Son çağın Güney Azərbaycan nəsri   

 

(Əvvəli ötən sayımızda)

 

 

1980-ci ildən Tehranda yaşayan Nasir Mənzuri yazıçılıq və dilçilik üzrə iki istiqamətdə fəaliyyət göstərir. Onun həm ədəbi yaradıcılığının, həm də elmi araşdırmalarının əsas qayəsini cəbri qavramlar təşkil edir.

Nasir Mənzuri əsərlərini 3 dildə - Azərbaycan, ingilis və fars dillərində yazır.

"Son nağıl, son əfsanə (1990)" (sicir formasında yazılıb), "Qaraçuxa (1994)", "Həpirim-Hüpürüm (2004. Folklorda olan sicirlərdən birisi uşaqlar üçün yeni formada yazılmış ikinci səviyyəli bir sicir)", "Cırtdan (2004. Folklorda olan sicirlərdən birisi uşaqlar üçün yeni formada yazılmış üçüncü səviyyəli bir sicir)", "Avava (2005)" əsərləri 1990-2005-ci illər arasında, yəni müxtəlif zamanlarda nəşr olunub. "Oyunum-oyunum" romanı isə hazırda çapdadır.

Urmu gölünün quruması, bu nədənlə duz fırtınalarının yaranacağı qorxusu, gölətrafı zəngin flora və faunanın məhv olunması hadisələri də bu gün Güney xalqını və aydınlarını ən çox düşündürən, yuxusunu ərşə çəkib rahatlığını əlindən alan məsələlərdəndir. N.Mənzuri bu məsələyə də qələminin gücü ilə münasibət bildirərək "Urmiyə gölünün yalqızı" adlı esse yazır və dərdin adamı necə "oynadıb-oynaqlatdığını" ürək ağrısı ilə ədəbi müstəviyə gətirir...

Güney Azərbaycan, bütövlükdə Azərbaycan xalqının tarixən çətin, qanlı-qadalı, keşməkeşli həyat yaşamasına rəğmən, Güney yazarları son dərəcə humanist, həyata sıx surətdə bağlı, gələcəyə böyük ümidlərlə baxan optimist düşüncəyə malik nikbin insanlardır. Bu daxili aləmə malik qələm sahiblərini yaratdığı nəsr də böyük bir inkişaf yolu keçmişdir və bu nəsrin yaradılmasında müxtəlif ədəbi məktəblərin təmsilçiləri, çeşidli estetik siyasi nəzəriyyələrin daşıyıcıları olan, müxtəlif janrlarda yazıb-yaradan yazarlar fəal iştirak edirlər.

Beləliklə də, Güney Azərbaycan nəsri formulunu yaradır və dünya ədəbiyyatın-da özünəməxsus yer tuturlar. Qeyd edək ki, Güney yazarlarının qələmə aldığı şeir və nəsr əsərlərinin ucdantutma hamısının yüksək bədii tələblərə cavab verdiyini deyə bilmərik. Ancaq burada əsl ədəbiyyat nümunələri də az yaranmır... Və bu dəyərli əsərlər Güney Azərbaycan nəsri formulunu yaradır, dünya ədəbiyyatında özünəməxsus yer tuturlar.

