"525"-30: Yubiley
təbrikləri
Noyabrın 17-də
"525-ci qəzet"in 30 yaşı tamam oldu. Bu günlər yubiley münasibəti ilə qəzetin ünvanına çoxsaylı
təbriklər daxil oldu. Ən müxtəlif sosial
statusa malik insanlardan gələn bu səmimi, isti təbriklər həm də
"525"in ötən 30 illik fəaliyyətinə
bambaşqa - qəzetin
kollektivinin - bizim görə bilmədiyimiz müstəvidən verilən
qiymət idi. Göndərilən və deyilən,
içdən gələn,
təmənnasız bütün
xoş sözlərə
görə hər kəsə müinnətdarlığımız
bildirir, onlardan bəzilərini oxuculara təqdim edirik.
Əziz
"525-ci"lər, başda çox dəyərli Rəşad bəy olmaqla sizin hər
birinizi doğma qəzetimizin 30 yaşı
münasibətilə ürəkdən
təbrik edirəm! Həqiqətən, hər
şeyin sürətlə
dəyişdiyi, virtual mətbuatın
ənənəvi KİV-i
sıxışdırdığı
bir zamanda
"525-ci
qəzet" inadla dözüm göstərir,
yaşayır, hətta
yeni keyfiyyətlər
qazanır, bu 30 ildə olduğu kimi "525" yenə də sabitlik, tarazlıq və müdriklik rəmzidir.
Bildiyimə görə, otuz
il qabaq dövlət qeydiyyatından
keçəndə qəzet
sırada 525-ci qəzet olub, ad da elə
ordan yaranıb. Bu gün isə
tam məsuliyyətlə deyə
bilərik ki,
"525-ci qəzet" ölkənin
bir nömrəli, yəni 1-ci qəzetidir.
Ənənəyə sədaqət
və "525" rəqəminə
güclü məhəbbət
hissi olmasaydı, qəzetin adını dəyişib "1-ci qəzet" qoyardıq.
Amma yox, 525 rəqəminə
tam yeni məzmun verən doğma qəzetimiz, sözün həqiqi mənasında Birinci olsa da,
elə öz adı ilə yaşasa, yaxşıdır.
Əziz dostlar bir daha
sizi təbrik edir, həm sizə, həm də doğma qəzetimizə uğurlar
arzulayıram.
Əli Əmirli
Yazıçı, dramaturq
lll
Oğlum təzə dil açırdı. Bir dəfə dəhlizə,
çöl qapısının
qarşısına gəldi,
sanki harasa getmək istəyirdi.
Soruşdüm, hara gedirsən, dedi: qəzetə. Söhbət "525-ci qəzet"dən gedirdi. Bu gün
oğlumun 17, sevimli qəzetimizin 30 yaşı
tamam olur. Az da olsa, arabir mən
də "525" üçün
yazmışam. Həmiddən
dəfələrlə az... çox
az... Amma bir dəfə
də olsa, yazdığım sükutla
qarşılanmayıb. Yazım çıxandan sonra uzun müddət oxuculardan rəylər gəlib. Bu o deməkdir ki,
"525"in oxucu sayı,
525-dən dəfələrlə çoxdur.
Rəşad bəy, Yusif bəy mənimçün
"525"in rəhbərliyi yox, simalarıdırlar. Mehriban, içdən
gələn səmimiyyətləri
ilə özlərinə
bir qohum doğmalığı yarada
biliblər. Əlbəttə ki, təbrik edirəm, oxucu bolluğu və qəzet üçün bu çətin dönəmlərdə ayaqda
qalmaq üçün
daim müasirləşməyi,
nə olursa olsun, təslim olmamağı arzu edirəm. Bununla bağlı, təkliflərim
də var, amma indi burda
yazmıram. Qoy bu, mənim onlara yubiley hədiyyəm olsun.
İlhamiyyə Rza
Jurnalist
lll
"525-ci qəzet"i 30-illik yubileyi münasibətilə
təbrik edirəm. 30 il qəzetin intellektual simasını saxlamaq böyük istedad və yorulmaz fəaliyyət tələb edir. Dediyim keyfiyyətlər dostumuz Rəşad Məciddə
olduğuna görə
indi də qəzet köşklərindən
bu qəzeti ala bilirik. Ötən əsrin 90-cı illərində "525-ci qəzet"ə
Nobel mükafatçıları haqqında yazılar göndərirdim. O zamanlar
Nobelçilər haqqında
məlumatlar çox az idi. Bu tribuna vasitəsilə
xeyli Nobel laureatlarını
cəmiyyətə tanıtdıq.
