Milli Kitabxana   Emin Sabitoğlu ilə bağlı nəşrlər təqdim etdi 

 

 

Noyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası Emin Sabitoğlunun 85 illiyi münasibətilə “Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və “Emin Sabitoğlu. Sonatinanot məcmuəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, biblioqrafiyanın tərtibçisi Xeyransa Abbasova, elmi redaktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, “Ön sözün müəllifi Xalq artisti, bəstəkar Sərdar Fərəcov, redaktoru Elnur Nəciyevdir. Kitab Azərbaycan və rus dillərində tərtib olunub. Not məcmuəsini tərtibçisi isə Əməkdar mədəniyyət işçisi M.İbrahimov, redaktoru S.Fərəcovdur. Layihə rəhbəri Kərim Tahirovdur. Məcmuəyə bəstəkarın “Sonatina” əsəri daxil edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Emin Sabitoğlunu yaşadan onun əsərləridir. Ürəkləri, qəlbləri oxşayan mahnıları hər zaman sevilə-sevilə müğənnilərimiz tərəfindən oxunub. Onun mahnıları ilə bir neçə nəsil sənətkarlar, musiqiçilər böyüyüb. İnsanlar var ki, dünyadan köçəndən sonra unudulurlar, ancaq Emin Sabitoğlu öz sənəti ilə yaşayacaq. Emin Sabitoğlu 600 dən çox mahnı bəstələyib, məhz o əsərlər bəstəkarı daim mənsub olduğu xalqın yaddaşında saxlayacaq.

Kərim Tahirovun sözlərinə görə, “Milli musiqi xəzinəmizdən” layihəsi çərçivəsində Emin Sabitoğlunun 1960-cı illərdə Moskvada yazdığı “Sonatina” əsəri not halında çap olunub. Qeyd edib ki, Emin Sabitoğlu ilə yanaşı bütün görkəmli şəxsiyyətlərimizin elektron məlumat bazasının dünyada təqdimatı Milli Kitabxananın bu istiqamətdə atdığı addımlardandır.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli bildirib ki, hər bir kitab bizim üçün dəyərlidir: “Emin Sabitoğlu haqqında biblioqrafiyanın təqdimatı kitab sənayesinə olan böyük töhfədir. Bu kitabda bəstəkar haqqında olan bütün məlumatlar yer alıb. Buna görə də, bu dəyərli vəsaiti Emin Sabitoğlunu araşdıran bütün tədqiqatçılara tövsiyə edirəm”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Milli Kitabxananın bu addımını yüksək qiymətləndirib və bəstəkarın yaradıcılığından söz açıb: “Emin Sabitoğlunun bioqrafiyası hər kəsə məlumdur, ancaq mən bəzi məqamlardan danışmaq istərdim. Belə ki, Emin Sabitoğlu bir müddət Qara Qarayevin assistenti kimi çalışmışdır. Sonradan bizə dərs deyəndə biz onun başqa tərəfini - ziyalılığını, işinə sonsuz məsuliyyətini gördük. Biz Emin Sabitoğlunun mahnılarında novatorluq görürdük. Onun mahnıları o zaman çox populyar idi. Bakıda Eminin mahnıları hər yerdə səslənirdi. Bu mahnının ilk notlarından bilirdik ki, bu, Emin Sabitoğlunun əsəridir. O bizim hafizəmizdə gözəl bir musiqiçi kimi qaldı. Onun mahnılarına qulaq asarkən bugünkü mahnıların yaxşı və ya pis olduğunu aydın şəkildə hiss edirik”.

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov tələbəlik illərini xatırlayıb: “Biz Emin Sabitoğlunu Konservatoriyanın foyesində görəndə çox həyəcanlanardıq. O dövrdə Emin Sabitoğlu tanınmış bəstəkar idi. Emin mahnılarına istədiyi çalar qata bilirdi. İstər dram olsun, istərsə də yumor”.

Tədbir zamanı Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor, Əməkdar mədəniyyət işçisi Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov və başqaları çıxış edərək bəstəkarın yaradıcılığından danışıblar, uşaq musiqi məktəblərinin Emin Sabitoğlunun əsərlərinin notları ilə təmin olunmasının vacibliyini vurğulayıblar.

SonraEmin Sabitoğlu” adlı elektron məlumat bazası haqqında məlumat verilib. Bildirilib ki, elektron məlumat bazası “Könülləri fəth edən sənətkar”, “Rəsmi sənədlər”, “Emin Sabitoğlunun həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər və sənət dostları Emin Sabitoğlu haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirə lövhəsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Tədbir musiqili notlarla davam edib. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələri bəstəkarın mahnılarından parçalar səsləndiriblər.

 

525-ci qəzet.- 2022.- 24 noyabr.- S.15.