Fədakarlıq, yoxsa eqo?  

"M TEATR"DA NÜMAYİŞ OLUNAN "İNSTİNKT" TAMAŞASINDAN QEYDLƏR

 

"Tolstoy fədakarlığı qadın fitrətinin ən parlaq ifadəsi, qadınlığın ruhani siması kimi vəsf eləyirdisə, Çexov insan eqoizminin yenilməz olduğunu, eqonu aşırı bəsləməyin intihara apardığını (Madam Bovarinin, Anna Kareninanın aqibətini yada salaq), eqosunu əzdirənlərin miskin, məzlum hala düşdüyünü vurğulayırdı".

Noyabrın 6-da "M-Teatr"ın ("Mənim Teatrım") səhnəsində izlədiyim "İnstinkt" tamaşasının sonunda yazıçı Fəxri Uğurlunun "Hansı qadın?" yazısından bu abzas hisslərimin tərcüməçisi kimi döyəcləyirdi yaddaşımın qapısını. Bir saat boyunca nəfəsimizi dərmədən seyr etdiyimiz səhnə əsəri bizi duyğudan duyğuya atır, fikirdən fikrə salırdı. Bir qadın olaraq iki seçimin arasında gedib gəlməkdə idim: fədakarlıqmı, eqomu?

 

lll

 

Hind rəqslərinin mahir ifaçısı kimi tanıdığımız, kinoda, serialda gördüyümüz sənətçi Oksana Rəsulova ilk dəfə idi ki, teatr aktrisası kimi qarşımızda idi. "İnstinkt" onun aylardır böyük sevinc həyəcanla hazırlaşdığı ilk tamaşası idi. Düzünü etiraf etsək, ilk tamaşa üçün bu qədər ağır mövzu başdan sona qadının monoloqundan ibarət səhnə, fikrimcə, həm Oksana, həm əsərin yaradıcı heyəti üçün böyük risk idi. Hələ iki ay öncə tamaşanın məşq prosesində iştirak edərkən həyəcanlanmış, premyeranı səbirsizliklə gözləməyə başlamışdım.

Lakin bu gün tamaşanın ilk dəqiqələrindən bizi çox keyfiyyətli zövqlü bir əsərin gözlədiyini anladıq.

Xalq artisti, "M-Teatr"ın rəhbəri Vidadi Həsənovun Frans Kafkanın Pərviz Seyidlinin "Maraqlı fiqur Siçan qadın" hekayələri əsasında səhnələşdirdiyi tamaşada sevən bir qadın sonsuz fədakarlığından, onu bədbəxtliyə sürükləyən çılğın romantik eşqindən bəhs edilir. Oksana Rəsulovanın canlandırdığı bu qadın hələ kənddən şəhərə oxumağa gələn birinci kurs tələbəsi qızcığaz ikən vurulur özündən yuxarı kursda təhsil alan fotoqrafa. Onun əlində tutduğu fotoaparatı, özündənəmin duruşu, hər kəsin diqqət mərkəzində olması bu məsum qızcığazı həyəcanlandırır onun sonu uçuruma gedən sevda yolu başlayır.

Bu uçurumu şərtləndirən əsas amil isə çoxumuza tanış qadın fədakarlığıdır. Tələbə qız ruhuna hopmuş fədakarlıqla, bilərək istəyərək, öz həyatının bütün idarəsini fotoqraf oğlana etibar edir. Ən acınacaqlısı isə odur ki, o, bu fədakarlığının qiymətləndirildiyini düşünür, oğlanın çəkdiyi hər şəkli onun sevgisindən nişanə bilir. Acı gerçəklə isə uzun illərdən sonra üz-üzə qalır. Daha doğrusu, artıq özünə etiraf edə bilmədiyi həqiqətlərdən qaçmağa yer tapmır. Bununla da onun faciəsi başlayır.

Bəli, o, bu günə kimi xoşbəxt idi, ya da xoşbəxt olduğunu düşünürdü. Çünki dəlicəsinə sevdiyi insan yanında idi, ona diqqət göstərir, onun şəkillərini çəkir, həm işi, həm həyatlarını bölüşürdülər. Lakin onun həyatındakı bu insan yalnız özünü işini düşünən, ondan, onun sevgisindən, bədənindən, inamından öz mənafeyi üçün istifadə edən narsistdən başqası deyilmiş.

Qadın isə hər şeyin fərqində olduqdan sonra belə özünü müticəsinə fəda etməyə, qürurunu, eqosunu tapdamağa, sevgisini öz mənliyinin fövqündə tutmağa davam edir. bununla da Çexovun dediyi o eqosunu əzdirənlərin düşdüyü miskin, məzlum haldan qaça bilmir. Artıq o da bir məzlum, o da bir qurbandır. Təəssüf ki, öz fədakarlığının qurbanı...

 

lll

 

İki nəfərlik səhnə əsərində Oksananın tərəf-müqabili gənc və istedadlı aktyor Ziya Ağa idi. Son illərdə bir çox teatrların səhnəsində ən müxtəlif obrazlarda gördüyümüz aktyor bu dəfə tamamilə fərqli obrazla qarşımızda idi. Bu dəfə o, obrazının hisslərini, duyğularını sözlər vasitəsilə deyil, pantomim hərəkətlər, jestlər və mimikalarla ifadə edirdi. Bu eksperimentson dərəcə uğurlu və maraqlı alınmışdı.

Əsər, həmçinin, rəqsləriylə də olduqca maraqlı və cəlbedici idi. Oksana Rəsulova burada aktrisa kimi özünü sınasa da, peşəkarı olduğu sənətindən də uzaq düşməyərək, həm də xoreoqraf kimi iştirak edirdi. Onun quruluşunda ifa edilən rəqslər obrazların daxili dünyalarını, hisslərini, üsyanlarını, etirazlarını uğurlu şəkildə əks etdirirdi.

 

lll

 

Qeyd edək ki, Xalq artisti Vidadi Həsənovun hazırladığı tamaşanın bəstəkarı Azər Hacıəsgərli, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanova, fotoqrafı Ərturan Nəcəfli, dizayneri Şəhriyar Maliklidir.

Fikrimcə, eksperimentlərlə, ilklərlə dolu bu tamaşa "M Teatr"ın repertuarında hələ uzun müddət qalacaq. Vidadi Həsənovun diliylə desək, "səhnə əsəri ömrünü başa vurmamış" gələcək nümayişlərini qaçırmamanızı istərdim. Ən azından siz də mənim kimi "fədakarlıq, yoxsa yenilməz eqo?" sualı ətrafında düşünərsiniz. Bəlkə cavabı siz tapdınız...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 22 noyabr.- S.13.