Son çağın Güney Azərbaycan
nəsri
Son çağda Güney Azərbaycanda və xarici
ölkələrdə yaşayaraq yazıb-yaradan qələm
sahiblərimizin bir-birindən fərqli nəsr əsərləri
diqqət çəkməkdədir. Araya-ərsəyə
gətirilən nəsr əsərlərində də poeziyada
olduğu kimi, əsas mövzular üsyan və vətən
sevgisi, özgürlük, sürgünlük, ayrılıq,
sevgi, həsrət, milli kimlik, əsarətə qarşı
üsyan və etiraz duyğularıdır. Mirzə
Əbdürrəhim Talıbov, Fəthi Xoşginabi, Səməd
Behrəngi, Qulamhüseyn Saedi (Gövhər Murad), Əliza
Nabdil (Oxtay), Mərziyə Üskiyi (Dalğa) kimi böyük
nasirlərin yolunu bu gün onların istedadlı
davamçıları Nasir Mənzuri, Əli Daşqın,
Vali Gözətən, Həmid Arğış, Əziz Səlami,
Fəriba Vəfi, Rəsul Yunan, Ruqiyyə Kəbiri, Aqşin
Ağkəmərli, Rəsul Məlikoğlu, Səhər
Xiyavi və başqaları davam etdirirlər.
Ümumiyyətlə, Şərqdə ta qədimlərdən
günümüzədək poeziya daha çox inkişaf edərək
möhtəşəm zirvələr fəth edib, nəsr isə
bir qədər kölgədə qalıb. XIX əsrin II
yarısından başlayaraq Güney Azərbaycanda, eləcə
də İranda kiçik həcmli əsərlərlə
yanaşı, böyük həcmli, monumental romanlar da araya-ərsəyə
gəlməyə başlayıb. Ancaq M.F.Axundovun povestləri,
Əbdürrəhim Talıbovun fars dilinə
tərcümə edilmiş "Kitabi-Əhməd", "Məsalün-əl
Möhsünin" adlı əsərləri yayılıb və
Azərbaycanın, eləcə də İranın
çağdaş dövr realist nəsrinin ilk nümunələri
kimi qəbul edilib. Ancaq yeni Azərbaycan realist nəsrinin
ilk uğurlu nümunəsi-örnəyi
İ.Qutqaşınlının Varşavada fransız dilində
dərc olunan "Rəşid bəy və Səadət
xanım" hekayəsidir. Sözsüz
ki, ədəbiyyatda yeni janrlar adətən kiçik,
yığcam əsərlərlə təşəkkül
tapır. Zeynalabidin Marağayinin
"İbrahimbəyin səyahətnaməsi" əsəri,
ümumiyyətlə, İranda yaranmış ilk sosial
romandır. Bircə faktı qeyd etmək yerinə
düşər ki, Güneyin şair və
yazıçıları uzun illər fars
dilində yazıb-yaratmaq məcburiyyətində qalsalar da,
onların farsca yazdığı əsərlərində belə
başdan-başa Azərbaycan ab-havası duyulur, türk təfəkkürü
yansıyır. M.Ə.Talıbovun əsərlərinin
isə İran və Güney oxucuları üçün əhəmiyyəti
fərqli səpkidədir. Bu əsərlərdə
yazıçı elmi-texniki yenilikləri, qloballaşan
dünyadakı mütərəqqi dəyişiklikləri bədii
dilin imkanları ilə oxucularına çatdırır və
bədii məqsədinə çatmaq üçün
müxtəlif yollar seçirdi. Bu mənada,
"Əhmədin kitabı" əsəri maraq
doğurmuşdur. Əsərdə
yazıçı ata ilə oğulun dialoqu vasitəsilə
sanki atanın məsləhətləri, tövsiyələri
timsalında elmin yeniliklərini diqqətə
çatdırır. "Kitab yüklü
eşşək" povestində isə daha orijinal yol
seçən M.Ə.Talıbov insan, həyat, təbiət,
insani münasibətlər haqqında fəlsəfi
düşüncələrini, nəsihət, öyüd və
əxlaqi fəzilətlər, adət və ənənələrlə
bağlı fikirlərini vermişdir. Yazıçı
"sadə adamların zövqünə yaxın, uşaq
hekayələrinə daha uyğun şəkildə
yazılmış əsərlərin" daha çox
oxunduğunu, geniş yayıldığını
düşünərək bu yolu seçmiş və nəticədə,
bu əsər daha çox sevilmişdir.