Təhsil, ədəbiyyat, elm haqqında ən yaxşı yazılar bu qəzetdə dərc olunub. Bu sferanın xüsusi
oxucuları var ki, qəzeti hər gün alırlar. "525-ci qəzet" həm də səliqəli qəzetdir. Qəzet kollektivi analitik
yazıların, esse və hekayələrin seçimində, tanınmış
şəxslərdən müsahibələrin
alınması işində
çox peşəkardır.
Redaktorlara isə söz ola
bilməz. Əslində, yaxşı oxucu
belə qəzet axtarır. Nə yaxşı ki,
bir neçə qəzeti saxlaya bilmişik. Bu işi bacaranlara xüsusi təşəkkür
düşür. Qəzet həm
də yaxşı arxivdir. Başda Rəşad Məcid
olmaqla, qəzetin əməkdaşlarını təbrik
edirəm.
Etibar Əliyev
Millət
vəkili
lll
Bu gün "525-ci qəzet"in
30 yaşı tamam olur. Mənim də yolum
"525-ci qəzet"dən keçib. Gün ərzində feysbukdakı
dostların bu qəzet haqqında təbriklərini, xoş sözlərini maraqla oxudum və mən də o təbriklərə, xoş
sözlərə qoşulmaq
istəyirəm. "525-ci
qəzet" doğrudan
da müasir Azərbaycan mətbuatı
tarixində öz yeri, öz məktəbi
olan bir qəzetdir. Sözə dəyər verən
insanların oxuduğu,
sevdiyi qəzetdir.
Yubiley münasibəti ilə Rəşad Məcidi və Yusif Rzayevi
xüsusilə təbrik
etmək istəyirəm.
Qəzetin belə sevilməsində
ən böyük rol sahibi onlardır.
"525-ci qəzet" həm
də mənə çox sayda dost qazandırıb. Neçə ildir vətəndən
uzaqda olsam da, o dostluqlar bu gün də
davam edir.
Bir daha təbriklər, əziz "525-ci qəzet"!
Rövşən Ramizoğlu
Türkiyə Səlçuk Universitetinin
müəllimi
lll
Jurnalistlik fəaliyyətimin dörd ili "525-ci qəzet"ə aiddir. "525"ə gələnə qədər bir müxalif qəzetdə çalışırdım. Amma işimdən elə də zövq almırdım, yəni axşamlar sevinclə evimə tələssəm də, işə o sevinclə gələ bilmirdim. Səbəb isə qəzetin sırf müxalifyönümlü bir mətbu orqan olması, ölkədəki yalnız qara rəngdə olanları göstərməsi idi. Bu isə məni sıxırdı. Təbii ki, ölkədə hər şey ağappaq da deyildi, ona görə sırf iqtidaryönümlü qəzetdə də çalışmaq mənə çətin gəlirdi. Mən ölkədə baş verən müsbət hadisələrdən də, eləcə də mənfiləri də yaza bilən, bunun üçün jurnalistərə hər hansı məhdudiyyət qoymayan bir yerdə işləmək istəyirdim. Bu baxımdan "525-ci qəzet" o illərdə mənə görə ən uyğun mətbu orqan idi. Və beləcə dörd il, televiziyaya gedənə qədər "525-ci qəzet"də çalışdım. Buradakı istər yaradıcı mühiti, istərsə iş huzurunu mediada sonralar heç yerdə tapmadım. Düzdür, ofisimiz modern deyildi, kondisonerimiz köhnəydi, qışda bəzən paltoyla otururduq, amma istədiyimizi yazır, istəmədiyimizi yazmır, hər hansı sifariş almırdıq. Beş günlük iş qrafiki Anama, oğluma vaxt ayırmama imkan verirdi (sonra çalışdığım media orqanlarında altı günlük iş zamanı bu qrafikin həsrətini çox çəkdim). "525-ci qəzet" işçilərə pulsuz isti yemək verən yeganə mətbu orqan idi. Ailəmiz kimi rəhbərliklə istənilən dərdimizi, problemimizi də paylaşa bilirdik. TV-dən iş dəvəti alanda da gedib-getməməklə bağlı Rəşad müəllimlə məsləhətləşmişdim. "525" mənə həm də çox gözəl dostlar qazandırdı. Bu dostluqlar bu gün də davam edir. Yaxşı ki, yolum "525"dən keçdi. Başda Rəşad müəllim olmaqla bütün özünü "525"çi sayanları təbrik edirəm.
