Türk dünyasının
inteqrasiyası: Naxçıvandan başlayan yolun Səmərqənd
Zirvəsi
Türk Dövlətləri Təşkilatının Səmərqənddə
keçirilən Zirvə görüşü beynəlxalq aləmdə
böyük əks-səda doğurub. Ekspertlər bu hadisənin
geosiyasi, siyasi, iqtisadi, mədəni-humanitar aspektlərdə
geniş analizini aparırlar. Fikirlər və
mövqelər fərqlidir. Lakin hər kəs
əmindir ki, türk dövlətləri artıq real əməkdaşlıq
mərhələsinə qədəm qoyublar. Onların bu istiqamətdə daha böyük
uğurlara imza atacağı şübhəsizdir. Bunların fonunda Azərbaycan Prezidentinin fəallığı
və təşəbbüskarlığı da ekspertlərin
diqqətini çəkməkdədir. İlham
Əliyev Səmərqənd görüşündə olduqca
əhəmiyyətli və maraqlı təkliflərlə
çıxış edib. Bütün
bunları nəzərə alaraq, TDT-nin geosiyasi perspektivləri
üzərində Səmərqənd Sammiti kontekstində
geniş dayanmağa ehtiyac görürük.
TDT və
geosiyasi reallıqlar: türk dövlətlərinin əməkdaşlıq
perspektivləri
Müasir geosiyasi reallıqlar regional və qlobal təşkilatların
həm əhəmiyyətini artırır, həm də
onların üzərinə yeni funksiyalar qoyur. Bütövlükdə
dünya üçün inkişaf və təhlükəsizlik
böyük əhəmiyyət kəsb etdiyindən meydana
çıxan təşkilatların da məram və məqsədi
önəm daşıyır. Bu baxımdan Türk
Dövlətləri Təşkilatı (TDT) dünya
miqyasında geosiyasi proseslərə yeni dinamika verməklə
fərqli geosiyasi mənzərənin formalaşmasına
yardımçı ola bilər. Belə bir imkanın mövcudluğu son illər
regional və beynəlxalq təşkilatların
dünyanın yeni düzənində oynaya biləcəyi
rolla əlaqəlidir. Məsələ
ondan ibarətdir ki, dünyanın siyasi liderləri və
ekspert dairələri müasir dövrdə çoxvektorlu,
dayanıqlı və sabit geosiyasi mənzərənin
formalaşması üçün dövlətlərlə
yanaşı, nüfuzlu regional və beynəlxalq təşkilatların
da ciddi rolundan bəhs edirlər. Problemin
mahiyyəti məhz çoxvektorluğun təmin edilməsindədir.
Təəssüf ki, buna mane olan başlıca
qüvvələr də məhz BMT Təhlükəsizlik
Şurasında təmsil olunmuş dövlətlərdir.
Hazırda onlar arasında dünya liderliyi
uğrunda ölüm-dirim savaşı gedir.
Belə bir vəziyyətdə siyasi analitiklər
"üçüncü" qüvvənin - beynəlxalq təşkilatların
geosiyasi düzənin yaradılmasında rolunun
artırılması məsələsini qaldırırlar. Məsələn,
Qoşulmama Hərəkatı (QH) bu baxımdan potensiala
malikdir. Bu təşkilata Azərbaycanın
sədrliyi müddətində irəli sürülən təkliflər
və göstərilən təşəbbüslər təsdiqləyir
ki, Qoşulmama Hərəkatı yeni ədalətli dünya
nizamının yaradılmasında fəal iştirak edə
bilər. Xüsusilə Azərbaycan
Prezidentinin pandemiya dövründə bu təşkilatdakı
fəallığı, təklifləri, təşəbbüsləri
bu tezisi irəli sürməyə ciddi əsaslar verir. İlham Əliyev həm də dünyanın bir
çox ölkələrinə yardımların verilməsi
məsələsində həm QH, həm də TDT çərçivəsində
kifayət qədər səmərəli fəaliyyət
göstərməkdədir.