Həm
Z.Marağayi, həm də M.Ə.Talıbov təkcə
Güney Azərbaycanda deyil, bütün İranda realistik roman
janrının baniləri sayılırlar. Tamamilə realist
üslubda yazan Həmzə Fəthi Xoşginabi, Qəhrəman
Qəhrəmanzadə, lirik-romantik üslubda yazan Ruqiyyə Səfəri,
Aqşin Ağkəmərli və başqalarının təfəkkür
məhsulları ilə yanaşı, faciəli tale
yaşamış, həyatdan nakam getmiş və istedadlı
şair kimi tanıdığımız Mərziyə
Üskülünün "İlk ölümün
acıları" hekayəsi də zaman-zaman oxucuların qəlbində
kövrək duyğular oyatmışdır...
Bəhs etdiyimiz çağın ədəbiyyatının,
özəlliklə nəsrinin gəlişməsində XX əsr
İran və Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndələrindən biri, orijinal dəst-xəttə
malik ünlü yazıçı Səməd Behrənginin
(24 iyun 1939 - 31 avqust 1967) də böyük rolu olub. O, İranda və Güney
Azərbaycanda çağdaş dövr uşaq ədəbiyyatının
banisidir. Eyni zamanda, müəllim, tərcüməçi,
nasir və publisist kimi aktiv fəaliyyət göstərən
S.Behrəngi dünyada "Balaca qara balıq" hekayəsi
ilə tanınıb. 1957-ci ildən etibarən
kənd məktəblərində öyrətmənlik edən
ədib bir çox kitablar, çoxlu sayda pedaqoji məqalə,
şagirdlər üçün inşalar yazıb. Uşaqlar üçün nağıllar, həmçinin,
baş qəhrəmanları əsasən ünsiyyətdə
olduğu şagirdləri olan və onların başına gələn
olaylardan bəhs edən son dərəcə maraqlı hekayə
/öykülər qələmə alıb, özəlliklə
"alleqoriya və təşxislərə yer verməklə
örtülü şəkildə ən orijinal yolla öz
fikir və düşüncələrini yayıb".
"Adət", "Binam", "Narınc
qabığı", "Balaca qara balıq", "Ulduz və
qarğalar", "24 saat yuxuda və ayıqlıqda",
"Çuğundursatan oğlan", "Bir hulu, min
hulu", "Məhəbbət nağılı", "Təlxun",
"Ləbi satan uşaq", "Qoca arvad və qızıl
cücəsi", "Koroğlu və keçəl Həmzə",
"Ulduzla danışan gəlincik", "Əli
dayının keçiləri",
"Alışqanlıq", "Çox bəxtiyar
ağa" kimi hekayələrində S.Behrəngi həm də
öz həyatını, düşüncələrini
uşaqların anlayacağı dildə yazır, fikirlərini
bölüşürdü. Qulamhüseyn Saedi də Səməd
Behrənginin əsl şah əsərinin onun öz həyatı
olduğunu yazırdı...
