"Qafqaz "fərəsi"nin Paris macəraları  

 

 

Baninin - müəllif qayəsi, məzmun və vahid süjet xətti ilə bir-birini tamamlayan - "Nami" (1942), "Qafqaz günləri" (1946) və "Paris günləri" (1947) romanları zəngin tarixi hadisələrlə, avtobioqrafik məlumatlarla yazıçı təxəyyülünun harmoniyasından yaranmış bədii-sənədli nəsrin - trilogiyanın maraqlı nümunələridir. Biz Baninin Azərbaycan, Rusiya, İran və Gürcüstandakı həyatını işıqlandıran "Nami" və "Qafqaz günləri" romanları haqqında "525-ci qəzet"in 14 və 27 oktyabr 2022-ci il tarixli nömrələrində kifayət qədər ətraflı bəhs etmişik. Hamlet Qocanın tərcümə etdiyi "Paris günləri" əsərində (Bakı, "Qanun" nəşriyyatı, 2022, 248 səh.) rus təbəəliyində, Azərbaycan mühitində, zəngin neftxuda ailəsində böyüyən, mili-mənəvi, dini dəyərlərə münasibət zəmində ailədaxili münaqişələrdən əziyyət çəkən, alman mürəbiyyələrindən tərbiyə alan, rus və Qərb ədəbiyyatını dərindən mənimsəyən, avropasayağı həyat tərzinə vurğunluğunu gizlətməyən müəllifin mühacirət illərindəki macəralarla keçən ömür yolu incəliklərinədək işıqlandırılır. Romanda Banin taleyinin "həm xoş, həm də yorucu və bezildirici məqamlarından", günlərinin ac, ya tox, kədərli, ya da xoşbəxt keçməsindən, daxmada, ya da lüks mənzildə yaşamasından asılı olmayaraq, hər fürsətdə şəninə xoş sözlər söylədiyi, "cənnətin qapısı", "ümid yeri", "səadət diyarı", "əfsanəvi şəhər", "azadlıq işığı" deyə vəsf etdiyi Parisin ictimai, sosial, mədəni həyatının müxtəlif məqamlarından, xüsusi ilə bolşeviklərin təqibi, sonralar isə İkinci Dünya müharibəsi nəticəsində qürbətdə məskunlaşmağa məcbur olan mühacirlərin iztirab və intiharlarla dolu acınacaqlı həyatından geniş söhbət açılır.

Təhkiyəüslubu ilə qələmə alınmış roman "Ümid yerinə gəliş", "Mən Parisdəyəm", "Köçəri həyatın mənzərəsi", "Müstəqillik", "Möcüzəli görüş", "Oktyabr inqilabının ağ mühacirləri", "Parisli olmaq arsusu", "Maraqlı bir görüş", "Məsələlər həm yaxşı, həm də pis həll olunur", "Epiloq" adlı 10 hissədən ibarətdir. Romanın ilk cümlələrindən müəllifin bütün varlığı ilə Parisə - xəyal və arzularının məkanına bir addım tez çatmaq istəyi hiss olunur: "Oryan-ekspres var gücü ilə oraya - ümid yerinə tərəf şütüyürdü. O, qulaqbatırıcı bir uğultu ilə irəliləyir, üzü ilə bir yoldan o biri yola keçərkən xam at kimi atılıb-düşürdü. Qatar cingiltili dəmir dili ilə mənə xilasın və xoşbəxtliyin yaxınlaşdığını elan edirdi. O, məni dörd illik inqilab dövründən bəri dağılmış bir dünyanın xarabaları arasında ümid işığına dönmüş bir diyara aparırdı". Banin kimdən, nədən xilas olurdu, xoşbəxtliyi nədə görürdü? Bəlkə onu Parisə vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində nazir vəzifəsində çalımış, Cümhuriyyət süquta uğradıqdan sonra həbsxanadan qaçaraq Fransada məskunlaşmış atası Mirzə Əsədullayevə, bacıları Züleyxa və Məryəmə, yeznəsi Şəmsiyə, yaxud qəlbən bağlandığı ögey anası Əminəyə olan məhəbbəti çəkir? Yaxud bəlkə, Banin Parisdə istiqlal uğrunda ideoloji mücadilə aparan soydaşlarına qatılmaq üçün Parisə tələsir? Baninə görə, Parisə gəlməyin "tam mənasını anlamaq üçün gərək dünyanın o başında qorxunc bir şəhərdə (Bakı nəzərdə tutulur - T.A.) əzab çəkmiş olasan, gərək uzun, əzablı illər boyu Parisi arsulayasan, mənim kimi öz doğma şəhərində özünü sürgündə hesab edəsən".

