Ali elm ocağında 30
illik yubiley tədbiri
AMEA-nın prezidenti,
akademik İsa Həbibbəyli: "525-ci qəzet" müstəqil
mətbuat yaratmaq istəyənlər üçün ən
böyük nümunədir"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı
ilə noyabrın 17-də "525-ci qəzet"in 30 illik
yubileyinə həsr olunmuş "Müstəqillik
dövrünün müstəqil mətbuatı: "525-ci qəzet"
mövzusunda tədbir keçirilib. Akademiyanın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda gerçəkləşən
tədbiri giriş sözü ilə açan AMEA-nın
prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın
öz müstəqilliyini bərpasından sonra ölkədə
çoxlu sayda mətbuat nümunələrinin meydan
çıxdığını xatırladaraq qeyd edib ki,
ötən illər ərzində bu nəşrlərdən
bir çoxu fəaliyyətini dayandırsa da, müstəqilliyimizlə
yaşıd olan "525-ci qəzet" öz
missiyasını aydın şəkildə yerinə yetirməkdə
davam edir: "525-ci qəzet" Azərbaycanda müstəqillik
dövrünün ən davamlı, dövlətçilik,
müstəqillik ideyalarını qoruyan, özünəməxsus
siması olan çoxprofilli mətbu orqandır. "525-ci qəzet" Azərbaycanın müstəqillik
dövrü mətbuatının flaqmanı, müstəqil mətbuat
yaratmaq istəyənlər üçün canlı nümunədir.
Bu qəzet 30 ildir öz aydın yolunu davam edir.
Onun özünəməxsus siması var. Qəzet
çox profilli orqandır. Azsaylı mətbuatdır
ki, bütün sahələri özündə əks etdirmək
imkanı var. "525-ci qəzet" müasir jurnalistika məktəbidir.
Qəzet Azərbaycan cəmiyyətinin
maraqlandığı bütün sahələr üzrə,
istər ictimai-siyasi, iqtisadi, istərsə də elmi, ədəbi,
mədəni, idman və digər istiqamətlərdə məqalə
və xəbərləri peşəkarcasına ictimaiyyətə
təqdim edir. "525-ci qəzet"in
müəllifləri də geniş profillidir. Onun özünəməxsus siması var. Azsaylı
mətbuat orqanlarındandır ki, bütün sahələri
özündə əks etdirmək imkanı var. "525-ci qəzet"
müasir jurnalistika məktəbidir".
Akademik
İsa Həbibbəyli bildirib ki, "525-ci qəzet"
yarandığı gündən Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir,
AMEA-nın son 30 illik tarixi ilə qəzetdə dərc
olunmuş materialları oxumaqla tanış olmaq
mümkündür: "Hesab edirəm ki, "525-ci qəzet"
daim Azərbaycan cəmiyyətini, oxucusunu dolğun, qərəzsiz
informasiya ilə təmin edib. Qəzetin
bütün istiqamətlərdə öz fəaliyyətini
peşəkar şəkildə davam etdirməsinin
başlıca səbəbkarı onun baş redaktoru Rəşad
Məciddir. Rəşad Məcid
ictimai-siyasi xadim, görkəmli mətbuat nümayəndəsi
kimi özünü sübut edib və Azərbaycan mətbuatı
tarixində fərqli jurnalistika məktəbi yaradıb. "525-ci qəzet" həftədə azı bir dəfə
feysbuk sosial şəbəkəsindən seçmələri
çap edir. Bu, feysbukun qəzet
variantıdır və Azərbaycan mətbuatında yenilikdir.
Rəşad Məcid ədəbi məktəbin
sərhədlərini aşaraq müasir, çoxprofilli
jurnalistika məktəbi yaradıb. Onun
baş redaktoru olduğu "525-ci qəzet" isə sabaha
gedən yollara rəhbərlik edən, ictimai fikrin
formalaşmasında ön cərgələrdə dayanan
nümunəvi mətbu orqandır".