Bütün bunlar Türk Dövlətləri Təşkilatının
Səmərqənd şəhərində keçirilən IX
Zirvə görüşünün geosiyasi əhəmiyyətinin
regional miqyası aşaraq qlobal miqyasda özünü
göstərdiyini deməyə əsaslar yaradır. Məsələyə
Zirvə görüşündə müzakirə edilən
problemlərin məzmun və miqyası prizmasından
baxdıqda, mənzərə daha da aydınlaşır.
Xüsusilə Azərbaycan Prezidenti İlham
Əliyevin irəli sürdüyü tezislər
dünyanın təhlükəsizliyi baxımından olduqca vacib
məqamları önə çıxarır.
Bu kontekstdə ekspertlərin Səmərqənd Sammitini
qiymətləndirməsi çox maraqlıdır. Türkiyəli
professor Cengiz Tomar hesab edir ki, TDT-nin son toplantısı
türk dövlətlərinin möhkəm mədəni və
iqtisadi təməl üzərində qərarlaşmaqla, geniş
miqyasda inteqrasiya və əməkdaşlıq kursunu
götürməsi kimi çox əlamətdardır. Bir tərəfdən bu, türk dövlətlərinin
sivil əməkdaşlığa üstünlük verməsini,
digər tərəfdən isə XXI yüzildə türklərin
geosiyasi nizama yeni nəfəs verə biləcəyini ifadə
etməkdədir.
Professor
C.Tomar yazır: "Türk Dövlətlərinin
"Türk Dövlətləri Təşkilatı"
adı altında bu qədər əhatəli işbirliyi və
inteqrasiya xarakterli anlaşma və proqramları
reallaşdıra biləcək səviyyəyə gəlməsi
XXI əsrin bir "Türk Yüzili" ola biləcəyi
ümidini gücləndirir. Təbii, bu
anlaşmaların 2040-cı ilə qədər həyata
keçirilməsi əsas şərtdir".
C.Tomar Səmərqənd
Sammitinin önəmini, birincisi, mədəniyyət üzrə
əməkdaşlıq yönlü olması, ikincisi, orada həmin
çətir altında, faktiki olaraq, "siyasət",
"xarici siyasət", "təhlükəsizlik",
"iqtisadiyyat", "insani və korporativ ilişkilər"
mövzuları üzrə müzakirələrin
aparılması ilə əlaqələndirir. Səmərqənd
Zirvəsi haqqında ekspert rəylərinin demək olar ki, hər
birində bu məqamlar vurğulanır.
Professor Süleyman Qızıltorpaq obrazlı şəkildə
"Səmərqənd Mərkəzi Asiyanın Sürixi
oldu" yazır. Burada türkiyəli alim Səmərqəndin bir ildə
dalbadal üç böyük tədbirə - Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər
Birliyi (MDB) və nəhayət, Türk Dövlətləri Təşkilatının
(TDT) Zirvə görüşlərinə ev sahibliyi etdiyini
ifadə edir. Və bu tədbirlərin bir vaxtlar
Əmir Teymurun dövlətinin paytaxtında keçirilməsinin
türk dövlətçiliyi baxımından rəmzi məna
daşıdığını çatdırmaq istəyir.
Bunların
fonunda professor S.Qızıltorpağın
aşağıdakı əsas tezisi diqqəti çəkir:
"TDT ortaq dil, kültür və dayanışma təməlində
inşa edilmiş olsa da, bu gün regional və beynəlxalq
miqyaslarda işbirliyinin təsirli bir təşkilatı
olmuşdur".
Üç
mühüm geosiyasi qənaət: qlobal proseslərə
regional töhfələrin "türk modeli"
Türkiyəli alimlərin bu fikirlərindən geosiyasi əhəmiyyətli
üç mühüm qənaət əldə edə bilərik. Birincisi,
türk dövlətləri mədəniyyət və humanizmə
dayanan əməkdaşlıq formasına üstünlük
verirlər. Təsadüfi deyil ki, Səmərqənd
Zirvəsinin mövzusu "Türk mədəniyyəti
üçün yeni dönəm: Ortaq inkişaf və rifaha
doğru" adlanırdı.
