"Amerikalı azərbaycanlı olmaq, bax, elə budur"

 

"Müharibə sorağını alan kimi bütün Dünya Azərbaycanlıları təlatümə gəldi"

 

Onların yaşadığı məkanın ünvanı qürbət olsa da, özlərinin bir ümumi adı var - Dünya Azərbaycanlıları. Bu il Texasdan Dünya Azərbaycanlılarının V qurultayında iştirak etmək üçün gələn İradə Axundova ilə görüşümüzdən sonra onunla əlaqələrimiz daha sıx oldu. Elə mənim üçün qürbətdə yaşamağın necə bir hiss olduğunu anlamaq maraqlı olub həmişə. Həmyerlimizlə söhbətdən sonra Azərbaycana fərqli baxışların bucağı ilə baxmaq fikrinə düşdüm bu işdə İradə xanım mənə yardımçı oldu. Onun vasitəsilə daha bir həmyerlimizlə sosial şəbəkə üzərindən tanış olduq sonda Vətənə bu xanımın nəzəri ilə baxmaq üçün həmsöhbət olmaq qərarına gəldik. Bu dəfə qürbətdən qələn sədanın ünvanı Florida ştatının Mayami şəhəri oldu. Müsahibim isə Vətən adı çəkiləndə ürəyi köksünə sığmayan, cərrah assistenti, "Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası"nın prezidenti, həmyerlimiz Töhfə Eminovadır.

- Yeni bir tanışlığa salam deyək...

- Qışın oğlan çağında ziyalı bir bakılı ailəsində anadan olmuşam. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinə daxil oldum. Elə tələbəlik illərindən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başladım. 2000-ci ilə qədər müəllim adını fəxrlə daşıdım. Çox aktiv ictimai fəal olmuşam. Elmira Süleymanovanın "Qadın İnkişaf Mərkəzi" adlı QHT-nin üzvü, Kamal Abdullayevin sədrlik etdiyi "Mədəniyyət Mərkəzi"nin fəallarından olmuşam. Tale elə gətirdi ki, ailə həyatı qurandan sonra Vətəndən uzaqlaşmalı oldum. İyirmi iki ildi ki, qürbətdə içində Vətən boyda sevgisi olan bir azərbaycanlı kimi bu adı qürurla daşıyır yaşadıram. Çünki üstümüzdə Dünya Azərbaycanlıları kimi çox məsuliyyətli bir ad var.

- Ziyalı bir bakılı ailəsindən danışaq...

- Atam Aydın Abdullayev anam Rahilə Məmmədova hər ikisi ziyalı insanlar olub. Onların yeganə övladı olduğumdan sevgi, qayğı dolu bir ailədə böyümüşəm. Yəqin ki, o illərdə yaşamış insanların xatirində olar. 1957-ci il may ayının 28-də iki gənc oğlan Qız Qalasına üçrəngli bayrağımızı sancmışdı. Onlardan biri əmim Çingiz Abdullayev olub. Həmin vaxtdan o iki gənc necə yoxa çıxdısa, öldüsü, qaldısı bu günün özünədək doğmaları üçün bir müəmmadı. Bu gün çox şadam ki, əmimin sancdığı bayraq illər sonra Vətənimin başı üzərində dalğalanır mən onun yarımçıq arzularını öz fəaliyyətimlə davam etdirirəm. Rəhmətlik anamın ömrünün hər anı mənimlə bağlı olub. Bu gün çox rahatam ki, onun bütün arzularını həyata keçirə bilmişəm. əgər bunu bacarmışamsa, düşünürəm ki, onların ruhu qarşısında üzüm ağdır.

- Gəzməyə qərib ölkə...