AMEA prezidenti "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcidi Akademiyanın dostu adlandırıb və onu Azərbaycan
Mətbuat Şurasının sədri seçilməsi
münasibətilə təbrik edib. Akademik bildirib edib ki, Rəşad Məcidin
bu vəzifəyə seçilməsi geniş mənada Azərbaycan
mətbuatının, xüsusilə "525-ci qəzet"in ən
böyük nailiyyətlərindən biridir: "Rəşad
Məcid ictimai-siyasi xadim, görkəmli mətbuat nümayəndəsi
və əsl dost kimi özünü sübut edib, Azərbaycan
mətbuatı tarixində fərqli jurnalistika məktəbi
yaradıb".
AMEA rəhbəri çıxışının sonunda
Rəşad Məcidi və qəzetin kollektivini 30 illik yubileyləri
münasibətilə təbrik edərək, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
AMEA prezidenti
üzərində Şuşa
qalasının və Xarıbülbülün təsviri olan
rəsm əsərini "525-ci qəzet"in baş redaktoru
Rəşad Məcidə təqdim edib.
"525-ci
qəzet" hər zaman doğru sözə geniş yer
verir"
"Jurnalistikada
məktəb yaratmış qəzet - "525-ci qəzet"
mövzusunda məruzə ilə çıxış edən
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun baş direktoru, akademik Teymur Kərimli bildirib ki,
81 il sonra Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin,
Əli bəy Hüseynzadənin və bir çox başqa vətənpərvər
ziyalıların arzusunda olduqları o müqəddəs
gün gəlib çatdı, Azərbaycan öz dövlət
müstəqilliyini "əbədi və dönməz"
olaraq bərpa etdi. Ölkədə barmaqla sayıla biləcək
qədər türkcə-azərbaycanca qəzet
çıxmağa icazə vermiş və onları da
"qlavlitin" kəskin basqısı altında saxlayan Sovet
rejimindən fərqli olaraq, mətbuat azadlığına
qovuşmuş müstəqil Azərbaycanda yüzlərlə
qəzet çıxmağa başladı. Elə o illərdə
qəzet çıxarmaq üçün 525-ci icazəni alan bir qrup istedadlı gənc çox
düşünmədən yeni qəzetin adını elə
belə də qoydu - "525-ci qəzet": "Əlbəttə,
525-cidən öncə icazə almış yüzlərlə
qəzet gənc ölkədəki müxtəlif çətinliklər
üzündən öz fəaliyyətini dayandırdı.
Ancaq görkəmli şair, yazar, jurnalist, "bütün
yönləri ilə yaradıcı" olan Rəşad Məcidin
başçılığı altında "525"in
kollektivi bütün keşməkeşlərə sinə gələrək,
belə demək mümkünsə, öz doğma
övladlarını böyüdüb 30 yaşlı bir gəncə
çevirməyə nail oldular. Həm də nəinki
bu körpəni böyüdüb nəşvü nüma
çevirdilər, eləcə də daha böyük bir
uğur qazanıb, müstəqillik dövrü Azərbaycan
jurnalistikasında bir məktəb yarada bildilər".
Teymur Kərimlinin sözlərinə görə,
"525-ci qəzet" boş yerdə yaranmayıb və Azərbaycan
mətbuatının ona qədər keçdiyi 100 ildən
artıq yolun bütün zəngin və qiymətli ənənələrini
özündə əks etdirərək möhkəm zəminə
söykənirdi. Bu isə heç də təsadüfi
deyildi - onu ərsəyə gətirənlər alitəhsilli
profesional jurnalistlər idi və mətbuat meydanına
atılmış, ancaq əlhavasına hərəkət edən
diletantlardan bir baş üstün idilər. Məhz buna görə, elə ilk saylarında dərc
olunan qısa proqram məqaləsində çox inamla belə
bir cəsarətli fikir irəli sürmüşdülər
ki, "525-ci qəzet" birinci olacaq. Və
belə də oldu. Çox qısa bir müddət ərzində
Rəşad Məcidin uzaqgörənliyi, özünə və
qələm yoldaşlarına dərin inamı öz bəhrəsini
verdi: "Belə də oldu. Qəzet öz vədinə yüksək səviyyədə
əməl edərək yüzlərlə qəzetin
arasından sayılıb seçilən, sevilən doğma mətbu
orqanı kimi bütün cəmiyyət tərəfindən qəbul
edildi. Çünki öz xalqının,
öz ədəbiyyatının, öz mətbuatının ənənələrini
dərindən bilməklə həm də onlara onlara söykənir,
onların işığından öz yolunda bir mayak kimi
bacarıqla istifadə edirdi".
