Hüseyn Cavid: mühit, müəllif, mətn kontekstində
Çoxəsrlik
milli şeirimizin və dramaturgiyamızın zənginləşməsində
müstəsna rol oynamış Hüseyn Cavid "Şəxsiyyəti
və yaradıcılığı ilə mühiti və mədəniyyəti
formalaşdıran böyük şəxsiyyətlərdəndir.
Mütəfəkkir şairin
şəxsiyyəti yaradıcılığını,
yaradıcılığı şəxsiyyətini xarakterizə
edir. "Sənətkarın böyüklüyü yaşadığı
mühitin mədəniyyəti
ilə ölçülür",
- düşüncəsinə
inanan Hüseyn Cavid böyük mədəniyyətə və
dövlətçilik ənənələrinə
malik olan Naxçıvan ictimai-mədəni
və maarifçi mühitinin yetirməsidir.
Hər hansı bir sənətkarı, ümumən
şəxsiyyəti formalaşdıran
hər şeydən öncə onun mühitidir. Biz də filosf şairin həyatı və yaradıcılığını
müəllif, mühit,
mətn kontekstindən
izləməyə çalışacağıq.
Hüseyn Cavidin estetik zövqü, maarifçi dünyagörüşü, sənətkarlığı
elm və təhsilin müxtəlif pillələrindən
keçərək formalaşmışdı. Doğulduğu coğrafi məkan (Naxçıvan), təhsil
və tərbiyə aldığı sosial-mədəni
mühit; Naxçıvan
- Təbriz - İstanbul
onun mənəvi-iradi
keyfiyyətlərini, xarakterini,
bacarıq və istedadını, dünyagörüşünü
bir çox cəhətdən müəyyənləşdirmişdi.
6 il Cənubi
Azərbaycanda, 5 il Türkiyədə yaşamış,
həyatı Gəncə,
Tiflis, Bakı ilə bağlı olmuş şair "Maral"ı
Gəncədə, "Şeyx
Sənan"ı Tiflisdə,
"İblis"i Naxçıvanda,
"Afət"i, "Peyğəmbər"i,
"Topal Teymur"u,
"Azər"i, "Xəyyam"ı,
"Səyavüş"ü, "İblisin intiqamı" və sair əsərlərini
Bakıda yazmışdı. Repressiya olunana qədər
Bakıda yaşayan sənətkar faciəli
tale yaşamış, özü
tərcümeyi-halını "müsibətnamə" adlandırmışdı.
Ədib
İran, Türkiyə,
Gürcüstan və
Azərbaycan mühiti
ilə bağlı məqamlara, yaşadığı
cəmiyyət, dövr,
mühit, həyatında
önəmli rol oynamış görkəmli
şəxsiyyətlər və
doğulduğu məkana
həm yaradıcılığında,
həm epistolyar irsində, həm də məqalələrində
geniş yer verib, əsərlərində
tarixi hadisələrə
aydın təfəkkürlə
münasibət bildirib,
müasirləri ilə
fikir bölüşüb.
İrandan yazdığı
məktublarda İran ictimai həyatından, Rum
torpağı Urmudan, oradakı rus kilsələrindən, poçt
xidmətindən, İstanbulda
yaşayarkən Türkiyənin
ictimai siyasi həyatından, kitabxana və muzeylərindən, teatrların vəziyyətindən,
İran inqilabçıları
ilə tanışlığından,
onlara münasibətindən,
yaşadığı Validəxan
həyatından, orada
yaşayan, ticarətlə
məşğul olan ordubadlı və təbrizli tacirlər, hətta doğulduğu şəhərin təsvirini
əhatəli şəkildə
verib. O, doğulub-böyüdüyü
Naxçıvanı təsvir
edərkən sanki coğrafi xəritə yaradıb; hər qarışında tarix yatan Naxçıvanın
qədimliyi, gözəlliyi,
o zamankı ictimai-siyasi
vəziyyəti, doğulduğu
ev, evlərinin
yanından axıb gedən Bazar çayı, Tərbiyə
məktəbi, Naxçıvanın
iqlimi və sair.
