Bir cüt şamdan
Esse
Kitab
şkafımda - kitabların önündə bir cüt
şamdan neçə illərdir ki, yerləşib. Şamdanlardan birinin içərisində təbrik
məktubu var: "Ruhəngiz müəllim,
Allah gözəl, mehriban,
yüksək düşünən,
təmiz qəlbli insanlara ucalıq verir. Həmişə ucal! Günəş kimi təbii
fikirlərin daima yaşasın. Şamın da
xüsusiyyəti yanmaqdır.
O yanmasa, yaşamır.
Sən də hamı üçün yanırsan, amma şamdan kimi möhkəm ol!
Həyatımız boyu insan övladı
bir-birinə müxtəlif
hədiyyələr verir. Bəziləri qorunub-saxlanmır, bəziləri
dəyərini itirir.
Ancaq elə hədiyyələr
var ki, illər
ötdükcə daha
da dəyərə minir, onu verən
insanı sənin qəlbində əbədi
yaşadır.
Bu gün də haqqında söhbət açdığım İnsan
məhz sonunculardandır...
Əsli Ağababa qızı Səfərova 1954-cü ildə
Neftçala rayonu Qırmızıkənd kəndində
zəhmətkeş bir
ailədə dünyaya
gəlmişdi. Hələ məktəb illərindən
müəllimlik peşəsi
onun qəlbinin hakimi olmuşdu. Sevdiyi, özünə ideal seçdiyi
müəllimlərinin yolu
ilə getmək Əsli müəllimin amalına çevrilmişdi.
Elə bu arzularla da
əvvəlcə indiki
Şirvan Pedaqoji Kollecinə daxil oldu. 1975-ci ildə
bu təhsil müəssisəsini fərqlənmə
diplomu ilə bitirdi. Sonra indiki N.Tusi adına APDU-nun metodika
fakültəsinə qəbul
oldu, 1991-ci ildə oranı da fərqlənmə
diplomu ilə bitirərək bütün
həyatını doğulub
boya-başa çatdığı
kəndində ibtidai sinif müəllimi kimi sərf etdi. Kəndin uşaqlarına "A"
hərfindən başlanan
uzun bir yolda ilk cığırdaş
oldu. Həm də sənətini
sevə-sevə yerinə
yetirdi. Hələ
onuncu sinifdə oxuyarkən yazdığı
"Mənim arzum"
inşasında bu sözləri demişdi:
"Müəllim olmaq
çətin və şərəfli peşədir.
Mən də bu peşəyə
yiyələnmək istəyirəm".
Yanar şama bənzər
müəllim ömrü,
Şöləsi gözlərdə işıq
yandırar.
İsti
bir ocaqdır müəllim ömrü,
Atəşi qəlbləri alovlandırar.
Həyatını şam kimi əritdi
elin, obanın uşaqları yolunda. O, ömrünü
əritdikcə şagirdlərinin
xoş soraqları ölkəmizin müxtəlif
yerlərindən, məsul
vəzifələrdən gəldi.
Əsli müəllim isə baxdı, sevindi, özünün dediyi kimi, "hamı üçün şam kimi yandı, amma şamdan kimi möhkəm oldu".
1991-ci ildə respublika
üzrə keçirilən
"İlin ən yaxşı müəllimi"
müsabiqəsində iştirak
edərək fərqlənmişdi. Dərsinin
müzakirəsində böyük
pedaqoq, alim Yəhya Kərimov Əsli müəllimə
demişdi: "Qızım,
səndə müəllimlik
mədəniyyəti, müəllimlik
yaraşığı var".
Bu, ona həyatında
verilən ən böyük mükafat idi. Əsli müəllim daha
da həvəslənmişdi.
Müsabiqədə fərqləndiyinə
görə nazirlik tərəfindən öncə
"metodist müəllim",
sonra "Azərbaycan
maarif əlaçısı"
adına layiq görülmüşdü.
Həmişə deyərdi:
"İstəyirəm ki,
məktəb uşaqlar
üçün "sevinc
məktəbi"nə çevrilsin".
Bu gün onun işlədiyi,
fəaliyyət göstərdiyi
Qırmızıkənd kənd
tam orta məktəbi ,həqiqətən, uşaqlar, müəllimlər
üçün "sevinc
məktəbi"dir. Əsli
müəllimin nəfəsi,
sözü-söhbəti, iş
üsulları, metodları
yaşayır bu "sevinc məktəbi"ndə.
Ancaq...
...Ancaq vaxtsız xəstəlik və ölüm Əsli müəllimi bizdən - çox sevdiyi məktəbindən, şagirdlərindən,
müəllim kollektivindən
əbədiyyən ayırdı.
Onu son mənzilə yola salmağa gələnlərin dilində
bir kəlmə dolaşırdı: "Gözəl
müəllim, gözəl
insan idi". Səmimi, təvazökar,
vəfalı dost, humanist, səbirli,
incə ruhlu, şair qəlbli, gözəllik aşiqi, yaradıcı şəxs
idi. Bu xarakterik
xüsusiyyətlər onu
həm işdə, həm ailədə, həm də dostlar, tanışlar arasında fərqləndirirdi.
Bəzən Əsli müəllimin yalnız özünəməxsus gülüşü, həm də çox səmimi, içdən gələn o təbəssümü gözlərimin önündə canlanır.Bu təbəssüm sahibi olan şəxs hesab etmirəm ki, həyatı boyu kiminsə qəlbinə dəymiş olsun. Yox, əminliklə deyirəm ki, yox! O, insan cildində bir Mələk idi. Bəli, heç bir mübaliğəyə yol vermədən sözlərimin arxasında dururam. Onun qəlbində ancaq və ancaq gözəl duyğular hakim idi. İnsanlara, həyata olan sonsuz sevgisi Əsli müəllimi o gözəl təbəssümü ilə birgə qəlblərin Fatehi etmişdi. Yaxşı Ana, yaxşı həyat yoldaşı, mükəmməl müəllim, əsl dost idi Əsli müəllim. Və bu keyfiyyətləri ilə də yaddaşlarda qaldı.
Əsli müəllim dünyasını dəyişəndən
sonra onun mənə hədiyyə
etdiyi şamdanları göz
önünə qoymuşam. Tez-tez baxır, onu
xatırlayıram. Hər dəfə bu
şamdanları görəndə üzümdə
özümdən xəbərsiz qəmli bir
təbəssüm əks olunur.
Yaşamın bu qədər qısa
olması, insanları bir-birindən ayırması kimi düşüncələr məni yorsa da, qəlbimin bir küncündə gələcəyə inam hissləri də yaranır. Axı Əsli
müəllim bir şam
kimi yanaraq
özündən sonra şagird
ordusu qoyub. İndi həmin şagirdlər öz həyatlarında müəllimlərinin
də ömrünü yaşadırlar.
Necə ki Əsli müəllim də haçansa öz
ömründə kimlərisə yaşatmışdı...
Ruhəngiz ƏŞRƏFQIZI
Yazıçı-publisist
525-ci qəzet.- 2022.- 24 noyabr.- S.14.