Çağdaş dövr Güney Azərbaycan ədiblərinin nəsr əsərlərində də əsas mövzu, ana xətt vətəndir. Daha sonra isə Vətənin azadlığı, müstəqillik-bağımsızlıq, özgürlük, ana dili, xalqın boğulmuş səsinin, əlindən alınmış haqq-ədalətin öz yerini tutması uğrunda mübarizə kimi mövzular gəlir. Klassik yazarların toxunduğu mövzular yeni nəsli düşündürən mövzulardan fərqlənir. "Klassiklərin əsərləri daha çox məhəbbət mövzusunu əks etdirir. Amma İranda İslam inqilabından sonra və 1990-cı ildən başlayaraq Güney Azərbaycan ədəbiyyatı mövcud durumdan narazılığın göstəricisidir..." Azərbaycanın şimalındakı ədəbi mühitlə Güney Azərbaycan ədəbi mühiti arasında oxşar və fərqli cəhətlər mövcuddur. "İran Azərbaycanında Azərbaycan dilində təhsil olmadığından, burada Azərbaycan ədəbi dili axsayır. Ancaq bu vəziyyəti Azərbaycan Respublikasında başa düşürlər və tənqid edilmir..." Güneydə nəsrin bir janr olaraq inkişaf etməsi, yeni-yeni nəsr əsərlərinin yaranması da ziyalıları dərindən düşündürən məsələlərdəndir. "Çağdaş nəsrimiz, demək olar, hələ bu gün bağımsız olmayıbdır. Meyar dil olmadığından do-layı, elmi baxımdan dildə problemlər vardır. Onun üçün nəsr dilimiz ya Türkiyədən etkilənib, ya da Quzey Azərbaycandan. Ədəbiyyatda özəlliklə düz yazı (nəsr) əsərlərinin yaranması üçün bir dil gərəkdir. Bir ulusun ruhu onun sənət türlərində özəlliklə ədəbiyyatında öz imkanlarını kəşf edib, özünü göstərə bilər. Güney Azərbaycan ədəbiyyatında yeni bir dalğa, güclü yazarlar nəsli yetişməkdədir. Nasir Mənzuri, Vali Gözətən, Kiyan Xiyav, Fəriba Vəfi, Həmid Arğış, Ruqəyya Kəbiri, Vəhid Məliki, Məmmədrza Ləvayi, Həmid Əhmədi, Tağı Fazili, Əziz Səlami, Əlirza Zihəqq, Əli Daşqın, Aqşin Ağkəmərli, Güntay Gəncalp, Eyvaz Tahavə başqa yazarlar ciddi nəsr yara-dıcılığı ilə məşğuldurlar..."

1990-cı ildən etibarən start götürən modern ədəbiyyat dalğaları hələ şeirin uzun əsrlərdən bəri hökm sürən klassik formasını və məzmununu dağıtmaqla yanaşı, özünü keçmişdə çox nadir halda yazılmış roman, povest, hekayə, dramaturgiya kimi ədəbi növlərin nəsr janrında da sınadığını bildirən Ərəstu Mücərrədi Nasir Mənzurinin "Avava", "Qaraçuxa", Ə.M.Ağdaşlının "Şaman", Əhməd Xeyrullapurun "Alzaymer", Saleh Ətayinin "Mənim adlarım", Ərəstu Mücərrədinin "İtən kölgələr", Rüqəyyə Kəbirinin "Evim", "Yerdən uca torpaq", "Quşlar daha qorxmurlar", "Aclıq baratası", Elçin Həsənzadənin "Qıl körpüsü", Vəhid Məlikinin "Adsızlar", "İyirmi birinci qərnin mərəzi", Hafiz Xiyavinin "Alça gözündən gəlsin" romanlarını, Eyvaz Tahanın "Qurşun hardan açıldı" povestini, Kiyan Xiyavın "İydə bulvarı", Davud Dustdarın "Hobbana", Hamid Əhmədinin "Tutmaz tora", "Tapılmaq üçün itmək", "Bir dialektik həcc yolçuluğu", Qəfur İmamizadənin "Qırmızım", "Sümükləri qalmışdı", Saleh Ətayinin "Don Kixot və Dəli Domrulun körpüsü", İsmayıl Xürrəminin "Ayaq üstə ölülər", Rza Kaziminin "Bu şəhər üstdən şeytan toruna oxşayır", "O it mənə baxırdı", Rəsul Qədirinin "Ölməzlik"  hekayə/öykü toplularını modern ədəbiyyat örnəkləri kimi dəyərləndirir...