- Amma mən gəzməyə gəlmədim. Amerika fərqli bir dünyadı. Çox sərt qanunları olan bu məmləkətdə hansısa bir işə başlamaq üçün vaxt lazımdı, vaxt isə səbr tələb edir. Övladlarımın ard-arda dünyaya gəlişi bu vaxtı doldura bildi. Onların yaş həddi imkan verən kimi cərrah assistentliyi üzrə təhsil aldım. Amerikada oxumaq çox çətindi bu uzun zaman tələb edir. Həkim olmaq üçün on yeddi il oxumalısan. Mənim isə vaxtım vardı, yaşım buna imkan verirdi. Bütün bunlara rəğmən, mən oxudum bu sənəti sevdim. Baletdən, musiqidən, teatrşünaslıqdan gələn yol həkimlikdə dayandı. Anamın arzularından biri məni həkim kimi görmək olub. Etiraf edirəm ki, əvvəl bu peşə ürəyimcə olmasa da, qürbət mənə xalat geyindirə bildi. Artıq on beş ildi ki, hospitalda çalışıram. Belə baxanda iyirmi iki il qısa zaman kəsiyi deyil, amma mən hələ buralara alışa bilməmişəm. Düzü, alışacağıma da inanmıram, çünki ürək Vətəndədi, canın ordadı gözün daima nəsə axtarır.

- axtardığını tapa bilmir...

- Bakıda aktiv ictimai fəaliyyətim olduğundan, burda qəfəsdəki quş kimi çırpınırdım. Hey çalışırdım ki, buradakı azərbaycanlıları bir yerə cəm edim, lakin müxtəlif bəhanələrlə, səbəblərlə üzləşirdim. Xeyli düşündüm sonda "Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası" yaratmaqla özümüzünküləri bir yerə toplamağa nail oldum. Azərbaycanlı harada olmağından asılı olmayaraq, özünü tanıtdıra bilir. Bunun da fövqündə milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, elmi nailiyyətlərimiz durur. Novruz, Ramazan Qurban bayramlarını mütləq şəkildə qeyd edirik. Elə bir azərbaycanlı süfrəsi tapılmaz ki, onu Novruz şirniyyatları bəzəməsin. Bacaran bişirir, əlindən gəlməyənlər Nyu-York, Vaşinqtondan belə sifariş etdirib süfrəsini o nemətlərdən əskik etmir. Artıq yerli əhali bunun bir azərbaycanlı ailəsi üçün demək olduğunu bilir. İbadət əhli olan insanlarımız məscidlərdə namazını qılır, dualarını edir, Məhərrəmlik mərasimi anılır. Bütün bunları qürbət eldə doğulub, boya-başa çatan övladlarımıza aşılayırıq ki, bu dəyərlər nəsildən-nəslə ötürülsün. Cəmiyyətimiz Azərbaycan mədəniyyətinin təbliğində bütün imkanlardan istifadə edir.

- Vətənin 44 günü...

- Müharibə sorağını alan kimi bütün Dünya Azərbaycanlıları təlatümə gəldi. Amerikanın bütün ştatlarında yaşayan bizlər özümüzü belə unudub uzaqdan uzağa əlimiz çatan, gücümüz yetən vardısa, gözüyumulu ona sarı gedirdik. Vətən qürbətdə yaşayan azərbaycanlıların ən həssas nöqtəsidi. İllərdi haqq səsimizi qədər ucaltsaq da, dünya kar kor olaraq qalmaqda davam edirdi. Qarabağ bu illər ərzində mənim üçün gözü yollara dikilib həsrətlə kimisə gözləyən, kökü, mənşəyi bilinməyən bir ovuc məxluqun əlində qalaraq imdad diləyən bir yetim uşağa bənzəyib. bu uşaq otuz il inləyə-inləyə gözlədi. Çox gözlədi, amma buna dəydi. Hələ o 44 günün təsirindən qurtula bilməmişəm. yerə sığırdım, göyə. Qürbətdə yaşadığım iyirmi ili belə, unutmuşdum. Sanki ömrüm bu 44 gündən ibarət oldu. Yürüşlər, mitinqlər bir-birinə calanmışdı, etiraz səsimizin eşidilməsi üçün hər şeyə hazır idik. Üzərində "Qarabağ Azərbaycandır!" yazılan dörd iri reklam lövhəsinin ikisini Mayaminin mərkəzində, ikisini Beynəlxalq aeroportun girişi çıxışında yerləşdirmişdik. Bu lövhələri görəndən sonra erməni xisləti özünü göstərməyə bilməzdi. Lövhələri hazırlayan şirkətə zəng vurub təcili onların yığışdırılmasını tələb etmişdilər. Hər gün yeni məğlubiyyət yaşayan tərəf kimi onların bu aqressiyası təbii idi. Mən həmin dönəmdə birliyimizə, gücümüzə heyran qaldım. Kimin arasında münasibət vardısa, hamısı unudulmuşdu, çünki söhbət Vətəndən gedirdi. Hamımız bir ağızdan otuz il deyib durmuşduq. Amma heç demə, belə lazım imiş. Məhz bu otuz ili dövlətimizin başçısı, Ali Baş Komandan 44 günə sığışdırmaqla, bizi dünya boyda rüsvayçılıqdan xilas etdi. Böyük sərkərdə Napoleon Bonapartın belə bir kəlamı var: "Türklər barışda mələk, savaşda ifrit kimidirlər". Biz bunu dünyaya sübut edə bildik.

