Həyata, vətəninə və millətinə
aşiq şair
Səni
dəli kimi sevdiyim üçün,
Sən sevən
dünyanı candərdi
sevdim.
Elxan Yurdoğlu
yaradıcılığı ilə ilk tanışlığım
bu iki misra
ilə başlamışdı. Şair
özü dəyərli
ədəbiyyatşünas Hüseyn Həşimlinin vəfatından sonra yazdığı "Sözümüzün,
elmimizin Hüseyn Həşimli itkisi"
("525-ci qəzet", 03 iyul 2020-ci il)
adlı məqaləsində
tələbə vaxtlarında
yazdığı şeirdən
həm də bu iki misranı
qeyd etmişdi.
Sonralar tez-tez eşitdiyim müxtəlif
məzmunlu şeirləri
Elxan Yurdoğlu yaradıcılığı ilə
daha əhatəli maraqlanmağıma səbəb
oldu. Onun şeirlərinə xas olan xüsusi
bir üslub və ahəngdarlıq
var. Təbiət mövzulu
şeirlərində fəsillərin
ruhunu, vətən mövzulu şeirlərində
həsrəti, nifrəti,
qürur hissini, məhəbbət məzmunlu
şeirlərində isə
duyğuların zərifliyini
duya bilirik.
Şairin
son şeirlər kitabının
da maraqlı adı var: "Payızda gilənar dadı"... Payız və gilənar.
Düşünürəm ki, kitabı əlinə alan
bir çox insan əvvəlcə bu iki məfhum
arasındakı məna
bağlılığını aydınlaşdırmağa çalışmışdır.
Jurnalist Məmməd Babayev də "Elxan Yurdoğlunun "İsmi-pünhan"ı - gilənar"
adlı məqaləsində
öz baxış bucağından yanaşaraq
bunu belə izah edir: "Yazda doğulan şairin payız sevdası var. Deyirlər ki, payız təbiətin çiçək
olduğu ikinci bahardır. Payız əhvali-ruhiyyədir. Ona sevgi ilə baxmaq lazımdır.
Elə şair də payıza həmişə
sevgi ilə baxır. Yəqin buna görədir ki, yay meyvəsi
gilənarın dadını
payızda da hiss etmək istəyir..."
Son şeirlər kitabında Elxan Yurdoğlunu həm vətənpərvər
bir türk övladı, həm zəfər hissiylə coşan bir azərbaycanlı, həm də sözə tutunub qələmindən
güc alan
bir şair kimi görürük. Yeri gəldikdə özünü
lirik qəhrəmanın
yerinə qoyub sevginin söylədə biləcəyi ən duyğulu misraları pıçıldayır onun
dilindən.
"Vətən iman
yerim" başlığı
altında topladığı
şeirlərində şairin
milli ruhu aydın şəkildə
özünü büruzə
verir. Onu bəzən dar
gündə vətənə
xidmətə hazır
duran bir əsgər, bəzən zəfərdən ilhama gələn bir şair, bəzən də minlərlə şəhidin yasını
tutan, ailələri ilə birgə bu matəmə şərik olan bir doğma kimi görürük.
Ədəbiyyatımızda XX əsrin əvvəllərində yaranıb
zamanla təşəkkül
tapmış himn janrına da müraciət edən E.Yurdoğlu hələ 44
günlük II Qarabağ
müharibəsinin ilk günlərindən
"Zəfər himni"ni (29 sentyabr 2020-ci il) qələmə almışdı. Qeyd etməliyik
ki, bu ərəfədə,
xüsusilə müharibənin
davam etdiyi bir zamanda bu
janra müraciət etməklə şair oxucuları daha da ruhlandırmaq, onların içindəki
vətən sevgisini daha da alovlandırmaq
istəmişdir. Çünki ədəbiyyatda himn janrı elə əsl vətənpərvərliyə,
mübarizəyə, müstəqilliyə
və qələbəyə
olan inamın simvoludur. E.Yurdoğlu
da bu janrdan
məharətlə istifadə
edərək "Zəfər
himni"ni ərsəyə gətirmişdi.
Daha çox klassik Azərbaycan şeiri formasında yazılan və müəyyən mənada
təntənəli marş
təsiri bağışlayan
14 hecalı bu şeirin həm də maraqlı qafiyələnmə üslubu
vardır ki, bu da şairin
yaradıcılığının bir üstünlüyüdür:
Mübarizin yazdığı məktuba
cavabam mən
Öldürmək günah, amma bu yolda savabam
mən.
