Senatorlar və "Paraşütistlər"...  

 

Bu ölkədəki varlı erməni diasporasının təsiri və təzyiqiylə Fransa senatı Azərbaycanın əleyhinə biabırçı sənəd qəbul etdi. Bir neçə il bundan qabaq da həmin senat, həmin qüvvələrin təhrikiylə ölkəmizə qarşı təxribatçı sənəd qəbul etmişdi. O zaman mən indiki senatorların mənəvi sələfləri olan fransız müstəmləkəçilərin Əlcəzairdə törətdikləri vəhşiliklər haqqında rus dilində bir yazı yazmışdım. Həmin yazı fransız dilinə də tərcümə edildi. Fransız senatının yeni təxribatıyla bağlı həmin yazını öz dilimizdə qəzetimizə təqdim etmək istəyirəm.

Son günlər televiziya kanallarında Fransa Senatının mövcud olmayan "dövlət"in tanınması ilə bağlı tələsik və biabırçı tövsiyəsi haqda süjetləri izləyirəm. "Euronews" telekanalı senatorun Azərbaycanı dərhal "işğal olunmuş əraziləri azad etməyə" çağıran çıxışından parçanı ləzzətlə yayımlayır. Düşünürəm, görəsən, bu senator kimdir - satın alınmış təxribatçı, yoxsa sadəcə "idiot"?

İstər-istəməz 60 il əvvəl oxuduğum mətnlə bağlı assosiasiyalarım yaranır. Və maraqlısı budur ki, təkcə bu mətnin məzmunu və ruhu deyil, Romen Rollanın epiqrafı da yada düşür. Dəqiqləşdirməkdən ötrü "İnostrannaya literatura" jurnalının 1958-ci il, 6-cı nömrəsini kitabxanamdan axtarıb tapıram. Elədir ki var; Anri Alleqin "İşgəncə altında istintaq" publisistik əsərinin epiqrafı belədir: "Mənəviyyatsız fransızları ifşa etməklə, mən Fransanı müdafiə edirəm". Romen Rollan, "Jan Kristof".

O vaxt, 62 il əvvəl - hələ gənclik illərində bu əsərlə tanış olanda keçirdiyim sarsıntıları unutmamışam. Amma təəssüratımı yeniləmək istəyirəm, təzədən oxuyuram... Fransız müstəmləkəçilərinin Əlcəzair xalqının azadlıq hərəkatının yatırılmasında törətdikləri vəhşiliklər haqqındadı əsər. Vicdanlı fransız jurnalisti Anri Alleq öz qəzetində həqiqəti yazmağa çalışırdı, amma mübarizəsi yarımçıq qaldı, işgəncəçilərin əlinə keçdi. Həmkarlarını və silahdaşlarını  satmadığı üçün insan simalı vəhşilər tərəfindən qeyri-insani işgəncələrə məruz qaldı. "Yırtıcıların" - sadistlərin pəncəsinə keçən "təzə gələnlər" bir-birlərinə suallar verirlər: "Uzun müddətdir həbs olunmusunuz? İşgəncə verdilər? Kim? "Paraşütistlər", yoxsa polislər? O uzaq illərdə ən qəddar işgəncə üsullarından istifadə edənlər "paraşütistlər" arasından çıxırdı.

"Hər kamerası iztirab yuvası olan bu nəhəng, izdihamlı həbsxanada birinci mərtəbədə ölüm hökmü "şöbəsi" var. Burada səkkiz-on nəfər qalır. Onların ayaqları zəncirdədir. Onlar gözləyirlər; əfv, ya da dəhşətli son. Axşamlar hər məhbus öz "yatağında" - saman çuvalının üstündə qıvrılır və səhərin ona ölüm gətirə biləcəyini düşünür. Ancaq hər gün, qadağan olunmuş mahnılar məhz ölüm kameralarından eşidilir. Bu gözəl mahnılar öz azadlığı uğrunda mübarizə aparan xalqın ürəyindən gəlir. Gecələr boyu işgəncələrə məruz qalan insanların fəryadlarını eşidirdim. Onların qışqırıqları heç vaxt qulaqlarımdan çəkilməyəcək. İşgəncədən yorulan zavallılar qədim ərəb dualarının sözlərini pıçıldayırdılar".

Anri Alleq çəkdiyi əzabları təsvir edərək, məruz qaldığı işgəncələrdən ibarət bütöv bir "buket"i oxuculara açır. Burada - döyülmələr, zorakılıqlar, bədənin müxtəlif hissələrinə bağlanan naqillər vasitəsilə elektrik vurmalarından istifadə, aclıq, susuzluqla sınağa çəkmək və cəlladların azğın təxəyyülü ilə "icad edilmiş" başqa üsullar var. Bütün bunları bir əsr yarım əvvəl Azadlıq, Bərabərlik, Qardaşlıq şüarları irəli sürən bir ölkə həyata keçirir.