Akademik qeyd edib ki, bu gün ölkədə çoxlu
sayda media orqanının fəaliyyətə göstərməsinə
baxmayaraq, sevimli, doğma qəzetlər çox azdır. "525-qəzet"
hər kəsə doğma, əziz olan qəzetlərdən
biridir. "525-ci qəzet" hər zaman haqqa həqiqətə,
doğru sözə geniş yer verir: "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid və onun qələm
yoldaşları Azərbaycan ədəbiyyatı və
klassikaya dərindən bələd olduqlari üçün
belə bir xalq məşəlini rəhbər tutmaqla uğur
qazanıblar. "Düz hər zaman əyrini kəsər",
yaxud da "Yalan ayaq tutar yeriməz": "Mən "525-ci
qəzet"in kollektivini ürəkdən
təbrik etməklə müstəqil dövlətçiliyimizin
daha da möhkəmlənməsi yolunda gələcək
uğurlar diləmək istəyirəm".
"525-ci
qəzet" bu 30 ildə öz nüfuzunu, səviyyəsini
saxlayıb"
Tədbirdə
çıxış edən Riyaziyyat və Mexanika
İnstitutunun baş direktoru, AMEA-nın mübir üzvü,
professor Misir Mərdanovun dediyinə görə, "525-ci qəzet"
cəmiyyətdə baş verənlərə operativ reaksiya
verir: "Nə qədər qəzet gəlib-gedib. Uğur qazanan və qazanmayanlar oldu. Amma bu qəzet hörmət qazananlardan və
oxunanlardandır. Bu otuz il ərzində
"525-ci qəzet" çox çətin, şərəfli
bir yol keçib və bütün mərhələlərdə
öz nüfuzunu, səviyyəsini saxlayıb. Ölkənin
ictimai-siyasi, mədəni və sosial həyatını
geniş oxucu auditoriyası üçün obyektiv
işıqlandırmış, təhsil və mədəniyyət
işçilərinin, elm xadimlərinin sevimli mətbuat
orqanına və onların səsini ictimaiyyətə
çatdıran tribunaya çevrilib. Bu qəzet
Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında
baş verən hadisələri dolğun
işıqlandırması, dövlətimizin
apardığı uğurlu daxili və xarici siyasəti
obyektiv qiymətləndirib xalqa düzgün
çatdırması, dərin analitik yazıları,
sanballı araşdırmaları ilə fərqlənmiş,
xalqın sevimlisinə çevrilib. İnanıram
ki, milli mətbuat tariximizdə nüfuzunuzu qorumaq
üçün "525-ci qəzet"in kollektivi bundan sonra
da əllərindən gələni əsirgəməyəcəklər".
Misir Mərdanov
bildirib ki, Akademiyanın prezidentinin şəxsən
iştirakı ilə ilk dəfə bir qəzetin yubileyi qeyd
olunur: "Rəşad müəllim başda olmaqla "525-ci
qəzet"in kollektivini, təbrik edirəm.
Mən bu qəzeti təhsil naziri vəzifəsində
işlədiyim ilk illərdən tanımışam. Qəzetdəki
yazılarla tanış olandan sonra bu qəzeti
seçdim. Mən bu qəzetin abunəçisiyəm,
bütün nömrələrini evimdə saxlayıram".
"525-ci
qəzet" çap olunmaq istəyən istedadlı yazarlar
üçün bütün imkanları yaradılır"
AMEA-nın Fəlsəfə və Sosiologiya
İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir
üzvü Könül Bünyadzadə
çıxışında deyib ki, "525-ci qəzet"də
çap olunmaq istəyən istedadlı yazarlar
üçün bütün imkanlar yaradılır: "525"
tribunadır.