İkincisi, bunu onlar ortaq tarix, mədəniyyət və
özünümüdafiə prinsipləri üzrə
qurmağa çalışırlar.
Üçüncüsü, türk dövlətlərinin
bu əməkdaşlıq forması bir tərəfdən,
türk dövlətlərinin bütövləşməsinə
(siyasi-mədəni inteqrasiyasına), digər tərəfdən
isə, qlobal təhlükəsizlik, inteqrasiya, əməkdaşlıq
və humanizmə yeni təkanlar verəcək.
XXI əsr üçün bunlar çox vacib əlamətlərdir. Onun
kökündə isə "bir millət, iki dövlət"
formulunun genişləndirilmiş forması olan "bir millət,
altı dövlət" formulu dayanır. Geosiyasi-nəzəri baxımdan bu formulun
araşdırılmasına böyük ehtiyac vardır.
Çünki həmin formulda türk
sivilizasiyasının həm özünü yaratması, həm
də dünyaya verə biləcəyi qiymətli töhfələrin
fəlsəfəsi ifadə edilib. Bu,
ayrıca araşdırma mövzusudur.
Vurğuladığımız üç tezisin
fövqündə daha konkret səviyyədə bir neçə
qənaət əldə edə bilərik. Hər şeydən öncə,
aydındır ki, son zamanlar Cənubi Qafqazda, Mərkəzi
Asiyada və bütövlükdə dünyada müşahidə
edilən geosiyasi, hərbi, təhlükəsizlik,
siyasi-iqtisadi xarakterli proseslər türk xalqlarının
birliyini gündəmə gətirib. Bu
baxımdan TDT-nin meydana gəlməsi zamanın tələbidir,
sosial-siyasi sifarişdir. Və türk
birliyinin qlobal gücə çevrilməsi artıq reallıq
kimi qəbul edilməlidir.
Bizim üçün qürurvericidir ki, bu prosesin daxilində
Azərbaycan Prezidentinin təşəbbüsləri qardaş
ölkələr arasında yeni əməkdaşlıq
imkanlarının yaranmasına və onların
reallaşmasına Yol açmaqdadır. Bu Yol 13 il
əvvəl Naxçıvan görüşündən
başlayıb. Onda Türk Şurası
(Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası) yarandı. O, kifayət qədər səmərəli
fəaliyyət göstərdi. Yəni qısa
müddətdə sübut etdi ki, türk dövlətləri
müasir tələblər çərçivəsində səmərəli
və real nəticələr verə bilən əməkdaşlıq
formasını tapıblar. Həmin səbəbdən təşkilatın
Türk Dövlətləri Təşkilatı adına
transformasiya etməsi tamamilə məntiqi və
reallığa əsaslanan prosesdir.
Keçən müddət ərzində Türk
Şurası müxtəlif sferalarda - mədəni, humanitar,
iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi
istiqamətində mühüm addımlar atıb. Və bu
prosesdə Azərbaycan fəal iştirak edib, hətta lokomotiv
rolunu oynayıb. Rəsmi Bakı daim
bütün türk dövlətləri ilə əlaqələri
genişləndirib və dərinləşdirib. Eyni zamanda, digər türk dövlətləri
arasında əlaqələrin güclənməsində təsirli
rol oynayıb. Onu nəzərə alaq ki,
türk dünyasında 200 milyondan çox insan
yaşayır. Bu dövlətlərin ÜDM-i 1,2 trilyon ABŞ dolları həcmindədir. Türk coğrafiyası çox genişdir.
