Nakam sevgi
Hekayə
Xarici ölkədə təhsil zamanı insanın
başına min cür hadisə gəlir. Burada bir məhəbbət
hekayəti də, əlbəttə, mütləq
olmalıdır. Özü də
qarşılıqsız, turş, yarımçıq sevgi.
Düzdür, həyat yoldaşım sizə rəvayət
edəcəyim əhvalatın səmimiliyinə inanmır, mənim
hiyləgər təhriflərə yol verdiyimi
düşünür. Amma mən
dürüst adamam, yalan-palanla işim olmaz. Düzü düz, əyrini əyri deyənəm.
Bu əhvalatı da təmiz vicdanla
danışacağam.
...2010-cu
ilin mart ayı idi, Novruz bayramına az
qalmışdı. Mançester Universitetində
oxuyurdum. Bir yaxın qohumum zəng eləyib, Londonda bayram
tədbiri keçiriləcəyini xəbər verdi.
Bakıdan rəqqaslar, musiqiçilər gələcək,
əyləncəli konsert olacaqdı. Məndən
bir neçə yaş böyük olan qohumum Azərbaycandan gələcək
heyətin üzvü idi. Tədbirə məni
də dəvət elədi. Təklifi
eşidəndə, açığı, tərəddüd
elədim; üzərində çalışdığım
kurs işlərim vardı, ona görə həvəssiz idim.
- Biq Benin yanında beşulduzlu bahalı oteldə
qalacağıq. İki nəfərlik geniş otaq veriblər.
Hovuz, sauna - hər şey pulsuzdur. Sən də
gəl, yaxşı vaxt keçirərik, - dedi. Dərhal razılaşdım.
Tədbirdən əvvəlki günün axşamı
Mançesterin Pikadilli dəmiryol vağzalına yollandım. Bir balaca
yubanmışdım. Bilet
yoxlanışından keçəndən sonra platformaya girib
qatara sarı addımladım. Ətraf seyrəklik idi, tək-tək
adam gözə dəyirdi. Yəqin
sərnişinlərin çoxu artıq qatara minmişdilər.
Mühərrik dayanmadan uğuldayır, tünd
yanacaq qoxusu burnumu qıcıqlandırırdı. Qatar yola çıxmağa
hazırlaşırdı.
Vaqonum ilan kimi uzanan qatarın lap baş tərəfində
idi. Platforma ilə xeyli yeridikdən sonra nəhayət,
vaqon üfüqdə işarmağa başladı. Bir də gördüm, bir qız ciddi-cəhdlə
böyük bir çamadanı vaqonuma qaldırmaq istəyir.
Uzaqdan qızı maraqla seyr etməyə
başladım; o, gah çamadanın qulpundan
yapışıb yuxarı çəkir, gah ayaqlarını
vaqonun qapısının pilləsinə qoyub, əyilərək
çamadanı özünə sarı dartır, gah da təzədən
platformaya enib, çamadanı ikiəlli qucaqlayaraq vaqona
qaldırmağa çalışırdı. Onun bütün cəhdləri nəticəsiz idi.
Yaxınlaşdıqca hər uğursuz cəhddən
sonra qızın astadan “uf” deyib fəryad etdiyini də
açıq-aydın eşidirdim. Bu
azmış kimi, hələ platformada növbə gözləyən
başqa iki böyük çamadanı da vardı.
Qızı başdan ayağı süzdüm. Boyca məndən bir az kiçik olardı, sərrast bədən
quruluşuna sahib idi. Uzun sünbülü
saçları dağılıb, üzünə
tökülmüşdü. Çamadanın
tozlu təkərləri paltarını kirlətmiş, səliqəsiz
boz izlər buraxmışdı. Üzünü
aydın seçə bilməsəm də, hərəkətlərindən
çox hirsli olduğu görünürdü. Yəqin ki, mühərriyin artan nəriltisi onu daha
da gərginləşdirirdi.
Qeyri-iradi olaraq yardıma möhtac bu gənc xanıma
kömək əli uzatmaq istədim. Qollarımı
çırmalayıb, irəli şığımağa
hazırlaşırdım ki, beynimə müəmmalı bir
səs yayıldı:
- Dayan
görək, tələsmə. Bu çarəsiz
qıza kömək etmək istəyirsən, afərin,
xeyirxah işdir. Əvəzini görəsən.
Amma bəs demirsənmi, birdən onun qüruruna toxunmuş
olarsan?.. Bəli, bəli... Axı,
buralarda belə hərəkətlər yanlış
anlaşıla bilər. Metroda, avtobusda
qadına, yaşlıya yer verəndə alınlar
qırışmır, dodaqlar büzülmür, gözlər
alovlanmır? “Yəni sən özünü
məndən artıq hesab edirsən?” - deyə
təhdidli baxışlar sənə zillənmir?.. Yox, yox,
yaxşısı budur, dinc dayan, qabaqdangəlmişlik
eləmə. Qız özü xahiş eləsə,
kömək edərsən. Qaş düzəldəcəyin
yerdə göz çıxartma.
Haradan gəldiyi məlum olmayan bu müdrik səsə
qeyd-şərtsiz itaət elədim. Xoş niyyətimi ələ
alıb cilovladım, hövsələmi möhkəm-möhkəm
basdım. Qızı gözucu izləyərək
ağır addımlarla vaqonuma yanaşdım. O isə hələ
də aram vermədən gücənir,
çamadanı yabanı heyvan kimi ram eləyib, əhliləşdirməyə
çalışırdı. Həndəvərində
dayandığımı sezsə belə, başını
qaldırıb dil açmır, əmrə müntəzir
ruhuma mərhəmət göstərmirdi. Bütün
diqqətini çamadana yönləndirmiş, inadından qətiyyən
vaz keçmirdi.
Vaqon qapısına çathaçatda hiss elədim ki,
artıq tab gətirə bilmirəm, ürəyim dözmür. Öz-özümə “Nə
deyir-desin, nə fikirləşir-fikirləşsin” - deyib
köks ötürdüm, irəli sıçradım və
qızın çamadanının qulpundan bərk-bərk
yapışdım. İngiliscə:
- İndi sizə kömək edərəm - deyib, təklifsiz-filansız
hərəkətə keçdim.
Sonra, hop!
Bayaqdan qızın zəhləsini
tökmüş çamadanı birbaşa vaqonun dəhlizinə
tolazladım. Ardınca becid hərəkətlər və
hop! İkincisini də yola saldım. Hop! Bu
da üçüncüsü! Lap cəngavər kimi!
