Heykəl adam
esse
Pul nədir,
onun cəmiyyət və insan münasibətlərindəki
rolu nədən ibarətdir? Tarixi mənbələrə müraciət etsək, bəlli olur ki, pul heç
də insan cəmiyyətinin yaranması
ilə eyni zamanı bölüşmür.
Bəşər cəmiyyətinin
yaşı milyondan artıq olmasına baxmayaraq, pulun yaşı daha azdır, vur-tut 6-8 min il... İlk pul
maldarlıqla məşğul
olan tayfalar arasında, ilk əskinaslar
isə Çində yaranmışdır. Latın
sözü olan "Pekuniya" da pul mənasını verən "pekus", yəni mal-qara sözündən götürülmüşdür...
Çoxsaylı funksiyaları olan
pulun modern bir funksiyası da var-nüfuz aləti olmaq... Pul haqqında çoxlu
sayda dəyərli, həm də mübahisəli deyimlər
vardır. Dünyanın maddi və mənəvi
zəngin insanları pulun xarakter xüsusiyyətlərini izah
etməyə, simasını
göstərməyə çalışmışlar.
Olduqca müxtəlif və ziddiyyətli fikir bolluğu var pul barədə...
Alman şair və filosofu Artur Şopenhauer "dünyanın
ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır",
- desə də, F.Dosteyevski bunun tamamilə əksini düşünür, "Pul
heçliyi belə birinci yerə gətirən yeganə yoldur" - söyləyir...
Təəssüf ki, pul gündəlik
mübadilə proseslərində
də əvəzsiz və vacib bir
yeri tutur. Yəni
sadə dillə desək, pulsuz yaşamaq mümkün deyil! Pul özü də
onunla düzgün rəftarı, doğru münasibəti sevir.
Pulu pulqabında saxlamağın da öz qaydaları var... Deyirlər pulun qədrini iki insan bilməz,
bir çox kasıb, bir də çox varlı... Bir də pulla alınmayan bir çox şeylər də var ki,
bunu hər insan özü üçün fərdi olaraq da müəyyənləşdirə
bilər. Mənə
görə, pul bütün münasibətlərdə
az və
ya çox dərəcədə rol alır...
Barış Demirhan İstanbula
Ağrıdan gəlib,
düz yeddi ildir ki, "Lona park"da "heykəl"lik edir, günün 16 saatını
burada canlı heykəl olaraq insanlara, əsasən də uşaqlara sevinc yaşadır. Əynində gümüşü rəngi xüsusi materialdan hazırlanmış
kostyum, ayağında
eyni rəngli "dəmir" ayaqqabı var, əlləri və üzü də gümüşü
makiyajdadır. Gözünə isə qara eynək
taxan bu uca boylu oğlanın
38 yaşı var. Ata-anasını
uzun illər öncə avtomobil qəzasında itirib.
Ailənin yeganə övladı
olan Barışa həyat öz sərt üzünü məhz o gündən göstərib. Taekvondo
üzrə idman ustası olan oğlan həyata davam etmək üçün elə sevdiyi aktyorluq peşəsindən davam etməyə qərar verib və beləcə
gəlib çıxıb
"Lona park"a...
- Gündə nə qədər para qazanırsınız?
O, qarşısında qoyulan
üstü açıq,
iri, bəzəkli qutunu göstərib:
- Günə 180-200 lirə qazancım olur, amma bu sənətə
olan sevgim saxlayır məni...
- Nə vaxta qədər
davam edəcəksiniz?
- Bu il son ilimdir,
artıq növbəti
ildən elə bu parkda güvənlikdə
çalışacam - deyir...
- Bəs qışda harada işləyirdiniz?
- Qışı da"Cəvahir"
AVM-də işləmişəm,
eyni işi görürəm orada da...
Təbəssümlə, inamla danışır, hələ
subay olan Barışın heç
öz evi də yoxdur, amma gələcəyə
işıqlı baxışlarla
baxır, sevgi varsa, hər şey var deyir,
sevgi olmazsa, bu dəmir kimi
bərk, canımı
yayda isti, qışda soyuq tutan geyimi geyə
bilərdimmi?!.
... Mən, sadə bir ailədə
böyümüşəm, maddiyyat sarıdan bəxtim gətirməsə
də, sevgidən yarımışam. Üstümdə
anamın qayğı
və ümid dolu baxışları olub həmişə, kasıb süfrəmizdə
yediyim şoru da bal hesab
etmişəm. Heç vaxt,
heç kəsdən
utanmamışam, dərslərimi
yaxşı oxumuşam,
məktəbin nümunəvi
şagirdi olmuşam.
Məktəbi bitirən
ildə də Azərbaycanın sayılıb
seçilən öncül
ali məktəblərindən
birinə - ATU-ya daxil olmaqla rayonumuzda,
eləcə də kəndimizdə yaranmış
o mifi - Tibb Universiteti kasıbların
yeri deyil - sındıra bilmişəm...
Bütün ictimai-siyasi formasiyalarda dəyər funksiyasını yerinə yetirən pulun özünə məxsus aurası da var. "Pul və insan arasında münasibətlər qarşılıqlıdır" - deyir Benjamin Franklin, "insan pulun saxtasını düzəldər, pul da insanın..." O yerdə dayanma ki, pul insan sevgisindən önə keçmiş olsun...
Zamanla cəmiyyətdə təbəqələşmə getmiş, və yəqin ki, həmişə də olacaqdır. Sərvət, var-dövlət insana nə verir, nə alır, insanlar arasında münasibətləri necə dəyişir? Əlbəttə bu suallara hər kəs özünə məxsus cavab verəcək. Anam isə deyirdi ki, pul adamın canını da isti tutur, özünə də inamlı saxlayır...
M.Ə.Sabir də yaşadığı zəmanənin pul ilə bağlı dərdlərini özünə xas nəzmə çəkib:
...Fəhlə, özünü sən də
bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı
asanmı sanırsan?!
Bəli, əmtəə istehsalı və mübadiləsi prosesində yaranan insanlararası münasibətlərdə pul mübadilə növlərindən biridir. Pul, müasir dövrdə hər kəsin maddi, sosial və mədəni maraqlarının həyata keçməsində aparıcı rol oynayır. İnsanlar, ölkələr, dövlətlər arasında iqtisadi və mədəni əlaqələr məhz pul vasitəsilə həyata keçirilir.
Deməli, pul hamının həyatında həmişə öz yeri olan vasitədir... İnsanlar müxtəlif işlərdə çalışır, yaşayış səviyyəsini yüksəltmək, ailəsinin maddi ehtiyacını təmin etmək üçün əziyyətlərə qatlaşır, əmək sərf edirlər. Bu, alqışlara layiqdir, amma gəlin pulun köləsi yox, onun dostu və ağası olaq... Hind müdriklərinin dediyi kimi, pulun yeyilməyən bir şey olduğunu son çay qurumadan, son ağac yox olmadan, son balıq ölmədən anlayaq...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2022.- 24 noyabr.- S.14.