"İran Azərbaycan dövlətinin varlığını özünə təhdid olaraq görür"

 

 

"İran rejimi Azərbaycan dövlətinin varlığını qəbul edə bilmir. Xüsusilə Azərbaycanın 1991-ci ildə yenidən dövlət müstəqilliyini qazanmasını İran özü üçün təhlükə kimi qəbul etdi. Niyə? Çünki İran ağılsız bəsirətsiz bir dövlətdir".

Bu barədə "525"ə müsahibəsində Türkiyədə yaşayan güneyli fəal, siyasi şərhçi Məhsa Mehdili deyib.

Onun sözlərinə görə, əslində İranda 40 milyona yaxın azərbaycanlının varlığı Şimali Azərbaycanla yaxşı əlaqələr qurmaq, bölgədə sülhü rifahı inkişaf etdirmək üçün böyük bir potensialdır: "Lakin İranda dövlətçilik ağılsız, bəsirətsiz, terrora, hədəyə, vəhşətə dayalı olduğu üçün Azərbaycan dövlətinin varlığını özü üçün bir təhdid olaraq görür. Bu da onların yanlış siyasətləri ilə bağlıdır. İran dövləti ağıllı, xalqını düşünən bir dövlət olsa, bu ölkədə Güney Azərbaycanın, azərbaycanlıların varlığını, onların haqlarını qəbul edər, açılımlara gedər, bundan potensial güc olaraq yararlanar. Amma bunun əksini görürük. 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması Güney Azərbaycan baxımından da dönüş nöqtəsi oldu".

 

"İran Qarabağ probleminin davam etməsini istəyirdi"

 

Siyasi şərhçi hesab edir ki, 100 ildir İran güney azərbaycanlılara vətən anlayışını sırımağa çalışsa da, bütün dövlət qurumlarını bu işə səfərbər etsə , Güney Azərbaycanda vətən, Azərbaycan anlayışı getdikcə güclənib bu gün yüzminlərlə insan 100 illik assimilyasiya siyasətinə, Azərbaycana yönəlik düşmənçilik siyasətinə qarşı çıxıb "Azərbaycan var olsun" deyir. ya İkinci Qarabağ müharibəsində gördük ki, İranda azərbaycanlılar Azərbaycan bayrağını küçələrdə başları üstünə qaldırdılar. Bu aksiyalar zamanı tutulanların hələ məhkəməsi davam edir. 400-dən çox insan tutuldu, döyüldü, işdən, universitetdən çıxarıldı. Ona görə İranın Azərbaycana düşmənçiliyini bu ölkənin dövlətçilik mahiyyətinin terrora, qorxuya, bir qədər özgüvənsizliyinə Azərbaycan həqiqətlərini qəbul edə bilməməsi, onunla barışmamaq məsələsinə bağlayıram. Qarabağ müharibəsindən sonra bu yanaşma özünü daha çox göstərməyə başladı. Çünki İran Qarabağ probleminin davam etməsini istəyirdi. O, güclü bir Azərbaycanı istəmirdi. Amma istəmədiyi oldu ona görə yuxusu qaçıb".

 

"Ermənilər İran rejiminin əziz toplumudu"

 

O deyib ki, İranda ermənilər say baxımından 50 min olar, ya olmaz, amma bütün hüquqlarla təmin olunublar, hətta müstəsna hüquqları var. İranda qadınları hicab taxmaqdan azad olan təkcə ermənilərdir: "İran dövlətinin himayəsi altında Azərbaycan Türkiyəyə qarşı mitinqləri keçirənlər ermənilərdir. Onların özəl məktəbləri, öz dillərində tədris hüquqları var, geyimlərində azaddırlar, öz dini qanunları ilə evlənə bilirlər, konstitusiyada istisnalar da ermənilərə şamil olunur. Öz bölgələrindən erməni millət vəkilləri olan da təkcə ermənilərdir. Bir sözlə, ermənilər İran rejiminin əziz toplumudu.

İran Ermənistanı bölgədə özünün strateji tərəfdaşı kimi görür, hər zaman Ermənistanın nəfəs borusu olub. Qarabağın işğalı müddətində hər zaman onun arxasında dayanıb. İran Ermənistanın Azərbaycana düşmən münasibətindən, eyni zamanda erməni diasporasının Azərbaycan Türkiyəyə qarşı düşmənçiliyindən istifadə edir. Ona görə ermənilər İran üçün əziz özəldir".

