"Artıq gecdir" deməmək üçün...  

 

GƏNC YAZAR NİHAT PİRİN HEKAYƏSİ "QARI DÜŞMƏN DOST OLMAZ" MOTİVİNİN YENİ VƏ UĞURLU BƏDİİ İFADƏSİDİR

 

 

Pir  - təsəvvüfdə sufi-ruhani bələdçinin məqamını göstərən, təriqət başçısı mənasında söz olaraq və yaxud müqəddəs ocaq, məkan kimi qəbul edilən yer kimi anlaşılır. Müdrik qocalar da "pir" deyə anılır folklorda. Müasir ədəbiyyatımızın Pir imzalı yazarından söz açarkən ehtimal etdim ki, bu soyadın da kökündə anladığımız Pirlərə bir yol, bir şaxə olmamış deyil... Ona görə də sözün etimologiyasına toxunmadan keçə bilmədim.

Aylar əvvəl öz yazımın da nəşr olunduğu jurnalda bir hekayə oxumuşdum. Hekayə "Qarı düşmən dost olmaz" - motivi   mənfur erməni xislətini fərqli şəkildə göstərməsi ilə yadımda qalmışdı. Zaman-zaman gəlib canlandı gözüm qarşısında hekayədəki sonluq. Və nəhayət, bu barədə yazmalı olduğumu hiss etdim.

"Artıq gecdir" - hekayə belə adlanır, müəllifi gənc yazar Nihat Pirdir.

Hekayənin qəhrəmanı Miriş adlı cavan, təhsilsiz, dünyadan bixəbər biridir: "Miriş dörd qardaşdan ən kiçiyi, həm də elə ən fərasətsizi idi. Oxumadı, sənət-peşə sahibi olmadı, düz 20 yaşına kimi avara-avara gəzdi. Əsgərlik yaşı gəlib çatanda isə ona belə yararsız oldu. Ayağının altı düppədüz idi. Bütün işlərinə inad kimi".

Bir gün həmkəndlisi Vedik Rusiyad

an kəndə gələndə Mirişlə rastlaşır, onu özü ilə Moskvaya aparmaq üçün atasından icazə alır: "- Mirabbas kişi, məni yaxşı tanıyırsan. Məndən yaxşı dədəmi də tanıyırsan. Biz pravilğnıe lödi da... Allah elə gətirib ki, əlim burda yox, orda gətirib, işimi orda qurmuşam. Çölçülükdə də ki, özün mənnən yaxşı bilirsən, adamın ən zəif yeri dovernostğ məsələsidir. - Mirabbas kişinin sual dolu baxışlarını görən Vedik əllərini yana açdı. - Yəni etibar! Ver Mirişi mənə, oğlunu bəy balası kimi dolandırım! Narahat olma, on vseqda vudet zavotitğsə o vas".

Mirabbas kişinin də bu təklif ürəyincə olur, Mirişi Vedikə tapşırıb Rusiyaya göndərir. 5 il Vediklə bazarda işləyib bazar aləmindən çox şey əxz edən Miriş Vedikin tapşırığı ilə onun Ramenskidəki obyektlərinə nəzarət etmək üçün oraya getməli, erməni ilə bir evdə yaşamalı olur.

"- Bax, mənə qulaq as, bura Rusiyadır, Azərbaycan deyil, Miro. Burda pravila başqadır. Sənin fikrin özümüzkülərə getməsin. Çöldə-bayırda bir adam ki işinə yaradı, vəssalam, onnan bərk yapış, ne otpuskay! Burda hamının dərdi çörəkdir, düşmən qaldı səngərdə. Ponəl?! - Vedik onu yola salanda yaxşı-yaxşı tapşırmışdı".

Miriş Arakellə bir müddət yaşadıqdan sonra  müharibə başlanması barədə xəbər gəlir. Qardaşının da müharibəyə yollandığını atasından eşidən Miriş torpağını işğal edən düşmənlə indi eyni evdə yaşamalı olduğuna görə narahat olmağa başlayır. Bir tərəfdə əlini çörəyə çatdırmış həmkəndlisi Vedikin tapşırığı, digər tərəfdə erməni. Miriş ondan uzaq gəzməyə çalışır, evə gəlmir, Nastyagildə qalır. Erməni isə Mirişdən əl çəkmir:

"- Ara, xardasan iki gündür? Mənə bax, gəl evə, balıq almışam, vuraq, sabax ad günümdü.

Oturdular, gecə boyu yedilər-içdilər. Amma Mirişin üzü heç gülmədi. Səhər atasıyla danışanda atası Zamiqdən neçə gündür, xəbər ala bilmədiyini demişdi.

- Ara, siz türklər, kinlisiz, ara. Biz ermənilər həmişə yaxşı qonşu olmuşuq.

- Hə, çörəyi dizinizin üstdə namərdsiz siz! - Miriş əsəbi şəkildə cavab verdi".

