiyası baxımından
yox, xeyir və şər, haqq və nahaq, vicdan və əxlaq
kimi əbədi dəyərlər baxımından qiymətləndirilməsindədir".
Doğrudan da, Əli İldırımoğlu
mövzusundan asılı olmayaraq müraciət elədiyi həyat
hadisələrinə vicdan və mənəviyyat
ölçüləri ilə yanaşmışdır. Ömrü zəhmət
və mübarizələrdə keçmiş bu insan həyat
tərbiyəsi nəticəsində hər cür dar
düşüncəli məhdudiyyətə, ehkama
çevrilmiş sxolostik təfəkkürə, hər
cür qəddarlığa və amiranəliyə köklənmiş
mənəviyyata qarşı çıxmışdır.
O, bunları ruhunda, canında tam varlığı ilə
yaşadaraq yaratdıqları obrazların təbiətinə
də hopdurmuşdur. Ədib öz
yaradıcılığında mənəviyyat məsələlərinə,
insanın dəyişkən və kommunikativ təbiətinə
həssaslıqla yanaşmış, yaratdığı
obrazları milli-mənəvi dəyərlərlə zəngin
personalar kimi təqdim etmişdir. Onun müraciət
etdiyi hadisələrin təbiətində, xarakterində,
daxili dinamizmində, qəhrəmanlarının həyat tərzində,
düşüncəsində, iç dünyasında və sərgilədiyi
sosial psixologiyada bütün parametrlərilə milli həyatımızın
dolğun cizgiləri yaşayır. Bu cizgilər
tamlaşdıqca, bütövləşdikcə vahid bir ideya,
estetik mahiyyət kimi üzə çıxır. Müəllif
bu ideyaları, bu fikir və yaşantıları uzaqda
axtamır - özündə, öz kənd-kəsiyində,
millətin bir parçası olan nəsl-nəcabətində,
bir az da genetik kodunda...
Əli İldırımoğlunun yaratdığı qəhrəmanlar
vətənə, torpağa bağlı olan layiqli və
namuslu həmvətənlərimizdir. Bu qəhrəmanlar
xalqımızın min illərdən üzübəri
formalaşmış yaddaşını, həyat tərzini,
yaşam formasını, əxlaqını, mənəvi dəyərlərini
ləyaqətlə yaşadıb çağdaş
dövrümüzə qədər çatdıran
insanlardır. Onlar kimdir? Namuslu əməyini
ən uca bayrağa çevirən, dəhnə bağlayan, zəmi
biçən, ot çalan, toxum səpən, bununla bərabər
müdrikliyi, ağayanalığı və alicənablığıyla
nümunə olan İldırım kişi ("Mənim rəncbər
atam"), mərd, mübariz, sözübütöv,
gözü-könlü tox Nazim İlham, Qaçaq Qabil
("Zorən jurnalist"), Höcət Cahangir, Sücəddin
("Aqibət"), Nəcəf ("Daş yağan
gün"), Mürşüd kişi ("Qoca macgəl"),
Əmrah, Mövlamverdi ("Əmrahsız qalan
dağlar"), "Kişi Tavat", Cəbrayıl,
İbadulla ("Közərən sətirlər") və
başqaları... Bu obrazlar - vətənin
layiqli övladları xalqı təmsil edir, öz şəxsiyyətində,
daxili yaşantısında və təmizliyində ötən
nəsillərin mərdliyini, mübarizliyini, əxlaqi
saflığını, mənəvi ucalığını
qoruyub saxlayır. Onlar müəyyən
bir rakursdan cəmiyyətin güzgüsünə
çevrilir və toplumda, birlikdə yazıçının
öz ümumiləşmiş obrazını
formalaşdırır. Bu qəhrəmanlar
xalqın ən nəcib cəhətlərini özündə
yaşadan subyektivləşmiş xalqdır, vətəndir.