 

"İran rejimi əmr qulu olmayan hər kəsin cəhənnəminə çevrilib"

 

"İran rejimi davamlı olaraq problem yaradan bir rejimə çevrilib. 1979-cu il inqilabı öncəsi İranda bir diktatura rejimi var idi. Seçim, demokratiya mövcud deyildi. Şahlıq atadan oğula keçirdi. İnsanlar diktaturaya qarşı mübarizəyə qalxdılar, ölkədə inqilab oldu, ancaq şah rejiminin yerinə islam adından, insanların inancından istifadə edən yeni diktatura gəldi. Özlərinə yeni bir səltənət, şahlıq qurdular. İslam adından çox sui-istifadə etdilər, hər çirkin işə əl atdılar. Onsuz da rejimin başında olan dini lider deyir ki, mən Allahın yerdə nümayəndəsiyəm. Bu ölkədə demokratik seçki yoxdur. Prezident belə azad seçki yolu ilə seçilmir. Prezidentin heç bir səlahiyyəti yoxdur. Dini lider deyilən, yanlışlıqla belə tanıdılan şəxs hər şeyə rəhbərlik edir insanların özəl həyatı, iqtisadi, siyasi, sosial məsələlər onun əlinin altındakı komanda tərəfindən müəyyən edilir. İranın xarici siyasətindəki yanlışlıqlara, terrora verdiyi dəstəyə görə bu ölkəyə tətbiq edilən sanksiyalar daxildə siyasi, ictimai, iqtisadi problemləri ərşə çıxarıb. İnsanların özəl həyatına belə dövlətin ciddi müdaxilələri var. yeyəcəklərinə, hara gedəcəklərinə, geyinəcəklər, hansı mahnıya qulaq asacaqlarına belə hökumət qərar verir bu təbii ki, uzun müddət sonra bezginliyə səbəb olur.

İran dinlərin, dillərin, xalqların, qadınların, dövlətə, hökumətə əmr qulu olmayan hər kəsin bir cəhənnəminə çevrilib. Uşaq yaşda qızların evlilik adı ilə ərə verilməsi, işsizlik sosial problemlər pik həddə çatıb. Bunlar dövlət üçün maraqlı deyil. Ölkənin neftdən gələn bütün gəlirini ya öz aralarında bölüşdürürlər, yaxud bir sıra ölkələrdə Livan, Yəmən, İraq, Suriyada terror qruplarını dəstəkləmək üçün istifadə edirlər. İnsanların həqiqətən yaşamağa bir ümidi qalmayıb. Etiraz edəndə çox ağır cəzalar alırlar.

Məhsa Əmirinin baş örtüsünə görə öldürülməsi bardağı daşıran son damla oldu. İranda yaşayan fərqli dinlərə, millətlərə mənsub insanlar, qadınlar, gənclər hər birinin rejimdən qaynaqlanan çox böyük problemləri var. Çox insan qorxusundan dinini belə açıqlaya bilmir. Milyonlarla insan öz dilində bir saatlıq belə dərs ala bilmir. Cəmiyyətdə işsizlik, yoxsulluq, qorxu hökm sürür. İran dövləti dövlət olmaq mahiyyətini itirib. Dövlət vətəndaşlarının problemlərini həll etmək üçün var. Orda insanların iradəsinin məhsulu olan bir dövlət var, problemləri həll edən. Sadəcə ya ABŞ-ı, ya Azərbaycanı, Türkiyəni təhdid edir, İsrailllə problemlər yaradır, fərqli ölkələrdə öncə ideoloji qruplar bəsləyir, sonra onların çiyninə silahlar verib terrorist qruplar yaradır. Bunun hamısının yükünü, maddi-sosial bədəlini İranda yaşayan xalqlar çəkir. Təbii ki, insanlar artıq bezir.

Başqa önəmli məsələ - insanlar ona görə küçələrə çıxıb ki, onların özlərini ifadə etmələri üçün demokratik platforma - azad KİV, müstəqil partiya qurmaq haqqı yoxdur. Hətta sosial şəbəkələrdə belə ən kiçik bir tənqid olsa, həmin adamı evindən aparıb cəza verirlər. İnsanlar nəfəssiz qalıb və özünü küçədə güllə qarşısında ifadə etmək məcburiyyətindədirlər".