Çağdaş Güney Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri olan Vali Gözətən həm də şairlik təcrübəsinə malik yazarlarımızdandır. Lakin Vali bəy düşüncələrini nəsrin verdiyi imkanlarla daha gözəl və ürəyincə açdığından bu karvana qoşulmuş, qısa zaman içərisində fərqli təhkiyəsi və inandırıcılığı ilə kifayət qədər oxucu auditoriyası qazanmışdır. O, yeni-yeni nəsr əsərləri-həm kiçik, həm də böyük həcmli romanlar araya-ərsəyə gətirmiş, hekayə və romanlarını "İkilər", "Üçlər", "Mamac", "Son köçəri" kitablarında bir araya gətirərək Ankarada yayımlanmasına nail olmuşdır. Yazarın hələ ki, yayımlanmamış "Doqquzlar" romanının Azərbaycan romançılığı tarixində ən yaxşı çağdaş roman olacağına şübhə etmirik. Vali Gözətənin bir sıra dünya xalqlarının müqəddəs rəqəm kimi qəbul etdiyi "doqquz" rəqəminə uyğun olaraq yeni romanını rəmzi "Doqquzlar" adlandırması (doqquz yeganə rəqəmdir ki, hər hansı digər rəqəmə vurduqda alınan hasili ayrı-ayrılıqda toplayanda cəmdə doqquz alınır. Məs: 2x9=18 (1+8=9); 9x5=45 (4+5=9); 9x8=72 (7+2=9); 9x9=81 (8+1=9) və s.) təsadüfi xarakter daşımır. "Qarabəylilər", "Koc Gecəsi", "Qış Şoləni", "Qırğın Gecəsi", "Turan", "Bakıda", "Təbrizdə", "İmişlidə", "Daşqapıda" adlandırdığı doqquz bölmədən ibarət romanda türk qövmünün yayıldığı böyük bir məkanın - Turanın və Türklərin tarixini özünəməxsus şəkildə, tarixi aspektdə əldə etdiyi bilgilərə əsasən araşdırır. Bu möhtəşəm tarixlə bağlı ilginc mülahizələr yürüdür. Əsərdə bəzi mübahisəli məqamlar olsa da, Türkçülüyün - Turanın tarixi, bu məkandakı doğal gözəlliklər, insanların, daşqapılıların xarakter özəllikləri, mərdlikləri, eləcə də romanda müəllifin işlətdiyi bir sıra yeni sözlər, heç şübhəsiz, dərin oxucu marağına səbəb olacaqdır. "Qarabəylilər", "Koc Gecəsi", "Qış Şoləni", "Qırğın Gecəsi", "Turan", "Bakıda", "Təbrizdə", "İmişlidə", "Daşqapıda" adlandırdığı doqquz bölmədən ibarət romanda türk qövmünün yayıldığı böyük bir məkanın Turanın və türklərin tarixini özünəməxsus şəkildə, tarixi aspektdə əldə etdiyi bilgilərə əsasən araşdırır. Bu möhtəşəm tarixlə bağlı ilginc mülahizələr irəli sürür. Əsərdə bəzi mübahisəli məqamlar olsa da, Türkçülüyün - Turanın tarixi, bu məkandakı doğal gözəlliklər, insanların, daşqapılıların xarakter özəllikləri, mərdlikləri, eləcə də romanda müəllifin işlətdiyi bir sıra yeni sözlər maraq doğurur...

