Antik dünyanın parlaq şəxsiyyətləri
(Əvvəli
ötən şənbə saylarımızda)
Bu vaxt Yunanıstanın daxili vəziyyəti
Makedoniyanın müdaxilə etməsi üçün əlverişli
idi. Yunanlar bir-birləri arasında daim müharibə
aparırdılar, afinalılar hətta öz müttəfiqləri
ilə, spartalılar isə Peloponnesdəki dövlətlərlə
müharibə aparırdılar.
Çar Filipp yunanların ixtilaflarından istifadə
etdi, onun hər yerdə tərəfdarları və agentləri
var idi. Lazım gələndə çar, adamları pulla ələ
almaqdan da çəkinmirdi. Filipp deyirdi ki,
"Belinə qızıl yüklənmiş eşşək
istənilən qalanı tuta biləcəkdir".
Əvvəlcə Filipp Fessaliyanı özünə tabe
edib, Şimali Yunanıstanda möhkəmləndi. Bu, hələ
başlanğıc idi. Bir neçə
vaxtdan sonra makedoniyalılar Frakiyada olan bütün Afina
torpaqlarını tutdu və hazırlaşdılar ki, Orta
Yunanıstana müdaxilə etsinlər.
Filippin tez başa gələn uğurları həm də
ona görə asanlıqla baş verirdi ki, bütün
Yunanıstan varlılar və kasıblar arasında iki
barışmaz cəbhəyə bölünmüşdü. Hər yerdə
yoxsullar varlıların torpaqlarının və əmlaklarının
bölünməsini tələb edirdilər. Varlı quldarlar isə Filippə, hücum edən
yoxsullardan onları xilas edən bir varlıq kimi
baxırdılar. Onlar öz sərvətlərini
xalqa verməkdənsə, Makedoniyaya tabe olmağı
seçməyi daha üstün sayırdılar. Onlar düşünürdülər ki, Makedoniya
ağalığında öz əmlaklarına və
qullarına sərbəst surətdə sahib olacaq, xalq
üsyanlarından daha qorxmayacaqlar.
Demosfen Makedoniya və onun çarının Afina və
Yunanıstan üçün necə böyük təhlükə
olduğunu anlayırdı və Filippin əleyhdarları olan
vətənpərvərlər partiyasına
başçılıq etdi.
Afinada bu vaxt hakimiyyət Makedoniya tərəfdarlarının
əlində idi. Makedoniyapərəst partiyanın
başında Evbul və məşhur natiq Esxin dururdu. Evbul, nə olursa olsun, sülh tərəfdarı
idi. O, Makedoniya çarından gələn təhlükəni
görmək istəmirdi. O, ümid edirdi ki, dövlət mədənlərində
çıxarılan təbii sərvətdən alınan
pulları xalqa paylamaqla, xalq kütləsini sakitləşdirmək
mümkün olacaqdır. Demosfen Evbulla
mübarizə aparıb, vətənin xilası naminə
xalqı, ona verilən əyri məqsədli pullardan imtina etməyə
çağırırdı. O deyirdi: "Varlılar
xalqı satın almaq üçün dövlət
hesabına onlara pul atırlar, özləri isə dövlət
mükəlləfiyyətindən yayınırlar". Natiqə xalqı inandırmaq mümkün oldu ki,
dövlət pulu Makedoniya ilə mübarizəyə lazım
olacaqdır və onu vaxtından əvvəl sərf etmək
olmaz.
Demosfen bu vaxt daim alovlu nitqlərlə
çıxış edirdi, çalışırdı ki,
afinalılarda vətənpərvərlik hisslərini
oyatsın. Onun çar Filippə qarşı məşhur nitqləri
filippikalar adlanırdı (sonralar Siseron Mark Antoniyə
qarşı ifşaedici nitqlərini filippika
adlandırmışdı, indi də ehtiraslı ittiham nitqləri,
həmçinin, çox vaxt filippikalar adlanır).
Frakiyanı tutduqdan sonra Filipp Xalkadikidə ən
böyük şəhər olan Olinfi hədələməyə
başladı.
Afinaya olinfli səfirlər gəldi ki, kömək
barədə xahiş etsinlər. Demosfen
olinflilərə möhkəm dəstək verirdi, xalq
yığıncağında Olinfə dəstək barədə
üç çıxış etdi. Lakin
kömək barədə qərar gec qəbul olundu. Çar Filipp şəhəri tutub, sakinləri qul
olmağa satdı.