Bu məharətə, bu sürətə nə qədər
fərəhlənsəm də, qızın üzünə
baxmağa zərrəcə də olsa, cəsarətim
çatmadı. Axırıncı çamadanı vaqona qoyar-qoymaz
qız da arxamca yuxarı qalxdı və astadan dilləndi:
- Üzr
istəyirəm, sizə çox əziyyət verdim...
Çox sağ olun...
Qızın səsində qəzəbin,
acığın yoxluğu məni rahatlatdı, ürəyimə
su səpdi. Qısaca “dəyməz” deyib,
yaxşılığın bəxş etdiyi xoş ovqatdan həzz
alaraq salona keçdim.
İçəridə
adam az idi. Boş masalardan
birini tapıb əyləşdim. Yerimi
rahatlayıb, geniş pəncərədə çölə
baxdım. Tezliklə qatar hərəkət
etməyə başladı. Gözlərim qarşısındakı
mənzərə yavaş-yavaş qaranlığa qərq
oldu...
***
Bir qədər keçmiş qəfildən pəncərədə
bir qadın əksi peyda oldu. Hiss elədim ki, yanımda dayanan var:
-
Bağışlayın, bura müsaiddirmi? - incə,
zərif bir səs qulağımı oxşadı.
Başımı çevirdim və qabağımda
bayaqkı qızı gördüm. “Bayaqkı” deyəndə
o qızdan artıq əsər-əlamət yox idi. Sünbülü saçlar daranmış,
sığal görmüşdü, parlaq, şux görkəm
almışdı. Azacıq meh əssə,
bəlkə də, qızın telləri qanadlanıb, havada
nazlana-nazlana rəqs edəcəkdi. Bəs
o mavi gözlər necə? Göz deyil, bir
cüt muncuq idi. Baxdıqca şəffaf bir dəniz
görürdün, gördükcə batırdın, səni
dənizin dibinə aparırdı o şəhla gözlər...
Çöhrə də nə çöhrə! Tərifə
sığmaz! Ay alınlı, kaman qaşlı, ox kiprikli, alma yanaqlı, iydə burunlu, qumru
ağızlı... Tamaşa etdikcə oxuduğum bütün
aşıq ədəbiyyatı gözümün önündən
qatar kimi keçirdi... Valeh olmuşdum...
- Əlbəttə, buyurun, - gözlərim hələ də
ona kilidlənmiş halda təklif etdim.
Qız da məni görcək tanıdı, azacıq
karıxan kimi oldu, yanaqları allandı.
- Bu, sizsiniz...
bir daha təşəkkür edirəm! - dedi və
yüngülcə gülümsədi.
Ehmalca, tələsmədən qarşımda əyləşdi. Çantasında
sakitcə qurdalanmağa başladı. Qızılgül
qoxulu ətrinin iyi burnuma doldu. Elə
ovsunlandım ki, nə illah elədimsə, diqqətimi
qızdan ayıra bilmədim. Növbə
ilə pəncərəyə, tavana, döşəməyə,
qapıya, masaya baxmağa çalışdım, amma gözlərim
söz dinləmədi. Onun cazibəsi
baxışlarımı maqnit kimi əvvəl-axır
dartıb özünə çəkirdi. Bu
utancverici heyranlığımı ört-basdır eləmək
üçün telefonu əlimə aldım, fikrimi
dağıtmağa çalışdım. Ancaq bir qədər keçmiş maraq yenə kəməndini
atıb, məni haqladı. Yavaşca
başımı qaldırmışdım ki,
baxışlarımız toqquşdu.
- Siz
italyansınız? - qız anidən
soruşdu.
Çaşdım, tutuldum. Nə gözəl sual idi bu! Bütün yaraşıqlı italyan futbolçular
gözlərim önündən tək-tək keçdi.
Əhvalım yüksəlməyə
başladı.
- Xeyr. -
dedim və qızın növbəti sualının nə
olacağını o qədər maraq elədim ki,
ağzıma su alıb kiridim.
Qız
dinmədiyimi görüb, təəccüblü
baxışlarla məni xeyli süzdü, amma ağlına nə
gəldisə (bəlkə də, gizli bir oyun
oynadığımızı zənn etmişdi), azacıq fikrə
getdi və gözlərini qıyaraq soruşdu:
- Onda...
siz, yəqin ki, ispansınız?
Bu dəfə də görkəmli ispan
futbolçuları ağlımda təmtəraqla
qarşılayıb yola saldım. Bir tərəfdən
də fikirləşdim ki, bu qız mənə sual-zad vermir, məni
əməlli-başlı vəsf eləyir, mədhiyyə
oxuyur. Köksüm qürurdan qabardı.
- Xeyr. - dedim və dərhal sordum - Bəs siz
haralısınız?
- Mən?
- qız karıxdı, yəqin sualı
sualla cavablayacağımı gözləmirdi. Ehtiyatla,
çəkinərək dilləndi. - Mən Rusiyadanam.
Cavabı eşitcək qulaqlarıma inanmadım. Məni
xoş təəccüb bürüdü. Dərhal rus
dilində zarafatyana etiraz elədim:
- Ola bilməz!
Qız
qaşlarını düyünləyib, çaşbaş halda
soruşdu:
- Siz rus
dilini hardan bilirsiniz?
Qamətimi dikəltdim, boğazımı
arıtladım və özümü məmnunluqla təqdim
etdim. Moskvada
bakalavr təhsili aldığımı, orada dörd il yaşadığımı söylədim.
- Necə
də xoş təsadüfdür, - qızın gözləri
parıldadı - Bəs hansı universitetdə oxuyurdunuz?
Ali məktəbin
adını çəkincə qız daha da heyrətləndi,
əli ilə açılan ağzını örtdü:
- Necə
yəni?! - ucadan dedi - O universitet düz
bizim evin yanındadır!
Həyəcanım kükrədi. Əllərim,
qollarım gicişdi. Qız da vəcdə
gəldi. Dayanmadan müxtəlif suallar verməyə
başladı: “Orada yaxında filan mağaza var, ərzaqları
oradanmı alırdınız?”, “Hündür şam
ağacları olan filan park var, heç orada gəzmisinizmi?”,
“Poçtu filan nömrəli poçt ofisindənmi göndərirdiniz?”...
Suallar bitib-tükənmirdi, mən də onlara təkrar-təkrar
“bəli, bəli, bəli” cavablarını verirdim. Təsdiq
cavabları aldıqca qızın parlaq gözləri bir az da alovlanırdı, mənimsə ürəyim
az qala yerindən qopacaqdı...
