Emin Sabitoğlu
haqqında elektron məlumat bazası təqdim
olunub
Görkəmli Azərbaycan bəstəkarı,
Xalq artisti, Dövlət mükafatı
laureatı, gözəl
mahnılar müəllifi,
təkrarolunmaz melodiyalar
ustası Emin Sabitoğlunun 85 illik yubileyi münasibətilə
Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən "Emin
Sabitoğlu" adlı
Elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan 525.az-a bildirilib ki,
elektron məlumat bazası "Könülləri
fəth edən Sənətkar", "Rəsmi
sənədlər", "Emin Sabitoğlunun həyat və yaradıcılığının əsas tarixləri",
"Görkəmli şəxsiyyətlər
və sənət dostları Emin Sabitoğlu haqqında",
"Əsərləri", "Haqqında", "Xatirə
lövhəsi", "Filmoqrafiya",
"Fotoqalereya" və
"Videoqalereya" bölmələrindən
ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/E.Sabitoglu/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoyub getmiş Emin Sabit oğlu Mahmudov milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır.
Görkəmli bəstəkar Azərbaycan musiqisinə öz adını qızıl hərflərlə yazdırıb. Onun hər bir mahnısı, hətta ən kiçik melodiyası belə dillər əzbəri olub, həm Azərbaycanda, həm də ölkə xaricində yayılıb. O, 500-dən artıq mahnının müəllifidir. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Kəpənək", "Alagözlüm", "Çiçək yağışı", "Şükriyyə", "Payız gəldi", "Ağ çiçək", "Sıravi Əhməd", "Mən sizə gələcəm" və dillər əzbəri olan neçə-neçə mahnıları onun yaradıcılığını əbədiyaşar edir.
525-ci qəzet.- 2022.- 23 noyabr.- S.11.