- Ölməyə Vətən yaxşı...

- Vətən uzaqdan görünən elə şirin nemətdir ki, onu sözlə ifadə etmək olmur. O çətin günlərdə çağırsaydılar, canla-başla gələr, əlimdən gələni edərdim. Bir canımız var, o da qurban olsun Vətənə. Uzaq da olsaq, özümüz üçün bir balaca Vətən yarada bilmişik burda. Bir yerə cəm olanda çalıb-oxuyan kim, nərd oynayan kim, samovar qaynadan kim... Müxtəlif ləhcələr bir-birinə qarışanda, bax, onda əsl Azərbaycan yaranır okeanın bu tayında.

- Amerikalı azərbaycanlı...

- Ailəm, övladlarım yanımda olsa da, mən yenə də qəribəm. Hər gördüyümdə, hər eşitdiyimdə Vətən axtarıram. Amerikalı azərbaycanlı olmaq hədsiz çətindi, çünki sənin üçün hər şeydən əzəl öz kimliyin, öz məsuliyyətindi. Övladlarım burada doğulub böyüsələr də, sırf azərbaycanlı tərbiyəsi alıb. Etiraf edim ki, bunda rəhmətlik anamın böyük rolu olub. Dünyanın hansı nöqtəsində yaşasaq da, övladlarımızı bir azərbaycanlı kimi yetişdirməyə borcluyuq, çünki bu xətt qırıla bilməz. Övladlarımıza atalarının bir tövsiyəsi olub: "Qapının o tayı Amerikadı, lakin astanadan içəri daxil olan kimi Azərbaycanda yaşadığınızı unutmayın". Övladlarımı ilk dəfə Vətənə yetkinlik yaşları çatanda gətirdim. İllərdi onlara danışdığım Bakını gözlərilə görüb tanısınlar deyə, bu yaş həddini gözlədim. İstədim anlasınlar ki, onlar üçün danışdıqlarımın heç biri nağıl deyil. Ayaqları Vətən torpağına dəydi, çörəyini yedilər, suyunu içdilər, hansı kökə bağlı olduqlarını dərk etdilər. Bir də evimizdə yaratdığımız Azərbaycan abu-havası çox vaxt bizə harada olduğumuzu belə unutdurur. Daima Azərbaycan kanallarını izləyən, musiqisini dinləyən, mətbəxində yalnız milli yeməklər bişən ailədə Vətən unudula bilməz. Amma nə qədər çalışsan da, burda o dadı-tamı ala bilmirsən. Ailəmizdə ünsiyyət yalnız Azərbaycan dilindədir. Bakılıların özünəməxsus şivəsi, dialekti var. Bəzən qızım elə sözlər işlədir ki, eşidənlər təəccüblə soruşur ki, ay Nabat, hardan bilirsən bu sözləri? Onun da bir cavabı var: "Nənəmin lüğətindən". Amerikalı azərbaycanlı olmaq, bax, elə budur.

P.S. Söhbət boyu Töhfə xanımın dilindən Azərbaycan kəlməsi əskik olmadı. Onu da hiss etdim ki, ürəklə, səslənən bu kəlmədən həsrət dolu bir niskil Vətənə sarı boylanmaqda idi.

 

Tamilla M-zadƏ

 

525-ci qəzet.- 2022.- 19 noyabr.- S.16.