Banin onu zorla, pul əldə etmək məqsədi ilə ərə verdiyinə - "satdığına" görə atasına da, əri Cəmilə də nifrət edir, cəmiyyətə hakim kəsilmiş köhnə adət-ənənələr də onu ruhən sıxır. O yazır: "İllər boyu Paris həsrəti ilə yaşamış bir adam üçün bu şəhər cənnətin qapısına dönür, xəyallar tarixin səhifələrindən süzülüb daşa, küçəyə, meydana, abidələrə dönüb gözlərin qarşısında canlanır. Burada bütün xəyallar gül açır, bu dünyada kiçik dünyacıqlar birləşir, əriyir və yeni həyatın sərvətlərinə dönür". Xəyallarının əsirinə çevrilən Banin üçün onlar dar gündə sığınacağa dönür, aclıq çəkəndə yağlı qoğalı əvəz edir, o, "orada (Bakıda - T.A.) varlı yaşamaqdansa, burada kasıb yaşamağı üstün tutur, Banin Parisə o qədər vurğundur ki, "şəhər ətrafındakı çirkli, tüstülü ərazilər də ona xoş gəlir". Özünü "Qafqazda bir qayaya mıxlanıb qalmış Prometeyə" bənzədən Banin artıq Parisə gəlmişdir, azaddır, məmnundur. Əsərin müəllifi "dağılmış vətən"i, oradakı "cürbəcür şayiələrlə dolu əzablı həyatı" kədərlə xatırlayaraq, əyninə paltar tapmayan insanların dəb haqqında düşünə bilməyəcəyi, kimi isə həbsdən qurtarmağa çalışan adamın eşqbazlıq barədə fikirləşməyəcəyi qənaətinə gəlir. Bakıdakı təminatlı həyatı ilə Parisdəki kasıb güzaranını müqayisə etdikcə müəllifin Qərb mühitinə aludəçiliyinin digər səbəbləri də aydınlaşır. O yazır ki, cəmisi üç ay əvvəl mən başqa bir planetdə, min illik islam ənənəsini qorumağa çalışan, amma qoruya bilməyən bir ailədə və inqilab çağırışları aləmində yaşayırdım. Banin Parisdə yerləşər-yerləşməz bu şəhəri "tamam başqa dünya", "həyatının dönüş nöqtəsi" adlandırır, buradakı mühitin "yumşaqlığı və şirinliyi" onun ürəyincədir.

Əsərdə mühacir həyatı, mühacirət problemi ustalıqla işlənmişdir. 1917-ci il inqilabından sonra başlanan mühacirət dalğası rus ədəbiyyatının görkəmli nümayəndələrini Avropaya, o cümlədən və daha çox Fransaya səpələmişdi. Banin yazır ki, Monparnasa (Parisin cənubunda, Sena çayının sol sahilində yerləşən rayon - T.A.) " mühacirlər" axışmamışdan əvvəl "qırmızı" mühacirlərdən - Trotski, Lunaçarski, İlya Erenbuq kimi tanınmış adamlar, ələxüsus onların ən məşhuru Lenin də gəlmişdi. Leninin mühacirət həyatından bir qədər bəhs etdikdən sonra Banin yazır: "İnqilabdan əvvəl özü mühacir olmuş bu adamım "sayəsində" sonralar buraya "ağ mühacirlər" axını başlamışdı". Parisdə "ümidlə və qaymaqlı qəhvələrlə" yaşayan rus mühacirətinin bütün dalğalarını təmsil edən şair, yazıçı və rəssamların əsas və başlıca məqsədi milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına, tarixi yaddaşı yaşatmağa, nəsillər arasında əlaqənin qırılmamasına çalışmaqdan ibarət idi. Onlar özlərini rus mədəniyyətinin daşıyıcıları və mühafizəçisi hesab edirdilər.