Bununla belə, "paraşütistlər" böyük ideallar illüziyaları ilə özlərini aldatmırlar da. Onlardan biri bağırır: "Bizdə burada - gestapo rejimidir! Gestaponun nə olduğunu bilirsən? Burada nə baş verirsə, Fransada da həyata keçiriləcək. Sənin gəzəyən, əxlaqsız qızının - Respublikanın külünü sadəcə havaya uçuracaqlar".

Çox uzaq illərdə "Gecə düşüncələri"mdə yazmışdım: "Demokratiyanın hətta ən mütərəqqi, düşünən, vicdanlı ziyalıların belə beyninə yeridilməsi o qədər də asan iş deyil. Bəzi şüurlarda düşüncələrdə bərabərlik, azadlıq, demokratiya idealları sırf imperiya ambisiyaları ilə qəribə şəkildə birləşir".

Azadlıq və istiqlaliyyət kimi nəcib ideyaları bəyan edən Fransanın bir çox yaxşı insanları, faşist işğalı zamanı öz torpaqlarının müdafiəsinə qalxan vətəndaşları - bütün bu təqdirəlayiq sülhsevərlik hisslərini "Fransız Əlcəzairi" şüarı ilə "tamamlaya" biliblər. Bir "əxlaqı", daha doğrusu, antiəxlaqı olan "paraşütistlər" haqqında isə danışmağa dəyməz; bizə aid olanlar, müstəmləkəyə çevirdiyimiz xalqlara aid deyil. Suverenlik "yalnız bizim imtiyazımızdır, tərəfimizdən əzilən "yerlilərin" milli ləyaqət hissiylə yaşamaq hüququ yoxdur".

Görəsən, bəzi fransız senatorları (təəssüf ki, əksəriyyəti) o qədər savadsızdırlar, bilmirlər ki: Azərbaycan Ermənistan torpaqlarını işğal etməyib, əksinə, Ermənistan, ərazi bütövlüyü dünya ictimaiyyəti, o cümlədən, Fransa tərəfindən tanınan Azərbaycan ərazisinin 20 faizini otuz il ərzində işğal altında saxlayıb. BMT-nin Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, Fransa Minsk Qrupunun həmsədri kimi onilliklərdir ki, guya problemin həlli üçün mənasız və nəticəsiz danışıqlar aparıb.

Və elə həmin dövrdə erməni qəsbkarları bir tərəfdən keçilməz hesab edilən "Majino xətlərini" çəkir, digər tərəfdən isə "yandırılmış torpaq" prinsipinə əməl edərək yaşayış binalarını memarlıq abidələrini, məscidləri, Pravoslav kilsələrini məhv edir, çoxəsrlik ağacları kəsir, təbiətə od vururdular. Fransız senatorları isə nə etdiklərini belə anlamadan Azərbaycan qoşunlarının işğaldan azad edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirlər.

Öz müqəddəratını təyinetmə prinsipinə gəlincə, erməni xalqı artıq Ermənistan Respublikasının ərazisində bunu edib. Hər köçdüyün və yaşadığın  ölkədə "öz müqəddəratını təyin edə" və hətta "müstəqil dövlət" elan edə bilməzsən.

Fransız senatorları üçün bunu təxmin etmək bu qədərmi çətindir? "Lehinə" səs verən senatorların Qarabağın dağlıq hissəsinin 19-cu əsrdə Azərbaycan Qarabağ xanlığına aidliyi, sovet dövründə isə Azərbaycan Respublikasının tərkibində muxtar vilayət olması barədə zərrə qədər təsəvvürləri varmı?

Parisdə, Konkord Meydanında Fransanın əyalətlərinin simvolik heykəlləri ucalır. Birinci Dünya müharibəsi zamanı, Kayzer Almaniyası Fransanın Elzas və Lotaringiya əyalətlərini ələ keçirdikdə, onların həmin meydandakı heykəlləri İkinci Dünya müharibəsinin sonuna, bu torpaqlar azad olunana qədər pərdəylə örtülmüşdü.

Bu gün Fransa və Almaniya avropalı bacılardır. Karantindən əvvəl kansler Angela Merkel və prezident Emmanuel Makron hər görüşdükdə öpüşürdülər. Belə olan halda fransız senatorları öz hökumətlərinə alman şəhəri olan Strasburqun  "bacı"ya verilməsini və ya Korsikanın ayrıca dövlət kimi tanınmasını tövsiyə edə bilərmi? Niyə də yox?!