H.Cavid "Xəyyam"
əsərinin ekspozisiyasında
mütəfəkkir şairin
yaşadığı dövrü
təsvir etdiyi səhnədə sanki doğulduğu Naxçıvanın
XIX əsrin sonu XX əsrin əvvəllərindəki
halını, bir-birinə
zidd iki mənzərəni təsvir
etmişdi. Bir tərəfdə Şərq mədrəsə
həyatı və bu mədrəsədə
"elmi-irfan"la məşğul
olan tələbələr,
digər tərəfdə
məsciddən ucalan minacat səsləri.
XIX əsrin sonlarında
Naxçıvanda məscidlə
məktəb çox
yaxın məsafədə
olub. Cavidin oxuduğu, "Bazar
çayı" üstündə
vaqe olan "Tərbiyə" məktəbi
də "məscidi-camein
qoltuğuna sığınmışdı".
Eyni ilə, "Xəyyam"da
olduğu kimi, məscid sakinləri ibadətlə məşğul
olarkən, məscidin
qoynuna sığınmış
məktəbdə maarifpərvər
M.T.Sidqi tələbələrinə
dünyəvi elmlərdən
dərs vermişdir.
Sonralar məscid həyətində
yerləşən məktəbdə
şairin qardaşı
maarifpərvər Şeyx
Məhəmməd uzun
illər müəllimlik
etmişdi. Hətta məscid
və məktəbin çox yaxınlığında
yerləşən "şəhər
bazarında hər gün dərviş oxuyurmuş".
Uşaqlığından şüuraltına həkk
olunan hadisələri
sonralar yaradıcılığında,
obrazlarında inikas etdirən şairin "Şeyx Sənan" əsərindəki Dərviş
obrazı bunlardan biridir. Qeyd edək ki, ədibin doğulub boyüdüyü Naxçıvanda
dərviş yalnız
bazarda oxumurdu. Yaşadığı Əlixan məhəlləsində
Heydəriyyə, Nemətullahiyyə
dərvişlərinin təkyəsi
olmuşdu. K.N.Simirnovun
yazdığına görə,
XIX əsrin sonu-XX əsrin əvvəllərində
Əlixan məhəlləsində
"Tək armud" adlanan yerdə dərviş təkyəsi
olmuş və Naxçıvana gələn
dərvişlər bu
təkyədən sığınacaq
yeri kimi istifadə etmişlər.
Dərviş təkyəsi
olan məhəllədə
yaşayan şair hər gün dərs aldığı məktəbin iki addımlığındakı Dərvişin
oxuduqları ilə yanaşı, minbərdən
ucalan "minacat"ı
dinləyərək böyümüş
şairin "Şeyx
Sənan"dakı Dərviş
surəti müəllifinə
bənzəyir. Dərviş surəti əsərdə
həm ədibin müəyyən siyasi-fəlsəfi
görüşlərini ifadə
edir, həm də estetik idealını əks etdirir. Azərbaycanın Xalq artisti Sidqi Ruhulla "Şeyx Sənan" haqqındakı xatirələrində
yazır ki, "H.Cavidin "Şeyx Sənan" faciəsinin tamaşasında Dərviş
rolunu həmişə
mən ifa edirdim. Sonralar bu rolu bəzən başqa artistlər də ifa edirdilər. Mərhum H.Cavid həmişə mənə
deyərdi: - "Qardaşım
Sidqi! Bu əsərdəki
Dərviş mən özüməm. Unutmayın ki,
siz məni oynayırsınız!" Əsərdə Dərvişin
"sən kimsən,
hansı dinə qailsən, hansı fikrə xadimsən" - deyə soruşan Şeyx Sənana özünü təqdim etməsi düşündürücüdür:
Saqın,
hiç sorma! Bir divanəyim bən
Dəmadəm çırpınır pərvanəyim
bən.
