"İran adlı dövlətin əslində dinlə, imanla heç bir əlaqəsi yoxdur"

 

Çingiz Göytürk: "Güney Azərbaycan türkləri öz milli dövətlərinin bərpası uğrunda mübarizəyə başlayıblar"

 

Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk İranda davam edən etirazlar, molla rejiminin repressiya siyasəti, Azərbaycana yönəlik təxribatları barədə "525-ci qəzetmüsahibə verib.

- İranda üçüncü aya keçib ki, etirazlar davam edir. Sizcə etirazların artıq inqilaba apardığını demək olar?

- İrandakı rejimin hakimiyyətdə olduğu 43 il ərzində hansısa problemin həllinə yönəlik siyasət apardığını söyləmək mümkün deyil. Xalqın səsləndirdiyi  istənilən problemə, tələbə, istəyə sadəcə şiddət tətbiq edərək, cinayətlər törədərək, edamlarla, işgəncələrlə, həbslərlə cavab verib. Yəni bu rejim hansısa kiçik və ya böyük problemin həlli məqsədilə siyasət həyata keçirməkdə tamamilə acizdir. 43 il ərzində bütün mərhələlərdə bunu açıq şəkildə sübut edib. İran cəmiyyətində heç bir azadlıq yoxdur, insanlar ehtiyac içərisindədir, işsizlik baş alıb gedir, diktaturadan o qədər beziblər ki, heç bir halda bu mühitdə yaşamaq istəmirlər. Artıq İslam Respublikası rejimi qocalıb, dişləri əvvəlki tək kəsmir. İkincisi, insanlar artıq rejimdən qorxmurlar. Proseslərin molla rejiminin dəyişikliyi ilə nəticələnməsi labüddür. Rejim prosesləri dayandıra bilmir. Aksiya iştirakçıları sosial tələblərdən tamamən siyasi tələblərə keçib, insanlar yalnız bu rejimin getməsindən sonra bəlli bir məqsədlərinə çatacaqlarına əmindirlər. Rejim dəyişikliyi başlıca istəkdir. Ona görə də düşünürəm ki, molla rejimi bu mərhələdən sonra artıq davam gətirə bilməyəcək.

- Hesab edirsiniz ki, aksiyalar molla rejiminin sonunu gətirəcək?

- İran adı altında fəaliyyət göstərən fars dövlətçiliyi mahiyyət etibarilə şovinist və rasist bir dövlətdir. Bunun ideologiyası paniranizm əsasında formalaşıb. Bu, İranda yaşayan qeyri-fars millətləri yox sayaraq fars kimliyi təməlində vahid İran kimliyi, İran milləti formalaşdırmağı nəzərdə tutur. Pəhləvi dönəmində qatı fars millətçiliyi anlayışı ilə həyata keçirdikləri bu şovinist siyasəti artıq həmin şəkildə gerçəkləşdirə bilməyəcəklərini başa düşdüklərinə görə fars millətçi dairələri şovinist və rasist anlayışlarını başqa bir örtük altında tətbiq etməyə başladılar. Bu da İran İslam Respublikası idi. Yəni İran İslam Respublikası dediyimiz dövlətin əslində dinlə, imanla, mənəviyyatla heç bir əlaqəsi yoxdur. Bu dövlət məhz İslam ölkələrində müsəlmanlara qarşı cinayətlər, terror aktları törədib, terror fəaliyyəti aparıb, ölkələrdə hərc-mərclik, iğtişaşlar yaradıb. Antibəşəri davranışlara, insanların ölümünə görə məsuliyyət daşıyan bu dövlət bütün cinayətkar əməllərini İslam adı altında edib. Həmin İslam dövlətinin bu gün sadəcə Ermənistanla yaxşı münasibətləri var, bu əslində onun mahiyyətini çox açıq şəkildə ortaya qoyur. Bu dövlətdə hər hansı bir köklü dəyişikliyin, inqilabın gerçəkləşməsi məhz şovinist və rasist mahiyyətin, paniranizmin ortadan qaldırılması ilə mümkün olacaqdır. Onların bəşəri, çağdaş dəyərlərə söykənən plan və layihələri yoxdur. Pəhləvidən başlayan, İslam Respublikası adı altında davam edən bu rejim rasist və şovinst mahiyyəti aparmaqda israrlı olduğunu açıq şəkildə ortaya qoyub. Ona görə də qeyri-fars millətlər öz milli hərəkatlarında israr edirlər, onlar İrandakı proseslərində sadəcə öz kimlikləri, şüarları ilə ortaya çıxmağa üstünlük verdilər. İran adlanan dövlətin mahiyyətində hər hansı bir inqilabi dəyişikliklərin gerçəkləşməsini millətlərin milli hərəkatlarında görmək olar və ciddi alternativlər ortaya qoyulub. Məsələn, Güney Azərbaycan türklərinin "Azadlıq", "Ədalət", "Milli hökumət" şüarları məhz bu məqsədə xidmət edir. Daha sonrakı mərhələlərdə digər qeyri-fars millətlər də bu şüarları  səsləndirdilər.