Böyük yazarın "Qar dənəciyinin sərgüzəşti"
hekayəsi lirik-poetik ruhda yazılmış şeir təsiri
bağışlayır. Təbrizdə Eynalı dağının
ətəyinə, Göy məscidin günbəzinə,
Ərk qalasının üstünə, əski, dar dalanlara Səməd
Behrənginin hekayədə söhbətləşdiyi qar dənələri
düşür. Öyküdə iri bir qar dənəsi
qəfildən, astaca personajın (müəllifin) ovcuna qonur və
dilə gəlib öz həyat hekayəsini danışır:
"Dənizdə olanda ağır idim. Ancaq
indi çox yüngülləşmişdim. Qov kimi uçurdum. Ona görə
ki, soyuq iliklərimə işləmişdi. Rəqs edə-edə yerə gəlirdim. Elə ki, yerə yaxınlaşdım, gördüm
Təbriz şəhərinə düşürəm. Xəzər dənizindən nə qədər
uzaqlaşmışdım. Yuxarıda olarkən
bir uşağın fağır bir iti döydüyünü
gördüm. İt aldığı zərbələrdən
yazıq-yazıq zingildəyirdi. Gördüm
ki, yerə bu vəziyyətdə yaxınlaşsam, düz həmin
zalım uşağın başına düşəcəyəm.
Küləkdən xahiş elədim ki, məni
başqa yerə aparsın, uşağın başına
düşməkdən xilas olum. Külək
xahişimi qəbul edib məni buraya gətirdi. Əlini
altıma tutduğun üçün səndən xoşum gəldi...
Nəhayət, qar dənəsinin səsi kəsildi.
Baxıb gördüm ki, suya dönüb..." Qar dənəsi
belə, Tanrının yaratdığı canlılara
qarşı edilən qəddarlığı,
zalımlığı, zorakılığı qəbul etmir,
güclünün gücsüzü əzməsinə dözə
bilmir...
Təkcə
o taylı-bu taylı Azərbaycanda deyil, xarici ölkələrin
ədəbiyyatşünasları tərəfindən də
yüksək qiymətləndirilən, müsabiqələrdə
ən yüksək ödüllər qazanan "Balaca qara
balıq" hekayəsinin oxucuları zaman keçdikcə
daha da artır. Səbəbləri çox
ilgincdir. "Balaca qara balıq" hekayəsinə
görə S.Behrəngi 1968-ci ildə İtaliyada keçirilən
"Bolonya Uşaq Kitab Sərgisi"ndə I yeri tutub. Həmin ildə əsər "Bratislava
Biennialı"nda mükafat alıb. 1969-cu
ildə ən yaxşı uşaq kitabı sayılan
"Balaca qara balıq" 1974-cü ildə uşaq ədəbiyyatı
sahəsində verilən "Hans Xristian Andersen"
mükafatına layiq görülüb. 2015-ci ildə isə
"Tiny owl" çap evi tərəfindən ingilis dilinə
tərcümə edilərək orijinal illüstrasiyalarla yenidən
çap olunan "Balaca qara balıq" öyküsünə
"The Guardian" qəzeti ən yaxşı uşaq
nağılı adını verib...
Balaca qara balıq cəhalət və nadanlığın hökm sürdüyü ortamda yetişmişdi. Bu ortam Səməd Behrənginin yaşadığı cəmiyyətlə çox oxşar idi. Onun yanı-başındakı digər balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə, həyat yalnız yeyib-içib yatmaq, kiçik arxlarda mənasız vaxt keçirməkdir. Lakin qaynar gəncliyin simvolu olan, bu cür yaşam tərzi ilə barışmayan Balaca qara balığı artıq durğunluq, yeknəsək həyat tərzi bezdirib. Və o, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq arzusu ilə alışıb-yanır. Digər balıqlarsa onu heç anlamır və: "Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir!" - deyir, Qaracanı fikrindən daşındırmaq istəyirlər. O isə nə anasının yalvarışlarına məhəl qoyur, nə də balıqların qınaqlarına əhəmiyyət verir, ətalət mühitini tərk etməyə özündə cəsarət tapır. Balaca qara balığın qətiyyəti digər balıqları da cəsarətləndirir. Onlar Balacanın arxasınca bir ağızdan səslənirlər ki, "Sən bizi də qəflət yuxusundan oyatdın..."