Azadə Balayeva
Jurnalist
lll
Elə redaksiyalar var ki, orada işləməsək də, yaradıcılıq süfrəsində bizə qucaq açıb, doğmalıqla neçə-neçə məqaləmizin işıq üzü görməsinə səbəb olub. İşlədiyim "Qarabağ" və "Azərbaycan" qəzetlərindən başqa, ayrı qəzetlərə yazı vermək istəyim az olub. Nə gizlədim, "525-ci qəzet"i nüfuzlu bildiyim üçün daha çox həmin qəzetə yazı göndərmişəm və qəzetin səhifəsində öz yazımı görəndə qürur duymuşam. Onda qəzetin baş redaktoru Rəşad Məcidin heç bir yüksək vəzifəsi yox idi, amma xətir-hörməti, nüfuzu da yüksək idi. Çünki qayğıkeş söz adamı, qəlbi geniş həmkardır. Əksəriyyətimizin yazısına qiymət və meydan verib. Bu gün 30 yaşı tamam olan "525-ci qəzet"i hər kəs doğma qəzet adlandırırsa, bu, səmimiyyətdən və içdən gəlir. Mənimçün də doğma qəzetdir...
Yaşının üstünə yaşlanmaq gəlsin
, "525-ci qəzet"!
Bütün kollektivə uğurlar diləyirəm.
Zəkirə Quliyeva
Jurnalist
lll
İnsanın çalışdığı kollektiv də tərbiyə aldığı ailə kimidir... Ya səni cəmiyyətə qazandırır, ya da itib-batırsan... Yəqin ki, "525-ci qezət" bu mənada bəlkə də, ən uğurlu ailə - kollektiv modellərindəndir... Bu kollektivdə kiminsə yox olmaq kimi bir şansı yoxdur... Buradakı peşəkarlar səni elə peşəkarcasına "yoğurub", düzgün istiqamətə kökləyib cəmiyyətə təqdim edir ki, onların zəhmətini doğrultmamaq sadəcə günah olar... Bu qəzetə 18 yaşımda gəlmişdim. "525-ci qəzet" mənim media ilə, jurnalistika ilə ilk tanışlığımdır. Xoşbəxtəm ki, karyerama məhz bu doğma ünvanda başlamışam. İllər keçib, jurnalistikada 23 ili geridə qoymuşam. Amma "525-ci qəzet" hər zaman mənim "ata ocağım" olaraq qalır. Başda cox sevdiyim Rəşad Məcid olmaqla bütün ustadları, jurnalist kimi formalaşmağımda kiçik də olsa əməyi olan bütün dəyərli insanları hər zaman boyük minnətdarlıq hissi ilə xatırlayıram... "525-ci qəzet" mənim yolumun keçdiyi yox, başladığı ünvandır. Yubileyin mübarək doğma qəzet!..
Günay Yelmarqızı
Jurnalist
lll
Rəşad Məcid haqqında bir yazım var - "Cığıraçan", Yusif Rzayev haqqında da yazmışam - "Dəliqanlı". Rəşad müəllimin açdığı cığırla onun arxasınca gələn neçə-neçə dəliqanlının imzasının yer aldığı qəzet bu gün 30 yaşına çatır.
"525" necə qəzetdir? İdealdır desəm, birmənalı qarşılanmaz, lakin Vətənin qoxusunu ruhuna hopdurmuş Milli Qəzetdir, Öz Qəzetimizdir, doğmadır desəm, hamı razılaşar.
Mətbuat tariximizdə özünün ilk adı ilə fasiləsiz nəşr olunaraq 30 illik yubileyini keçirmiş iki qəzetimiz olub - "Tərcüman" və "Kaspi", indi onların sayı daha çoxdur. Amma fasiləsiz və eyni ad altında nəşr olunaraq 50 illik, bir əsrlik yubileylərini qeyd edən qəzetlərimiz yoxdur. Arzu edirəm ki, cığıraçan kişinin izini tutub gedən dəliqanlılar bu ilklərə imza atsınlar. Doğma qəzetin yubileyi mübarəkdir, 30 il ərzində əməyi keçən hər kəsə dərin təşəkkürlər!
Natiq Məmmədli
Yazıçı, jurnalist
lll
"525-si qəzet" mənim üçün bir yaradıcılıq məktəbi oldu - son 3 ildə bu qəzetlə fəal əməkdaşlıq edir, müntəzəm olaraq onun səhifələrində dərc olunuram. Son 3 kitabım isə bu qəzetdə çıxan oçerk, məqalə və sənədli hekayələrdən ibarət toplulardır və onlara qeyd-şərtsiz "525-ci qəzet"in kitabxanası" seriyasından nəşrlər kimi də baxmaq olar.
Başda dəyərli Rəşad Məcid olmaqla qəzetin bütün əməkdaşlarını yubiley münasibətilə ürəkdən təbrik edir, onlara yeni uğurlar arzulayıram.
Əlisəfdər Hüseynov
Jurnalist
525-ci qəzet.- 2022.- 22 noyabr.- S.11.