Subyektivləşmiş fərdlər həm də
ümumi toplumun, xalqın xüsusiyyətlərini yaşadan
ictimai faktorlardır. Filosof Şükran Dədəyev
"Psixika" əsərində fikirləri bu məqama
yönəldərək yazır: "Subyektivləşmə,
insanlaşma ilk növbədə, insan psixologiyasının, mənəviyyatının
və xarakterinin yaranmasını tələb edir. Məlumdur ki, yaşamaq üçün mənəvi
əsaslar, təhrikedici xüsusiyyətlər mühüm əhəmiyyətə
malikdir. Çünki yaşamaq
üçün fərdə lazım olan fundamental subyektivləşmə
prinsipləri, yaşamağa əsaslandıran xüsusiyyətlər,
məhz, insan psixologiyası daxilində olan mənəviyayatda
cəmləşir". Əli
İldırımoğlu da cilalanmış,
saflaşmış bu mənəviyyatı ortaya qoyur, qəhrəmanlarını
vicdan qanunları ilə sınağa çəkir, subyektivləşmiş
şəxsiyyətləri əsərlərinin baş qəhrəmanı
kimi təqdim edir.
Azərbaycan insanının subyektivləşməsi,
özünü, öz şəxsiyyətini
araşdırması, öz mənəviyyatını, əxlaqını,
ruhi yaddaşını, psixoloji yaşantılarını
dövrə adekvat kökləməsi zamanın tələbi kimi
ortaya çıxır. Çağdaş ədəbiyyatımızın,
o cümlədən, Əli İldırımoğlunun baş
qəhrəmanları da, məhz, subyektivləşmə
prinsiplərini fərdi və milli düşüncə
müstəvisində mənəvi məcrada fundamental şəkildə
birləşdirməyi bacaran insanlardır.
İnsanın həyat və yaşam uğrunda
mübarizəsi, onun bu yolda nümayiş etdirdiyi mərdlik,
dönməzlik, cəsarət, qorxmazlıq və bu kimi keyfiyyətlər
Əli İldırımoğlunun əsərlərində həmişə
qəhrəmanın mənəvi-psixoloji mükəmməlliyi
kimi önə çəkilib. Onun
yaratdığı psixoloji cəhətdən güclü, mənən
zəngin insanlar mübarizliyi və qətiyyətilə həyatda
son anda qələbə qazanmış olurlar. Eləcə, fundamental milli-mənəvi və sosial
dəyərləri də öz şəxsiyyətində
onlar yaşadırlar. Müdriklər deyir
ki, insanın insandan gücü yox, iradəsi artıq olur.
Məhz, insanı da bu iradə, təpər,
daha doğrusu, psixoloji dözümü qələbəyə
aparır. Biz məşhur, sanballı, bədii
cəhətdən mükəmməl əsərlərin, hətta
əfsanələrin, dastanların, mif və
nağılların qəhrəmanlarını da belə
görmüşük. İnsanın bir
şəxsiyyət kimi formalaşmasının əsasında
da daxili dəyanət, dözüm, iradə və digər
ciddi psixoloji amillər dayanır. İnsanı
güclü edən də bu eleksirdir, bu mənəvi cövhərdir.
Əli İldırımoğlu qəhrəmanlarının
xarakteri də bu mənəvi-psixoloji keyfiyyətlərlə zəngindir.
Psixoloji cəhətdən yenilməz və səbatlı olan
bu insanlar öz "mən"ləri, həm də cəmiyyət,
mənsub olduqları xalq və millət qarşısında
özlərini daim məsuliyyətli hiss edirlər. Onları sonadək mübariz əhval-ruhiyyədə,
döyüşkən ovqatda saxlayan bu ruhi müvazinət, psixoloji
dözüm və şəxsiyyətlərinə, ləyaqətlərinə
hörmət, doğma xalqının dəyişməz-pozulmaz
mənəvi dəyərlərinə, adət-ənənəsinə
ehtiramdır.