Arakel tipik erməni xislətli olaraq dilini dinc qoymur, türklərlə olan ədavətlərindən söz açaraq savadsız Mirişə "tarix dərsi" keçməyindən qalmır.

"- Ara, sən heç tarix kitabı-zad oxumamısan? Siz türklər başdamusuz. 1915-ci ilin 27 mayında türklər Anadoludakı bütün erməniləri sürgün eləməyə başlayıb. Anadolu e, ara! Öz torpağımızdan! Guya biz türklərə silah çəkmişük, üsyan eləmişük. Xamısı bəhanə! Uşaq bilmədilər, qoca bilmədilər... - Arakel biz az ara verdi, əllərini üzünə tutub bir neçə dəfə burnunu çəkdi. - Ondan sonra da sürgündə xamısını qırdılar... Yazıq qardaşlarım... - Arakel başını masanın tininə söykəyib içini çəkməyə başladı.

- Elə şey olmayıb... - Mirişin, əslində, verəcək cavabı yox idi. Sadəcə təslim olmağa vicdanı imkan vermirdi. Həm də içində bütün bunların başdan-başa yalan olduğuna qəti əminlik vardı. Arakelsə elə xoda düşmüşdü ki, dayanmaq bilmirdi".

Miriş erməninin iftiralarına dözməyib istəyir ki, Arakeli öldürə. Onun kompotuna zəhər tökür. Amma ...

"- Ara, mən bunu içirəm bizim dosduğumuzun sağlığına! Qafqazda həmişə dosduğ olsun! Mən səni bağışdayıram! Götür! - Arakel rumkanı boşaldıb barmağının başını burnuna tutub ufuldadı, kompota dəymədi. Miriş də özünü şübhələndirmədi, o da eynilə rumkanı boşaldıb balıqdan bir tikə qopardı. Amma sonuncu sağlıqdan sonra içində qəribə bir peşmanlıq yaranmışdı".

Miriş zəhərli kompotu dağıdır, Arakeli öldürməkdən vaz keçir. Həm də onun başqa evə köçməsini tapşırıb evdən çıxır.

"- Arakel, şələ-şüləni də yığ dur rədd ol bu evdən! Yoxsa, dədəmin canı, səni öldürəcəm!

- Ara, sən nə danışırsan? Biz...

- Arakel! - Miriş əlini masaya vurub ayağa qalxdı. - Yarım saat sonra qayıdıb səni burda görməyim! - Miriş paltosunu götürüb qapını çırpdı. Küçəni keçib birinci döngədəki kafeyə girdi, pivə sifariş elədi, ardınca Vediki yığdı. Zəng çatmırdı. Ürəyində onu da söydü.

- Uxorez alçaq!"

Miriş elə kafedə ikən mədəsindən qəfil sancı tutur və yerə yıxılır. Təcili yardım gəlsə də, Mirişi xilas etmək olmur:

"Həkim yaxınlaşıb Mirişi yoxladı, dodağının qırağından süzülən ağ köpüyə, göyərmiş sifətinə baxıb başını buladı:

- Uje pozdno, on umer! Eqo otravili..."

(Artıq gecdir, o ölüb! Onu zəhərləyiblər...)

Beləcə "Qarı düşmən dost olmaz" aksiomu bir daha öz təsdiqini tapır. Erməni Arakelə inanıb onunla süfrə başında oturmağın axırı belə bitməli idi. Amma bunu azərbaycanlı Miriş, türk Miriş, tarixini kortəbii bilən Miriş nəzərə ala bilmədi.

Düşməni bağışlamaq lazım idimi? Erməniyə inanmaq olardımı?

Saf ruhlu insanlar bağışlamağa bəhanə axtararlar. İçində xoş niyyət olanlar az qala onlara qarşı yanlış hərəkət edənlərin bircə an peşmanlıq duymaları müqabilində bütün pislikləri unutmağa hazır olarlar. Amma təəssüf ki, xeyirxah ruhların bu istəkləri çox vaxt elə gözlənti olaraq da qalır. Şər xeyirə üstün gəlməkdə davam edir. Çünki xeyir sanki passiv, müdafiə, gözlənti mövqeyində, şər isə aktiv hücum mövqeyindədir.

Müəllifin təqdirəlayiq cəhəti bundan ibarətdir ki, o, düşmənin iç üzünü pafoslu ifadələr, təsvirlərlə deyil, situasiya içində aça bilib.

Hekayənin aşağıda qeyd etdiyim cümlələri ifadə tərzi və qəhrəmanın daxili aləmini, halını, psixoloji vəziyyətinin təsvirini verməsi baxımından maraqlıdır:

"Ayağının altı düppədüz idi. Bütün işlərinə inad kimi".

"Bilirsən, oğul, Miriş mənim ciyərparamdı, - bu dəm kənarda oturub ayaqqabıların bağları ilə oynayan Mirişin nırçıltısı eşidildi. Bu, Mirişin atasına qarşı eləyə biləcəyi ən radikal etiraz üsulu idi".