Babam heyrət, anamdır şübhə... Əsla
Bilinməz bən kimim, ey şeyxi-vala!
Fəqət, pəjmürdə bir səyyahi-zarim.
Şəriətdən, təriqətdən
kənarim,
Həqiqət istərim, yalnız
həqiqət!
Şeyx Sənanın; "Aman ey piri-mürşid, mərhəmət qıl"
- deyə müraciət
etdiyi, "ruhi müstəsna" adlandırdığı,
şəriətdən, təriqətdən,
mərifətdən keçərək
haqqa qoşan Dərviş Cavid əfəndinin proobrazıdır. "Şeyx
Sənan"dakı "Şeyx
Kəbir obrazı isə səciyyəsi etibarı ilə Cavid əfəndinin möhtəbər və
"fəzilətli" qardaşı
Şeyx Məhəmməd
Rasizadənin prototipidir.
Bunu Mişkinaz xanım da xatirələrində qeyd edir.
"Şeyx Sənan"da
ədibin bioqrafiyası
ilə üst-üstə
düşən məqamlardan
biri də tale məsələsidir. Şeyx Sənanın mürəkkəb
taleyi, çətin
"ziqzaqlı" həyat
yolu şairin həyat yolunu xatırladır. Şeyxin gəzdiyi
yerlərlə şairin
gəzdiyi yerlər eynidir, yetər ki, Ərəbistan yerinə İstanbul yazılsın. Sadəcə Şeyxin Gürcüstana yolu Ərəbistandan, Cavidin yolu isə
İstanbuldan başlayır.
Ədiblə Şeyx Sənanın məkan oxşarlığı, fikir
və düşüncə,
mühit bənzərlikləri
də var. Dindar bir mühitdə - qədim türk yurdu Naxçıvanda, məşhur rövzəxan
Hacı Molla Abdullanın ailəsində
anadan olması, Təbrizdə "Talibiyyə"
mədrəsəsində oxuması,
taleyinin onu İstanbula gətirməsi
və sair paralellik təşkil edir.
Cavidşünaslıqda bu tale bənzərliyinə ilk dəfə 1926-cı ildə "Şeyx Sənan" haqqında mülahizələrim" adlı məqaləsində Hənəfi Zeynallı diqqət çəkmişdi. "Deməli, Cavid, məsələn, molla, rövzəxan oğlu, şeyxin kiçik qardaşı, sufiyanə, xəlq ruhunda şerlər söyləyən filosof Rza Tevfiq şagirdi və İstanbul kimi o zamankı dindar bir darülfunun dəsti-pərvərdəsi olaraq Tiflisə gəlir. Onu büsbütün təzyiqi altına alan bir ruhani, dindar, sufiyanə mühit Cavidi gəzdirə-gəzdirə Qafqazın ən gözəl şəhərində - Şeyx Sənan dağı qarşısında saxlayır". Cavid əfəndinin bioqrafiyası ilə Şeyx Sənan obrazı arasında dərin paralellər aparan tənqidçi yazır: "Gərək Naxçıvanda, gərəksə də, İstanbulda bulunarkən Hüseyn Cavid mənzum şeir yazmaqdan vaz keçməyir və bir il İstanbul darülfununun kitabxanalarında çalışdıqdan sonra Tiflisə dönür. Burada Şeyx Kəbirin diliylə Şeyx Sənanın tərcümeyi-halını anlatmaq istəyən Cavidin səpkisi bir az Cavidanə olur. O da guya özünün gəzmiş olduğu yerləri bəzi təğyir ilə Sənana istinad edir. Cavidin millətçiliyindən məqsəd "Şeyx Sənan"da açıq surətdə yalnız Sənanı əslən turanlı etməkdir, yəni Sənanı farslıqdan çıxarıb türkləşdirməkdir" və şair buna nail olur. Qafqazda-Tiflis civarında Şeyx Sənanın ilk rastına çıxan Oğuz və Özdəmir özünü: "Dinim islam, kəndim türk", - deyə təqdim edir. Gərək: "Dinim islam, kəndim türk", gərəksə də: "Səni annən doğurdu Turanda, Yaşadın bir zaman da İranda" - misralarında şair sanki özünü təqdim edir. "Şeyx Sənan"la Azərbaycan teatr səhnəsinə təsəvvüf, "Topal Teymur"la Türk fatehləri daxil olur.