Sonra Filipp afinalılara sülh təklif etdi. Afina səfirləri
Filokrat və Esxin çar tərəfindən pulla ələ
alınmışdılar, Demosfenin müqavimətinə
baxmayaraq, b.e.ə. 346-cı ildə Afina üçün
faydalı olmayan şərtlər əsasında sülh
bağlandı. Bundan bir qədər sonra
bağlanmış sülhə baxmayaraq, Filipp Afinanın
müttəfiqi olan Fokidanı darmadağın etdi.
Bu vaxt, nəhayət, afinalılar Makedoniyaya həlledici
dəfetmə cavabı verməyə hazırlaşdılar. Demosfen birinci
strateq seçilmişdi və dövlətin başında
durdu. Bir əsr əvvəl Perikl 15 il
ərzində Afina şəhər-dövlətinə
başçılıq etmişdi. Fürsətdən
istifadə edib, Filokratı xəyanətdə ittiham etməklə,
qiyabi olaraq onu ölümə məhkum etdilər. Demosfen həm də digər səfir olan Esxinə
qarşı çıxış etdi, onu xəyanətdə
və satqınlıqda ittiham etdi. Esxin ustalıqla
özünü müdafiə etdi və bəraət
qazandı, baxmayaraq ki, bu, çox az səs
çoxluğu ilə əldə edilmişdi. Bu
mərhələ Demosfenin daha böyük müvəffəqiyyətlər
və şöhrət qazanması dövrü idi.
Afinalılar qorxulu düşmənlə təkbaşına
bacarmazdılar, ona görə də Demosfen Makedoniyaya
qarşı ümumyunan ittifaqı yaratmağa cəhd etdi. Afina səfirliyinin
başında o, çox sayda yunan dövlətlərini gəzdi,
hər yerdə ehtiraslı çıxışlar edirdi və
yunanları birləşməyə həvəsləndirirdi.
O deyirdi: "Makedoniyalıların gücü yunanların zəifliyində
və parçalanmasındadır, əgər bütün
yunanlar vahid olsalar, Filipp bizə hücum etməyə cəsarət
etməz". Yunan şəhərlərinin əhalisi
böyük natiqə heyranlıqla qulaq asırdılar və
tezliklə Peloponnesin bir neçə şəhəri Afina ilə
ittifaqa girdi.
Bu vaxt Filipp Yunanıstandakı vəziyyəti diqqətlə
müşahidə edirdi. Hələ birləşmək barədə
danışıqlar gedəndə, Filippin Orta Yunanıstana
soxulması barədə pis xəbər gəldi. Mübarizənin həlledici anı gəlib
çatdı. Çox şey Fivanın
kimin tərəfində olacağından asılı idi.
Demosfen səfirliklə Fivaya gəldi ki, təklif
etsin ki, şəhər-dövlət Filippə qarşı
ittifaqa girsin. Lakin Filipp artıq onu
qabaqlamışdı. Ancaq Demosfen parlaq
uğur qazandı. O, ilhamlı
çıxışında mərdliyə
çağırdı və Yunanıstanın şöhrətini
və namusunu yada saldı. Fivalılar Afina ilə ittifaqa irməyə
qərar verdilər. Yunanıstan bir daha birləşib
başını qürurla dik tutdu.
B.e.ə. 338-ci ilin yayında Afina
yaxınlığında döyüş getdi. Onun nəticəsindən
Yunanıstanın taleyi asılı idi. Filippin
ordusu 30 min piyadadan və 2 min atlıdan ibarət idi.
Müttəfiqlərin qoşunu isə xeyli az
idi. Sübh şəfəqi başlayanda hər
iki ordu bir-birinin üstünə gəldi. Filipp sağ qola, oğlu Aleksandr isə sol flanqa
komandanlıq edirdi. Həlledici uğuru gələcək
böyük sərkərdə Aleksandr əldə etdi, onun
döyüşçüləri afinalıların
"müqəddəs dəstəsinə" tar-mar edici zərbə
vurdu. Filipp afinalılarla döyüşü təpə
üstündən müşahidə edəndə demişdi:
"Düşmən döyüşməyi bacarsa da, qalib gəlməyi
bacarmır". O, özü afinalılara hücum etdi və
yunan qoşunu geri çəkilməyə başladı.
