Müasir Azərbaycan qadını:
yüksək ictimai mövqedə
Tarixin bütün dövrlərində Azərbaycan
qadını öz doğma Vətəninin müdafiəsində
yaxından iştirak etmiş, siyasi və dövlət
quruculuğu sahəsində əsl vətənpərvərlik
nümunələri göstərib. Azərbaycan xalq ədəbiyyatının
ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə
Qorqud" dastanında Azərbaycan qadınlarının
savaş meydanında göstərdiyi şücaət, eyni
zamanda, Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris,
Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq
nümunəsi olan lider qadınlarımız bunun bariz
nümunəsidir.
Tarixə nəzər saldıqda Şərqdə ilk dəfə
qadına səsvermə hüququnun 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətində verildiyinin şahidi oluruq. Bu mütərəqqi
addımın atılması həmin dövrdə Şərqin
ilk müstəqil respublikasının hüquqi dövlət
quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də
ölkədə gender bərabərliyinin təmin
olunmasının parlaq göstəricisi idi.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova deyir ki, ölkədə
dövlət qadın siyasətinin əsas prinsiplərinin
müəyyən edilməsinin və dövlət səviyyəsinə
qaldırılmasının Ümummili lider Heydər
Əliyevin adı ilə bağlı olması tarixi
faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə
və sosial həyatın bütün sahələrində irəli
çəkilməsini vacib amil kimi hər zaman irəli
sürüb: "Xalqımızın hüquq və azadlığını
daim qorumuş, onun milli şüurunun formalaşmasında,
maariflənməsində böyük xidmətlər göstərmiş
Heydər Əliyev Azərbaycanda hakimiyyətinin ilk dönəmində
də, qadınlarla bağlı məsələləri daim
diqqət mərkəzində saxlamışdır. O vaxtlar da
qadın problemləri, qadınların inkişafı,
onların irəli çəkilməsi haqqında dünya
miqyasında söhbətlər gedirdi. Elə həmin
dövrdə Heydər Əliyev qadınlara diqqət və
qayğı göstərərək, onları bilik və
bacarıqlarına, istedad və intellektinə görə irəli
çəkməyə, yüksək vəzifələrə
təyin etməyə başlayıb. O dövrdə bir
çox rayonlara rəhbərlik qadınlara
tapşırılıb. Nazir və nazir
müavinləri arasında neçə-neçə qadın
var idi. Ölkə tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin
edildi. Ümummilli liderin hələ o dövrdə
öz işində, ictimai fəaliyyətində fərqlənən
qadınlara fəxri adların verilməsinə,
qadınların mükafatlandırılmasında,
orden-medallarla təltif olunmasında səyini əsirgəməyib".
B.Muradovanın sözlərinə görə, Azərbaycanda
qadın hüquqlarının qorunması, təbliğ
olunması, qadınların dövlət siyasətinin həyata
keçirilməsində və qanunların qəbul edilməsində
iştirakının artırılması dövlət siyasətinin
ayrılmaz tərkib hissəsidir.