Əli İldırımoğlunun əsərləri
süjet və fabula cəhətdən təzadlı hadisələr
üzərində qurulur. Bunun özü, bu bədii
vasitələr, insan pixologiyasının
araşdırılması, qəhrəmanların bitkin bir
obraz kimi canlandırılmasına şərait yaradır.
Burada milli özünəməxsusluq sosial
psixologiya ilə qoşalaşır və qovuşur. Məsələn, "Aqibət" romanında
hadisələrin təzadlı inkişafı ziddiyyətlər
fonunda bir-birini aşkarlayan zaman və məkanın vahid məntiqdə
birləşərək harmoniya yaratması
yazıçının poetik axtarışları kimi təzahür
edir. Bağırla Sülək Şahnəzərin
qarşıdurması, Lüt Qasımın oğlu Lovğa Səftərlə
bağlı səhnələr, Qənirənin uğursuz
taleyi, Höcət Cahangirin Sibirə sürgün edilməsi,
oğlu Sücəddinin tale yolunun da bu ünvandan keçməsi,
Sücəddinin həbsxanadan qaçıb vəfasız
nişanlısı və onun anasını qətlə yetirməsi
belə bədii priyomlarda aşkarlanan məntiqi təzadlarıdır.
Yazıçının "Zorən jurnalist", "Mənim
rəncbər atam", "Qarlı gecələr",
"Daş yağan gün", "Əmrahsız qalan
dağlar" və başqa əsərlərinin süjetində,
fabulasında da belə təzadlı, lakin bir-biri ilə
sıx bağlı olan, bir-birini tamamlayan hadisələr, insan
taleləri dayanır.
Azərbaycan xalqı əsrlər boyunca
formalaşmış zəngin və dərin təfəkkürü,
elmi-mənəvi, ədəbi-kulturoloji fəaliyyəti ilə
həm regionda, həm də geniş götürdükdə
dünyada yaxşı tanınmış, öz
varlığını zaman-zaman sübut etmiş, daim
özünəməxsus üstün keyfiyyətləri ilə
fərqlənmişdir. Bu dəyərlər və mədəni təcrübələr
isə vaxtaşırı, məhz, dillə, şifahi,
yazılı ədəbiyyat və sənətin digər
növləri vasitəsilə
ötürülmüşdür. Odur ki,
dil faktoru mədəni təzahür kimi bütün dövrlərdə
öz aktual mövqeyini büruzə vermişdir.
Sələflərinin müqəddəs yolunu ləyaqətlə
davam etdirən Əli İldırımoğlu da əsərlərində
təsvir etdiyi real olaylara estetik mövqedən
yanaşmış, Azərbaycan dilini inkişaf etdirərək
onun hüdudlarını genişləndirmişdir. Onun dili,
obrazlı ifadə tərzi nəsrimizdə özünü
hadisə kimi büruzə vermişdir. O, jurnalist kimi uzun
müddətli təcrübədə öz dilini daim
cilalamış və təkmilləşdirmişdir. Bu dil milli düşüncə təcrübəsinə
əsaslanan folklor dilidir. Bu dil dəyərlərinə
sadiqliklə yazıçı özünü novator kimi
sübut edə bilmişdir. Tədqiqatçılar,
elm adamları yazıçının ədəbi dilinin
xüsusiyyətlərindən, leksik tərkibindən,
frazeoloji vahidlərindən, dialekt və şivələrə
ədəbi dil ahəngi gətirməsindən, onları ədəbi
dil normalarına uyğunlaşdırmasından geniş bəhs
etmişlər. Müəllifin zəngin dili, çevik,
işlək və professional üslubu, şirin təhkiyəsi
barədə akademik Nizami Cəfərov "Köhnə
kişinin dili" adlı məqaləsində yazır:
"...Xalq dilindən gələn bu mükəmməllik
müəllif tərəfindən o qədər təbii mənimsənilmiş
və əsası, o qədər təbii təqdim
olunmuşdur ki, bütövlükdə mətnin həndəsi
sxemini çəkmək mümkündür. ...Etnoqrafik-əxlaqi
kanonlarla yanaşı, müasir ictimai həyatı, təbii
(və süni) prosesləri bir publisist istedadı ilə dərindən
bilən Əli İldırımoğlunun dil həssaslığı
nə qədər ənənəvidirsə, o qədər
müasirdir. Və nə qədər müasirdirsə,
o qədər ənənəvidir".
