Ad gününü
Şuşada qeyd edən
şəhidimiz
İki il öncə
- 2020-ci ilin 24 noyabrında
o, uğrunda savaşdığı
və düşmən
tapdağından azad etdiyi Şuşa torpağında idi. Döyüş yoldaşları, əsgərləriylə birgə
özünün 27-ci yaşını
məhz Qarabağda - müqəddəs Şuşada
qeyd etmək şərəfini yazmışdı
qadir Tanrı onun hərbçi taleyinə. Özünün də dediyi
kimi, ömrünün
ən unudulmaz, ən gözəl doğum gününü keçirirdi sadə döyüşçü süfrəsinin
arxasında. Amma xoşbəxt
idi, bəxtəvər
idi. Gözlərindən sevinc qarışıq
qürur süzülürdü.
Çünki xalqının
30 illik həsrətinə
son qoymuş, işğalı
yaşından böyük
torpaqlara öz şücaəti, qəhrəmanlığı,
qorxmazlığı ilə
gedib çıxmışdı...
Bu gün isə
29-cu yaşı tamam olur baş leytenant
Asəf Ağayevin. Təəssüf
ki, iki ildir
onsuz...
lll
Qalib ordunun qalib döyüşçüsü
Asəf Ağayev 24 noyabr 1993-cü ildə Qax rayonunda anadan
olub. Atası Abid Ağayev
I Qarabağ müharibəsi
iştirakçısı olub.
2000-ci ildə Qax rayonunda orta
məktəbə gedib.
Uşaqlığından hərbçi
sənətinə sonsuz
maraq duyan, cəsurluğu, qorxmazlığı
ilə seçilən
Asəf anasının
bütün etirazlarına
baxmayaraq, 2009-cu ildə
Cəmşid Naxçıvanski
adına hərbi liseyə daxil olur. 2012-ci
ildə buranı bitirir. 2012-2016-cı illərdə
Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbində
ali təhsil alır.
5 dil bilən Asəf 2016-cı ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi
Təyinatlı Qüvvələrində
leytenant rütbəsi
alaraq xidmət etməyə başlayır.
2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində Asəf
Ağayev Füzulidən
Şuşaya qədər
döyüş yolu keçir, Şuşaya
ilk daxil olanlardan olur, qalib savaşçı
kimi qələbənin
sevincini, qürurunu yaşayır və bütöv bir xalqa yaşadır. Hətta baş leytenant Asəf Ağayev 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradına
da XTQ heyətinin tərkibində qatılır,
fəxarətlə iştirak
edir.
Bütün müharibə boyunca
oğullarının zəngini
gözləyən, onunçün
hər an narahat olan ailəsi
müharibə bitərkən
qurban kəsirlər. Çünki oğulları bu
müharibədən alnıaçıq,
üzüağ çıxmış
qalib əsgər kimi evinə dönəcəyi günü
gözləyirdi. Onun evə
dönəcəyi gün
də bəlli idi - 16 dekabr. Asəf ailəsinə həmin gün məzuniyyətə
çıxacağını demişdi. Lakin mənfur düşmən
məğlubiyyətlə barışa
bilməyib özünün
çirkin əməllərini
davam etdirir, ordumuza qarşı təxribatlar həyata keçirirdi. Ona görə
Asəf də digər silah yoldaşları kimi, yenidən ön xətdə - vəzifəsinin
başına qayıtmalı
olur. Ailə üzvləri ilə
olan sonuncu danışığında hələ
bir neçə erməni yaraqlısının
Qarabağda qaldığını
və onları məhv etməli olduqlarını qeyd edib. Ailəsi onun dekabrın 16-da geri qayıdacağını
gözləsə də,
o, 18-də qayıdır, amma
şəhid kimi...
Asəf Ağayev Qarabağda antiterror əməliyyatı
keçirilərkən dekabrın
17-də Xocavənd rayonunda
içində olduğu
avtomobilin minaya düşməsi nəticəsində
şəhidlik zirvəsinə
ucalıb.
Bu məşum xəbər öncə onun dostlarına verilir. Ailəsinin xəbəri olmur. Xüsusən atası xəstə olduğundan bu xəbəri ondan gizlətməyə çalışırlar. Amma nə vaxtacan?
Onsuz da Asəf müharibəyə qatılarkən valideynlərini ən pis sona hazırlamışdı, onlara hər şey ola biləcəyini demiş, möhkəm olmağı tapşırmışdı. Ancaq bala dağı tapşırığa baxarmı... Asəf də Ağayevlər ailəsinin qürur, fəxarət dolu "dağına" çevrildi.
Qəhrəman döyüşçümüz özünün "igidlərin yatdığı yer" adlandırdığı Qax şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şuşa fatehi Asəf Ağayev şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
lll
Hər kəs onu Qarabağın müxtəlif yerlərindən, xüsusən Şuşadan çəkdiyi şən, qürur və sevinc dolu videolarından, şəkillərindən tanımışdı. Yaddaşlarda məğrur duruşu, gülən üzü, zarafatları, ümid və sevinc dolu danışıqları, tez-tez işlətdiyi "yaşasın spetsnaz" sözü ilə qalmışdı. Qələbədən sonra isə Zəfər Paradında azyaşlılarla çəkdirdiyi rəngarəng şəkilləri ilə yenidən adından söz etdirmişdi baş leytenant. Şəhadəti isə təkcə ailəsini, Azərbaycanı deyil, qardaş Türkiyəni də sarsıtdı, eldən-elə dolaşıb ağır xəbərə çevrildi. Axı o, qalib gəlmişdi, 44 günlük müharibədən - odun-alovun içərisindən sağ-salamat çıxmağı bacarmışdı. Bəs qələbədən bir ay sonra şəhid olmaq nə idi?! Demək ki, Asəfin yazısı, qədəri, qisməti imiş o yüksək mərtəbə. Gec, ya tez o zirvəyə çatmalı imiş... Çatdı da...
İki il öncə ad gününü Şuşada silah yoldaşlarıyla qeyd edən baş leytenant Asəf Ağayev iki ildir ki, doğum günlərini cənnətdə - özü kimi şəhadət zirvəsində qərarlaşmış yoldaşları ilə qeyd edir.
Allah rəhmət eləsin!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 24 noyabr.- S.16.