 

"İranda qadın insan sayılmır"

 

O deyir ki, İranda qadınlara qarşı çox ciddi ayrı-seçkilik var: "Geyim azadlığı yoxdur, əxlaq polisi məktəblərdə küçənin ortasında bir qadını saxlayıb "biləyin niyə çöldədir", "Niyə saçının, paltarının rəngi belədir" deyə bilir. Yəni qadınlar daim stress altındadır. Qadın insan sayılmır. Konstitusiyada qadının kişilərin hüquqlarının yarısı qədər hüquqları var. Orda yaşadığım və bu stressi keçirdiyim üçün qadınları çox yaxşı anlayıram. Yolda gedirsən polis əlində zopa saxlayır və deyir ki, niyə gözünə sürmə çəkmisən. Bəlkə inanmayacaqsınız, universitetə bir dönəm çəkmə geyinmək yasaq edilmişdir. Aktiv olan ictimai fəal qadınlar əxlaqsız kimi qələmə verilir. İran Konstitusiyasında qızların evlilik yaşı təyin edilməyib. 1 yaşlı qızın belə atasının, məhkəmənin izni ilə nikahı kəsilə bilər. Qadınlar bir faciə, bataqlıq içində yaşayır. Azad ölkələrin qadınları bunları yaşamadığı üçün onlara inanılmaz gələ bilər. Amma bunları İran qadınları yaşayırlar. İranda qadınların küçələrə çıxıb haqqını tələb etməsinə sevinirəm. Bu, önəmli dönüş nöqtəsidir".

 

"Qarabağ müharibəsi GüneyQuzey Azərbaycanı birləşdirdi"

 

İkinci Qarabağ müharibəsi başlayanda Güney Azərbaycan üçün yeni bir tarix yazılmağa başladı. Qarabağ müharibəsi GüneyQuzey Azərbaycanı birləşdirdi. İranın Azərbaycan düşmənçiliyi, Ermənistana göstərdiyi dəstək, işğalçıya silah göndərməsi, Azərbaycanı qarşısına alaraq atdığı digər addımlar, Qarabağda Azərbaycanın qələbəsindən narahat olması, ermənilərin torpaqlarımızdan qovulmasından sonra sərhəddə nəzarəti ələ götürməsi və möhkəmlənməsi İranı narahat etməyə başladı. Tehran rejimi bunu aydın şəkildə büruzə verirdi. Amma sərhəddə keçirdiyi hərbi təlimlər və verdiyi açıqlamalarla Güney Azərbaycanda Azərbaycan, vətən anlayışının daha da gücləndirmiş oldu. Bir tərəfdən də Azərbaycanın qələbə qazanması, Azərbaycan-Türkiyə birliyinin yüksəlməsi, Güney azərbaycanlıları üçün motivasiya olmaqla yanaşı, onların milli ümidlərini də yüksəltdi. Bu da çox önəmli idi. Azərbaycan həm diplomatik masada, həm informasiya müstəvisində bu prosesi çox yaxşı idarə etdi. Cənab Prezident İlham Əliyevin son iki həftədəki açıqlamalarına diqqət etdikdə bu, Güney Azərbaycan milli hərəkatı üçün ümidin yüksəlməsi deməkdir. İranın başı bu etirazlarla bəladadır. İran bölgədə qonşularla problem yaradan, öz içərisində fərqli problemlər istehsal edən, bunu çözmək istəməyən ölkə halına gəlib. Bu etirazlarla böyük zərbələr də aldı. Ola bilsin ki, etirazlar qarşıdakı dönəmdə səngisin, rejim zopa siyasəti ilə vəziyyətə nəzarəti bir qədər ələ ala bilsin, ancaq bu, bir həqiqətdir ki, İran rejimi artıq qan itirməyə başlayıb. Hər tərəfdən baxanda görürük ki, Azərbaycan yüksəlir, Azərbaycan Türkiyə birliyi yüksəlir, Güney Azərbaycan milli hərəkatı güclənir, azərbaycançılıq anlayışı yüksəlir, İran isə zəifləyir. Bu da zamanla hər mənada bizim xeyrimizədir. Məncə, yaxşı tarixi fürsətlər olacaqbiz onları  çox yaxşı dəyərlərdirməliyik".

 

Pərvanə

 

525-ci qəzet.- 2022.- 17 noyabr.- S.6.