Hər kəs gəlib bu tribunadan öz
sözünü deyə bilər. Yetər
ki, sözü olsun. Sözün var və
həmin sözünü eşitdirmək istəyirsənsə
gəl "525-ci qəzet"ə. Bundan başqa,
"525" bir dəyirmi masadır. Həmin dəyirmi masada gənclərlə yaşlılar
çox rahatca oturub bir birinə sözünü deyə, dinləyə
bilərlər. Bu qəzetdə gənclərin
şeirləri, məqalələri də dərc olunur. Eyni zamanda, öz sözünü demiş
insanların da. Mən dəfələrlə
görmüşəm ki, gənclərin məqalələri,
şeirləri "525"də dərc olunur. Çünki "525" dinləməyi bacarır
və sözünü demək istəyən istedadlı gənclərə
qapı açır. "525-ci qəzet"
gənclə gənc, yaşlı ilə yaşlıdır.
"525" deyəndə dərhal yada Rəşad
Məcid, Rəşad Məcid deyəndə isə
"525" yada düşür. Bu ikisi
bir-birini çox gözəl tamamlayır. "525-ci qəzet" bəlkə tək qəzetlərdəndir
ki, birinci səhifəsindən tutmuş sonuncu səhifəsinə
kimi insanlar orada yeni nəisə axtarır və tapır".
"Rəşad
Məcid "525-ci qəzet"lə jurnalistikada məktəb
yaratdı"
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, professor Qəzənfər
Paşayev qeyd edib ki, həqiqətən də Rəşad Məcid
"525-ci qəzet"lə jurnalistikada məktəb
yaratdı: "Rəşad Məcid məktəb keçib və
məktəb yaradıb. O, professor Nəsir İmanquliyev məktəbi
keçib. Vaxtında "Bakı qəzeti"
necə məşhur idisə, indi "525-ci qəzet" də
elə məşhurdur. Əslində qəzetin
çapa başladığı vaxt onun üçün asan
olmayıb. Yağışdan sonra göbələk
kimi başqaldıran saysız-hesabsız qəzetlər
çıxırdı. O qəzetlərdə
özünü-sözünü bilməyən, jurnalist adına ləkə gətirən adamlar ortaya
düşüb meydan sulayırdılar. Lakin
"525-ci qəzet" bu 30 ildə həmişə öz
adını, imicini qoruyub və sevilən bir qəzetə
çevrilib. Düzünü deyim ki,
"525-ci qəzet" ən
ölçülü-bilçili qəzetdir. Milli-mənəvi dəyərlərimizin təbliğində
əvəzsiz xidmətlər göstərir. Bəzi qəzetlərdən fərqli olaraq heç
nədə ifrata varmır. Mən
"525-ci qəzet"in uğurlarını Rəşad Məcidin
ağıllı siyasətində görürəm. Bu qəzetdə
çalışan əməkdaşların hər biri qəzet
redaktoru səviyyəsində jurnalistlərdir. Mən
Yusif müəllim, Seyfəddin müəllim, Aydın müəllimi
nəzərdə tuturam. "Bakı"
qəzetində də belə idi, orada da işibilən,
jurnalistikanı dərindən sevən insanlar
çalışırdılar. "525-ci
qəzet"in uğur qazanmasında, hörmətə minməsində
Rəşad Məcidin şəxsi keyfiyyətləri də
böyük rol oynayır. Bircə misal
çəkəcəm. Yaxın keçmişdə gənclər
Yazıçılar Birliyinə qarşı az
qala üsyan qaldıracaqdılar. Rəşad Məcid
Yazıçılar Birliyində gənclərlə iş
üzrə katib seçiləndən sonra hər şey
kökündən dəyişdi. O, sağlam düşüncəli,
istedadlı gəncləri ətrafına topladı".
Avrasiya Yazarlar Birliyinin başqanı, "Qardaş qələmlər"
dərgisinin baş redaktoru Yaqub Öməroğlu
vurğulayıb ki, "525-ci qəzet"in səhifələrində
müasir dövrün ən mükəmməl ədəbi-bədii
nümunələri, tanınmış yazıçı və
şairlərimizin əsərləri özünə yer
tapıb. Qəzet özünün milli simasını, peşəkarlıq
xarakterini formalaşdırıb və bu sahədə bir məktəb
səviyyəsinə çatıb.