Azərbaycan
Prezidenti İlham Əliyevin təbirincə desək,
"türk dünyası böyük bir ailədir"! Təbii ki, onun inteqrasiyası, birliyi möhtəşəm
nəticələr verməkdədir. Bütün
bunlara görədir ki, Azərbaycan dövlət
başçısının həmin prosesdə çox fəallıq
göstərməsi, Azərbaycanın dövlət statusunda
bu təşkilatın yaranmasında yaxından iştirak etməsi
xüsusi əhəmiyyət daşıyır. Bu, onu göstərir ki, Azərbaycan Prezidenti "bir
millət, iki dövlət" formulunun daxili məntiqinə əsaslanaraq
əməkdaşlığın "bir millət, altı
dövlət" miqyasına yüksəlməsində
aparıcı rol oynamaqdadır. Bu da
özlüyündə müstəqil dövlətçilik
üçün çox böyük əhəmiyyəti olan
siyasi varisliyin İlham Əliyev tərəfindən uğurla
davam etməsi deməkdir.
Bu tezisimizi konkret bir faktla daha aydın izah edə bilərik. İlham Əliyev TDT-nin Səmərqənd
Zirvəsindəki dərin məzmunlu
çıxışında vurğulayıb ki, İkinci
Qarabağ müharibəsində Azərbaycan Türkiyənin
qardaşlıq dəstəyini hər an
hiss edib. Bu, bir nümunədir, çünki
reallıqda göstərir ki, türklər birləşəndə
uğur əldə edə bilirlər. Ankara
Bakıya çətin günündə dəstək verməklə
tarixi ədalətin və milli qürurun bərpa edilməsində
ciddi rol oynayıb.
Yəni Azərbaycanla Türkiyənin "bir millət,
iki dövlət" formulu üzrə əməkdaşlığı
ədaləti bərpa etməklə yanaşı, türk kimliyinin
qürurunu, ləyaqətini, sülhsevərliyini bütün
dünyaya nümayiş etdirdi. Bunları nəzərə alaraq,
İlham Əliyev bütün türk dövlətlərinin rəhbərlərini
Qarabağa və Şərqi Zəngəzura dəvət etdi!
Burada dərin və çox aktual bir neçə
məqam ifadə edilib. Onun geosiyasi, tarixi və
siyasi-mədəni qiyməti çox yüksəkdir.
Çünki birincisi, İlham Əliyev, faktiki olaraq,
real fəaliyyət sahəsində, konkret əməkdaşlıq
sferasında "bir millət, altı dövlət"
formulunu reallaşdırır. Bunun üçün dövlət
başçısı nümunə olaraq Türkiyənin Vətən
müharibəsində yanımızda olması ilə bərabər,
Ankaranın Azərbaycanın erməni işğalından
azad etdiyi Qarabağda və Şərqi Zəngəzurda
quruculuq və bərpa işlərində də fəal
iştirak etməsini göstərir.
İkincisi,
İlham Əliyev hər bir türk döv
lətinə müraciət edərək çatdırır ki, bu
prosesi genişləndirmək lazımdır. TDT-nin
bir təşkilat olaraq nüfuzu, təsiri və səmərəli
fəaliyyəti üçün bu məqam çox önəmlidir.
Türk dövlətləri
başçılarının Qarabağın azad edilmiş ərazisinə
gəlməsi bütün dünyaya TDT-nin müstəqil geosiyasi
güc olduğunu nümayiş etdirmək deməkdir. Bu güc digərlərindən fərqli olaraq,
quruculuq, sülh, barış, sosial-siyasi, iqtisadi-enerji, nəqliyyat-logistika
sferalarında əməkdaşlığa üstünlük
verir.
Daha konkret desək, TDT artıq qlobal miqyasda əməkdaşlığı
və qarşılıqlı faydalı işbirliyini təşviq
edən böyük gücdür. Buna görə də
onun perspektivi çoxdur. Bütün
bunlara görə də, Azərbaycan Prezidenti İlham
Əliyevin TDT kontekstində gələcəyə
hesablanmış tarixi əhəmiyyətli fəaliyyəti ilə
fəxr etməliyik.