Güneydə nəsrin bir janr olaraq inkişaf etməsi, yeni-yeni nəsr əsərlərinin yaranması da ziyalıları dərindən düşündürən məsələlərdəndir. Nəsrin bir janr kimi inkişafı ilə bağlı Məlihə Əzizpurun qənaətləri nəzərdən qaçmır: "Bizim çağdaş nəsrimiz, demək olar, hələ buğün bağımsız olmayıbdır. Meyar dil olmadığından dolayı, elmi baxımdan dildə problemlər vardır. Onun üçün nəsr dilimiz ya Türkiyədən etgilənib, ya da Quzey Azərbaycandan. Ədəbiyyatda özəlliklə düz yazı (nəsr) əsərlərinin yaranması üçün bir dil gərəkdir. Bir ulusun ruhu onun sənət türlərində özəlliklə ədəbiyyatında öz imkanlarını kəşf edib, özünü göstərə bilər. Güney Azərbaycan ədəbiyyatında yeni bir dalğa, güclü gənc yazarlar nəsli yetişməkdədir. Vali Gözətən, Güntay Gəncalp, Eyvaz Taha, Nasir Mənzuri, Məmmədrza Ləvayi, Həmid Arğış və digər yazarlar ciddi nəsr yaradıcılığı ilə məşğuldurlar..."
Bu gün çağdaş Güney Azərbaycan nəsrindən danışanda, ilk xatırlananlar sırasının başında Nasir Mənzuri gəlir. Nasir bəy çağdaş Güney Azərbaycan nəsrinin ən ünlü nümayəndələrindən biridir. 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında, elin, tayfanın ağsaqqalı, böyüyü sayılan bir ziyalının ailəsində dünyaya gələn Nasir dörd yaşında ikən öz yurd-yuvasından köçmək məcburiyyəti qarşısında qalıb. Amma bu, ailənin birdəfəlik köçü olmayıb. Belə ki, iyirmi il ərzində o, ailəsi ilə birlikdə dəfələrlə doğma yurdun qoynuna qayıdıb, lakin yenidən ana yurdundan başqa bir yerə köçməli olub. Bu cür dəyişkən, köçəri bir həyat yaşadığına görə, təhsil aldığı 21 il ərzində 15 məktəb və universitet dəyişib, müxtəlif yerlərdə yaşamalı olub. Bu müddətdə onun üçün müxtəlif xalqlarla və onların mədəniyyətləri ilə də tanışlıq imkanı yaranıb və gənc Nasir bu imkanı dəyərləndirməyi bacarıb. Təbriz Universitetini bitirərək Tikinti işləri üzrə mühəndis ixtisasına yiyələnib və ümumiyyətlə, humanitar sahədən uzaq olmağa çalışıb. Nasır Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirib, qətiyyətlə öz təhsil bazasına da müraciət etməyib və formal karyerasından bilmərrə imtina edib. Ancaq çifayda! İnsanın iç dünyasında yazılanlar, ruhunun dərinliklərindəki ikinci "Mən" nə imtinaya baxır, nə də "Yox! Olmaz!" nidalarını eşidir, özü diktə elədiyi yolla səni sənətin ən uca zirvələrinə doğru aparır... Və Nasir də o ikinci "Mən"in diktəsi ilə ana dilini, Azərbaycan türkcəsini, xalqının mifoloji görüşlərini, inanc dünyasını, üstəlik, ingilis və fars dillərini də öyrənir. Davamlı şəxsi mütaliə yolu ilə folklor qaynaqlarımızı, ədəbiyyatımızı, ingilis dilini öyrəndiyinə görə isə Avropa elmi mənbələrini, çağdaş psixologiya və parapsixologiya elmlərini də mənimsəyir.
(Ardı var)
Esmira FUAD
525-ci qəzet.- 2022.- 23 noyabr.- S.13.