"525-ci
qəzet" müasir Azərbaycanın salnaməsidir"
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli qeyd edib ki, hər kəsin bir əziz qəzeti olur. Onun da əziz qəzeti var, o da "525-ci qəzet"dir": "525-ci qəzet" müasir Azərbaycanın salnaməsidir. Bugünkü və sabahkı tarixçilərimizin inamla müraciət edə biləcəyi etibarlı mənbədir. "525-ci qəzet" ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına və təbliğinə də önəm verən ensiklopedik mənbədir. Jurnalistika fakültəsinin bir çox müəllimi bu qəzetin daimi müəllifləridir. Qəzet fakültə tələbələrinin yaradıcılıq laboratoriyası kimi ciddi bir vətənsevərlik vəzifəsini də yerinə yetirməkdədir. Azərbaycanın media məkanında - xüsusilə TV kanallarında "525-ci qəzet"də formalaşmış onlarca jurnalist çalışır. Qəzet Azərbaycan media mühitində məktəb səviyyəsinə yüksəlib".
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı "525-ci qəzet"i bütün yönləri və ictimai mövqeyi baxımından obyektiv qəzet adlandırıb. Ş.Alışanlının fikrincə, "525-ci qəzet"in bu günədək belə oxunaqlı və sevilən olmasının əsas səbəbi bütün məsələlərdə tarazlığı, balansı qoruması olub: "Bu qəzetin əsas özəlliyinin Azərbaycan tarixi ilə bağlı məqalələrə də öz səhifələrində tez-tez yer verməsidir. "525-ci qəzet"in ən mühüm özəlliyi dövlətçilik mədəniyyətini və milli mədəni irsi təqdim və təbliğ etməsidir".
Daha sonra çıxış edən tanınmış jurnalist Ülkər Hüseynova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov qəzetin kollektivini və baş redaktor Rəşad Məcidi təbrik edib, nəşrin Azərbaycan mətbuatına və cəmiyyətinə verdiyi töhfələrdən danışıblar.
Sonda çıxış edən "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid AMEA rəhbərinə və çıxış edənlərə minnətdarlığını bildirib: "30 il bundan qabaq fəaliyyətə başlayanda 17 Noyabr - Milli Dirçəliş Günü idi. 10 illik yubileyimizi Azərbaycanın ictimai fikrini əhatə edən insanlarla keçirmişdik. Biz qürur duyuruq ki, 1998-ci ildə o vaxt Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyevin "Neft bizim üçün məqsəd yox, vasitə olmalıdır" müsahibəsi ilk dəfə Azərbaycan mətbuatında "525-ci qəzet"də çap olunub. "525-ci qəzet" bu illər ərzində həmişə istər ictimai-siyasi, istərsə də ədəbi-mədəni proseslərə münasibətdə təmkinli mövqeyini qoruyub-saxlamağa çalışıb. Biz qəzetin 25 illiyini Bakı Dövlət Universitetində keçirdik. Bunun da bir mənası var idi. Bizim əksəriyyətimiz BDU-nun Jurnalistika fakültəsini bitirmişdik. Bundan əlavə, o vaxt akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda da "525"in yubiley tədbirini keçirmişdi".
Rəşad Məcid AMEA prezidentinin iştirakı ilə bir qəzetin yubileyinin keçirilməsini yüksək qiymətləndirib və minnətdarlığını bildirib: "Bir neçə ay bundan qabaq İsa müəllim deyirdi ki, "525-ci qəzet"in 30 illik yubileyi akademiyada keçirəcəyik. Onda hələ İsa müəllim vitse-prezident idi. Bu ərəfədə də xoş bir hadisə baş verdi və İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildi. Bu gün akademiyanın prezidentinin də iştirakı ilə bu ali elm ocağında bir qəzetin yubiley tədbiri keçirilir. Buna görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə və bu gün tədbirdə iştirak edib öz ürək sözlərini bildirən hər kəsə hədsiz minnətdarlığımı bildirirəm".
Sonda xatirə şəkli çəkdirilib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 19 noyabr.- S.12-13.