Maraqlıdır ki, xarici ekspertlər də TDT-nin
geniş potensialından bəhs edirlər. Doğrudur,
onlar bütövlükdə türk dövlətlərinin əməkdaşlığını
bir sıra hallarda yanlış dərk edirlər.
Ekspertlər
analiz edirlər: obyektivlik, reallıq və qısqanclıq
arasında
Məsələn,
rusiyalı alim, Rusiya Elmlər Akademiyası Dünya
İqtisadiyyatı və Beynəlxalq Münasibətlər
İnstitutunun aparıcı elmi işçisi S.İvanov son Səmərqənd
görüşünü analiz edərək burada Türkiyənin
Osmanlının nüfuz dairəsini bərpa etməsi cəhdini
gördüyünü vurğulayır. O yazır: "TDT-də
aparıcı rolu Türkiyə oynayır ki, məqsədi
Osmanlı imperiyasının - "Türk
dünyası"nın yeni tarixi şərtlərdə yeni
obrazını yaratmaq üçün türk
xalqlarını birləşdirməkdən ibarətdir. "Türk dünyası" lap
başlanğıcdan daha geniş ümmətin - Turanın tərkibi
kimi düşünülüb".
Bununla yanaşı, S.İvanov etiraf edir ki, türk
dövlətlərinin inteqrasiyasında təhsil, mədəniyyət,
nəqliyyat, enerji və iqtisadi-ticari sferalar aparıcı yer
tutur. Həmin bağlılıqda ekspert tarix
ortaqlığı, dil, mədəniyyət, ənənə
və dəyərlər sahəsində türk dövlətlərinin
əlaqələri genişləndirməsi haqqında Səmərqənd
Bəyannaməsində müddəaların yer
aldığını qeyd edir. Bununla
yanaşı, 500 milyon ABŞ dolları həcmində ilkin
kapitalla Türk İnvestisiya Fondunun yaradılması və
TDT-nin İnkişaf Bankının təsis edilməsi
rusiyalı ekspertin diqqətini çəkib.
Lakin bütün bunlarda hansısa imperiya ambisiyası
görmək tam əsassızdır. Hazırda dünyada "amerikan
dünyası", "ingilis dünyası",
"frankofoniya", "rus dünyası" və s. kimi
yanaşmalar mövcuddur və heç kim onlarda imperiya məqsədini
"görmür". O halda "türk dünyası"
niyə Osmanlının dirçəlişi kimi təqdim
edilməlidir? Üstəlik, türklər
dünyanın heç bir ölkəsinə təcavüz
etmirlər. Ancaq ingilislər, fransızlar,
amerikalılar, ruslar və digərlərinin işləri
göz önündədir.
Rusiyanın "Kommersant" qəzeti də Səmərqənd
Zirvə görüşündən maraqlı məqalə dərc
edib. Müəllif K.Krivoşeyev bütövlükdə
sammiti obyektiv analiz edib. O, iştirakçıların
"Pamirdən Karpata qədər türk sivilizasiyası"
ifadəsini işlətdiyini vurğulayır. Bunun
fonunda sammitdə "böyük Türk ailəsi" ifadəsinin
də yer alması ekspertin marağına səbəb olub.
Bundan başqa, Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevin türk torpaqlarının qədimdən
minilliklər ərzində Şərqlə Qərbi birləşdirməsini
və bununla dünya sivilizasiyalarını
yaxınlaşdırmasını, mədəniyyəti zənginləşdirməsini
vurğulamasını ayrıca qeyd edib, bununla türklərin
fəxr etdiyini yazıb. Ancaq Şavkat Mirziyoyevin də
xüsusi vurğuladığı türk dövlətlərinin
tamamilə yeni eraya qədəm qoyduğunu və onun
başlıca tezisinin "Türk sivilizasiyasının yeni
erası: ortaq tərəqqi və çiçəklənmə
yolunda" olduğu fikrini rusiyalı ekspert ayrıca
vurğulayır.