Demosfen sıravi hoplit kimi vuruşurdu və qoşunla
birlikdə döyüş səhnəsindən geri çəkildi. Afina xalqı
ona qarşı olan böhtana inanmadı, Esxin onu qorxaqlıqda
ittiham etmişdi. Demosfenə etimad əlaməti
olaraq, xalq ona həlak olanların dəfni üstündə
onların xatirəsinə həsr olunmuş nitq söyləməyi
həvalə etdi. B.e.ə. 431-ci ildə
Periklə Peloponnes müharibəsində həlak olanların
dəfn mərasimində parlaq çıxış
etmişdi, iki min ildən çox müddət keçsə
də, həmin çıxış yüksək nitq mədəniyyətinin
etalonu olmasını özündə saxlayır. Demosfenə də belə etibar yüksək şərəf
göstərməyin ifadəsi idi.
Xeroneyadakı məğlubiyyət barədə xəbər
afinalılara olduqca pis təsir göstərdi. Xalq
yığıncağı kişiləri gecikmədən
müdafiəyə hazırlaşmağa
çağırdı. Kimsə təklif
etdi ki, qullar azad edilsin və əcnəbilərə vətəndaşlıq
hüququ verilsin, onlar Afina uğrunda vuruşacaqdılar.
Lakin hətta bu təhlükəli anda da Afina
xalq yığıncağı belə kənar tədbirə əl
atmaq istəmədi.
Demosfen öz tərəfdarları ilə şəhərin
müdafiəsini təşkil etdi, vətəndaşların
hamısını silahlandırdı, şəhərin
divarını möhkəmləndirdi.
Qorxulu təhlükə, xoşbəxtlikdən,
keçib getdi, tezliklə nisbətən məqbul şərtlərlə
Filipplə sülh bağlandı. Makedoniya çarı
Afina donanmasına toxunmadı və bütün əsirlər
qaytarıldı.
Yunan dövlətləri azadlıq və müstəqilliyini
itirdi, hər yerdə hakimiyyət Makedoniyaya rəğbət
bəsləyən varlıların əlinə keçdi.
Afinada Filippin açıq və gizli tərəfdarları
baş qaldırdılar. Onlar, demək olar ki, hər gün demokrat
və xalq partiyasının üzvlərinə qarşı
ittihamlar qaldırırdılar.
Çar Filipp isə bu vaxt Korinfdə ümumyunan ictimai
qurultayını yığdı, burada öz rəhbərliyi
altında yeni ümumyunan ittifaqının
yaradılmasını təntənəli şəkildə
elan etdi. Yeni, Korinf ittifaqının başlıca məqsədi
yunan-Persiya döyüşləri vaxtı Yunanıstanı
yoxsullaşdırılmasının qisasını almaq idi.
Buna hazırlıq görülməsinin
qızğın çağında, b.e.ə. 336-cı ildə
Filipp öldürüldü.
Demosfen Filippin öldürülməsi haqqında xəbəri,
hələ xalq bunu bilməyəndə aldı. O, xalq
yığıncağına gəlib, sevinclə elan etdi ki,
afinalılara böyük səadət bəxş edilməsi
barədə yuxu görmüşdür. Tezliklə
Filippin ölüm xəbəri gəldi. Xalq
yığıncağı allahlara qurban verilməsi qərarını
qəbul etdi. Böyük natiq həmin gün
xalq yığıncağına bayram paltarında,
başında çələng gəlmişdi, baxmayaraq ki,
onun ailəsində faciə baş vermişdi, bir neçə
gün əvvəl qızı ölmüşdü. Lakin xalqın sevincini Demosfen öz şəxsi dərdindən
yuxarı qoyurdu.
Demosfen yenidən hakimiyyətə
çağırıldı. Yunanıstanın
bütün şəhərlərində makedoniyalılar əleyhinə
hərəkat qalxdı və azadlığa ümid
yarandı. Afina həm də perslərlə
əlaqəyə girdi ki, Filippin oğlu Aleksandrla tezliklə
müharibə başlamağa onları
qızışdırsın. Demosfen
güman edirdi ki, "oğlan uşağı və səfehcik"
adlandırdığı Aleksandrın öhdəsindən
asanlıqla gəlmək mümkün olacaqdır. Gözlənilənin əksinə, Aleksandr tezliklə
Makedoniyadakı və Fessaliyadakı öz əleyhdarlığını
susdurmağı bacardı və Korinfdə yunanları məcbur
etdi ki, onu Persiyaya yürüş üçün yaradılmış
ümumyunan qoşunun başçısı kimi
tanısın.