İldırım
sürətiylə Mariya ilə tanış
olduq. Tezliklə rəsmiyyəti
saf-çürük eləyib, “siz”dən “sən”ə
keçdik. Əvvəl Moskvadakı həyatımızı
sorğu-suala tutduq. Tanış məkanların
adlarını eşitdikcə ikimiz də sevindik. Məlum oldu ki, nəinki ərzağı, kofeni,
kitabı, meyvə-tərəvəzi də eyni yerlərdən
alırmışıq. Qışda
yüngülcə mülayim hava olan kimi əriyib
palçığa qarışan dümağ qarın da
qarasınca deyindik, universitetə yaxın
şirniyyatçıda satıcı işləyən kobud
Lyubanın da qeybətini qırdıq. Sonra
mövzü dönüb, bu günə gəldi.
- Noyabrda Mançester Universitetindən məzun oldum. O vaxtdan bəri iş
axtarıram. Universitetdə qiymətlərim çox
yaxşı idi, amma di gəl, iş müsahibələrində
mənimki gətirmir. Texniki müsahibələri keçirəm,
amma sonrakı mərhələdə qeyri-texniki bacarıqlara
aid suallar olur ha, onları yaxşı cavablaya bilmirəm... -
bir az duruxdu - Düzü, vakansiyaların
çoxu, onsuz da, Londondadır. Orada bir tanış
rus qız var, onunla məsləhətləşdim. Sonra qərar verdim ki, Londona köçmək
lazımdır. İndi də şələ-şüləmi
yığıb gedirəm... Ümid edirəm,
Londonda istəyimə nail olaram.
Acığım tutdu. Öz-özümə şikayətləndim
ki, belə göyçək, mehriban, savadlı qız
üçün iş tapmayan dünya, viran qalasan elə!
-
Heç nə olmaz. Ruhdan düşmə, -
dedim - Əminəm ki, London sənin üçün
düşərli olacaq. Tezliklə iş tapacaqsan, bu
günləri də unudacaqsan.
Mariyanın gözlərində qığılcım
oynadı, üzü qızardı və təşəkkür
etdi. Bu vaxt gurultulu danışan bir neçə gənc
oğlan qonşu vaqondan içəri girdi və
yanımızdan keçərkən səslərini
alçaltdılar. Hiss elədim ki, gözlərinin
qırağı ilə Mariyaya nəzər
salmışdılar. Yəqin ki, onun gözəlliyinə
heyran olduqları qədər mənə də qibtə eləmişdilər.
Həyəcanım yerə-göyə
sığmırdı. Mariya danışdıqca ona ruh yüksəkliyi
ilə qulaq asırdım. Elə bil, anidən
dünyam genişlənmiş, rənglənmişdi,
özümü daha gümrah, daha həvəsli, daha qüvvətli
hiss edirdim. Çoxdandır dil tapa biləcəyim, can
deyib, can eşidəcəyim bir xanımla tanış
olmaq istəyirdim. Bu axşam bəxt üzümə
gülmüşdü!
***
İki saatlıq yolun yarımsaatı necə gəldi,
necə keçdi - ruhumuz da duymadı. Dopdolu
ötüb-keçən bu qısa vaxtda bir-birimizin kimliyi,
yaxın keçmişi və təhsili haqqında əsas təfərrüatları
öyrəndik. Artıq sanki yad adamlar
deyildik. Məktəbdə bir sinifdə
oxumuş və ya eyni məhəllədə
yaşamış, uzun müddətdən sonra təsadüfən
görüşmüş köhnə tanışlar kimi idik.
Söhbətimizdə yüngül fasilə yarandı. İkimiz də
gözlərimizi pəncərəyə tuşlayaraq
düşüncələrə daldıq. Fikirləşdim ki, bu axşam fələk,
doğrudan da, yaxşı dövran eləyir, səxavət
göstərir. Həm Mariya ilə
danışığımız ahəngli keçirdi, həm
də bölüşdüyümüz minlərlə ortaq
şey vardı. Tək mənim yox, elə
Mariyanın da baxışı, təbəssümü,
davranışı vurğunluğundan xəbər vermirdimi?
Könlünü çoxdan fəth etmişdim.
Əmindim! Yəqin ki, o da indi oxşar şeyləri
ağlında götür-qoy edir, ulduzlarımızı
göy üzündə cüt görürdü.
Mariyanın
o ülvi səsini yenidən eşitmək arzusu ilə
ağlıma gələn ilk sualı səsləndirdim:
- Britaniya
haqqında nə fikirləşirsən?
Mariya üzünü mənə sarı çevirdi. Baxışında dinclik və
mülayimlik vardı, elə bil, onu xoş xəyaldan
ayıltmışdım:
- Əlbəttə, bəzi şeyləri nəzər
almasaq... - deyə başladı - burada yaşamaq çox
gözəldir. Havası yumşaqdır... Moskvadakı
kimi sərt qış olmur. Çoxlu
böyük parklar var, yamyaşıl qazonda oturub piknik edə
bilirsən. Hər yer mağaza, kafe, restoranla doludur... Sonra...
nəqliyyatı rahatdır, hara istəsən, qatarla gedirsən...
Xarici ölkələrə səyahət etmək ucuzdur... Nə qaldı? Deyəsən, çoxunu dedim,
axı, - gülümsəyərək cavab verdi:
- Dediklərinin
hamısının altına imza atıram! - deyib
havada xəyali imza çəkdim və təbəssüm
etdim. - Bilirsən, bir dəfə haradasa oxumuşdum ki, elə
adamlar var, Parisdə yaşayır, amma Londonda işləyir. Qatarla gedib-gəlirlər. Təsəvvür
edirsən?
- Ahh... Mən
də o adam olmaq istəyərəm! -
Mariya dodağını yüngülcə dişlədi və
ardınca ürəkdən güldü.
Onda dərk elədim ki, biz insanlar bəzən çox
axmaq oluruq. Həyatda xoşbəxt olmaq üçün o qədər
şey istəyirik ki. Qızıl külçə dolu
sandıq, Dubayda villa, nə bilim, şəxsi yaxta ilə
Aralıq dənizi səyahəti... Əşi, hamısı
boş şeydir! Həyat çox bəsitdir,
çox. İnsanın məsud olması
üçün az şeyə ehtiyacı
var. Məsələn, elə Mariyanın bu
gülüşü. O güldükcə içimə necə
sərinlik dolur, ruhum necə təzələnir! Özümü qayğısız, xoşbəxt
hiss eləyirdim. Axı, həyatda mənə
başqa nə lazımdır ki?