Bolşevik rejimi və kommunist ideologiyası ilə barışmayıb ölkəni tərk edən, Vətən itkisi ilə barışmayan, Vətən həsrəti ilə yaşayıb-yaradan adlı-sanlı mühacir yazıçı və şairlərlə, o cümlədən, Nobel mükafatına layiq görülən ilk rus nasiri İvan Alekseyeviç Bunin və Teffi (Teffi Nadejda Aleksandrovna) ilə sıx ünsiyyət saxlamışdı. Banin əsərdə onların irsindən, Paris həyatından geniş söz açmışdı. O, hətta əsərin "Oktyabr inqilabının ağ mühacirləri" adlı hissəsini Teffinin "Balaca şəhər" adlı kitabından bir parçanı giriş sözü kimi istifadə etmişdi. Rus, ukraynalı, azərbaycanlı, gürcü, erməni, tatar, osetin, çeçen... mühacirlərin yaşadığı bu şəhərin 40 min əhalisi vardı və onların hamısına "rus" deyirdilər. "Onları birləşdirən cəhət dərd birliyi idi. Hamısı vətənini, milliyyətini, varını, sosial mövqeyini itirmişdi" - yazan Banin "Balaca şəhəri" "rus imperiyasının rəngarəng mozaikası", "simvolik Rusiya" adlandırır, burada bütün təbəqələrdən olan insanlar - nazirlər, generallar, qraflar, vəkillər, filosoflar, professorlar, rəssamlar, bəstəkarlar, həkimlər, naşirlər, jurnalistlər, mədəniyyət və din xadimləri, müəllimlər, mühəndislər, taksi sürücüləri, süpürgəçilər, aşpazlar, xörəkpaylayanlar, xidmətçilər... yaşadığını qeyd edir. Banin yazır: "Rus yazıçıları da Parisə yığılmışdılar: Bunin, Teffi, Remizov, Merejkovski və arvadı Hippus, Kuprin, Zaytsev, Adamoviç... şairlərdən V.İvanov, Marina Svetayeva, Balmont, Severyanin..." Müəllif qeyd edir ki, fransız ədəbiyyatında inqilabdan sonrakı mühacirətin nümayəndələri çoxdur və onların hamısını sadalasan, uzun bir siyahı alınar. Banin rus mühacir yazıçılarının qürbət həyatı, vətən həsrəti ilə bağlı kədərli xatirələrindən ibrətamiz, təsirli sitatlar gətirir, mühacirəti "bədbəxtlik", "insan faciəsi" adlandırır.

 

 

Yazıçının fikrincə, şovinizm rusları mühacirətdə daha sıx birləşdirmişdi. İş o həddə çatmışdı ki, rusların məskunlaşdığı "Balaca şəhər"də, rus kilsəsində, hətta teatrında "fransızca danışmaq qəbahət", "yerli əhali ilə münasibət yaratmaq xəyanət sayılırdı". Banin teatrda fasilə vaxtı coşmuş bir rus qadının ucadan deyindiyini eşidir: "Bu nədir? Bura yad adamlarla doludur ki?! Fransızların günahı o idi ki, onlar öz dillərində danışırdılar". Banin rus mühacirlərinin sayı ilə bağlı statistik rəqəmləri müqayisə edir, münasibət bildirir, mühacirlərin məşğuliyyəti, sosial durumu, fəaliyyət sahələri, qəzet, jurnalları, kitabları, məktəbləri, seminariyaları, kilsələri haqqında məlumat verir.