Roman yazmağın çox önəmli olduğunu düşünən Güntay Gəncalp "Sezənin sevgisi", "Yüksəl Birol", "Yağız qarışqalar" və "Yolatayın xatirələri" romanlarını çap etdirərək oxucularının mühakiməsinə verdikdən sonra, "Tahirə Qurrət-ul Eyn" adlı dörd pərdəli pyesi ilə Güneydə dramaturgiya sahəsindəki mövcud boşluğu da doldurmaq üçün təqdirəlayiq bir addım atır. Onun Səməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı kimi yazdığı "Qırmızı balıq" və "Qocabəylilər" adlı böyük romanı Güney nəsrinə töhfədir. G.Gəncalpiki cildlik "Qocabəylilər" romanını 1945-46-cı illərdə baş verən olaylar əsasında yazıb... Digər romanı isə aşırı duyğusallığa yol açan olay və hadisələrin, fəlsəfi fikirlərin daha çox yer aldığı "Yağız qarışqalar"dır... "Yağız qarışqalar"ı türkcənin və bilgilərinin dərin qatlarına enərək qələmə alıb və böyük acılara qatlaşaraq öyrəndiyi Ana dilinə və Azərbaycan tarixinə həsr edib. Buna görə özünü xoşbəxt sayan Güntay əsəri yaradıcılığının zirvəsi kimi dəyərləndirir. Onun üçün vətənin yalnız torpaqdan deyil, doğma dildən ibarət olduğunu, dünyaya məhz özünün sevgi dili saydığı türkcənin pəncərəsindən baxdığını, təsəvvüf, hind və alman fəlsəfəsi haqqında ilkin bilgiyə sahib olan oxucuların romanı daha yaxşı anlayacağını yazır... "Yağız qarışqalar"da yağızlar türk, boyuzlar isə fars kimliyini təmsil edir.

"Yolatayın xatirələri" romanını isə G.Gəncalp 2013-cü ildə oxucuların mühakiməsinə verib. Romanda son 50 ildə başda Güney Azərbaycan olmaqla, İran əhalisinin öldürülən, məhv edilən diləklərinin, qırılan, yarımçıq qalan arzu və istəklərinin gömüldükləri məzarlardan baş qaldırıb özünü dünya oxucusuna tanıtmaq amacı boy verir.

Keçən əsrin 60-cı illərində Güney Azərbaycan nəsrinin ən görkəmli nümayəndəsi Səməd Behrəngi idi. XXI əsrin I çəyrəyində İran və Güney Azərbaycan nəsrinin hüdudlarını aşan, onu dünya oxucusuna tanıtdıran isə ünlü yazar Fəriba Vəfidir. Demək, bu gün dünya oxucusuna tanış olan Qulamhüseyn Səidi, Səməd Behrəngi, Rza Bərahəni kimi nəsrin devləri sırasına artıq yeni bir qadın yazarın - Fəriba Vəfinin də adı daxil olub... S.Behrəngi əsərlərini mövcud qadağalar üzündən, eyni zamanda xalqının, həm də özünün yaratdıqlarını vətəndaşı olduğu ölkənin digər xalqlarına və farslara tanıtdırmaq amacı ilə farsca yazır, onlara Güney türklərinin nə qədər böyük ədəbiyyata sahib olduqlarını və hansı problemləri, məhrumiyyətləri yaşadıqlarını göstərirdi. 21 yanvar 1963-cü ildə Güney Azərbaycanın baş şəhəri Təbrizdə anadan olan Fəriba Vəfi isə qadın dünyasını, qadınların yaşamı, arzuları, mənəvi əzab və sıxıntıları, duyğu və düşüncələrini gerçəklikdə olduğu kimi, ancaq yüksək bədii dillə təsvir etdiyi roman və hekayələri ilə bu gün sınırları aşır, dünya səviyyəsində oxucu auditoriyası qazanır. Romanları ingilis, fransız, alman, Norveç, İsveç, rus, yapon, ərəb, italyan dillərinə, Anadolu türkcəsinə çevrilir. "Səhnənin dərinliklərində/Dar omğe səhnə" adlı ilk qısa hekayələrdən oluşan toplusunun nəşrindən ("Çeşmə", 1996) sonra, insanın güldüyü vaxtlarında müşahidə etdiyi, həm də özünün həmin anlarda yaşadığı duyğuları, hiss etdiklərini sərgilədiyi "Hətta güldüyümüz vaxtda/Hətta vağti mixandim" ikinci qısa hekayə toplusu isə 1999-cu ilin payızında "Nəşri-mərkəz" yayın evində çap olunub. 2002-ci ildə həmin yayın evi Fəriba xanımın ilk romanını - "Könül quşum/Pərəneyə mən/Zirzəmi quşu"nu nəşr edib.

 

(Ardı var)

 

Esmira FUAD

 

525-ci qəzet.- 2022.- 24 noyabr.- S.13.