Yaramdan qan axsa da,
sanmayın bitabam mən,
Gücüm yetər can üstə
dirçəlib can almağa,
Tökülən qana qarşı qanmazdan qan almağa.
- deyən şair
sanki lirik qəhrəmanının timsalında
bütün Azərbaycanın
səsi olub, millətimizin, əsgərlərimizin
qəlbindən keçən
duyğuları misralarda
canlandırıb.
Şairin
"Şəhid-şəhid böyüyürük", "Şuşa və əsgər", "Duruşu
heykəl əsgər"
kimi şeirlərində
II Qarabağ müharibəsinin
gətirdiyi hüzn, ürək yanğısı,
kədər, eyni zamanda, zəfərin doğurduğu qürur hissi və qələbə
coşqusu o qədər
dərindən ifadə
olunub ki, oxuyarkən yaşananlar, gördüklərimiz zehnimizdə
yenidən canlanır.
Fikrimizcə, E.Yurdoğlunun "Vətən
iman yerim" başlığı ilə
yaratdığı şeirlər
içərisində ən
çox diqqətimizi
çəkən məhz
"Nə yaxşı
ki, türk olmuşam" şeiridir. Türklərin yaradılışlarından bəri
keçdiyi tarixi-mədəni
mərhələləri şeirin,
demək olar ki, hər misrasında
görmək mümkündür.
"Tarix ilə həmyaşıdam" deyən
şair eyni zamanda türkü dünyanın yaradılışında
bəri zamanla yol gələn yolçu sayaraq türklərin tarixinin nə qədər qədimlərə dayandığını
qeyd etmək istəyir:
Budur gəlir Turan ordum - milyon-milyon əsgərim var,
Doğuya bax, Batıya bax - hara baxsan
əsərim var.
Sözüm anddır, andım
sözdür, hər sözümün kəsəri
var,
Ona görə
alnı açıq,
həm də başı dik olmuşam.
Nə yaxşı
ki, türk doğulmuş, türk gəlmişəm, türk
olmuşam.
Həyat, vətən və millət aşiqi kimi gördüyümüz
şair bu günə qədər zaman-zaman təəssüf,
habelə tənhalıq
hissi ilə qarşılaşır. Daim həyata müsbət düşüncələrlə baxan, dostcanlı olan şair yaxşılıqlarının əvəzini xəyanət
və riyakarlıqla aldıqda dost, həmdəm
dediyi insanlar "hər gün bir az daha
düşür gözündən".
Belə bir anda o, qəlbindən keçənləri misralara
düzməkdən də
çəkinmir:
Yeriş
öyrətdiyim, yol göstərdiyim
Yolumun üstündə
kola döndülər.
Sol yanımda yer verdiyim adamlar
Məni görən kimi sola döndülər.
Qarşılaşdığı belə həyat təcrübələri onu təkliyə, səssizliyə, eyni zamanda, özü ilə hesablaşmağa səsləyir. Bunun nəticəsində isə şairin lirik "mən"i təklikdən güc alıb qüvvətlənərək daha da vüqarla durmağı öyrənir:
Təklik səssizliyi ürküdərmi heç
Təklik qarşısında dimdik adamı?
Şairin şeirlərinə nəzəri cəhətdən yanaşsaq, yaradıcılığının necə rəngarəng olduğunu görərik. Şeirlərində ustalıqla istifadə etdiyi bədii təsvir və ifadə vasitələri: metafora, təşbeh, epitet və s. onlara xüsusi ahəngdarlıq, məna çalarlığı qatır. Xüsusən bir aşiqin səsi olub onun duyğu və düşüncələrini, qəlb çırpıntılarını qələmə aldığı şeirlərində elə bənzətmələr, ifadələr işlədir ki, bu şeirləri oxuyarkən duyğunu dərindən hiss etməmək mümkün deyil. Bunun kimi bir çox xüsusiyyətləri ilə Elxan Yurdoğlu yaradıcılığı oxucuda xüsusi heyranlıq hissi oyadır.
Yekunda isə şairin qəzəl janrında yazdığı şeirdən iki misranı qeyd etmək istərdim:
Canını sevdiyinə hər
insan qurban aparar,
Şair öz şeiri ilə ruhuna ehsan aparar.
Doğrudur, şairlər varlığında
şeirləri ilə
tanınar, yoxluğunda
isə yenə onlarla xatırlanar. Çünki
şairin ruhu
şeirində gizlidir.
Nuray
MƏMMƏDOVA,
Naxçıvan
Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı"
ixtisası üzrə I kurs magistri
525-ci qəzet.- 2022.- 18 noyabr.- S.12.