Qadınlarla
bağlı məsələlərin həlli
üçün bir çox qanunların qəbul olunması,
fərman və sərəncamların imzalanması, beynəlxalq
təşkilatlara üzv olaraq mühüm sənədlərin
ölkəmizdə tətbiq olunması qadın
hüquqlarının reallaşması və təminatı
istiqamətində inkişafın əldə olunmasına təkan
verib: "Azərbaycan Respublikasının ali hüquqi sənədi
olan Konstitusiyaya əsasən irqindən, etnik mənsubiyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq, hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat verilir. Azərbaycan
Respublikasının Konstitusiyası qadın və kişilərin
bərabər hüquqlarının, hər kəsin əməyə
olan qabiliyyəti əsasında sərbəst surətdə
özünə fəaliyyət növü, peşə, məşğuliyyət
və iş yeri seçmək hüququnu təmin edir. Bu da demokratik cəmiyyət quruculuğunda
qadınların iştirakının hüquqi bazasının
əsasını təşkil edir. Bütün bu proseslər
də öz növbəsində ictimai-siyasi həyatın
bütün sahlərində gender siyasətinin güclənməsinə
gətirib çıxarıb. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara
qoşularaq, konvensiyaları, protokolları qəbul etmiş və
milli qanunvericilikdə qadınların hüquqları
mövzusunu təkmilləşdirib. Ölkəmiz 1995-ci
ildə "Qadınlara qarşı ayrı-seçkiliyin
bütün formalarının ləğv olunması
haqqında" BMT Konvensiyasını, həmçinin, Beynəlxalq
Əmək Təşkilatının (BƏT) qadın əməyi
sahəsində qəbul etdiyi "Yeraltı işlərdə
qadın əməyinin tətbiqi haqqında", "Bərabər
əməyə görə kişilərə və
qadınlara bərabər haqq verilməsi haqqında",
"Analığın mühafizəsi haqqında",
"Əmək və məşğulluq sahəsində
ayrı-seçkilik haqqında" və "Ərdə olan
qadının vətəndaşlığı
haqqında" Konvensiyalarını qəbul edib.
1995-ci ildə
keçirilmiş IV Ümumdünya Qadın Konfransında
dünyanın 189 ölkəsi kimi, Azərbaycan da Pekin Bəyannaməsi
və Fəaliyyət Platformasını qəbul edib. Platformanın əsas məqsədi qadınların
siyasi, iqtisadi və sosial vəziyyətlərinin
yaxşılaşdırılmasıdır. 1998-ci ildə "Azərbaycanda qadınların
rolunun artırılması haqqında" Fərman
imzalanıb və Qadın Problemləri üzrə Dövlət
Komitəsi (indiki Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi) yaradılıb. Komitə qadın
hüquqlarının müdafiəsi istiqamətində
müstəsna əhəmiyyətli işlər görüb,
tədbirlər həyata keçirib".
Komitə sədri qeyd edib ki, 2000-ci ildə imzalanan
"Azərbaycan Respublikasında dövlət qadın siyasətinin
həyata keçirilməsi haqqında" Fərman ölkədə
qadın siyasətinin daha da güclənməsinə gətirib
çıxarıb. Fərmanın icrasını təmin etmək məqsədi
ilə təsdiq edilən Nazirlər Kabinetinin 2000-ci il 26
sentyabr tarixli, 176 nömrəli Qərarına əsasən
nazirlik, komitə, şirkət, konsern və digər dövlət
müəssisə və təşkilatlarında daxili imkanlar
çərçivəsində gender siyasəti tələblərinə
uyğun olaraq gender məsələləri üzrə məsul
şəxslər təyin edilib. Bu Qərar bütün
dövlət orqanları (qurumları) və digər təşkilatların
gender bərabərliyinin təmin edilməsi ilə
bağlı fəaliyyətinin təkmilləşdirilməsinə,
həyata keçirdikləri siyasətlərə gender amilinin
daxil edilməsinə imkan verir.
Dövlət qadın siyasəti bu gün Prezident
İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək
yüksək səviyyədə davam etdirilir. Dövlət
başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə
sürətlə inkişaf edərək bölgənin lider
dövlətinə çevrilib Azərbaycan gender siyasətinin
reallaşdırılması məsələsində də
yeniliklərə imza atıb. Qadın
hüquqlarının müdafiəsi, onlar üçün
yaradılan bütün imkanların genişləndirilməsi
Prezident İlham Əliyevin dövlət siyasətində
müəyyən etdiyi prioritet istiqamətlərdəndir.