- Proseslər Güney Azərbaycan üçün necə yekunlaşa bilər?

- Əslində Güney Azərbaycanda dəfələrlə milli hərəkatlar baş qaldırıb, xüsusilə şimalda Azərbaycanın müstəqillik əldə etməsindən sonra bu hərəkat daha da ciddi şəkildə inkişaf etdi. Bu gün artıq İran adlanan coğrafiyada Azərbaycan milli hərəkatı deyilən bir gerçəklik mövcuddur, bununla hər kəsin barışması lazımdır. Bunu inkar etmək mümkün deyil. Güneydəki milli hərəkatın hədəfləri çox açıq və konkretdir. Bunu güneyli soydaşlarımız hər fürsətdə dilə gətirməyə çalışır. Güney Azərbaycan türkləri öz milli dövətlərinin bərpası uğrunda mübarizəyə başlayıblar. Bu millət 1925-ci ildə öz dövlətçiliyini rəsmən itirdikdən sonra dəfələrlə inqilaba qalxıb və iki dəfə qısa müddətli də olsa dövlətini bərpa edə bilib. Bütün təzyiqlərə, qətliamlara rəğmən güneyli türklər öz milli dövlətçiliyini bərpa etmək iradəsindən bir an olsun belə geriyə çəkilməyib. İranda İslam Cümhuriyyəti hakimiyyətə gələr-gəlməz Xalq Müsəlman Hərəkatı adı altında Şəriətmərdarinin rəhbərliyi ilə öz dövlətini yaratmaq tələbi irəli sürüldü. Bu hərəkat yatırılsa da, millətin öz milli dövlətçiliyini bərpaetmə iradəsini heç cürə yatıra bilmədilər. Milli hərəkat təkrar özünü yeniləyə bildi. Bu gün Güney Azərbaycanda səsləndirilən şüarlar Şirazda, İsfahanda səsləndirilənlərdən tamamilə fərqlidir. Güney Azərbaycanda deyilir ki, "Millətlərə istiqlal, qadınlara azadlıq", "Milli hökumət".

Güney Azərbaycan öz yolunu seçib, İran adlanan dövlətin mahiyyətində ciddi, inqilabi dəyişiklik olmasa, Azərbaycanın müstəqilliyi labüddür. İran adlanan dövlətdə millətlər Azərbaycan türklərinin rəhbərliyi ilə artıq  ciddi mübarizəyə başlayıblar.

- Sizin də vurğuladığınız kimi, molla rejimi 40 ildən çoxdur öz vətəndaşlarına qarşı amansız olub. Bu gün də işgəncə, edam siyasəti davam edir. Aksiya iştirakçıları polis tərəfindən öldürülür, onların yaxınları təqib edilir. Sizcə dünya birliyi, BMT niyə buna lazımi reaksiya vermir?

- İran adlanan dövlət bir layihədir. 20-ci əsrin əvvəllərində başlayan proseslər və 1925-ci ildə Qacar dövlətinin fars Pəhləvi rejimi ilə dəyişdirilməsi və farsların dövlətçiliyimizi qəsb etməsi məhz qlobal güclərin iradəsi, planları əsasında həyata keçirildi. O vaxtdan bəri bu şovinist mahiyyətin davam etməsində bir şəkildə maraqlı olublar. Onlar İranın qətlamlarına, terror fəaliyyətinə, öz xalqına etdiyi zülmlərə, millətlərin, o cümlədən, Azərbaycan türklərinin, bəlucların, ərəblərin mövcudluğunu inkar etməyə çalışıblar, rejimin törətdiyi cinayətlərə göz yumublar. Təəssüf ki, beynəlxalq təşkilatlar da böyük güclərin təsiri altında olub. Fransanın Şimali Azərbaycana qərəzli yanaşmasından danışırıq, amma Parisin İran adlanan məkanda da hakimiyyətin davam etməsində nə dərəcədə maraqlı olduğunu, həmçinin, müdaxiləsini son proseslərdə açıq şəkildə görürük. Fransa İranın yanında olduğunu ifadə etməkdən çəkinmir.

Lakin bir məslədə hamı həmfikirdir ki, İranın terrorçu mahiyyəti bu şəkildə davam edə bilməz. Rejim bəşəriyyət, bölgə, insanlıq üçün təhlükəlidir. Bu məsələdə millətlərin istəkləri nəzərə alınıb, dəstəklənməlidir. Son proseslərdə açıq şəkildə görürəm ki, qlobal güclər 100 illik inadınadan əl çəkib millətlərin istəyini dəyərləndirmək qərarına gəliblər.

 

- Bilirsiniz ki, İranın Azərbaycanı gözü götürmür və onu özü üçün təhdid bilir. Bu da əlbəttə ki, Güney Azərbaycan qorxusu ilə bağlıdır. İranın Azərbaycana yönəlik son addımları, Ermənistan sevgisi barədə nə deyə bilərsiniz?