Əli İldırımoğlu əzəli-əbədi
torpaqlarımızla bağlı daim bir
nigarançılıq yaşamışdır. Torpaqlarımız
düşmən əsarətində olan dövrdə erməni
vandalları o yerlərə qəddarcasına divan
tutmuşdur. Belə məkanlarımızdan
biri də müəllifin ana yurdu Qubadlıdır. Oralarda təbiət də təbiilikdən
çıxmışdı. Erməni
vandallarının amansız fəaliyyəti nəticəsində
təkcə ev-eşiklərimiz dağılmamış,
insanlarımız qırılmamış,
çaylarımız, göllərimiz, bulaqlarımız da
ekoloji tarazlığını itirmişdi. Bəli, müqəddəs torpaqlarımız sahibsiz
qalmışdı, insanla təbiət arasında harmoniya
pozulmuşdu. Yazıçı daim, xəyalən
o yerlərdə idi, içindəki zaman içində
yaşatdığı o guşələrə məlhəm
axtarır, xəyalən o yerlərə səyahət edirdi.
O yazırdı: "Sahildəki qara daşın üstünə
çıxıb çaya göz yaşı axıtdım. Çay ağlayanını, axtaranını
tapıbmış kimi dirçəldi, çalxalandı,
qıvrıldı, ilıq dalğaları əl-ayağımı
yaladı, şahə qalxıb yanaqlarımda gilələnən
göz yaşımı yudu. Axı doğmasını,
istəyənini, sevənini, pasibanını
tapmışdı..."
Azərbaycan
xalqı 44 günlük zəfər mühari
bəsində o torpaqları murdar düşmən
işğalından azad etdi. Böyük
yazıçı bu şad xəbərləri
ömrünün son günlərində eşitdi. İndi onun ruhu şaddır.
Əli İldırımoğlu
yaradıcılığının mühüm bir qanadı
jurnalistikadır. Həyatın dərin qatlarından,
ictimai-siyasi olayların özəyindən süzülüb gələn
jurnalistika bədii yaradıcılığın enerji mənbəyi,
başqa sözlə, akkumilyasiyasıdır. O, sovet
dönəmində respublikanın əsas aparıcı qəzeti
olan "Kommunist"in uzun illər bölgə müxbiri kimi
həyatla sıx təmasda olmuş, onun sosial-siyasi məntiqinə
varmış, insanların xarakter xüsusiyyətlərini dərindən
öyrənərək onları publisistikamızın (əsasən,
oçerk və felyetonlarda) baş qəhrəmanına
çevirmiş, jurnalistikamızı yeni nümunələrlə
zənginləşdirmişdir. Onun publisist
yazıları müxtəlif illərdə kitab şəklində
çap edilmişdir. "Mayaklar"
(1975), "Çinarlı" (1984), "Silinməz izlər"
(1997) oçerklər, "Yazım, yazmayım" (1982),
"Telepat" (2011) adlı felyeton kitablarında
seçilmiş publisistik nümunələri
toplanmışdır.