2006-cı ildə qadınlarla bağlı işlərin daha
mütəşəkkil və ardıcıl şəkildə
aparılması, ictimai həyatın bütün sahələrində
bərabər hüquqların təmin olunması sahəsində
hüquqi bazanın təkmilləşdirilməsi
üçün 2006-cı ildə
"Gender (kişi və qadınların) bərabərliyinin
təminatları haqqında", 2010-cu ildə "Məişət
zorakılığının qarşısının alınması
haqqında" Azərbaycan Respublikasının qanunları qəbul
olunub. Bu qanunların qəbul edilməsi
insanların təfəkküründə yeni
düşüncə tərzinin formalaşmasına təkan
verərək bir çox stereotiplərin qırılmasına
səbəb olub.
Millət
vəkili Hicran Hüseynovanın dediyinə görə,
ölkənin sosial və siyasi inkişafı, əhalinin
yaşayış səviyyəsinin yüksəldilməsi,
yoxsulluğun ləğv olunması, davamlı iqtisadi
inkişafa nail olunması, bütün sahələrdə
gender bərabərliyinin təmin olunması Azərbaycan
qadınlarının özünü reallaşdırması,
eləcə də ictimai həyatın bütün sahələrində
aktiv iştirakı üçün imkanlar yaradır. Bu isə Prezident İlham Əliyev tərəfindən
aparılan güclü dövlət qadın siyasətinin məntiqi
nəticəsidir. Azərbaycan əhalisinin
ümumi sayının 50 faizinu təşkil edən
qadınlar cəmiyyətin müxtəlif sferalarında
çalışırlar. Onların əldə etdikləri
ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrində
əldə etdikləri uğurlar, bütövlükdə
dövlətimizin nailiyyətidir: "Azərbaycanda fəaliyyətdə
olan ailə, qadın, uşaq yönümlü QHT-lər
respublikada formalaşan vətəndaş cəmiyyətinin
çox mühüm tərkib hissəsidir. Əgər
90-cı illərin əvvəlində bir neçə
qadın təşkilatı var idisə, sonralar həm
qadın QHT-lərin, həm də rəhbəri qadın olan
QHT-lərin sayı artdı. Hazırda təkcə
200 qadın təşkilatı fəaliyyət göstərir.
Hazırda minlərlə qadın müxtəlif
partiyaların sıravi və ya Siyasi Şurasının
üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının
qadın üzvlərinin sayı ildən ilə artır.
Onların arasında tanınmış elm, mədəniyyət
və incəsənət xadimləri, iqtisadiyyat və digər
sahələrdə çalışan qadınlar var. Siyasi
partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət
göstərən, rəhbər vəzifələrdə
çalışan qadınların da sayının artması
çox mühüm nailiyyətdir. Xüsusilə,
həmin partiyalarda yaradılan qadın şuraları və
yerlərdəki şöbələri öz fəallığı
ilə fərqlənirlər".
Hicran Hüseynova bildirib ki, Azərbaycan qadını
öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik
ideyalarının yayılmasından başlayaraq, mədəni,
dini, milli-mənəvi dəyər və ənənələri
də nəzərə almaqla davam etdirir. Bu qadınlar
bütün tarixi dövrlərdə fəal iştirak edərək,
cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini
vermişlər. Onların arasında
görkəmli dövlət, elm, mədəniyyət və
ictimai-siyasi xadimləri vardır. Qadınların
cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi
onların müxtəlif dövlət vəzifələrini
tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti
ilə məşğul olmalarıdır. Hal-hazırda
qadınlarımız dövlətin yaratdığı
bütün imkanlardan istifadə edirlər. Sərbəst
təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf
etdirməklə, peşəkarlıq səviyyələrini
artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi
ictimai-siyasi proseslərin fəal iştirakçısına
çevrilirlər: "Tarixə nəzər salsaq, görərik
ki, cəmiyyətin inkişafının bütün mərhələlərində
qadınlar kişilərlə bərabər dövlət
quruculuğunda, siyasi qərarların verilməsində fəal
iştirak ediblər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 18 noyabr.- S.13.