- Bəs
o bəyənmədiyin şeylər nədir, ay Mariya? - xəyalları tərk eləyib, yenə o
möcüzəvi səsin həsrətilə sual verdim.
Mariya qolunu masaya söykəyib, əlini çənəsinə
dirədi.
Yarıfikirli, yarıciddi görkəm alıb dilləndi:
- Bilirsən,
ingilislərin... ya da burada yaşayan yerli insanların... bəzi
cəhətlərini sevmirəm. Məsələn,
bax, mən sənə gülümsəyirəm. Sən də mənə gülümsəyirsən.
Mən inanıram ki, sən də mənim kimi bunu içdən,
səmimi edirsən...
O, birdən
sözünə ara verdi və mənə
elə baxdı, elə baxdı ki, elə bildim, nəyəsə
eyham edir, məndən etiraf istəyir. Ürəyim
atlandı, çaşdım, ağzımı açıb,
tələm-tələsik təsdiq cavabı vermək istəyirdim
ki, Mariya mənə macal vermədən nitqinə davam elədi:
- Burada isə
insanlar həmişə gülümsəyirlər. Küçədə gəzirsən, piyadalar sənə
gülümsəyir, mağazaya girirsən, satıcı
gülümsəyir, avtobusa minirsən, sürücü
gülümsəyir. Elə bil, hamının
üzündə təbəssüm maskası var!
- Lyuba
buralı olsaydı, o da gülümsəyərdi! - dərhal şərh verdim.
- Demə-demə!
- Mariya uğundu. - Rusiyada isə insanlar boş yerə
gülümsəmirlər, axı. Səbəb varsa, mənalıdırsa,
gülümsəyirlər... Mən saxta təbəssümü
heç sevmirəm. Süni görünür... Nəyimə
lazımdır Lyubanın mənə gülümsəməyi?!.
- Amma
bunun yaxşı tərəfi də var, - deyə izah elədim
- Məsələn, Lyuba gülərüz biri olsaydı, bəlkə
də, axşam vaxtı İngiltərənin adı, yeri bəlli
olmayan çöllərində onu müzakirə etməzdik.
- Hə,
hə, elə bil, işimiz-gücümüz qurtarıb!
Qarşılıqlı güldük, bir-birimizin gözlərinə
məftunluqla baxdıq. Bir qədər keçmiş davam elədim:
- Səni
gözəl başa düşürəm. Bizim
ölkədə də insanlar daima gülümsəmirlər,
xüsusən də, yad adama. Tanımadığın
şəxsə gülümsəsən, hətta elə bilərlər
ki, istehza edirsən, eybinə gülürsən.
- Ay sağ ol! - Mariya razılaşdı. - Burada isə
nəbadə başqasına gülümsəmədin ha! Elə fikirləşərlər ki, sən xatalı
adamsan, əyri işin var.
Ona bu mövzuda danışmaq hədsiz ləzzət
verirdi. Danışdıqca qaş-gözünü
oynadır, əllərini havada yellədirdi. Bu
halını növbəti əhvalatı danışanda da
pozmadı:
- Deməli,
mənim buradakı dostlarım ya rusdur, ya da bizə yaxın
şərqi avropalılar. Bir dəfə kafedə
bir neçə dostumla oturub, ordan-burdan söhbət edirdik.
Adi mövzular idi, heç yadıma gəlmir nə
danışırdıq. Arada ingilis qrup
yoldaşım içəri girdi. Bizi
görüb, uzaqdan başını yırğalayaraq
salamlaşdı. Sonra qəribə-qəribə
baxıb getdi. Özüm də məəttəl
qaldım ki, buna nə olub. Səhərisi
gün bir də gördüm, dərsdə mənə
yaxınlaşır, üzündə də qupquru ifadə.
Salam-sağoldan sonra astadan soruşdu ki, hər
şey qaydasındadırmı, problem filan yoxdur? Mən
də təəccübləndim, dedim, yox, sən niyə belə
fikirləşirsən? Dedi ki, ötən gün kafedə
dostlarınla ciddi, qaşqabaqlı oturmuşdun, ürək eləmədim
yaxınlaşmağa. Dedim, yox ey, ay qız, nə
danışırsan, bu bizim adi halımızdır, - deyib,
Mariya yenə ürəkdən güldü.
Bu vaxt onu da dərk elədim ki, gümanlarım məni əsla
yanıltmır. Mariyanın bu şux, oynaq rəftarı əbəs
deyildi, səbəbi vardı. Özüm idim! Axı, əgər
o elə ciddi, qaşqabaqlı biri idisə, onda xeyir ola, indi üzü belə gülür,
danışmaqdan usanmır, hələ üstəlik, mənə
üz-göz hərəkəti edir? Hər
şey su kimi aydın idi. Bircə təbəssümə
qarşı ondakı bu hikkə, bu meydan oxuma filan nədir?
Qətiyyən razı deyildim. Bu ay kimi
gözəl çöhrəyə ancaq təbəssüm
yaraşırdı!
- Məncə,
çox ciddi olmaq da bekara şeydir, - dedim -
Başqalarını yorur, ünsiyyət vaxtı
ağırlıq yaradır. Təbəssüm
isə insanı mehriban, xeyirxah göstərir. Hətta,
bilirsən, hiss edirəm ki, özüm də bura gələndən
bəri yaman çox gülümsəyən olmuşam.
Mariya məni diqqətlə dinlədi və azacıq
fikrə getdi.
Sonra anidən uşaq kimi dodaqlarını büzüb,
çiyinlərini çəkdi:
- Amma
içi boşdur, axı... Yəni əslində, bəlkə
də, adam sənə nifrət edir, amma
üzünə gülümsəyir... - deyə etiraz etdi.
“Orası elədir, canım, ona sözüm yox. Guya hər gülümsəyən
adam xoşniyyətlidir ki?! Lakin
küçəyə çıxarkən, mağazaya,
poçta, restorana girərkən, saxta da olsa, təbəssüm
görmək insanın könlünü açmırmı?
Ona müvəqqəti də olsa, xoşbəxtlik
aşılamırmı? Yox, Mariya, bu təbəssümünü
heç vaxt əsirgəmə. Saxta, yalan,
süni olsa belə!” - deyə fikirləşdim,
amma bu ziddiyyətli söhbəti uzatmağa meylim
olmadığı üçün mövzunu dəyişmək
qərarı aldım. Ona Londondakı gələcək planları, iş axtarışını necə
davam etdirəcəyi haqda cürbəcür suallar verməyə
başladım. Mariya anidən fərqli
mövzuya keçdiyimizi görüb, az-maz məyus oldu.