Ədib bədii-publisistik yaradıcılıqla
yanaşı, ədəbiyyatımızın nəzəri məsələləri
ilə də məşğul olmuş, onun inkişaf meyllərini
təyin edən fikirlər söyləmişdir. O yazır: "Servantesin
fikrincə, "sənət insan həyatının
aynası, əxlaq nümunəsi və həqiqətin
timsalı olmalıdır". Yazıçılıqdan
əlavə, sadə bir oxucu kimi bu müdrik fikirlər mənə
əsas verir, deyim ki, bədii əsər belə bir təsir
gücünə və məna dərinliyinə sahib deyilsə,
o, lazımsız söz yığımından başqa bir
şey deyildir. Məncə, əsl bir ədəbiyyat
oxucunu tərbiyə etməli, onu mənən təmizləməli,
nöqsanlardan çəkindirməlidir. İdeoloji
baxımdan ədəbiyyatın vəzifəsi dilimizin,
dinimizin, əxlaqımızın, milli-mənəvi dəyərlərimizin
saflığına yönəlməlidir. Bir məsələni
də söyləyim: dövlətin idrak, intellekt potensialı
nə qədər güclü olarsa, onun inkişafı da
getdikcə sürətlənər. Hər
hansı bir silah-sursatın gücü, maddi zənginlik
idrakın yerini doldura bilməz. İdrak
varsa, deməli, yerdə qalan hər şey vardır. Bu xəzinənin dayaq nöqtələrindən biri
də ədəbiyyatdır. Idrakın
açarı yazıçıların əlindədir.
Bu, mənim bir yazıçı, ziyalı və
vətəndaş kimi qənaətimdir".
Deyirlər,
Tac Mahal sarayının belə bir xüsusiyyəti var: ondan
uzaqlaşdıqca bina insanın gözü önündə
getdikcə böyüyür. Mən Əli
İldırımoğlu kimi şəxsiyyətləri belə
təsəvvür edirəm. Biz zaman
etibarilə, məsafəcə ondan uzaqlaşdıqca, onun
siması, şəxsiyyəti gözlərimiz önündə
daha da böyüyür, əzəmətli bir yenilməzlik
qazanır. Əbədilik, ölməzlik, əlbəttə
ki, budur...
Əli İldırımoğlunun
yaradıcılığını, onun qəzet səhifələrindəki
çıxışlarını maraqla izləyirəm. Bu müəllifin
yazılarında məni ən çox qane edən cəhət
təsvir etdiyi hadisələrin, lövhələrin mərkəzində
duran canlı həyatdır, səfərbərlik
duyğusudur.
Mirzə
İbrahimov, Xalq yazıçısı
lll
Əlinin bədii yaradıcılığa meyli
güclüdür, duyğuları, müşahidələri
zəngindir. Həyatı bilməyən, ondan uzaq düşən,
mövzunu göylərdə, xəyalarda axtaran qələm
sahiblərinə məsləhət görərdim ki, Əli
İldırımoğlunun yazılarını oxusunlar,
oradakı həyat materialını, həyatın öz
parçalarını, öz problem və istəklərini
görsünlər, bəhrələnsinlər.
Bayram
Bayramov, Xalq yazıçısı
lll
Əli İldırımoğlunun əsərləri
içərisində "Mənim rəncbər
atam"ın yeri ayrıcadır. Bu roman Əli
İldırımoğlunun ömür, tale kitabıdır.
