“Hədəfimiz
Şimali Kiprin Türk Dövlətləri Təşkilatına
bərabərhüquqlu üzv
olmasıdır”
Ufuk Turganer: ”Azərbaycan
Türkiyə ilə bərabər, Avropa stukturlarında
Kıprıs türklərinin haqqını müdafiə edir”
- Ufuq xanım, artıq bir müddətdir Azərbaycanda
fəaliyyətə başlamısınız.
Ölkəmizlə bağlı təəssüratlarınız
nədən ibarətdir?
- Bakıya ilk dəfə burdakı vəzifəmlə
əlaqədar olaraq gəldim. Daha əvvəl Azərbaycanda
olmamışdım. Təklif olunan
başqa ölkələr
də olsa, Azərbaycana özüm istəyərək gəldim.
Bizim ən böyük üstünlüklərimizdən biri məhz dilimizin eyni olmasıdır. Çox rahatıq,
hətta bəzi kəlmələr var ki, Türkiyədəki qardaşlarımız anlamır,
amma bizim ortaq kəlmələrimizdir.
Bunun özü çox maraqlıdır. Əslində, kıbrıslı türklərlə
azərbaycanlıların belə
yaxınlığı araşdırmaçıların
tədqiq edə biləcəyi bir mövzudur. Azərbaycan çox gözəldir,
bunu hər fürsətdə söyləyirəm.
Sanki ailəmlə illərdir ki, burda yaşamışam.
İnsanlar çox mehriban
və səmimidirlər.
Burda özümü ailəmdə olduğu kimi hiss edirəm. Hər şey çox gözəldir. Bakı yaşamaq
üçün rahat
bir şəhərdir.
Bir az
təbii nəqliyyat sıxdır, bizdə avtomobillər soldan, sizdə isə sağdan hərəkət
edir, amma artıq uyğunlaşırıq.
- Bəs regionlara baş çəkmək imkanınız olubmu?
- Ailəmlə bərabər
Qubada oldum, çox maraqlı şəhərdir. Soyqırım muzeyini ziyarət etdik, ordakı mənzərə insanı
dərindən kədərləndirir.
Abidənin memarlığı da çox maraqlıdır.
İki ox şəklindədir,
yəni Azərbaycanın
qəlbini deşib. Bizə soyqırımla bağlı
bilgilər verildi.
Bu yaşanan vəhşiliyin
beynəlxalq aləmdə
tanınması lazımdır.
Azərbaycanda olduğum üç
ay ərzində deyə
bilərəm ki, burda keçmişdə baş verənlər çox aydın təqdim olunur, gənclər bu mövzularda çox məlumatlıdırlar. Xüsusilə gənclərin ölkənin
keçmişini, tarixini
bilməsi və onu gələcək nəsillərə ötürməsi
çox önəmlidir.
Azərbaycan təbii gözəlliyi
ilə fərqlənir,
qarşıdakı dönəmdə
ölkənin bütün
regionlarını görməyi
arzu edirik.
- Azərbaycanla Şimali Kipr arasında hazırda təhsil və turizm sahəsində əlaqələr
var. Bu əlaqələrin səviyyəsini
necə qiymətləndirirsiniz?
- Bu sahədəki əlaqələrimizdə
bir nöqtəyə qədər gəlmişik,
amma qeyd edilən sektorlarda əlaqələrin daha da inkişaf etdirilməsi, hərəkətləndirilməsi
lazımdır. Mənim də
hədəfim, məqsədim
budur. Daha çox azərbaycanlı
gənc bizim ölkəmizə gəlib
təhsil almasını
və geri dönüb öz vətənləri üçün
faydalı işlər
görmələrini çox
istəyirik. Gənclərin hər hansı bir sualları olarsa, qapımız hər zaman açıqdır, istənilən
vaxt müraciət edə bilərlər.
Biz əlimizdən gələn köməyi etməyə hazırıq.
Turizmə gəlincə, istəyimiz
budur ki, Azərbaycanı daha çox kıprıslı
türklər, Kıprısı
isə azərbaycanlılar
ziyarət etsinlər. Doğrudan da
Azərbaycan öz tarixi, təbiəti, mədəniyyəti ilə
zəngin bir ölkədir. Həmçinin, Kıprısda da bizim üstünlüklərimiz
var, dəniz, zəngin mədəniyyət,
təbiətimiz. Qarşılıqlı
olaraq bu sahəni hərəkətə
gətirmək lazımdır.
Azərbaycanda bir çoxlarının
yaxını Kıbrısda
təhsil aldığı
üçün həmin
ailələrin bir tanıdıqları var. Məncə,
bunu dəyərləndirmək
lazımdır. Nə qədər
çox azərbaycanlı
Kıbrısa gələrsə,
biz o qədər məmnun
olarıq.
- Şimali Kiprdən
turist kimi Azərbaycana gələnlər
olur?
- Turistlər gəlir, amma sayı artırmaq lazımdır.
Burda turizmlə məşğul
olan şirkətlərin
Kıprıs bazarına
yönəlməsi lazımdır.
Bəlkə daha uyğun
qiymətlərlə çarter
reysləri açmaq olar. Kıbrıs vətəndaşları Türkiyə Cümhuriyyətinin
pasportları ilə Azərbaycana gələ bilirlər. Amma Kıbrıs pasportu
ilə səyahət etmək imkanı olsa, o zaman daha
çox turist gələcək və pul xərcləyəcək
ki, bu da
Azərbaycan üçün
böyük bir qazancdır. Biz öz pasportumuzla ABŞ və İngiltərəyə
viza alıb gedə bilirik. Yəni viza alandan sonra
bir sıxıntı olmur. Azərbaycanın da bu məsələdə Kıbrıs
vətəndaşlarına bir şərait yaratması böyük üstünlük olur.