Suallarımı xüsusi həvəs göstərmədən
təmkinlə cavabladı. Lakin bir qədər sonra
uyğun məqam yaxalayan kimi yenə köhnə söhbətə
qayıtdı:
- Sonra
bilirsən... burada mən bəzən danışmaqdan da
qorxuram... Bir şeylə bağlı fikrimi
bölüşürəm, insanlar məni səhv başa
düşür. Deyirlər ki, çox
düz danışırsan, dediklərin sərt səslənir.
Ağzından çıxan hər sözü
gərək bal-şəkərə batırıb deməlisən.
- Necə
yəni? - təəccüblə
soruşdum.
- Nə
bilim, məsələn, deyirəm ki, filan şey pisdir. Deyirlər, “pis” demə, de ki, “çox yaxşı
deyil”. Ya da deyirəm ki, “filankəs
qocadır”, deyirlər ki, elə demə, de ki, “çox cavan
deyil”. Etiraz eləyirəm ki, eyni şeyi
deyirik də. Mənə ağız əyirlər.
Deyirəm, siz sol qulağınızı sağ əlinizlə
qaşıyırsınız!
Mariyanı
dinlədikcə mənim də başıma gəlmiş və
müşahidə elədiyim bənzər hadisələri
xatırladım:
- Hə,
fərqli ünsiyyət tərzləri var. - dedim - Siyasətçi
kimi danışırlar. Mənanı gərək
sözdə deyil, sətirlər arasında tutasan. Özü də hamı belədir.
Yaşlısı da, gənci də!
- İnan
ki, teatra bənzəyir! - Mariya həyəcanla əllərini
havada yellətdi - Deməli, bir dəfə universitetdə
müəllim bizə ev
tapşırığı verdi, sonra dedi ki, zəhmət
olmasa, hamı evdə bu tapşırığı yerinə
yetirə bilərmi? Təsəvvür edirsən,
bizə bunu sual formasında deyir. Yanımda bir ingilis
qız vardı, dedim ki, bizim ölkədə müəllim
belə şeyləri xahiş-mahiş eləməz, əmr
verər, hökm oxuyar ki, haydı, çıxın gedin,
tapşırığı həll edin.
Bu vaxt rus tanışım Alekseyin əhvalatını
xatırladım. Bu oğlan bir neçə il qabaq
Mançester Universitetindən məzun olmuşdu və uzun cəhdlərdən
sonra yerli şirkətlərin birində işə
girmişdi. Özünün dediyinə görə, bir il ərzində var-gücü ilə əlləşib,
dirəşmiş və şirkətdə özünü ən
yaxşı tərəfdən göstərməyə
çalışmışdı. Lakin performans
ilinin sonu gələndə zəif qiymət
aldığını öyrənir. Bərk
dilxor olur və rəhbərindən bunun səbəbini
soruşur. O da deyir ki, bəs mən səndən
filan-filan işləri filan-filan cür icra etməni istəmişdim,
sən isə eləmədin. Aleksey də təəccüblənir
və etiraz eləyir ki, siz mənə o cür təlimat verməmişdiniz,
axı. Siz dediniz ki: “Yaxşı iş görmüsən.
Afərin! Bundan başqa, bu işləri, bəlkə
də, filan cür də yerinə yetirməyi qiymətləndirməyi
düşünə bilərsən”. Rəhbəri
də qeyd eləyib ki, bəli, mən fikrimi o cür ifadə
edəndə, əslində, səndən işləri məhz
o cür icra etməni tələb edirdim. Aleksey
deyir, bu hadisədən dərs çıxarıb. O
gündən sonra başlayır yerli ünsiyyət
üslubunu öyrənib mənimsəməyə və nəticədə
bir il sonra da bəhrəsini görür: “əla”
qiyməti alır. Bu əhvalatı Mariya ilə
bölüşdüm və əlavə etdim:
- Əslində, müəllim də əmr verir, amma bunu
xahişlə bəzəyir ki, kobud görünməsin.
- Bilirəm…
Qız da eyni şeyi dedi. Kimsə zatən
müəllimə “xeyr, eləməyəcəm” deyə bilməz.
Amma burada qaba nə var ki? Müəllimin,
rəhbərin vəzifəsi tapşırıq verməkdir.
Guya desələr ki, bu
tapşırığı məhz bu cür və ya bu vaxtda həll
edin, nə olacaq ki?
Mariyanı başa düşürdüm, mən də bənzər
mədəniyyətə sahib cəmiyyətdə böyüməmişdimmi? Bizdə hətta
sözü dolaylı olmadan demək məharət hesab olunur.
Adamı “əhsən, cəsarətlisən,
sözünü birbaşa deyirsən” deyə tərifləyirlər.
O qalsın qıraqda, bizim dildə “düz” və “doğru”
sözləri sinonimdir! Buna rəğmən, Mariya ilə həmfikir
ola bilmirdim, hətta onun bu birtərəfli
fikirlərini eşitmək məni məyus etməyə
başlamışdı. Axı, hər şey
onun söylədiyi kimi bu qədər ağ-qara deyildi. Məgər bu üç ildə özü bunu
anlamamışdımı?
- Fikir
vermisənmi... - dedim - məsələn, bu gün vağzalda
bilet yoxlayan adam mənə sual verdi ki:
“Biletinizi ala bilərəmmi?” Bizdə olsa deyərdilər ki:
“Biletinizi verin”. Elə bil, burada insanlar səndən
bir şey tələb edirlər, amma bunu elə bəzəyib
deyirlər ki, ruhun da incimir. Necə deyim?..
Sanki sənə qərar vermə imkanı verirlər.
Mariya tamamən
dəxilsiz məsələlər haqqında
danışırmışam kimi qəti etiraz elədi:
- Nəyə
qərar verəcəksən ki?! Bileti verməkdən başqa
çarən var ki?.. Yox,
yox, mən mahiyyəti sevirəm. Nədirsə,
onu desinlər. Acı olsun, düz olsun...
Yavaş-yavaş
hiss edirdim ki, gözlərim Mariyanın o cazibədar gözəlliyinə
öyrəşir və öyrəşdikcə də, sanki bu
gözəllik gözümdə adiləşir. Diqqətimi artıq onun ürək yandıran bənizi,
ruhumu oxşayan yaxınlığı deyil, fikirlərində
bölüşmədiyim məqamlar cəlb edirdi.