 - İranın Azərbaycana qarşı təxribatları yeni deyil. Azərbaycanın müstəqilliyindən bəri hər fürsətdə Azərbaycan dövlətinə qarşı hər cür təxribat, terror, müdaxiləyə, bir sözlə, nəyə əli çatırsa, nə mümkündürsə, onu eləməyə çalışır. Ermənistanı dəstəkləməkdən tutmuş, Azərbaycanın içində narkotik maddələrin yayılması, daxildə iğtişaş qaynaqları yaratmağa qədər, nə bacarıbsa, edib. Eyni zamanda, din adı altında Azərbaycan vətəndaşlarını təşkilatlandıraraq, onları özünün gələcəkdə terror və casusluq məqsədləri üçün istifadə etməyə cəhdlər göstərib. Bunlar sadəcə bəzi nümunələrdir. Bunun qaynağını İranın öz içərisində axtarmaq lazımdır. İran adlanan coğrafiyada 40 milyon azərbaycanlı yaşayır. Bu 40 milyonluq insan öz milli dövlətçiliyini itirəndən bəri onun bərpası uğrunda mübarizə aparır, hər fürsətdə də bu mübarizəsini öz dövlətini yaratmaqla nəticələndirməyə çalışıb. Azərbaycan müstəqil olduqdan sonra İranın araşdırma mərkəzi bir hesabat hazırlamışdı. Orda qeyd  edilmişdir ki, biz güneydə azərbaycançılıq düşüncəsinin yayılmasının qarşısını almaq istəyiriksə, bunu ilk növbədə Şimal Azərbaycanda etməliyik. Ona görə də burada terror şəbəkələri yaratmağa, Azərbaycanın hər vasitə ilə güclənməsinin qarşısını almağa çalışdılar, Azərbaycana qarşı düşmənçilik siyasəti apardılar. Azərbaycanın varlığı İrandakı 40 milyon Azərbaycan türkü üçün bir nümunə, model idi və güneydə milli hərəkatın irəliləməsinin əsas motivlərindən birinə çevrilə bilirdi. Üstəgəl, Azərbaycan dövlətinin getdikcə güclənməsi, demokratiya, iqtisadi, siyasi, hərbi sahədə əldə edilmiş uğurlar, 30 ildən sonra işğaldakı torpaqlarını azad etməsi bölgədə lider dövlətə çevrilməsinə gətirib çxardı. Bütün bunlar İran rejimini Azərbaycana qarşı tamamilə şüursuz hərəkətlər sərgiləməyə sövq etdi. Qafanda tövlədə konsulluq açması casusluq məqsədi, bölgənin inkişafının, tranzit xətlərinin qarşısını almaq məqsədi daşıyırdı. Yaxud Təbrizdə konsulluğun açılması qərarı. Sən bu dəqiqə Təbrizə nəzarət edə bilirsənmi, Təbrizdə konsulluq açırsan. Bu şüursuz hərəkətlər o qədər davam etdi ki, 30 ildir hər fürsətdə dostluq, qardaşlıq əsasında qonşuluq münasibətləri nümayiş etdirən Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Bu, Azərbaycanın güneyi ilə birbaşa bağlı olan məsələdir. Amma Azərbaycanın güneyi də artıq İran rejiminin nəzarəti altından get-gedə çıxır və çıxmaqda israr edir.

- Siz də qeyd etdiniz, molla rejimi Azərbaycanda sabitliyin pozulmasına hədəflənən bir sıra mənfur əməllər həyata keçirməyə cəhd edir. Eyni zamanda, casus şəbəkəsi yaradır ki, bu günlərdə həmin şəbəkəni DTX ifşa etdi...

- İran yarandığı gündən inqilab ixrac etmək  layihəsinə başlayıb. Təkcə Azərbaycanda deyil, digər bölgə dövlətlərində terror-casus fəaliyyətlərini gerçəkləşdirməyə çalışıb. Azərbaycana yönəlik böyük cəhdlər göstərsə də, digər dövlətlərdə  olduğu kimi çirkin niyyətinə asanlıqla nail ola bilməyib. Çünki Azərbaycan cəmiyyəti İran dövlətinin mahiyyətini çox yaxşı bildiyi üçün bu fəaliyyətlər uğurlu alınmayıb. Bütün cəhdlər Azərbaycanın daxilində terror, hərc-mərclik, iğtişaş və casus şəbəkələrini formalaşdırmağa yönəlib. Bunları iki vasitə ilə gerçəkləşdirməyə çalışıb: din, məzhəb faktorundan istifadə etməklə və narkotik vasitə ilə. Narkotikdən istifadə edərək özünə bağlı qruplar yaradıb, din vasitəsilə isə özünün terrorçu fəaliyyətini gücləndirməyə çalışıb. Amma xoşbəxtlikdən Azərbaycanda digər dövlətərdəki kimi təhlükəli vəziyyət yarada bilməyib. İran Bəhreyn, Yəmən, İraq, Liviya, Suriyada terror ocaqları yarada bilib. İranın bu çirkin fəaliyyətlərinin Azərbaycanda qarşısını aldığı üçün müvafiq qurumlara, DTX-ya xüsusi təşəkkür edirəm.

 

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

 

525-ci qəzet.- 2022.- 23 noyabr.- S.5.