"Mirabbas kişinin razılaşmaqdan başqa yolu yox idi. Çox naz eləyib söhbətin şitini də çıxarmaq istəmirdi".

"Miriş o gecəni səhərə kimi qulaqlarından yapışıb həmin dəhşəti fikirləşdi".

"İş elə gətirdi ki, Miriş 6 ay Arakellə bir yerdə qalmalı oldu. Məcbur dolandılar. Məcbur da deyirəm, sözün düzü, əməlli başlı yoldaşlıq edirdilər".

"Bir qardaş orda erməniyə güllə atır, bir qardaş da burda erməniylə çörək kəsir. Tfu!" - Miriş özü-özünü yamanladı.

"...Axşamı evə gələndə Arakelin də qanının qara olduğunu görüb bir az yüngülləşdi. Elə bil, bu yükü tək çəkməyə gücü çatmırdı. Arakelin də narahat olması ona təsəlli verirdi".

Hekayənin bədiiliyinə xələl gətirə biləcək bu iki ifadə isə başqa sözlərlə əvəz olunsaydı, düşünürəm ki, daha yaxşı olardı:

"Arakel elə xoda düşmüşdü ki, dayanmaq bilmirdi", "Vedikə atış gəlmək olmazdı".

Hekayənin mövzusu təəssüf ki, Azərbaycan üçün həmişə aktual olaraq qalacaq. Bu gün - 44 günlük müharibədən və Azərbaycan Ordusunun işğalçı erməni silahlı qüvvələrini məğlub edərək doğma torpaqlarımızdan çıxardığı bir dövrdə belə, düşmən yenə tətikdədir. Ayıq-sayıqlığımızı itirib erməniyə fürsət versək, hər bir erməni Arakel kimi xainlik etməkdə tərəddüd etməyəcək. Əlbəttə, könül istərdi ki, qonşu dövlətlərlə, xalqlarla sülh içində, əmin- amanlıqda yaşayardıq. Sərhədlərimizin əminlikdə olmasını, qan tökülməməsini, müharibə olmamasını biz azərbaycanlılardan çox istəyən xalq olmaz. Analar, atalar övlad itirmək istəməzlər. Amma reallıq budur ki, qonşu olduğumuz ermənilər bədnam və xaindirlər. Acıdır, amma belədir. Müharibə sonrası dövrdə, bəlkə də, zaman gələcək Azərbaycan Ermənistanla hər hansı siyasi, ictimai, hətta mədəni əlaqələrə sövq edilə bilər. Bir çox ziyalılarımız, siyasətçilərimiz bu kimi perspektiv əlaqələrin olacağını istisna etmirlər. Amma digər bir tərəfdə xalqımızın dəfələrlə onlar tərəfindən xəyanətə uğradığını unuda bilmərik. Atalar demişkən, "İtlə dostluq elə, ancaq çomağı yerə qoyma". Təbii ki, yaxın gələcəkdə ermənilərlə dostluq gözlənilmir. Bəzən biz gerçəkləri, başımıza gətirilən müsibətləri unuduruq, bağışlayırıq. Amma tariximizi və düşmənimizin necə qaniçən olduğunu unutmamalıyıq. Bu mənada Nihat Pirin hekayəsi hələ uzun müddət bizə erməninin kimliyini xatırlada biləcək həyati hekayədir. Hekayənin ideyası ona görə əhəmiyyətlidir ki, azərbaycanlı Mirişlər erməni kimi bir düşmənə inanmağın, onu zərərsiz bilməyin bədəlini canları ilə ödəməsinlər. Erməninin necə riyakar, fürsətcil, xain olduğunu həmişə xatırlamalıyıq ki, sonra deməyək: ARTIQ GECDİR...

Nihat Pirin "Bir kəndin manifesti", "Zəng Xədicədən  gəlirdi" hekayələri də təsirli, yaddaqalan, oxucunu sona qədər maraqda saxlaya bilən hekayələrdir. Yazarın hekayələrindəki obrazları canlıdır, həyatidir, realdır. "Bir kəndin manifesti" hekayəsində molla Xudayarın fikrini dəyişib başqa adama yas mərasimi təşkil etdiyini eşidəndə tüfənglə mollanın üstünə gələn Kazım nadanlığı ilə oxucuda nə qədər təəccüb və gülüş yarada bilirsə, "Zəng Xədicədən gəlirdi" hekayəsindəki vəfalı Həmid kişinin rəhmətlik arvadının telefonunu düzəltdirəndən sonra sevincindən ağlaması bir o qədər kövrəklik və minnətdarlıq duyğusu yaradır.

Ümid edirəm ki, gənc yazıçı, jurnalist Nihat Pir hələ  neçə-neçə maraqlı əsərlərə imza atacaq, Azərbaycan müasir nəsrinin uğurlu Yazıçısı olaraq arzuladığı zirvələri fəth edə biləcək. Uğur ola!

 

Aygün YAŞAR

 

525-ci qəzet.- 2022.- 24 noyabr.- S.12.