AMEA-da
“525-ci qəzet”in 30 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib -
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
“525-ci qəzet”in 30 illik
yubileyinə həsr olunmuş “Müstəqillik
dövrünün müstəqil
mətbuatı: “525-ci qəzet”
mövzusunda tədbir
keçirilib.
Tədbirdə AMEA-nın prezidenti,
akademik İsa Həbibbəyli, Azərbaycan
Mətbuat Şurasının
sədri, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların
baş direktorları,
əməkdaşları, Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsinin
əməkdaşları, Türkiyə
və Özbəkistandan
qonaqlar, eləcə də “525-ci qəzet”in kollektivi və KİV nümayəndələri iştirak
ediblər.
Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli
“525-ci qəzet”in baş
redaktoru Rəşad Məcidi Akademiyanın dostu və Azərbaycanın
görkəmli ziyalısı
adlandırıb və
onu Azərbaycan Mətbuat Şurasının
sədri seçilməsi
münasibətilə təbrik
edib. Qeyd edib ki, Rəşad Məcidin bu vəzifəyə seçilməsi geniş mənada Azərbaycan mətbuatının, xüsusilə
“525-ci qəzet”in ən
böyük nailiyyətlərindən
biridir. Onun sözlərinə görə, “525-ci qəzet”
müstəqil Azərbaycanın
müstəqillik dövrü
mətbuatının ən
davamlı və uğurlu nümunəsidir.
Azərbaycanın müstəqilliyini bərpasından
sonra ölkəmizdə
çox sayda mətbuat nümunələrinin
meydana çıxdığını
deyən AMEA rəhbəri
bildirib ki, ötən illər ərzində onlardan bir çoxu fəaliyyətini dayandırsa
da, müstəqilliyimizlə
yaşıd olan
“525-ci qəzet” öz
missiyasını aydın
şəkildə yerinə
yetirməkdədir: “525-ci qəzet”
müstəqil mətbuat
yaratmaq istəyənlər
üçün ən
böyük nümunədir.
Azərbaycanın dövlətçilik, müstəqillik ideyalarını
qoruyan, özünəməxsus
siması olan çoxprofilli mətbu orqandır. “525-ci qəzet” Azərbaycan cəmiyyətinin maraqlandığı
bütün sahələr
üzrə, istər ictimai-siyasi, iqtisadi, istərsə də elmi, ədəbi, mədəni, idman və digər istiqamətlərdə məqalə
və xəbərləri
peşəkarcasına ictimaiyyətə
təqdim edir. Həmçinin müəllifləri də genişprofillidir və bir sözlə,
“525-ci qəzet” Azərbaycanın
müstəqillik dövrü
mətbuatının flaqmanıdır”.
Akademik İsa Həbibbəyli bildirib ki, “525-ci qəzet” yarandığı
gündən Azərbaycan
alimləri ilə sıx əməkdaşlıq
edir və AMEA-nın son 30 ildəki tarixini qəzetin materiallarını oxumaqla
tanış olmaq mümkündür. O qeyd edib ki, “525-ci qəzet” daim Azərbaycan cəmiyyətini,
oxucusunu dolğun, qərəzsiz informasiya ilə təmin edib və çoxprofilli
olub bütün istiqamətlərdə fəaliyyətini
peşəkar şəkildə
davam etdirməsinin başlıca səbəbi
onun baş redaktoru Rəşad Məciddir. Akademikin sözlərinə görə,
Rəşad Məcid ictimai-siyasi xadim, görkəmli mətbuat nümayəndəsi kimi özünü sübut edib və Azərbaycan
mətbuatı tarixində
fərqli jurnalistika məktəbi yaradıb:
“525-ci qəzet” həftədə
bir dəfə Feysbuk sosial şəbəkəsindən seçmələri
çap edir. Bu, Feysbukun qəzet
variantıdır. Bir sözlə,
Azərbaycan mətbuatında
yenilikdir. Rəşad Məcid
ədəbi məktəbin
sərhədlərini aşaraq
müasir, çoxprofilli
jurnalistika məktəbi
yaradıb. Onun baş
redaktoru olduğu
“525-ci qəzet” isə
sabah gedən yollara rəhbərlik edən, ictimai fikrin formalaşmasında ön cərgələrdə
dayanan nümunəvi mətbu orqandır”.
AMEA rəhbəri çıxışının
sonunda Rəşad Məcidi və qəzetin kollektivini 30 illik yubileyləri münasibətilə təbrik
edib, onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
AMEA prezidenti üzərində
Şuşa qalasının və Xarıbülbülün təsviri
olan rəsm əsərini “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcidə təqdim edib.
Sonra
AMEA-nın Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Jurnalistikada məktəb yaratmış qəzet:
“525-ci qəzet” mövzusunda
məruzəsi dinlənilib.
Tədbirdə, həmçinin Riyaziyyat
və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə
müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə,
Türkiyədən Avrasiya
Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,
professor Qəzənfər Paşayev,
həmin müəssisənin
şöbə müdiri,
professor Şirindil Alışanlı,
baş mütəxəssisi
Ülkər Hüseynova,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru
Cahangir Məmmədli
və Əlişir Nəvai adına Daşkənd Dövlət
Özbək dili və Ədəbiyyatı
Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov çıxış
edərək qəzetin
kollektivini və baş redaktor Rəşad Məcidi təbrik edib, nəşrin Azərbaycan mətbuatına və cəmiyyətinə verdiyi
töhfələrdən danışıblar.
Daha sonra “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri
Rəşad Məcid
AMEA rəhbərinə və
çıxış edənlərə
minnətdarlığını bildirib, həmçinin akademik İsa Həbibbəylini Akademiyanın
prezidenti seçilməsi
münasibətilə təbrik
edib: “30 il bundan qabaq fəaliyyətə
başlayanda 17 Noyabr -
Milli Dirçəliş
Günü idi. 10 illik yubileyimizi
Azərbaycanın ictimai
fikrini əhatə edən insanlarla keçirmişdik. Biz qürur duyuruq ki, 1998-ci ildə o vaxt Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyevin “Neft bizim üçün məqsəd yox, vasitə olmalıdır” müsahibəsi ilk dəfə
Azərbaycan mətbuatında
“525-ci qəzet”də çap
olunmuşdu. “525-ci qəzet” həm ədəbiyyat, mədəniyyət
hadisələrinə, həm
də siyasi proseslərə münasibətdə
təmkinli mövqeyini
qoruyub-saxlayıb. 25 illiyimizi Bakı Dövlət Universitetində
keçirdik. Bunun da bir mənası var idi. Bizim əksəriyyətimiz BDU-nun Jurnalistika
fakültəsini bitirmişdik.
Akademik İsa Həbibbəyli o vaxt da Ədəbiyyat
İnstitutunda yubileyimizi
keçirmişdi”.
Rəşad Məcid Akademiya prezidentinin iştirakı ilə bir qəzetin
yubileyinin keçirilməsini
yüksək qiymətləndirib
və minnətdarlığını
bildirib.
Sonda xatirə şəkli
çəkdirilib.
525-ci qəzet.- 2022.- 18 noyabr.- S.6.