Maraqlı məqam odur ki, Banin romanda rus mühacirlərinin həyat və fəaliyyətlərindən ətraflı bəhs etsə də, Azərbaycan mühacirləri barədə icmal xarakterli məlumatla kifayətlənir. Yazıçı bunun səbəbini gizlətmir, əksinə, romanın "Köçəri həyatın mənzərəsi" adlı hissəsində açıqca etiraf edir ki, "neft quyularını da, islamı da, Qafqazı da Parisin əlvanlığına, qorxulu anlarına hələ bələd olmadığım azadlıq işığına dəyişməyə hazır idim". Doğrudur, bu fikirlər Baninin Parisə gəldiyi ilk vaxtlardakı dövrünə təsadüf edir. Bir müddət sonra Baninin qeydlərində doğma Vətənə həsrət, xiffəti, təəssübkeşlik hissləri güclənir. İş yerindəki iki rus qızının onu təsir altına almaq fikri Banini özündən çıxarır: "...rusların təsiri altında olmaq fikri məni həmişə əsəbləşdirirdi. İndi yad ölkədə imperalizmi bu şəkildə davam etdirmək cəhdi bütün müstəmləkə ölkələrinin nümayəndələri kimi, məni də haldan çıxarırdı. Mənim ölkəm müstəmləkə idi, elə indi də müstəmləkədir. Nəyə görə məni rus adlandırsınlar? Bəlkə elə Papuas desələr, daha yaxşıdır? Doğrudur, rus müstəmləkəsində doğulmuşam, çarın tabeliyində olmuşuq. Amma nə xasiyyətcə, nə dincə, nə də etnik mənşəyimə görə rus deyiləm. Əsl müsəlman olan nənələrimin müstəmləkiçilərə olan nifrəti mənə də sirayət etmişdi". Banin "ruslardan çox fərqli olduğuna tam əmin"dir. Hətta kim isə ona "siz ruslar" deyə müraciət edəndə "tərkibində heç bir slavyan qarışığı olmayan qanı beyninə vurur". Daxma kimi mənzildə yaşayan, manikenlik edən, özünü şəstlə "Qafqaz fərəsi" adlandıran Banin darıxmağa başlayanda Qafqaz dağları, Xəzərin sahili, "ilıq suyu", boya-başa çatdığı "doğma yerlər", bağçalarındakı "çinar və dəfnələrin kölgəsi", "akasiya, sarmaşıq və yasəmənlərin cənnətin havasından götürülmüş ətiri", bağ evinin "sərin otağı" yadına düşür.

Romanda rus mühacirləri barədə gen-bol bəhs edən Banin "Rusiya mənim üçün heç nədir" yazır və fikrini izah edir: "Mən özümü həm oradakı (Rusiya nəzərdə tutulur - T.A.), həm də buradakı ruslara tam yad sayıram. Onların millətçiliyi, şovinizmi, mühacir şüuruna - ölü keçmişə bağlılığı mənə yaddır".

Yuxarıda qeyd etdiyimiz kimi, Banin əsərdə ("Oktyabr inqilabının ağ mühacirləri") Parisdəki rus mühacirlərindən, onların fəaliyyətindən geniş söz açır, az da olsa, Azərbaycan, gürcü və erməni mühacirlərin həyatına yer ayırır. Azərbaycanlı mühacirlərin əksəriyyətinin keçmiş neft milyonçularının ailələrindən ibarət olduğunu yazan Banin qeyd edir ki, onlar "bolşeviklərin getməsini gözləyə-gözləyə" özləri ilə gətirdikləri daş-qaşı sağa-sola xərcləməklə məşğul idilər. Gürcülər də yaxın vaxtlarda bolşeviklərin çıxıb gedəcəyi ümidi ilə yaşayır, daha çox "şahzadə", yaxud "knyaz" rütbəsi adı ilə "varlı arvadların ağıllarını çaşdırmaqla", onların pullarını ələ keçirməklə məşğul olurdular. Banin "Qafqaz günləri" və "Nami" də olduğu kimi, bu əsərdə də erməni vəhşiliyindən bəhs edir. O, erməni mühacirlərini "Qafqaz mühacirləri arasında "ən diribaşı" adlandırır və bu adı "alverçilik məharəti və biclikləri" ilə qazandıqlarını vurğulayır. Ermənilər "Şərq ölkələrində qruplar halında yaşadıqlarına görə onlar başqaları kimi vətən həsrəti çəkmirdilər" - yazan Banin ermənilərin Azərbaycanda azlıq təşkil etdiklərini, lakin rusların himayəsi ilə 1905-ci və 1918-ci ildə azərbaycanlıları qırdıqlarını, erməni vəhşiliyindən xilas olmaq üçün İrana qaçmalı olduqlarını xatırladır.