Bu əsər Əli İldırımoğlunun
"Heydərbabaya salam"ıdır. Bu əsəri
dünyada Əli İldırımoğludan savayı,
heç kim yaza bilməz. Çünki
hər sözü, hər cümləsi, hər
yaşantısı ilə bu, onun özünün
yaşamış olduğu həyatdır, hər
qırpımı acısı və şirini ilə ona əziz
olan ömürdür. Orta çağda
böyük qələm adamları öz övladlarına
ünvanladığı öyüd, tərbiyə
kitabları yazırdılar. Qabus İbn Vəşmgir
"Qabusnamə"ni öz balasına
tövsiyələr, hikmətlər toplusu kimi qələmə
aldı. Nəsirəddin Tusi "Meyar ül-əşar"ı
öz oğluna şeiriyyət, ədəbiyyat dərsliyi kimi
ərsəyə gətirdi. Vəhid Təbrizi "Cəmi-müxtəsər"i
babasına əruz vəzninin sirlərini anlatmaq
üçün yazdı, Abbasqulu ağa Bakıxanov "Nəsihatnamə"sini
öz uşağına əxlaq bələdçisi kimi
qoşub-düzdü... Amma bu kitablar
hamısı bütöv Millətin kitabları oldu. Əli İldırımoğlu da bu kitabı ən əvvəl
öz balalarına, nəvə-nəticələrinə bir
yaddaş dərsliyi olaraq, kökün, əslin, yurdun və
onun köksündəki hər nəsnənin qədrini bilməkçün
ağıl, öyüd, ibrət aynası kimi yazıb.
Amma daha bu kitab yalnız onun öz övladlarının deyil..
Rəfael
Hüseynov, Akademik
lll
...Xalq
dilindən gələn bu mükəmməllik müəllif tərəfindən
o qədər təbii mənimsənilmiş və əsası
o qədər təbii təqdim olunmuşdur ki,
bütövlükdə mətnin həndəsi sxemini çəkmək
mümkündür... Çünki bu mətn mənşəyi
etibarilə yazılı təfəkkürün hadisəsi
deyil. ...Etnoqrafik-əxlaqi kanonlarla yanaşı,
müasir ictimai həyatın, təbii (və süni) prosesləri
bir publisist istedadı ilə dərindən bilən Əli
İldırımoğlunun dil həssaslığı nə qədər
ənənəvidirsə, o qədər müasirdir və nə
qədər müasirdirsə, o qədər ənənəvidir.
Nizami Cəfərov, Akademik
lll
Əli İldırımoğlunun əsərləri aşıladığı nəcibliyə, xeyirxahlığa, humanizmə, bir sözlə, ali insani dəyərlərə görə durma çırağına bənzəyir. Ancaq o, həmin çırağı bəni-adəm üçün yandırır ki, iblisə aldanıb, nəfsə uyub yolunu azmasın. Onun yandırdığı xeyirxahlıq çırağı niyə mələklərdən üstün yaranmasını insanın yadına salır? Yada salır ki, insan yeganə şüurlu varlıq olduğu üçün dünyanı da, özünü də qorumaq vəzifəsi onun çiyninə düşür. Və işıqlı ədəbiyyatın vəzifəsi budur: dünyanın, insanlığın gələcəyinə çıraq tutub şölə salmaqdır.
Bəsti Əlibəyli, Ədəbiyyatşünas
lll
Belə bir yaradıcılıq təcrübəsinə, həyat biliyi və müşahidəsinə malik nasirin indi janrın iri formalarına keçmək təşəbbüsü təbii və qanunauyğundur. Zəngin həyat müşahidəsi və xatirələrini roman şəklində ifadə etdiyi "Həmin adam" əsəri ilə tanışlıq bu qənaəti möhkəmləndirir. Əsər hər gün, hər addımda üz-üzə gəldiyimiz ciddi maneələri, cəmiyyətin inkişafını ləngidən psixoloji sədləri ibrətamiz hadisələr, canlı xarakterlər təzadında açıb göstərir. Jurnalistlərin ictimai-mədəni həyatda mövqeyi, xalq mənafeyinə ləyaqətlə xidmət yolunda qarşılaşdıqları çətinliklər əsərdə hadisələrin iştirakçısı olan müxbirin yaşadığı aləmin bədii inikasıdır. Buradakı konflikt və insanların taleyi ilə bağlı epizodlar Əli İldırımoğlunun illər boyu qarşılaşdığı, şahidi olduğu redaksiya həyatının özünəməxsus daxili dünyasıdır.
Qasım Qasımzadə, Filologiya elmləri doktoru
Loğman
RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2022.- 17 noyabr.- S.10-11.