Yeni reallıqlar fonunda uğurlara imza atan hakim partiya
Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bugününün və sabahının qarantına
çevrilən Yeni Azərbaycan Partiyası 30
illik tarixi yolda üzərinə düşən missiyanı
uğurla həyata keçirdi və bu gün qazanılan
nailiyyətlər göz
önündədir. YAP-ın
yaradıcısı olan
Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikadakı mövcud ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Əlbəttə ki, o illərə
nəzər salsaq görərik ki, müstəqilliyin ilk illərində
səriştəli, yalnız
milli dövlətçilik
mənafelərinə xidmət
edən hakimiyyətin
yoxluğu xalqda gələcəyə ümidsizlik
yaratmışdı. Siyasi zərurətdən
və ictimai tələb əsasında
yaranmış YAP Azərbaycanın
müasir tarixinin möhtəşəm və
ən əlamətdar
hadisələrindən biri
olaraq böyük bir missiyanı yerinə yetirdi. Noyabrın 21-də Heydər
Əliyev Mərkəzində
YAP-ın yaradılmasının
30 illiyi münasibətilə
keçirilən tədbirdə Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin çıxışı
zamanı bildirdiyi kimi, "Partiyamızın
yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası
çətin günlər
yaşayırdı. Müstəqilliyimizin
cəmi bir yaşı var idi və müstəqilliyimizin
birinci ili
çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə
üzləşmişdir. Belə bir
vəziyyətdə Azərbaycanın
görkəmli nümayəndələri,
vətənpərvər insanlar,
ölkənin gələcəyini
düşünən insanlar
ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və
məhz buna görə Ulu öndərə müraciət
ünvanlamışdılar".
1992-ci ilin oktyabrında
bir qrup Azərbaycan ziyalısı
- "91-lər" Heydər Əliyevə müraciət
edərək, YAP-ın
yaradılmasını təklif
etmişdi. Ümummilli lider isə ziyalılara ünvanladığı
24 oktyabr 1992-ci il tarixli cavab məktubunda YAP-ın yaradılmasına və ona rəhbərlik
etməyə razılıq
vermişdi. 1992-ci il noyabrın 21-də
Naxçıvanda YAP-ın
təsis konfransında
Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin
parlaq gələcəyini
müəyyənləşdirən əlamətdar hadisəyə
çevirdi. 30 il əvvəl YAP-ın təsis olunması və tarixi qərarların verilməsi Azərbaycanın
ictimai-siyasi həyatında
böyük dəyişikliklərə
yol açdı. Dövlətimizin başçısının
YAP-ın 30 illik yubiley tədbirində proqram xarakterli çıxışında partiyanın
keçdiyi yolun çətin və uğurlu zamanı öz ifadəsini tapdı.
Müstəqilliyimizin ilk illərində hakimiyyətdə
olan səriştəsiz
siyasi qüvvələr
respublikadakı vəziyyəti
daha da ağırlaşdıraraq
təhlükəli vəziyyət
yaratmışdılar. "Ölkə
artıq idarəolunmaz
vəziyyətə düşmüşdü,
bir il ərzində
dövlətçiliyin əsasları
qoyulmamışdı, demokratik
inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı", - deyən
dövlət başçısı
bildirib ki, demokratik dəyərlər
elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü: "İqtisadiyyat
çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə
ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı,
sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı
sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı
və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu
yaradılmamışdı, inflyasiya ikirəqəmlidən
üçrəqəmliyə keçirdi. Yəni budur
1992-ci ilin noyabr ayında ölkəmizdə
yaranmış vəziyyət".
Ümummilli lider qısa zamanda YAP-ın fəaliyyət konsepsiyasını
və prioritetlərini,
məhz dövrün çağırışlarına, reallıqlarına uyğun
müəyyənləşdirdi. "YAP-ın
təsis konfransından
yeddi ay keçəndən
sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra -
oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti
seçildi. Beləliklə,
tariximizin o qara səhifəsi bağlanmışdır",
- deyə Prezident İlham Əliyev bildirib.
Həmin dövrü xarakterizə edərkən görürük ki, qarşıda ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev 98.80% səslə qalib gəldi və YAP iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi. Ölkəmizdə davamlı islahatlar, irmiqyaslı layihələr reallaşdırıldı. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsi, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsi və digər mühüm əhəmiyyətli layihələr gerçəkləşdirildi. "1990-cı illərin ortalarında Ulu öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi geniş vüsət almışdır. Onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır", - deyə dövlət başçısı qeyd edib.
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 19 ildə görülən işlər bunu deməyə əsas verir. "2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi", - deyən Prezident Ulu öndərin bütün tapşırıqlarının, bütün tövsiyələrinin yerinə yetirildiyini bildirib: "O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir".
YAP ötən 30 il ərzində
nümunəvi, zəngin və şərəfli inkişaf yol keçib və hər səhifəsinə
şanlı, uğurlu tarix
yazılıb. Müzəffər Ali Baş
Komandanımız və Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə
Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində
misilsiz qəhrəmanlıq göstərdi
və şanlı tariximizin əbədi Zəfər
salnaməsini yazdı. Bu Zəfər bölgəmiz üçün yeni reallıqlar yaratmış oldu.
Ölkəmizin ərazi bütövlüyünün
və tarixi ədalətin bərpasından
sonra Azərbaycanın
qarşısında yeni
çağırışlar meydana
çıxdı. Şübhə yoxdur ki, YAP indiyə kimi qalibiyyətlər,
qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti
də yeni-yeni nailiyyətlərlə zəngin
olacaqdır. Heydər Əliyevin ideyaları Prezident
İlham Əliyevin rəhbərliyi ilə
daim inkişaf edəcək
və YAP yeni reallıqlar fonunda
üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirərək daha böyük uğurlarına imza
atacaqdır.
Mönsüm ALIŞOV
Pedaqoji elmlər doktoru,
professor
525-ci qəzet.- 2022.- 24 noyabr.- S.7.