Aleksandrın Persiyaya hücuma hazırlaşmaqla məşğul
olmasından istifadə edib, əvvəlcə fivalılar,
onlardan sonra isə digər yunan dövlətləri üsyana
qalxdı. Fivalılar şəhərlərində olan
Makedoniya qarnizonunun əsgərlərini qırdılar. Gözlənilmədən Aleksandr öz qoşunu ilə
Fivanın divarları qarşısında göründü.
Şəhər bütünlüklə
dağıdıldı. Təkcə
böyük, yunan şairi Pindarın vaxtilə
yaşadığı evə dəymədilər.
Sağ qalmış 30 min sakin qul olmaq üçün
satıldı.
Afinada dəhşətli qarışıqlıq
başladı ki, Aleksandr şəhəri müsadirə edəcəkdir. Lakin qalibdən
aman diləyib, almaq mümkün oldu. Aleksandr
yalnız Demosfenin və Makedoniyanın digər əleyhdarlarının
verilməsini tələb etdi.
Demosfen xalq yığıncağına gəlib, xalqa öz itlərini canavara təhvil verən qoyunlar barədə təmsili danışdı. Bundan sonra qoyunlar çox asanlıqla qurbana çevrildilər. Özünü və öz yoldaşlarını o, itlərlə müqayisə etdi, Aleksandrı isə canavar adlandırdı. Xoşbəxtlikdən, Makedoniya çarının diqqəti Persiya yürüşünə dikilmişdi və o, Demosfenin ona təhvil verilməsi barədəki öz tələbinin üstündə durmadı. Demosfen və onun dostları bu fürsətdən istifadə edib, Afinada qaldılar.
35 minlik piyada və 5 minlik atlıdan ibarət qoşunu ilə Aleksandr Persiyaya yürüş edib, b.e.ə. 334-333-cü illərdə Qranik yaxınlığındakı və İssdəki döyüşlərdə perslərə qalib gəldi. Sonra o, Qavqamola yaxınlığında pers qoşununu darmadağın etdi, Babilə və pers çarlarının nəhəng sərvətlərinə sahib oldu.
Bu vaxt Afinada hakimiyyətə yenidən makedoniyapərəst partiya gəldi. İndi Demosfenin əleyhdarları onunla haqq-hesab çəkməyin vaxtı gəldiyini hiss etdilər. İş orasında idi ki, bir neçə il əvvəl Xalq partiyasının bir tərəfdarı təklif etmişdi ki, vətən qarşısında böyük xidmətlərinə görə Demosfen qızıl əklillə təltif edilsin. Xalq yığıncağı bu təkliflə razılaşmış və Demosfeni təltif etməyi qərara almışdı.
Makedoniya tərəfdarları etiraz etmişdilər, Esxin isə hətta andiçənlər məhkəməsinə bu qərara görə şikayət etmişdi. O sübut edirdi ki, Demosfen belə yüksək təltifə layiq deyildir.
Demosfen özünü müdafiə etməyə məcbur oldu. Məhkəmə Afinanın iki ən görkəmli natiqləri arasında döyüşə çevrildi. Demosfenin düşmənləri, xalqdakı onun müstəqillik tərəfdarı olması barədəki əhval-ruhiyyəsini də nəzərə almamışdılar.
Məhkəmə xalqın nəhəng sayda iştirakı ilə başladı. Esxin Demosfenə ədalətsiz hücumlardan ibarət olan ittiham nitqinə başladı. Özünün məşhur müdafiə nitqi olan "Əklil haqqında" böyük natiq xalqın rifahına yönəlmiş bütün fəaliyyəti barədə danışdı və Esxinin satqınlıq davranışını olduqca parlaq şəkildə təsvir etdi. Əleyhdarları tərəfindən təzyiqlərə baxmayaraq, hakimlər ədalətli qərar çıxardılar. Esxinə pul cəriməsi edildi və o, sürgünə getməli idi. "Əklil haqqında" nitqin müvəffəqiyyəti təkcə Demosfenin qələbəsi deyildi, həm də Afinadakı və bütöv Yunanıstandakı vətənpərvər qüvvələrin təntənəsi idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 19 noyabr.- S.22.