- Bilirsən,
əvvəl mən də sənin kimi çox şeylə
razılaşmırdım, - deyə bildirdim - Sonra yerli tələbələrlə
yaxından dostluq eləməyə başladım. Onlarla oturub-durduqca davranışlarını daha
yaxşı qavradım. Hətta əvvəllər
mənə qəribə görünən bəzi şeylərin
daha sonra məntiqli olduğunu belə düşündüm.
İnanırsan, onlarla o qədər
qaynayıb-qarışdım ki, indi onları daha yaxşı
başa düşürəm. Özü də
onların xüsusiyyətlərinin bəzilərini mənimsəməyə
belə başlamışam.
- Məncə,
bu, yalnız sözdə mümkündür.
- Necə
yəni?
- Onu nəzərdə
tuturam ki, insan başqa mədəniyyətə aid
davranışları mənimsəmək istəyəndə
alınmır. Mümkün deyil! Sonda iki mədəniyyət
arasında ilişib qalırsan. Bilmirsən
necə davranasan - öz mədəniyyətinə uyğunmu,
yoxsa yeni mədəniyyətəmi? Belə bir məsəl
var, bilmirəm, eşitmisənmi: yadlar arasında
özümüzünkü, özümüzünkülər
arasında yad. Dönüb olursan, bax, belə bir adam... Ona görə, elə
öz mədəniyyətinə sadiq qalmaq yaxşıdır.
Vağzalda eşitdiyim o qəribə səsi
xatırlayıb, susdum. Mariyanın dediklərində haqq payı
vardı. Bəzən elə anlar olurdu ki,
özümü iki mədəniyyət arasında hiss edir və
nə cür davranacağımla bağlı qərar verməkdə
tərəddüd edirdim. Bəlkə də,
bu, zamanla həll olacaqdı. Qərarsız
idim.
Ağlımda bu mülahizələri yeritdiyim müddətdə
Mariya hələ də təbəssümlü ifadə ilə
mənə baxırdı. Danışığımız
sanki onu hələ də əyləndirir, fikir
ayrılığımızı hiss etmirdi. Mən isə qarışıq hisslər
keçirirdim.
- Müəllim
demişkən, - Mariya sözünə davam elədi - bax,
buradakı müəllim-tələbə münasibətindən
də xoşum gəlmir. Adam bir müəllimdən
çəkinər, hörmət edər, arada pərdə
saxlayar. Heç olmasa, adamın
yaşına hörmət qoymaq lazımdır. Yoxsa tay-tuş kimi danışırlar. Müəllim dərs keçir, bir şey deyir, tələbələr
hər məsələdən ötrü etiraz edib,
razılaşmadıqlarını açıq-açıq
bildirirlər. Elə bil, müəllimi
utandırmaq istəyirlər. Özü də
bütün auditoriyanın qarşısında...
İstədim yenə etiraz edim. Razılaşmadığımı
dönə-dönə söyləyim, amma həvəsim
tamamilə itmişdi. Doğrudur, bu ölkəyə
təzə gələndə belə şeylər mənə
də qəribə görünür, kobudluq kimi qəbul
edirdim, acığım tuturdu. Amma zaman
keçdikcə başa düşdüm ki, insanı yaşa,
vəzifəyə görə xüsusi hörmətə
mindirmək, başa çıxarmaq yersizdir. Nəyə lazımdır, axı, müəllimlə
tələbə arasındakı pərdəli rəsmiyyət?
Burada müəllimlə yoldaş kimi yaxın
münasibətim var idi. Onunla səmimi
ünsiyyət, açıq müzakirələr məni təhsilə
daha çox həvəsləndirir, dərsləri daha
yaxşı öyrənməyimə səbəb olurdu...
Anidən ürəyimə qəribə bir narahatlıq
doldu, özümü pərişan hiss elədim, içim
daraldı. Sanki vaqon da sıxlaşıb kiçildi, ətraf
solğunlaşıb bozardı. Üstümə
qəribə bir yorğunluq çökdü. Ağır-ağır ayağa qalxdım. Üzr istəyib masadan ayrıldım.
Vaqon salonundan çıxıb, dəhlizə
keçdim. Qapı pəncərəsində çöldəki
zülmət qaranlığa nəzər saldım. Bu qara lövhədə anidən peyda olub, dərhal
qeybə çəkilən işıq dənəciklərinə
tamaşa elədim. Londona çatdıqdan
sonra səyahətimə necə davam edəcəyimi
ağlımda canlandırdım. Ürəyimdən
qohumumla soraqlaşmaq keçdi. Telefonu
çıxarıb zəng elədim. Qısaca,
söhbətləşdik, görüş yerini və
vaxtını təzədən dəqiqləşdirdik.
Söhbətimizi
yekunlaşdıranda özümü artıq daha yaxşı
hiss eləyirdim. Əhval və qüvvətim bərpa
olunmuşdu. Tezliklə vaqona
qayıtdım. Məni görcək
Mariyanın dodağına təbəssüm qondu. Hətta onun cazibədarlığı yenidən
ağlımı qarışdırmağa, məni şirnikləndirməyə
başladı, amma qərarımda dönməz idim.
Mariyaya yüngül iltifatla qarşılıq verdim. Masa
arxasına keçib əyləşdim. Çantamdan
kitab çıxarıb, oxumağa başladım. Mariya məni sakitcə süzdü, kitabın üz
qapağını diqqətlə oxumağa
çalışdı. Məndən
heç cür səs gəlmədiyini görüb, bir qədər
sonra nə oxuduğumu soruşdu. Müəlliflərdən
kimi sevib, kimi sevmədiyimi, kitablardan nələri
oxuyub-oxumadığımı xəbər aldı. Nəzakətlə onun suallarını tək-tək
cavablandırdım, ancaq söhbətin uzanmaması
üçün fikirlərimi məhdud şəkildə ifadə
etdim. Get-gedə diqqətimin tamamilə
kitabda cəmləşdiyini görən Mariya halını
pozmadan özü də çantasından bir kitab
çıxardı və mütaliəyə başladı.
Nə oxuduğunu soruşmadım.
Növbəti müddətdə Mariya hərdənbir
kitab arxasından gizlicə məni güdür, arada cürətlənib
suallar verir və məni sanki kəlbətinlə
danışığa cəlb edirdi. Mən isə laqeydliklə,
amma ədəb-ərkanla onun sorğularına cavab verir, uzun
müzakirələrə girmir, oxuya davam edirdim. O, nə
baş verdiyini anlamır, mənim soyuqluğumu görüb
karıxır, məyus olur, özünü xeyli naqolay hiss
edirdi. Bəlkə də, qüruru imkan versəydi,
niyə belə dəyişdiyimi soruşar, məndən izahat
istərdi.