Hərdən oxucuya elə gəlir ki, əsərin baş qəhrəmanı olan Banin özünü unudub, avtobioqrafik romanı dayısı qızı Gülnara, onun macəralarına həsr edib. Onu vurğulamaq lazımdır ki, rus, Qərb ədəbiyyatını dərindən mənimsəyən Baninin yaradıcılığına həmin irs təsirsiz ötüşməmişdir. Bu təsir Gülnar obrazında açıq-aşkar hiss olunur. Gülnar bir çox cəhətləri, həyat tərzi ilə Fyodor Mixayloviç Dostoyevskinin "Cinayət və cəza" əsərindəki Sonya Marmeladova, Lev Nikolayeviç Tolstoyun "Dirilmə"sindəki Katya Maslovanı, Gi de Maupassanın Gombulunu (Pışka) xatırladır. Hətta hərdən elə gəlir ki, Banin həmin qəhrəmanları "Gülnar" adı ilə milliləşdirməyə səy edib. Ömrü boyu bədənini satmaqla məşğul olan Gülnar hələ gənc ikən pozğun həyata qədəm qoyur, sonra bu yolu vərdişə, yaşayış, düşüncə tərzinə çevirir. Banin Gülnarı belə xarakterizə edir: "O, hər şeyi bilir, hər şeyi görür, hər şeyi duyur və bütün bunları mənə izah edirdi. Həmişə yalan deməyə, uydurmağa, qurğu qurmağa hazır idi". Ehtiraslı, gəzəyən, pozğun, macərapərəst, hiyləgər, dəyişkən, xəyanətkar, eyni zamanda, xoş təbəssümlü, şirin, şux, çox yaraşıqlı, cazibədar, məlahətli, "heç qadına marağı olmayan kişiləri də özünə cəlb edən" Gülnarın işi-gücü məşuq axtarmaq, daim "hörümçək öz torunda gözlədiyi kimi gözləmək", varlı adamları izləmək və ələ keçirməkdən ibarətdir.

Trilogiyanın əvvəlki hissələrindən tanıdığımız Baninin ögey anası Əminə müsəlman ailəsində dünyaya gəlmiş, Moskvada ali təhsilə yiyələnmiş savadlı, mədəni xanımdır. Bu obraz ilk baxışdan xoş təəssürat yaratsa da, Bakıda yaxşı heç nə görməməsi, yerli əhalini vəhşi kimi tanıması, milli ənənələrə bağlı olan qohumlarını inkar etməsi onu oxucunun gözündən salır. Bununla belə, roman boyu müəllif Əminəyə rəğbətini gizlətmir.

