Tolerantlıq: Azərbaycanın "yumşaq güc"
strategiyası
Qlobal dünyada inteqrativ tərzdə beynəlxalq münasibətlərin həyata
keçirilməsi ilə
bağlı iki mühüm yanaşma tərzi mövcuddur: "sərt güc" (hard
power) və "yumşaq
güc" (soft power). Siyasətşünas alim Josef Nye "sərt güc" və "yumşaq gücü" bir-birindən belə fərqləndirir: "Yumşaq
güc mədəniyyət,
dəyərlər və
ideyalar vasitəsilə
yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur
etməkdir". Bu mənada yumşaq gücün əsas xüsusiyyəti sivil fəaliyyətdir. Nyenin də
qeyd etdiyi kimi, onun əsas
istiqamətləri dəyərlər,
daxili və xarici siyasətdə mədəni müxtəlifliyin
və dialoqun inkişafını tətbiq
etməkdir.
Multikulturalizmin birbaşa tolerantlıq anlayışı ilə əlaqəsi var. Tolerantlıq
multikulturalizmin, o cümlədən,
bütün bəşəri
münasibətlərin əsasında
duran etik əsaslardan biridir. "Tolerantlıq"
latın mənşəli söz olub, dilimizə "dözümlülük" kimi
tərcümə olunur.
"Tolerantlıq" terminini
"təmkinlilik", "səbrlilik", "qarşılıqlı
hörmət" və
"ehtiram" kimi mənaları da ehtiva edir. "Tolerantlıq məfhumunun ortaya çıxması
XVII əsrə təsadüf
edir. Məhz məşhur İngilis
filosofu və təbii hüquq nəzəriyyəsinin banisi
Con Lokk XVII əsrdə
qələmə aldığı
"Tolerantlıq məktubu"
adlı traktatında xristian din qardaşlarına
müraciətlə bir-birlərinə
qarşı dini dözümlülük göstərmələrini
və aralarındakı
məzhəbi münaqişələri
tolerant duyğularla həll
etmələrini təlqin
edirdi.
Təsadüfi deyil ki, fəlsəfə
tarixində də Antik dövrdən etibarən qarşılıqlı
hörmət və ehtiram, bir sözlə,
tolerant münasibətlər mədəni olmaq, əxlaqlı olmaq anlayışlarına istinad
edir. Bu mənada Aristotel "Nikomax etikası" əsərində
yazırdı ki,
"özünə münasibətdə
fəzilətli davrananlar"
yox, "başqalarına
münasibətdə fəzilətli
davrananlar" daha doğru hərəkət
etmiş olurlar.
Yuxarıda qeyd olunan sistemli
faktlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan multikulturalizm və tolerantlıq strategiyasını
dövlət siyasəti
olaraq tətbiq etməkdədir. Belə ki, ölkə
daxilində yaşayan
etnik qruplar və dini icmalar
bu siyasətin, o cümlədən, Azərbaycançılıq
məfkurəsini əsas
alaraq öz inkişaf dinamikalarını
təmin edirlər.
Dövlət bütün imkanlarından
istifadə edərək
milli və dini icmaların mədəniyyət və
adət-ənənələrinin qorunmasını, inkişaf
etdirilməsini öz öhdəçiliyi hesab
edir. Prezident İlham Əliyevin bu fikirləri tam olaraq qeyd olunan
dövlət siyasətinin
əsas tezislərini təşkil edir: "Hər bir cəmiyyətin
gücü onun dini və milli
müxtəlifliyindədir... Əlbəttə, bunun üçün
ənənələr lazımdır,
eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır.
Azərbaycanda hər iki amil mövcuddur".
Digər
tərəfdən "Multikulturalizmə
giriş" və
"Azərbaycan multikulturalizmi"
fənlərinin ölkə
daxili və xaricində ali
məktəblərdə tədrisi,
eyni zamanda bu siyasətin mühüm tərkib hissəsidir. Təsadüfi
deyil ki, bu sahədə ən son addım, Rumıniyanın ən qədim universiteti olan Aleksandr İohan Kuzi adına Yassı Universitetində Azərbaycan
Dillər Universitetinin
rektoru, akademik Kamal Abdullanın iştirakı ilə Azərbaycan Multikulturalizm Mərkəzinin açılışının
olması bunun bariz nümunəsidir.
Azərbaycanın "yumşaq güc" strategiyasının funksionallığı Ermənistanla iki il öncə Qarabağ uğrunda aparılan savaşdan sonra daha da əhəmiyyət kəsb etməyə başlamışdır. Məhz "sərt gücə" dayanılaraq qələbənin qazanılması, ardınca cənab Prezidentin müxtəlif çıxışlarında "yumşaq güc" strategiyası olaraq ermənilərə sülh əlini uzatması, bu istiqamətdə düşünülmüş siyasətin fəaliyyətindən xəbər verir. Bu, dövlətin tolerant və multikultural siyasətidir. Xüsusilə Azərbaycan tərəfi bunun beynəlxalq hüquq və normalar çərçivəsində həll olunması üçün beş prinsipə əsaslanan təkliflərini təqdim etmişdir. Bu baxımdan Prezident İlham Əliyev ən son müsahibələrinin birində tam da "yumşaq gücə" istinad edən tolerantlıq və multikultural strateji anlayışını belə açıqlayır: "Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən, Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır". Əlbəttə ki, Ermənistanın bu deyilənləri qulaq ardına vurması, onlara qarşı "sərt güc" strategiyasının tətbiq olunmasını labüd edəcəkdir. Məhz əldə olunacaq sülh sazişi və yumşaq gücün tətbiqi ilə azərbaycanlılar Ermənistandakı tarixi torpaqlarından çıxarılan vətəndaşlar olaraq öz doğma yerlərinə də qayıda biləcəklər. Bunun baş verməsi, Cənubi Qafqaz regionunda uzun müddətli sülhü bəraqarar edərək regionda tolerant və multikultural mühitin inkişafına güclü təkan verəcəkdir.
Dövlət başçısı İlham Əliyevin Səmərqənddə keçirilən tədbirdəki ən son çıxışı da Azərbaycanın "yumşaq güc" strategiyasının çoxşaxəli və geniş miqyaslı olmasından xəbər verdi. Cənab Prezidentin bu fikirləri ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar üçün bir dayaq nöqtəsi və stimulverici mahiyyət daşıyır: "...Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin, bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".
Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycanın
"yumşaq gücə" dayanan tolerant və multikultural siyasət strategiyası, son 30 ildə artan inkişaf tempi ilə özünü göstərir. Bunun əsasını ölkəmizin iqtisadi gücü, II Qarabağ savaşının "sərt güc" vasitəsilə qazanılması təmin
etmişdir. Məhz bu
iki güc faktoruna dayanan Azərbaycanın
tolerant və multikultural
dövlət siyasəti regionda daimi sülhün
formalaşmasını təmin edəcəkdir.
Anar
OSMANLI
Azərbaycan Dillər Universiteti
rektorunun məsləhətçisi
525-ci qəzet.- 2022.- 17 noyabr.- S.7.