Mixaylo yaxın sahillərdə  

 

 

Şuşanı azad edənlərdən olan

xüsusi Təyinatlı gizir,

Mixaylo ləqəbli şəhid

Mehdi Şıxəliyevin xatirəsinə.

 

 

Yerin təkindən, göyün qatından

Min damla süzülər gözəl ömrünə.

Yorulub usanmır Sular anası,

Ömründən pay verir Xəzər ömrünə.

 

 

Uzaq üfüqlərin yanından gəlir,

Şəfəqdə bərq vurur suları Kürün.

Qoynunda böyüyür kür uşaqlar,

Oğullar yetirir sığalı Kürün.

 

 

Hərdən sakit axır, gah dəli-dolu,

Sinəsi coşanda tanımaq olmur.

Yaradan sirri var axar canında,

Elə ki kükrədi, saxlamaq olmur.

 

 

Nəfəsi dəyən torpaqlar tuğay

Məlhəm tək verilib quru çöllərə.

Havası möcüzə, sinəsi geniş,

Tütyədi, dərmandı suyu çöllərə.

 

 

Boyundan boy verib uca boyuna

Ana Su Mehdini Kür böyütdü.

Gücündən güc verib qüvvət qoluna

Qəhrəman böyütdü, igid böyütdü.

 

 

2020-nin sentyabrında

 

 

Müqəddəs günə yol aldı Vətən,

Sinəsi Kür kimi daşdı Mehdinin.

Hünər meydanında hamıdan əvvəl

Biləklərində qan coşdu Mehdinin.

 

 

İllərdir bu günə addımlayırdı,

Hərbin sirrini sevib öyrənib,

- Bu namus məsələsidir, bu qeyrət işi.

Vətən ağrılardankölgələnib.

 

 

"- Biz almasaq, kim alacaq

Düşməndən qisası, ağır əzabı" -

Düşünüb susur, susub düşünür.

- "Biz çəkməliyik onlarla hesabı".

Kür balası igid Mixaylo.

 

 

 

- Gözəlim Şuşa, zərifim, incəm

Sıldırım qayanda qartal olaram.

Köksümə güc verib İlahi nuru,

Gəlirəm - ruhunu dardan qurtaram.

İl-il alışmışıq işğal oduna,

Məğlub ocaqların istisi olmur.

Atəşkəs adıyla keçən günlərin

Utancdan başqa "bəsdi"si olmur.

 

lll

 

Yaxın sahillərin o Mixaylosu

Səngərə ev dedi, torpağa ana,

Zəfər gününə bir çığır açdı ki,

Sonralar çatacaq sorağı hara.

 

 

Torpağın eşqinə qanadlar taxıb

Arzuya inamın nurunu tökdü.

Qisas adıyla atılıb döyüşə

Qələbə kəlməsin Üçrəngə bükdü.

 

 

Elə ki Şuşanın ətrini duydu,

Cənnət damcıları axdı alnından.

Quş kimi yüngüllük yendi cisminə,

Ağrını bilmədi yaralarında.

 

 

Anaya

 

 

Könlünün qubarın qürura dəyiş,

Kədərin südüntək təmizdir, Ana.

Bağrına basıb elə oxşayır

Torpaq da sənintək əzizdir, Ana.

 

 

Hər gün yanındayam, ruhumdan soruş

Baxma ki, bir belə uzağam, Ana.

Uca ad qoydum əbədiyyətimlə,

Min illər sonra da mən sağam, Ana.

 

 

Sıldırım qayalar əriyib itdi,

Keçilməz yolları keçdik bir anda.

Canından keçən min-min şəhid tək

Izim var Şuşanın hər qarışında.

 

 

Xarıbülbüllər qanad çalan yerdə,

O axan damcı şeh mənim tərimdir.

Təkcə sənə oğul ola bilməzdim,

Doğduğun ər oğul bu Vətənindir!

 

 

 

Epiloq əvəzi

 

Torpağın bağrında yeriyən Kürün

Sular nəfəsində Mehdi daşıyır.

Vətən göylərində açan Üçrəngin

Zəfər kəlməsində Mehdi yaşayır.

İyun 2022. Hacıqabul

 

Sara SELCAN

525-ci qəzet.- 2022.- 22 noyabr.- S.13.