Banin xarakter yaratmaq ustasıdır. O, qəhrəmanının daxili aləmini həkim kimi, zahiri görkəmini rəssam tək təsvir edir. Yazıçının təqdimatında rus mühacir İvan Petroviç epizodik obrazdır, lakin yaddaqalandır: "O, tənha, tənbəl, əyyaşdır, başqalarının yeməyi və borcları hesabına yaşayırdı. Bu adam Parisin ən məşhur yalançısı idi. Onun uydurmalarına hər bir yazıçı qibtə edə bilərdi". "Yüngül bir dürtmə vursan, ağzından araq tökülən", "ucaboy, sarışın, mavi gözlü İvan Petroviç" ətrafındakıları ovsunlayır, "qatar kimi fit çalır, quş kimi cəh-cəh vurur, vərəmli xəstə kimi öskürür, ayı kimi nərildəyir", məclisdə elmdən söz düşəndə Eynşteyni öz biliyi ilə çaşdırmağa, dovşan ovundan danışılanda Sibir meşələrində ayını əli ilə öldürməyə qadirdir. İvan Petroviç atları hürkmüş faytonu məharətlə saxlamağından yorulmadan danışır.

Romandakı personajların zəngin qalereyası - Baninin nifrət etdiyi əri Qrando, vaxtını kartla fala baxmaqla keçirən liberal atası, hikkəli və ateist bacısı Züleyxa, təkəbbürlü, yeznəsi acıdil Şəmsi, Gülnarın məşuqlarından yaraşıqlı, boy-buxunlu, səfeh və mədəniyyətsiz polkovnik Nikolay Karpov, zavallı qoca Otto, ağıllı, savadlı və yaraşıqlı Mak Tadden... fərqli xarakterləri, düşüncə və həyat tərzləri ilə əsərin oxunaqlı, maraqlı, cəlbedici olmasını şərtləndirir.

Banin Parisə ümidlərlə, böyük iddialarla, arzularla gəlir. Paris isə milyonçu qızına istədiyini yox, manekençiliyi, daxma kimi mənzili, Qrando ilə "həvəssiz məhəbbəti" nəsib edir. O, Xəzərə açılan iri eyvanlarını, bağdakı "şeytan evi"ni, qumluqdakı qayaları xatırladaraq Gülnara deyir: "Səncə, biz orada qalıb nənələrimiz kimi çarşabla yaşasaydıq, daha xoşbəxt olmazdıqmı? Onda nə iş dərdi çəkərdik, nə kişi axtarardıq, nə də azadlıq!.. Hərdənbir uşaq doğardıq, arvad məclisləri qurardıq, hamamda yığışardıq... Ah, Gülnar mən çox bədbəxəm". Baninin dedikləri istər-istəməz Əhməd bəy Ağaoğlunun "67 il sonra" memuarında düşdüyü situasiyaya uyğun hissə qapılaraq, anasının təkidi ilə Kərbəlaya, Nəcəfə nəzərdə tutulan yolun Petreburqa, oradan da Parisə dəyişdirildiyini yada salaraq yazdıqlarını xatırladır: "Ah, məni gözünün bəbəyi kimi sevən, yumuşaq qəlbli, incə ürəkli annəciyim, nə yapdın! Nədən bu fəlakətli yolu mənə rəva gördün? Şüphənmi var? Çəkəcəklərimi bilmiş olsaydın, candan sevdiyin övladını bu cəhənnəm yoluna dürtməzdin! Mən də əvvəlkilər kimi Kərbəlaya, Nəcəfə gedərək axund, molla və ya amcamın dediyi kimi, müctəhit olardım! Nargiləni soraraq imam elmindən, Mehdidən bəhs edə-edə, bu fani dünya həyatını rahatca keçirərdim". Şübhəsiz ki, həm Baninin, həm də Ə.Ağaoğlunun yazdıqları mühacirət həyatının sıxıntılarının, keçici hisslərinin ifadəsidir.

Baninin trilogiyasına daxil olan sonuncu romanı "Paris günləri" həm yazıçının taleyini, həm zəngin irsini, həm dövrün Paris mühitini, həm mühacirət problemini, mühacirət ədəbiyyatını öyrənmək və dəyərləndirmək baxımından aktualdır, əhəmiyyətlidir.

8 noyabr 2022-ci il

 

Abid TAHİRLİ

 

525-ci qəzet.- 2022.- 19 noyabr.- S.18;19.