"Şeyx Sənan"dan sonra ədibin yaradıcılığında yeni monumental aşiq obrazı Xəyyamla boy göstərir. Böyük sənətkarın yaradıcılığının şah damarı sayılan böyük eşq "Xəyyam"da qırmızı xətlə keçir. Bu böyük eşq Xəyyamla Sevdanın arasında baş verir. Xəyyam Sevdanı görənə qədər "xilqətin varlığı"nı axtaran filosof idisə, bu görüşdən sonra filosof aşiq olur. Ədibin "fəlsəfi düşüncələrinin poetik dramatik ifadəsi" sayılan "Xəyyam"da onun həyata fəlsəfi baxışı Xəyyam obrazında ifadə olunub. Xəyyamda və Caviddə filosofluq vəhdətdədir. Hər ikisinin dünya, kainat haqqındakı fikirləri üst-üstə düşür. Ömər Xəyyamın poeziyasında "İnsan ləyaqətinə hörmət, insan məhəbbətinə alqış" - məsələsi əsas problem kimi qoyulub həll olunursa, bəşəriyyətə "məhəbbət dini" arzulayan Cavid əfəndi məhəbbət və gözəllik insanı özünüdərkə çatdırır - düşüncəsini bəyan edir. Əsəri oxuyarkən oxucunun çox üzüldüyü bir səhnə var, mütəfəkkir Xəyyam "feyləsof" İbn Sinanın kitablarını satır. Bu səhnə tamamilə Cavidin "müsibətnamə" həyatından qopub gəlmiş kimidir. Mişkinaz Cavid yazır ki, "1921-ci ildə mən bərk xəstələnmişdim. Bir gün Cavid kitablarından bir neçəsini ayırdı. Soruşdum: - "Neyləyəcəksən onları? Dedi: - Bir nəfər istəyib, ona verəcəyəm". Cavid iki-üç saatdan sonra qayıdıb gəldi, mənim dərmanım, qənd, çay, çörək, ət alıb gətirmişdi. Onda bildim ki, kitabları satdırıb. Çünki pulu olmadığını bilirdim".
Və ya filosof şairin əsərin sonunda "Fəzilət, zəka, qüdrət, dəha" sahibi Xəyyamın həyatının son anlarını gənclərin əhatəsində təsvir etməsi... Özünə "Cavid" təxəllüsünü seçən mütəfəkkirin böyük bir fəhmlə yarın gənclərin qəlbini fəth edəcəyinə inam hissi... mütəfəkkir Xəyyamın dilindən səslənən: "Yox oxşayacaq ruhumu bir nuri səadət, İzlər məni hər dürlü fəlakət", - sözləri... sanki repressiya küləyini hiss etmiş filosof şairin fəhminin, uzaqgörənliyinin sübutu, qəlbinin fəryadıdır. Qəhrəmanı Xəyyam kimi bu fəlakət sevdiklərindən zorla ayrılan şairi Sibirə qədər izləyib, Mişkinazının, Ərtoğrulunun, Turanının da taleyindən də yan keçməyib. Bu mənada, mütəfəkkir sənətkarın "yazdıqları yalnız Xəyyam barədə deyildi, bütün bunlar həm də onun öz ömrüydü, öz iqbalı idi".
(Ardı var)
Lütviyyə
ƏSGƏRZADƏ
Filologiya
elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi
525-ci qəzet.- 2022.- 23 noyabr.- S.15.