- Ticarət sahəsində əməkdaşlıq aparılırmı
və bu istiqamətdə hansı yeni planlar var?
- Ticarət sahəsində bir durğunluq var. Bu istiqamətin inkişafı
önəmlidir. Daha sıx
ticarət əlaqələrinin
başlanması lazımdır.
Bu məsələdə də səylər göstəriləcək. 2016-cı
ilin əvvəlində
Kıbrıs Sənaye
Odasının təmsilçiləri
bura səfər etmişdilər, görüşlər
keçirildi. Biz bu sahədə sürətlə hərəkət
gözləyirik. Çünki
daha əvvəl dediyim kimi dil
problemi yoxdur, asanlıqla
iş qurula bilər. İndi həmin görüşlərin
nəticəsini gözləyirik.
- Qarşılıqlı olaraq
iki tərəfin iş adamları hansı mal və məhsulların mübadiləsini
həyata keçirə
bilərlər?
- Məsələn, Kıbrısdan
bura portağal, limon, çox dadlı pendir olan hellem, zeytun
yağı, türk qəhvəsi ixrac oluna bilər. Mərcunumuz var, sizin
mürəbbəyə bənzəyir,
amma biz Azərbaycanda olduğu kimi çayın yanında təqdim etmirik. Qəhvə içildikdən sonra mərcun bir stəkan su ilə bərabər təqdim olunur. Başqa çox dadlı şirniyyat növlərimiz
də var və Azərbaycanda onların seviləcəyinə
əminik. İş adamlarının
üzünə qapılarımız
açıqdır, nə
sualları olsa, müraciət edə bilərlər. Həmçinin,
Kıbrısa səfər
edib vəziyyətlə
yerində tanış
ola bilərlər. İş adamları bazarları
özləri araşdırmalıdır.
- Ufuq xanım, hazırda Kipr probleminin həlli ilə bağlı durum necədir?
-Danışıqlar indi də fəal şəkildə davam etdirilir. Hazırda BMT-nin himayəsi
ilə Şimali Kiprin prezidenti Mustafa Akıncı rum tərəfinin
lideri ilə müzakirələr aparır.
Hər iki liderin müzakirəçi
heyətləri var və onlar mütəmadi
görüşürlər, uzun sürən toplantılar keçirirlər.
Anlaşmanın əldə edilməsi
asan deyil. Təbii ki, ümidimiz Kipr probleminin ədalətli həlli üçün bir anlaşmanın əldə
olunmasıdır. Yəni referendum keçirilməlidir və
ümid edirik ki, rum tərəfi daha əvvəl olduğu kimi “yox” deməyəcək.
Çünki müzakirələrin sonunda bir həll
tapılmalıdır.
-Cənubi Kipr Avropa İttifaqının
üzvüdür, digər
üstünlükləri var. Bundan çıxış
edərək danışıqlarda
mövqeyinin dəyişməyəcəyini
gözləmək olarmı?
-Təbii ki, rum Kiprinin üstünlükləri
var, Avropa İttifaqının üzvüdürlər.
Avropa İttifaqı problemli ölkəni öz çətiri altına almaqla ən böyük xəta etdi. Daha sonra bunu özləri də qəbul etdilər. Rum Kipri bundan
istifadə edir. Həmçinin, 1960-cı ildən Kipr olaraq tanınırlar.
Bunun danışıqlara
təbii bir təsiri var, amma ümidimiz onadır ki, qarşı tərəf indiki
durumun belə davam edə bilməməsini anlayacaq.
- ABŞ dövlət katibi Con Kerri
gözlənilmədən Kiprin
hər iki tərəfinə səfər
etdi. Bu səfərin
bir təsiri oldumu?
- Kerrinin səfəri tarixi
və önəmli bir səfər idi. Bu kimi addımların təbii ki, təsiri olur. Ən azı sonrakı
görüşlər üçün
bu, bir nümunədir.
Çünki bir sıra ölkələrin baş
nazirləri, xarici işlər nazirləri
rum tərəfinə səfərlər
edirlər, bizimlə isə məsafəli davranırlar. Amma bu məsafəni aşmaq lazımdır. Kıbrısa da gəlməli, görüşlər keçirməlidirlər.
- Ufuq xanım, hazırda sərhəd qapıları açıqdır.
Bunun bir müsbət təsiri var?
- Bəli, sərhəd qapıları açıqdır
və yerli insanların gediş- gəlişi üçün
heç bir problem yoxdur. Amma turistlərin rum tərəfinə
keçmək üçün
vizası olmalıdır.
Sərhəd qapılarının açılmasında məqsəd
o idi ki, insanlar bir-birlərini yaxından tanısınlar,
onlar arasında bir yaxınlaşma olsun. Qapılar açıldıqdan sonra rum tərəfi kıbrıslı türklərin
həyat tərzini gördü. Çünki onlar bizim maddi
cəhətdən daha
pis durumda olduğumuzu hesab edirdilər. Amma biz Türkiyənin
dəstəyi və öz imkanlarımızla onların səviyyəsindəyik.
İki xalq arasında sosial, mədəni proqramlar həyata keçirilir. Kıbrısın
qeyri-hökumət təşkilatları
da bu işdə çox fəaldır. Düzdür, Avropa İttifaqının
da qrant proqramı var, layihələrin hazırlanmasına
maliyyə ayırır.
Lakin QHT-lər öz imkanları hesabına çox az xərclə
başa gələn piknik, rəsm sərgisi, konsertlər təşkil edirlər.
PƏRVANƏ Sultanova
525-ci qəzet.- 2022.- 17 noyabr.- S.5.