Başqa
bir rusiyalı ekspert V.Panfilova "Nezavisimaya qazeta"da dərc
edilmiş məqaləsində Səmərqənd Sammitinin
türk dövlətləri üçün strateji əhəmiyyət
daşıdığını və bu prosesin "vahid
dövlət" yaratmağa doğru getdiyini
vurğulayır. Macarıstanın bu prosesdə
oynadığı rola diqqət çəkən ekspert Mərkəzi
Asiyanı Avrasiyanın strateji yollarını birləşdirən
məkan kimi təqdim edən siyasilərin haqlı
olmasını qeyd edir. Ancaq müəllif
TDT-nin bu regionda Çin və Qərblə sərt rəqabətə
düşəcəyini və ondan kimin qalib
çıxacağının məlum
olmadığını da diqqətdə saxlamağı
tövsiyə edir.
Digər ekspertlər də bunlara bənzər analizlər
aparırlar. Onlardan aydın olur ki, dünyada artıq türk
dövlətlərinin əməkdaşlığı
faktını qəbul edirlər, eyni zamanda, onu
qısqanmağa başlayıblar. Bunların
fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Sammitdə irəli
sürdüyü bir təklif həm tarixi əhəmiyyəti,
həm də möhtəşəmliyi ilə ekspertlərin
böyük marağına səbəb olub.
İlham
Əliyevin tezisləri: türklərin hüquqlarının
müdafiəsinin sivil yolları
Azərbaycan Prezidenti Sammitdəki
çıxışında türk dünyası ölkələrinin
münasibətlərinin əsasına maraqlı bir tezis qoyur. İlham Əliyev onu belə
ifadə edir: "Türk dünyası böyük bir ailədir.
Bir-birimizin milli maraqlarını nəzərə
alaraq bundan sonra da qarşılıqlı dəstək və
həmrəylik göstərməliyik. Siyasi, iqtisadi,
ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal
transformasiya, kənd təsərrüfatı, turizm sahələri
ilə yanaşı, təhlükəsizlik, müdafiə,
müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı
fəallaşdırmalıyıq".
Fikirlərini inkişaf etdirərək dövlət
başçısı əməkdaşlığın
geosiyasi, mənəvi, siyasi və mədəni çərçivəsini
müəyyən edir. İlham Əliyev vurğulayır: "Türk
dünyası təkcə müstəqil türk dövlətlərindən
ibarət deyil, onun coğrafi sərhədləri daha
genişdir. Hesab edirəm ki, Türk Dövlətləri
Təşkilatının üzvləri olan ölkələrdən
kənarda yaşayan soydaşlarımızın
hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin
qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri
artıq təşkilat çərçivəsində daimi əsasda
diqqətdə saxlamağın vaxtı gəlib
çatmışdır".
Azərbaycan Prezidenti bu əməkdaşlıq fəlsəfəsinin
əsasında daha konkret problemlərin həllinin vacibliyini
vurğulayır. Ölkə rəhbəri bu bağlılıqda bəyan
edir: "Türk dünyasında gənc nəslin
yaşadıqları ölkələrdə məktəblərdə
öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin
hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının
əksəriyyəti bu imkanlardan məhrumdur.
Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır".
Və nəhayət, Prezident bu prosesdə Azərbaycanın dövlət olaraq fəal olacağını xüsusi vurğulayır: "Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".
Göründüyü kimi, Azərbaycan Prezidenti həm Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın ümumi çərçivəsini, həm də konkret olaraq dünyanın hər bir guşəsində türklərin hüquqlarının təmin edilməsini sivil, perspektivli və real müstəvidə müəyyən edib. Şübhə yoxdur ki, Türk Dövlətləri Təşkilatı bu yanaşmanı rəhbər tutacaq. Və bütün dünyada türklərin hüquqlarının təmin edilməsi yeni səviyyəyə yüksələcək!
Kamal
ADIGÖZƏLOV
525-ci qəzet.- 2022.- 23 noyabr.- S.8;9.