Səyahətimizin son yarım saatı bu qəribə
ab-hava ilə keçdi. Qatar Londonun Yuston vağzalına yaxınlaşanda
soruşdum:
- Səni
qarşılayan olacaqmı?
- Yox,
özüm taksiylə gedəcəyəm. - Mariya cüzi
incikliklə dedi və gözlərimin içinə baxdı.
Ağzımı təzədən açmaq istəyirdim
ki, yenə o naməlum səs qulağımda cingildədi. Məni niyyət
etdiyim təşəbbüsümdən boyun
qaçırmağa təşviq edir, daha təmkinli
olmağa çağırırdı. Bu dəfə
də əvvəl tərəddüd etdim, itaətkarlıq
göstərib, susmağa qərarlı oldum, amma nə oldusa,
sonda yenə o səsin təlimatlarına məhəl
qoymadım.
- Mən
sənə kömək edərəm. Çamadanları
taksiyə qədər apararam.
Mariyanın solğun baxışında ümid
tumurcuğu peyda oldu. Üzü gülümsədi, yanaqları çökəldi,
başını aşağı salıb, çəkinərək
təşəkkür elədi:
-
Çox sağ ol. Ehtiyac
yoxdur. Onsuz da təkərlidirlər,
özüm sürüyərəm.
- Olmaz.
Mütləq kömək edəcəyəm - dedim.
Mariyanın gözləri par-par parıldadı və
sevinclə minnətdarlıq etdi. “Londonda neçə gün
olacaqsan?”, “Harada qalacaqsan?“, “Planın nədir?”
kimi daha əvvəl söhbətimizdə
paylaşdığım məlumatlar haqqında təkrar-təkrar
suallar verdi. Sonra bir qədər ehtiyatla “Boş
vaxtın olsa, görüşə bilərik” deyə təklif
elədi.
-
Çox istərdim, amma başım qarışıq olacaq -
deyə cavab verdim və sözlərimin onun qəlbinə
toxunduğunu təəccüblü baxışlarından
hiss elədim.
Nəhəng və ağır çamadanları itələyə-itələyə
taksi dayanacağına yaxınlaşdıq. Hətta bir qədər
təngnəfəs olmuşdum. Öz-özümə
fikirləşdim ki, doğrudan da, Mariyanın
adlandırdığı bu “şələ-şülə” nədir,
görən.
Qollarımı çırmalayıb, yenə qəhrəmanlıq
nümayiş etdirdim və çamadanları bir-bir
maşına yerləşdirdim. Ardınca Mariya ilə
üz-üzə qaldıq. Dinməz-söyləməz
bir-birimizə baxdıq. O, elə bil, mənə deyil,
üzümdəki xəyali bir nöqtəyə baxır, sinəsi
həyəcandan qalxıb enirdi. Dilinin ucunda sanki
bir şey vardı, demək istəyirdi, amma özündə
güc tapıb, açıla bilmirdi.
- Səninlə
tanış olmağa şad oldum. Ümid
edirəm, Londonda həyatın uğurlu olar - bu dəfə
daha tez ayrılmaq həvəsilə sükutu pozub dedim.
O,
heç bir reaksiya vermədi. Kirimişcə
baxdı. Necə davranacağından əmin
görünmürdü. Sanki
ağlında hələ də hər şeyi təhlil edir,
bu axşam nəyin düz getmədiyini sorğu-suala çəkirdi.
Yalnız taksi sürücüsü narazılıqla
dodaqaltı gileyləndikdən sonra Mariya səsi titrəyə-titrəyə
astadan “sağ ol” dedi və dönüb tərəddüdlü
addımlarla taksiyə mindi. Oturacaqda əyləşdikdən
sonra üzünü mənə sarı çevirmədi.
Gözlərini maşının içindəki
qaranlığa zilləmişdi. Tezliklə
taksi hərəkətə gəlib uzaqlaşdı.
Metroya yollanıb, səyahətimi yerin altında davam etməyə
başladım. Yolboyu Mariya ilə
görüşümüzü, söhbətimizi yad elədim.
“Yəqin ki, bir il əvvəl Moskvada
tanış olsaydıq... mən əvvəlki adam olsaydım,
hər şey fərqli olardı” - deyə
düşündüm.
Otelə çatıb, qohumumla görüşdüm. Yaxınlıqdakı
bir restorana gedib şam elədik. Söhbət
əsnasında ona qatardakı hadisəni danışdım.
O, məni dinlədi, amma sual filan vermədi. Başqa
mövzuya keçdik.
***
Əslində, yazı burada bitəcəkdi və bu əlavə
üç nöqtəyə də ehtiyac qalmayacaqdı. Onsuz da, hekayətin
məğzi aşikar idi. Amma necə deyərlər, sən
saydığını say, gör, fələk nə
sayır.
Londona gəldiyim günün ertəsi qohumumla tədbirin
keçiriləcəyi məkana yollandıq. Hazırlıq
işləri başlamışdı. Tənbəllik
etməyib, mən də əlimi kirlətməyə qərar
verdim. Günortadan sonra tədbir uğurlu
şəkildə baş tutdu, konsert proqramı
iştirakçıları xeyli əyləndirdi. Onlar arasında rəqsə qoşulanlar da oldu.
Hamı razı qalmışdı. Axşam nümayəndə heyətilə birlikdə
kefimiz damağımızda yemək yedik.
Növbəti gün asudə idik. Qohumumla şəhərdə
gəzməyi qərara aldıq. Vestministerdən
Liverpul Stritə qədər 6-7 kilometrlik yolu piyada yeridik.
Yolüstü muzeyləri, kilsələri ziyarət
etdik, harada maraqlı arxitektura, yaxşı mənzərə
görsək, bol-bol foto-şəkil çəkdirdik. Yorucu və uzun gəzintidən sonra nəhayət,
Liverpul Stritə çatanda qurumuş boğazımızı
yaşlamaq üçün rastımıza çıxan ilk təsadüfi
kafeyə girdik. Kassada içkilərimizi
sifariş edib, fincanları qamarladıq. Boş
masa tapıb əyləşdik. Təzəcə
ətrafa nəzər salmışdım ki,
gördüyümə inanmadım. Düz qarşı masada Mariya tək oturmuş, kofe içərək
qəzet oxuyurdu.