Bəlkə elə yüz minlərlə erməninin yaşadığı Marseli qədim erməni şəhəri elan edək?!

Bax bu yerdə ikili standartların "qanunu" işə düşür. Bir ölkənin qəti şəkildə qəbul etmədiyi digəri üçün tətbiq oluna bilər.

Senatorlar işğaldan azad etdiyimiz torpaqlarda tarixi və dini abidələrin qorunub saxlanmasının dərdini çəkirlər. Tutaq ki, onlar Bakının mərkəzindəki erməni kilsəsinin tam təhlükəsizliyindən xəbərlərsizdirlər. Amma görünür, Azərbaycanın Avropadakı xristian abidələrinin bərpasına verdiyi töhfədən də bixəbərdilər.

Bəs onlar elə öz Qərb müxbirlərinin işğaldan azad olunan ərazilərdən - yerlə-yeksan edilmiş şəhərlərdən, dağıdılan məscidlərdən reportajlarını da görməyiblər? Xarici diplomatik xidmət orqanlarının Bakıdakı nümayəndələri vaxtilə abad şəhərlərimiz olan Ağdam, Füzuli, Cəbrayılın xarabalıqlarını öz gözləri ilə görüb öz ölkələrinə məlumat ötürmürlər? Bəs qadağan olunmuş kaset bombaları ilə atəşə tutulan Tərtər haqqında da eşitməyiblər? Və bütün bunlarla yanaşı, ziyan görənlərə, yaxınlarını itirən günahsız insanlara bir kəlmə də olsun başsağlığı verilmir. Və müharibə cinayətkarlarını qınayan bircə söz belə deyilmir.

Qərbdəki ağıllı insanlar (və şübhəsiz ki, çoxluq təşkil edirlər) ikili standartlara daimi riayət edilməsinin yalançı təbliğata məruz qalan kütlələrin qəzəbinə səbəb olacağını düşünürlərmi?

Söz azadlığı bütün normal insanların çoxdan can atdığı məqamdı. Bəs bu ideyanın girovuna çevrilib, dünyada yüz milyonlarla müsəlmanın heysiyyatını təhqir edən vulqar karikaturaların qarşısını almaq doğru olmazdımı?! Təbii ki, məktəb müəlliminin qətli bütün sağlam düşüncəli insanlar tərəfindən sərt şəkildə pislənir, lakin elə həmin müəllim azyaşlı şagirdlərinə peyğəmbərin təsviri olan pornoqrafik karikaturalar nümayiş etdirirdi.

Söz azadlığı ideyası bu cür məsuliyyətsiz karikaturalar ucbatından tökülən qanlara dəyərmi? Məgər bu "söz azadlığı" elə həmin Şarli Ebdo jurnalında suriyalı qaçqın qızın ölmüş cəsədinin iyrənc istehzalı təsviri ilə karikaturasına haqq qazandırırmı? Söz azadlığı azğınlığa xidmət edə bilməz, söz azadlığı etnik və dini münaqişələri alovlandırmaq üçün bir yol deyil.

Niyə bəzi terror aktları ədalətli şəkildə pislənilir, digərləri isə məsələn, Parisin Orli hava limanında erməni terrorçularının törətdiyi partlayışlar nəinki qınanır, əksinə, qisas aktı kimi təqdim olunur... (yüz il əvvəl baş verənlərə görə qisas?)

Avropanın söz sahibi olan ziyalıları ikili standartların, ikili əxlaqın, hadisələrə ikili qiymət verilməsinin hamı üçün - həm Şərqdə, həm də Qərbdə fəlakətli nəticələr verəcəyini düşünürlərmi? Sonda Anri Alleqin mətnindən başqa bir sitat gətirirəm:

"Onlar bilsinlər ki, əlcəzairlilər öz cəlladlarını dostluğunu əziz tutduqları, çox şey öyrəndikləri böyük Fransa xalqı ilə eyniləşdirmirlər. Lakin Fransa xalqı da bilməlidir ki, burada onların adından nələr edilir".

Möhtəşəm fikirdir. Mən də mütəfəkkirləri və şairləri, böyük romançıları və rəssamları olan böyük Fransız mədəniyyətinə hörmət bəsləyirəm.

Bilirəm, inanıram ki, "paraşütistlərin" mənəvi varisləri ilə yanaşı, Anri Alleqin və bütün vicdanlı insanların ənənələrinə sadiq olan Fransa da var. Senat üzvlərinin sayından fərqli olaraq, vicdanlı fransızlar daha çoxdur.

30 yanvar 2020

 

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2022.- 19 noyabr.- S.9.