Əl-ayağım dondu. Ağlım
çaşdı. 9 milyonluq şəhərdə eyni
gündə, eyni vaxtda, eyni kafedə olmaq necə bir təsadüfdür!
Necə oldu ki, Mariya minlərlə kafe
arasından məhz buranı, məhz bu vaxtda seçdi?!
- Sənə
bir qız haqqında danışmışdım ha, -
pıçıltı ilə qohumuma dedim - O, buradadır! Qalx gedək.
Qohumum döyükdü. Qaşlarını düyünləyib
soruşdu:
-
Hansı qız?
- Demədim,
qatarda tanış olmuşduq.
- Hə,
hə... - dedi. - Hansıdır?
Gözümlə Mariyaya işarət elədim. O, hələ də qəzet
oxuyurdu. Qohumum qıza diqqətlə baxıb, sonra daha da
karıxmış halda soruşdu:
- Bəs
deyirdin, çirkindir.
- Mən
heç elə söz dedim?! - heyifsilənərək
köks ötürdüm.
Deyəsən, qohumum ona danışdıqlarımdan bir
şey qanmamışdı. Bəlkə də, təqsiri
yoxdur. Niyə inciyim ki? O, xaricdə
yaşamamışdı, yəqin ki, hətta çox şey
barədə məhz Mariya kimi düşünürdü.
- Gəl,
gəl, tez gedək - azacıq ayağa qalxdım və
qohumumun qolundan tutub, yüngülcə özümə
sarı çəkdim.
Bu vaxt onun kreslosu ciyildədi. Mariya səs eşidib,
başını qaldırdı və qəflətən məni
gördü. Bir neçə dəqiqə əvvəl məni
necə don vurmuşdusa, o da eləcə buz bağladı. Nə gözlərini qırpdı, nə də
tutduğu fincanın qulpunu buraxdı. Füsunkar
bir heykəl kimi, məftunedici bir rəsm əsəri kimi
oradaca qalıb mənə baxdı.
Qeyri-ixtiyari
“salam” dedim və gülümsədim. O,
yalnız indi özünə gəlməyə başladı:
- Bu, sənsən...
- kəkələyərək dedi.
Çaşqınlığını
dağıtmaq üçün halımı pozmadan söylədim:
- Hə,
qohumumla gəzirdik, dedik, girək kofe içək.
Mariya kal
kimi xeyli baxdı və sonra birdən başını yellədərək
dilləndi:
- Mən buna inana bilmirəm...
Başa düşdüm ki, Mariyanın üz-gözü hərəkət etməyə başlasa da, beyni hələ də ətalətdədir. Aramızdakı bu qəribə dialoqu səssizcə müşahidə edən qohumum astadan məsləhət verdi:
- İstəyirsən, təklif elə, birlikdə oturaq.
Mən əlacsız halda razılaşdım. Bir neçə saniyə sonra artıq Mariya, mən və qohumum eyni masa ətrafında əyləşmişdik. Mariya hələ də bərəlmiş gözləri ilə mənə baxır, heyrətini gizlədə bilmirdi.
- Bu necə qəribə təsadüfdür... inanılmazdır.
Mövzunu dəyişmək üçün ağlıma gələn hər sualı verməyə başladım. Qəzetdə nə oxuduğunu, vağzaldan evə necə getdiyini, çamadanları necə daşıdığını, Londonda ilk gün nə etdiyini və başqa şeyləri xəbər aldım. O, mənim suallarıma qısa-qısa cavab verir, ancaq fikrinin başqa yerdə olduğunu hiss edirdim.
Etiraf edim ki, bu müddət ərzində mənim də bu təsadüfi görüşü ağlımda sorğulamadığımı desəm yalan olar. Əcəba, bizi bir-birimizə talemi çəkirdi? Bəlkə, bu Novruz tədbirini təşkil edən, qohumumu Londona gətirən, məni o axşam o qatara qoyan, Mariyaya iş tapmayıb, Londona köçdürən Sevgi Tanrısı idi və bütün hadisələr bizim ikimizin məhz bir neçə gün əvvəl rastlaşmamız naminə idi? Bəlkə, Sevgi Tanrısının böyük zəhmətlə qurub-qoşduğu bu xeyirxah işi yanlışlıqla pozmuş idim və o, təslim olmayıb, bizi bir daha görüşdürməyi qəsd eləmişdi?..
Belə-belə gümanlar ağlımı məşğul etdiyi zamanda bir tərəfdən də fikirləşirdim ki, tale nədir, qismət nədir? İngiltərəyə gəldikdən sonra belə məfhumlara artıq az inanmağa başlamışdım, hər şeyi məntiqlə izah etməyə cəhd edirdim. Odur ki, həm də əmindim ki, Mariya ilə bu görüşlərimiz sadəcə bir təsadüfdir və istəyir, bu təsadüfdən min dəfə olsun, qənaətim dəyişəsi deyildi.
- Artıq getsək, yaxşı olar, - fincanımız boşalan kimi üzümü qohumuma tutub dedim.
O, etiraz eləmədi. Mariyanın üzü isə yenə məyus ifadə aldı. Eynilə dünən taksinin yanında olduğu kimi kövrək-kövrək baxmağa başladı. Onunla tez-tələsik vidalaşıb, uğurlar arzu elədim və kafeni tərk elədik...
Bir müddət qohumum məni dindirmədi, elə bil, onu da çaşqınlıq tərk eləməmişdi. Sonra, ümumiyyətlə, mənimlə ehtiyatlı danışmağa başladı, əvvəlki tək səmimi, açıq deyildi. Görən, etibarımı sarsılmışdı? Bilmirəm. Axşam guya saunaya, hovuza gedəcəkdik. O, yorğun olduğunu səbəb gətirib üzrxahlıq elədi. Mən də israr eləmədim. Özümün də həvəsim qalmamışdı.
Ertəsi gün səhər tezdən otelin qarşısında qohumumla vidalaşdıq. O, digər heyət üzvləri ilə birlikdə aeroporta yollandı. Mən isə Yuston vağzalına getdim. Qatarda bu bir neçə günün hadisələrini yad edib, xəyallara daldım. Deyəsən, doğrudan da, dünyagörüşümdə, dəyərlərimdə dəyişikliklər başlamışdı. Bu, yəqin ki, müsbət bir şey idi, amma Mariyanın sözləri də yadımdan çıxmırdı: yadlar arasında özümüzünkü, özümüzünkülər arasında yad...
Səməd SƏFƏROV
525-ci qəzet.- 2022.- 19 noyabr.-
S.20-21-23.